Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2872/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh Cavabdehnə qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Ateyeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6000 (altı min) litr X2nın dəyərini iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın, hüquqi xidmətə görə ödənilmiş 300 manat pul vəsaitinin cavabdehdən tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixində əlavə razılaşma imzalanmışdır (sonrakı mətndə “əlavə razılaşma”). Əlavə razılaşmanın 2-ci bəndinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, 31 dekabr 2023-cü il tarixinə qədər 6000 (altı min) litr X2 sifariş edəcək, alacaq və dəyərini müqavilənin şərtlərinə uyğun ödəyəcək. İddiaçı həmin şərtin icrası üçün mal sifariş etmiş və Azərbaycan Respublikasına idxal etmişdir. Buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, razılaşdırılmış malları sifariş etməmiş, almamış və qiymətini ödəməmişdir. Göstərilən mallar hal-hazırda da iddiaçının anbarındadır və yer tutur. İddiaçı anbarı icarəyə götürür və orada artıq mal saxlamaqla biraz da artıq zərər edir. Bu səbəbdən də cavabdeh daşıdığı vəzifəni icra etməli, avans formasında 324.000 AZN (ƏDV daxil) ödəniş etməklə malları iddiaçının anbarından götürməlidir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6000 (altı min) litr X2nın bu günkü dəyərini təşkil edən 312000 (üç yüz on iki min) manatı iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın, hüquqi xidmətə görə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında daha əvvəl də alqısatqı müqaviləsi olmuş, həmin müqavilə üzrə müxtəlif çeşidli və ölçülü mallar cavabdehin sifarişi əsasında ona təhvil verilmiş, cavabdeh tərəfindən də dəyəri ödənilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılığı əsasında həmin müqavilə (xx.xx.2020-ci il tarixli) xx.xx.2022-ci il tarixdə xitam edilmiş, eyni tarixdə iddiaçının təşəbbüsü ilə tərəflər arasında daha lokanik məzmunlu yeni müqavilə və onun əlavəsi tərtib edilərək imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə təqdim edilməli olan malların həcm etibarilə çox olmasını (6000 litr) nəzərə alaraq onun sifarişini gözləmədən bir neçə ay sonra Almaniyadan idxal edərək öz anbarında saxlamış, müqavilə müddətinin sonuna qədər cavabdehin həmin malları dəyərini ödəməklə qəbul edəcəyini gözləmişdir. Lakin 2023-cü ilin ortalarında cavabdehə bu barədə məlumat verdikdə, cavabdeh həmin müqavilədən məlumatı olmadığını bildirmiş, malları qəbul etməkdən imtina etmiş, bununla belə iddiaçı müqavilə müddətinin sonunu gözləmiş, müddət (xx.xx.2023-cü il) bitdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müqavilənin qüvvədə olma müddəti ərzində cavabdehin hər hansı sifarişi olmasa da, müqavilə üzrə cavabdeh xx.xx.2023-cü il tarixə qədər iddiaçıdan 6000 litr dizel qatqısını almağı öhdəsinə götürmüşdür. Bu səbəbdən dizel qatqısının bu günə olan dəyəri cavabdehdən tutulmalı, həmin malın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim olunan alqı-satqı müqaviləsi bağlanmamış əqd hesab edilməlidir, çünki əqdin predmeti bəlli deyildir, ödəniş qaydası və sairə razılaşdırılmamışdır. Hansı səbəbdən müqavilə əlavəsində göstərilənlərin müqavilənin mətninə daxil edilməməsi, eyni tarixdə ayrıca əlavənin imzalanması da qeyri-müəyyəndir. Tərəflər müqavilənin mühüm şərtlərinə dair razılığa gəlməyiblər. Bundan əlavə, cavabdeh iradə ifadəsini bildirərək dizel qatqısının ona lazım olmadığını bildirmiş, lakin həmin vaxtdan iddiaçı məhkəməyə müraciət etməmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Mehdili iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2022-ci ilin avqust-sentyabr aylarında cavabdehin rəhbərliyi dəyişmiş, əvvəlki rəhbərlik hazırkı rəhbərliyə belə bir müqavilənin olması barədə məlumat verməmişdir. İddiaçı ilk dəfə onlara hazırkı tələblə 2023-cü ilin aprel ayında müraciət etmiş, cavabdeh ilk dəfə həmin zaman müqavilədən məlumat almış, müqavilə ilə tanış olduqdan sonra onu qəbul etmədiklərini, müqavilədə göstərilən malların onlara ümumiyyətlə lazım olmadığını bildirmiş, müqavilə üzrə hər hansı sifariş verməyəcəklərini bəyan etmişlər. Belə ki, cavabdehin fəaliyyəti nəzərə alınmaqla ümumiyyətlə həmin həcmdə mala ehtiyacı olması da absurddur.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli A/S- 00000443 saylı malların alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin şərtləri əsasında müvafiq malları satmağı, alıcı isə həmin malların qiymətini ödəməklə onları qəbul etməyi öz öhdələrinə götürür.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı sifariş etdiyi malların dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməlidir.
10. Müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə üzrə təqdim olunan malların qiymətləri satıcının hər dəfə sifarişi əsasında formalaşan təklifi əsasında müəyyən olunur.
11. Müqavilənin 5-ci bəndinə əsasən tərəflər arasında başqa qayda razılaşdırılmayıbsa, alıcı malların qiymətlərini elektron-qaimə əsasında, bank köçürməsi yolu ilə, 100 % avans şəklində (qabaqcadan) ödəməlidir.
12. xx.xx.2022-ci il tarixli A/S-00000443 saylı malların alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə ilə müqavilənin 3-cü bəndinə 3.5-ci maddə əlavə edilmiş, həmin maddəyə əsasən “Alcı öhdəlik götürür ki, 31 dekabr 2023-cü il tarixinə qədər 6000 (altı min) litr X2 sifariş edəcək, alacaq və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcək”.
13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
16. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
17. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Materiallardan görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə tərəflər arasında ümumilikdə 11 ədəd razılaşma protokolu (əlavələr) bağlanmış, müqavilənin həmin əlavələrində satılacaq malların adı, qiyməti, ölçü vahidi, çeşidi və növü razılaşdırılmış, həmin əlavələrdə göstərilən mallar materiallarda olan təhvil-təslim aktları əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, mallar təhvil verildikdən sonra onların dəyəri iddiaçının cavabdehə təqdim etdiyi elektron qaimələr əsasında tam şəkildə ödənilmişdir. Tərəflər arasında olan həmin müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2022-ci il tarixdə xitam edilmişdir. Daha sonra tərəflər arasında həmin tarixdə yeni müqavilə və müqavilənin eyni tarixli əlavəsi imzalanmışdır.
21. İddiaçı hazırda həmin müqavilə üzrə cavabdehdən (alıcı) müqavilənin əlavəsində göstərilmiş malları qəbul etməyi və hazırkı günə olan dəyərini ödəməyi tələb edir.
22. Cavabdeh iddiaya etiraz edərək, müqavilənin ümumiyyətlə bağlanmamış hesab edilməli olduğunu, müqavilə üzrə cavabdehin hər hansı sifarişi olmadığı halda ondan hər hansı malın təhvil alınmasının və dəyərinin ödənilməsinin tələb edilməsinin yolverilməz olduğunu bildirir.
23. Məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən ümumiyyətlə hər hansı sifariş verilməmişdir.
24. Halbuki, xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsində göstərilir ki, alıcı xx.xx.2023-cü il tarixinə qədər 6000 litr X2 sifariş edəcək, alacaq və dəyərini müqavilənin şərtlərinə uyğun ödəyəcəkdir.
25. Müqavilənin 3.2-ci bəndində sifariş etdiyi malların dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəmək alıcının vəzifəsi kimi müəyyən edilmişdir.
26. Bundan əlavə, ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə cavabdehdən qəbul edilməsini tələb etdiyi 6000 litr dizel qatqısının hazırda iddiaçıda mövcud olması barədə sübut təqdim edilməmişdir.
27. Belə ki, müqavilədə satılacaq mal kimi dizel qatqısı göstərilmişdir.
28. İddiaçı tərəfindən məhkəməyə qeyd edilən malın tərəflərindən alınması ilə bağlı yük gömrük bəyannamələri təqdim edilsə də, həmin bəyannamələrdə 6000 litr həcmdə dizel qatqısının alınması öz təsdiqini tapmır.
29. Beləliklə, tərəflərin əvvəlki qarşılıqlı münasibətlərində yaranmış praktika nəzərə alınmalı, cavabdeh tərəfindən 6000 litr həcmdə dizel qatqısının alınması ilə bağlı sifarişinin, malın alınması ilə bağlı iradə ifadəsinin olmaması, tərəflər arasında satılacaq malın adı, çeşidi, qiymətinin razılaşdırılmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, bununla da cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır.
30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardıma görə 500 manat xərc iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 500 manat vəsait İddiaçı Firmasının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova