Məhkəmə qərarları › İş №e-2-2(113)-2871/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2871/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2871/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı “müqaviləyə xitam verilməsi, daşınmaz əmlakın təhvil verilməsi və müqavilə üzrə borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, daşınmaz əmlak, cərimə pulu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı “müqaviləyə xitam verilməsi, daşınmaz əmlakın təhvil verilməsi və müqavilə üzrə borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh X9 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 X14 Müqaviləsinin ləğv edilməsi; (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), əmlak (lizinq obyekti) üzərində cavabdehin xeyrinə edilmiş lizinq yüklülüyünün götürülməsi (ləğv edilməsi) və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 20836 ABŞ məbləğində ümumi borcun cavabdehlər X9 və Cavabdeh1 tutulması, lizinq obyekti olan mənzilin (ünvan 3 ((Yeni qaydalarla:AZ1007, ünvan 1) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, (Lizinq müqaviləsinin ləğv edilməsi, müqavilələrə əsasən yaranmış borcun ödənilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi) İddiaçı MMC ilə cavabdeh X9 arasında xx.xx.2023-cü il tarixli, D135 X14 müqaviləsi bağlanmış və lizinq predmeti olan ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak lizinq məbləği 59 000,00 ABŞ, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 24 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti cavabdeh X6 xeyrinə lizinqlə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli, D135 X5 əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, D135 X14 müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Lizinq verən qarşısında X9 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0123/24 saylı xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki, lizinq alan bu günə qədər ümumilikdə 18 520 ABŞ ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 6 357 ABŞ ödəniş edilmişdir. Hazırda D135 X14 müqaviləsi üzrə 12 163 ABŞ əsas məbləğdən və 8 673 ABŞ hesablanmış cərimə olmaqla, cəmi 20836 ABŞ borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cabadehlərə dəfələrlə şifahi xəbərdarlıq və yazılı bildirişlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdirlər.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MMC ilə cavabdeh X9 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 X14 Müqaviləsinin ləğv edilməsi (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (X6) adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 8673 ABŞ dolları məbləğində cərimə borcunun cavabdehlər X9 və Cavabdeh1 tutulması və Lizinq obyekti olan mənzilin (ünvan 3 ((Yeni qaydalarla: AZ1007, ünvan 1) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh X6 nümayəndəsi Vəkil məhkəməyə izahat ərizəsi ilə müraciət edərək bildirmişdir ki, X9 ilə “Faktor Lizinq" MMC arasında 17 iyul 2023-cü il tarixli, D135 X14 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alanın ilkin maliyyə öhdəliyi 59.000 (əlli doqquz min) ABŞ dolları müəyyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir. Həmçinin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 24 (iyirmi dörd) ay təşkil edir. Müqavilənin 2-2-ci bəndinə əsasən müqavilənin müddəti müqavilə imzalandığı gündən etibarən başlayır və tərəflər öz öhdəliklərini tam yerinə yetirənə qədər xx.xx.2025-ci ilə qədər qüvvədə olur. Hazırda iş üzrə iddia ərizəsi onunla əsaslandırılıb ki, X10 İddiaçı MMC arasında bağlanmış daxili lizinq müqaviləs üzrə öhdəlikləri yetirməyib, bunun nəticəsində lizinq verənə 8.673 ABŞ dollar məbləğində cərimə borcu yaranmışdır. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi əsasında 59.000 ABŞ dolları məbləğində lizinq götürülüb və həmin lizinq müqaviləsi üzrə lizinq təşkilatına müvafiq ödənişlər həyata keçrilib. Lakin ödənilmiş pullara dair həmin pulların əsas borca və ya faiz borcuna silindiyini, eləcə də faiz borcunun hansı əsasla yarandığını müəyyən etmək mümkün deyil. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi ev 72, mənzil 97 (yeni qeydiyyatla AZ1007, ünvan 2 ünvanında yerləşən mənzil 2015-ci ildən X6 anası X2 adına olmuşdur. 2015-ci il tarixdən hazırki vaxtadək həmin mənzildə X9 ailə üzvləri ilə birlikdə yaşayır. Yəni mənzil əslində elə X6 mülkiyyətində olmuş,(çıxarış əlavə edilir), lakin maddi vəziyyətinin çətin olması səbəbindən “Eldar” adlı şəxsdən pul alaraq mənzili müvəqqəti onun adına rəsmiləşdirmişdir. Sonradan həmin şəxsin pulunu ödəməkdə çətinlik yaranmış və nəticədə İddiaçı MMC-dən pul götürərək həmin “Eldar” adlı şəxsin borcunu bağlamışdır. Eyni zamanda hazırkı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Əslində tərəflər arasındakı münasibət ipoteka və kredit müqaviləsi olmuşdur. Ona görə də, həmin əqdi əhəmiyyətsiz əqd hesab etməklə, əslində nəzərdə tutulmuş əqdin qaydalarının tətbiq edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Mənzilin boşaldılaraq təhvil verilməsi tələbi ilə bağlı bildirdi ki, AR DİN tərəfindən təqdim edilən yaşayış yeri üzrə arayışa əsasən lizinq predmeti olan mənzildə qeydiyyatda olan şəxs yoxdur.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməməmişlər.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. X9 tərəfindən iddiaçı lizinq qurumuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə ünvan 3 yeni qaydalarla: AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 62, M5, m1 ünvanında yerləşən daşınmaz əmlakı almaq niyyətində olduğunu, bununla bağlı 100300 manat vəsaitə ehtiyacı olduğu, bu vəsaitin ona lizin şərti ilə maliyyələşdirilməsini xahiş etmiş və qeyd olunan əmlakın icarəyə verilmək məqsədilə alındığı və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəyi, bundan başqa öz sahibkarlıq fəaliyyətindən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişinin aparılacağı qeyd olunmuşdur.

10. İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, D135 X14 müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən satıcıdan əldə edəcəyi ünvan 3 yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 62, M5, m1 ünvanında yerləşən daşınmaz əmlakları lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirlmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən lizin alanın ilkin maliyyə öhdəliyi 59.000 ABŞ dolları müəyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir.

13. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2-ci maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizin obyekti lizinq alanın mülkiyyətinə keçir.

14. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq verən aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtında əvvəl ləğv etmək hüququ vardır:

15. Müqavilənin 6.1.1.-ci bəndinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə:

16. Müqavilənin 6.1.2-ci bəndinə əsasən lizinq alan lizinq verənin icazəsi olmadan sublizinqə və ya icarəyə verirsə:

17. Müqavilənin 6.1.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə:

18. Müqavilənin 6.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

19. Müqavilənin 6.2-ci bəndinə əsasən lizinq alan pul məbləğlərinin və lizinq obyektinin mübahisəsiz geri alınması ilə bağlı lizinq verənin tələbini aldığı gündən 3 iş günü ərzində lizinq obyektini lizinq verənin tələbində göstərilən yerdə qaytarmağa borcludur. Lizinq obyekti qaytarılarkən onun vəziyyəti haqqında aktı tərtib edilir.

20. Müqavilənin 7.1-ci bənidnə əsasən bu müqavilə üzrə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməməsi lizin alan tərəf üçün aşağıdakı nəticələrə səbəb olur:

21. Müqavilənin 7.1.1-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəyə uyğun olaraq ödənişin vaxtında aparılmaması nəticəsində hər gecikdirilmiş gün üçün məcmu maliyyə öhdəliyinin qalıq məbləğinin 0.1 faizi həcmində cərimə hesablanması;

22. Müqavilənin 7.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödəməzsə, X12 müqaviləsinin Faktor Lizinq MMC şirkəti tərəfindən birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinin lizinq alandan geri alınması, lizinq obyekindən istifadə müddəti üçün yaranmış maliyyə öhdəliyinin tələb edilməsi.

23. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D135 X5 əsasən:

24. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ilə X9 arasında 17 iyul 2023-cü il tarixdə bağlanmış D135 X14 müqaviləsi ilə əlaqədar olaraq, lizinq alan lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin lizinq alan ilə birlikdə lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

25. ƏMDK DƏDK və RPHŞ-nin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən ünvan 3 yeni qaydalarla: AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 62, M5, m1 ünvanında yerləşən mənzil 24 aylıq lizinqlə X6 xeyrinə yüklü edilmişdir, hüququ yüklü edilən şəxs İddiaçı MMC-dir.

26. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0123/24 saylı arayışına əsasən İddiaçı MMC ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D135 X14 müqaviləsinə əsasən ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın lizinqə verilmək məqsədilə alınması üçün 59000 ABŞ dolları həcmində vəsait ayrıldığı, aylıq ödənişin 23 ay ərzində hər ay 2315 ABŞ dolları və 24-cü ay 26799 ABŞ dolları müəyyən olunduğu, X9 tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyi və lizinq üzrə gecikmə və hesablanmış cərimələr mövcud olduğu, lizinq alan bu günə qədər ümumilikdə 18520 ABŞ dolları ödəniş etməli olduğu, lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 6357 ABŞ dolları ödəniş edildiyi, hazırda D135 X14 müqaviləsi üzrə 12163 ABŞ dolları əsas məbləğdən və 8673 ABŞ dolları hesablanmış cərimə olmaqla, cəmi 20836 ABŞ dolları borc mövcud olduyğu qeyd olunmuşdur.

27. 26.07.2024-cü il tarixli arayışa əsasən X8 24 ay müddətinə 59000 ABŞ dolları dəyərində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak lizinqə verildiyi, 10808 manat ödəniş edildiyi qeyd olunmuşdur.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

29. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

30. İddiaçı xx.xx.2023-cü il tarixli D135 X14 müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada cərimə borcunun iddiaçının xeyrinə tutulmasını tələb edir.

31. xx.xx.2023-cü il tarixli D135 X14 müqaviləsinin ləğvi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

32. Mülki Məcəllənin 399.1 – 399.3-cü maddələrinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

33. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

35. xx.xx.2023-cü il tarixli D135 X14 müqaviləsinin 7-ci bəndində də göstərilmişdir ki, bu müqavilə üzrə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməməsi Lizinq alan tərəf üçün aşağıdakı nəticələrə səbəb olur: b) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748- 1.12-ci maddəsinə əsasən lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödəməzsə, X12 müqaviləsinin İddiaçı MMC şirkəti tərəfindən birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinin lizinq alandan geri alınması, lizinq obyektindən istifadə müddəti üçün yaranmış maliyyə öhdəliyinin tələb edilməsi.

36. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin lizinq müqavilələrinə əlavə razılaşmalarda (öhdəliyin ötürülməsi barədə) lizinq müqavilələri üzrə öhdəliklərin tam icra edilənədək qüvvədə olması razılaşdırılmışdır.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

38. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir.

39. İşdə olan elektron xəbərdarlıq məktubundan da göründüyü kimi iddiaçı xx.xx.2024cü il tarixdə müqavilə üzrə borcun ödənilməsini və müqavilənin ləğvi barədə cavabdehə müraciət ünvanlamışdır.

40. Məhkəmə qeyd edir ki, həmin müraciəti etməklə iddiaçı iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilələr müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli D135 X14 müqaviləsi xx.xx.2024-cü il tarixindən ləğv edilmiş hesab olunmalıdır.

41. Bundan başqa xx.xx.2023-cü il tarixli D135 X14 müqaviləsinin 5.4-cü bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0,1 faizi həcmində cərimə ödəməlidir.

42. İş materialları ilə müəyyən olunur ki, lizinq müqaviləsi üzrə sonuncu ödəniş 11 dekabr 2023-cü il tarixdə edilməsinə baxmayaraq lizinq verən (iddiaçı) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Həmçinin, cavabdehlər də lizinq müqaviləsi üzrə cəmi 4 dəfə ödəniş etmiş, öhdəliklərini lazımı qaydada icra etməmişlər.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Məhkəmə gecikdirilən lizinq məbləğini, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, ödənilməli dəbbə pulu məbləğinin D135 lizinq müqaviləsi üzrə 926 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

46. Lizinq obeyktinin qaytarılması və qeydiyyatın ləğvi ilə ağlı məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.

47. Maliyyə lizinqi üzrə lizinq obyektinin iddiaçıya qaytarılması tələbinin hüquqi əsasını Mülki Məcəllənin 748-1.8, 748-1.12.4 və 748-2.5-ci maddələri təşkil edir.

48. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

49. Həmin Məcəllənin 748-.2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

50. xx.xx.2023-cü il tarixli D135 X14 müqaviləsinin 1.3-cü bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2-ci maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir.

51. Həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır.

52. Məhkəmə qeyd edir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməmiş, lizinq müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Lizinq verən müqaviləni birtərəfli qaydada ləğv etsə də, iddia tələbi ilə lizinq obyekti olan əmlakların alınması üçün sərf olunan vəsaiti, yəni əsas məbləği tələb etmir, yalnız cərimə pulunu tələb edir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı lizinq obyekti olan əmlakları tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 1 mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi hissəsində əsaslıdır.

53. Digər tərəfdən, Mülki Məcəllənin 748-5-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.

54. Məhkəməyə təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 1 mənzil İddiaçı MMC-nin mülkiyyətində olmaqla X6 xeyrinə yüklü edilmişdir. Məhkəmə lizinq müqaviləsinin ləğv edildiyini və lizinq əmlakının iddiaçıya qaytarıldığını nəzərə alaraq hesab edir ki, ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 1 mənzil üzərində X6 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.

55. Məhkəmə cavabdehin nümayəndəsinin yazılı izahatında göstərdiyi argumentlərini əsassız və sadəcə cavabdehin müqavilə üzrə uzərinə götürdüyü öhdəliklərini icra edilməməsinə görə yaranmış nəticələrdən yayınmaq məqsədi ilə verildiyini hesab edir. Belə ki, cavabdehin birinci arqumentinə (ödənilmiş pullara dair həmin pulların əsas borca və ya faiz borcuna silindiyini, eləcə də faiz borcunun hansı əsasla yarandığını müəyyən etmək mümkün deyil) dair məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh tərəfindən bu müddət ərzində cəmi 4 ödəniş edilib və ödəniş məbləğləri üzrə də müqavilə və qanunvericilik normalarına əsasən silinmə aparılmışdır. Bundan əlavə, hazırki iddia ərizəsi ilə iddiaçı nə əsas, nə də ki, faiz borcu tələbini irəli sürməmişdir (dəqiqləşmə ərizəsi ilə tələb həmin hissədə azaldılmışdır). Cavabdehin nümayəndəsinin iddiaya etirazının ikinci argumenti müqavilənin əhəmiyyətsiz olması ilə bağlıdır. Lakin, bu hissədə də məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı hər-hansı hal müəyyən edilmir.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə cavabdeh X9 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 X14 Müqaviləsi xx.xx.2024-cü il tarixindən ləğv edilmiş hesab edilməli, Lizinq obyekti olan ünvan 3 (Yeni qaydalarla:AZ1007, ünvan 1 X9 tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli, ünvan 3 (Yeni qaydalarla:AZ1007, ünvan 1 üzərində X6 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməli və cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 17 iyul 2023-cü il tarixli D135 X14 Müqaviləsi üzrə 926 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

57. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 192 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin əvəzi qismində iddianın təmin edilən hissəsinə münasibətdə 136 manat (dövlət rüsumun hesablanması kalkülyatorun göstəriciləri nəzərə alınmaqla) məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı MMC ilə cavabdeh X9 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 X14 Müqaviləsi xx.xx.2024-cü il tarixində ləğv edilmiş hesab edilsin. Lizinq obyekti olan ünvan 3 (Yeni qaydalarla:AZ1007, ünvan 1 X9 tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. ünvan 3 (Yeni qaydalarla:AZ1007, ünvan 1 üzərində X6 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 17 iyul 2023-cü il tarixli D135 X14 Müqaviləsi üzrə 926 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar