Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2873/2023 08.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75163 (yetmiş beş min bir yüz altmış üç) manat əsas borc, 75163 (yetmiş beş min bir yüz altmış üç) manat dəbbə pulu olmaqla, cəmi 150326 (bir yüz əlli min üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 440 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında un məhsullarının satışına görə 05 yanvar 2018-ci il tarixli, 05/01/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh öz üzərinə qəbul etdiyi malın dəyərinin vaxtlı-vaxtında ödənilməsi və müvafiq olaraq müqavilənin yerinə yetirilməsini təmin etmək vəzifəsini götürmüş, lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Mühasibatlıqda olan sənədlərə əsasən 14 noyabr 2022-ci il tarixinə "xxxx" MMC-nin qəbul etdiyi un məhsuluna görə 75163 manat, müqavilənin 5.3-cü bəndinə əsasən hesablanmış 75163 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 150326 manat məbləğində borcu vardır. Dəfələrlə edilən yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, bu günə kimi həmin borcun ödənilməsi üçün cavabdeh heç bir tədbir görməmişdir.
3. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vemiş, 75163 (yetmiş beş min bir yüz altmış üç) manat əsas borc, 75163 (yetmiş beş min bir yüz altmış üç) manat dəbbə pulu olmaqla, cəmi 150326 (bir yüz əlli min üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 445.7, 21.1, 21.2, 385.1, 386.1, 443.5, 443.6, 442, 598.1, 598.2, 600.1, 600.4, 600.5-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili iddia tələbinə yazılı etirazını təqdim edərək göstərmişdir ki, qeyd olunanlar həqiqəti əks etdirmir. "xxxx" MMC-nin İddiaçı ASC-yə 150326 (bir yüz əlli min üç yüz iyirmi altı) manat dəyərində borcu yoxdur. İddiaçı ASC yalnız öz mənafelərini düşünərək formal rəqəmlər hesablayaraq iddia qaldırmışdır. İddiaçı tərəfindən müəssisəyə qarşı qiymətləndirilən borc məbləğ qeyriobyektiv qiymətləndirilmişdir. Belə ki, iddiaçının istinad etdiyi 10 avqust 2021-ci il tarixli üzləşmə aktı sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin üzləşmə aktında qeyd olunan şəxslərin adları imza edən şəxslərlə uyğun gəlmir. Aktın yuxarı hissəsində İddiaçı ASC-nin nümayəndəsi kimi x göstərilsə də, imza edən şəxs xdur. "xxxx" MMC-nin nümayəndəsi X. göstərilsə də, imza edən şəxs Ə. Bundan başqa, həmin üzləşmə aktında imza edən şəxslərin həmin üzləşmə aktını imza etmək səlahiyyətlərinin olub-olmaması şübhə doğurur. Xüsusilə vurğulamaq lazımdır ki, göstərilən borc məbləğinin hansı dövrlərdə yaranması da şübhə doğurur. Belə ki, borcun mövcud olmasına dair iddiaçı tərəfindən hər hansı sübutedici sənədlər əlavə edilməmişdir. Bundan başqa, qeyd etmək lazımdır ki, iddiaçının təqdim etdiyi 20 avqust 2021-ci il tarixli EBBG 758841 saylı elektron qaimə (9576 manat) və 28 avqust 2021-ci il tarixli EBBH 204739 saylı elektron qaiməyə (9576 manat) uyğun olaraq, cəmi 12768 manat məbləğində borcdan 11000 manat hissə tam olaraq ödənilmişdir. Bütün bunlar ona dəlalət edir ki, iddia tələbi əsassızdır. Belə ki, əgər 2021-ci ilin avqust ayında 73395 manat məbləğində borc mövcud idisə, nə üçün bundan sonra yenidən hər hansı məhsulun alqı-satqısı həyata keçirilmişdir. Bundan başqa, iddia ərizəsində göstərilən dəbbə pulunun hesablanması özü də qanunvericiliyin tələblərinə uyğun gəlmir. Belə ki, 05 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 5.3-cü bəndındə göstərilmişdir ki, ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 0,5 % miqdarında dəbbə pulu ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən malın dəyəri qabaqcadan ödənilir, yaxud mal alıcıya tam təhvil verildikdən sonra alıcı 15 təqvim günü ərzində malın dəyərini tam ödəniş etməlidir. Belə olan halda iddiaçı borcun yarandığı gündən 15 təqvim günü keçdikdən üzun müddət sonra iddia qaldırmışdır. Bu da bir daha onu sübut edir ki, iddiaçı tərəfindən tələb olunan borcun yaranma tarixləri mütləq şəkildə təqdim edilməli, əks təqdirdə borcun mövcudluğu sual altına düşür.
6. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi və iş materiallarına nəzər saldıqda müəyyən edilir ki, hazırki iş üzrə ümumiyyətlə iddianın əsassız olması ilə yanaşı iddia müddəti iddiaçı tərəfindən üzrsüz səbəbdən ötürülmüşdur. Belə ki, tələb olunan borc məbləği 2020-ci ildən əvvəlki dövrü əhatə edir. Bundan başqa, iddiaçının istinad etdiyi 05 yanvar 2018-ci il tarixli müqavilə özü də Mülki Məcəllənin tələbləri pozulmaqla imzalanmışdır ki, bu halın özü də yolverilməzdir. Mülki Məcəllənin tələblərinə görə tərəflərdən birinin çıxılmaz vəziyyətdə olmasından istifadə etməklə bağlanmış müqavilənin özü də əhəmiyyətsiz müqavilədir. Əhəmiyyətsiz müqavilənin şərtlərinə istinad edərək iddia irəli sürmək özü də absurddur. Hazırki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. İddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
7. İddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddia müddətləri və onların hesablanması qaydası Məcəllə ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli müqavilənin 8.1-ci maddəsində görünür ki, həmin müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Tǝrǝflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra müqavilə öz qüvvəsini itirir. Həmin müqavilənin 8.2-ci maddəsindən görünür ki, müqavilənin müddətinin bitməsinə ən azı 3 (üç) gün qalmış tərəflər müqavilənin yenidən qüvvəyə minməsi barədə heç bir iddia irəli sürməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə yenidən qüvvəli sayılır. Göründüyü kimi, cavabdehin iddia müddəti ötürülməsi barədə ərizəsi əsassızdır.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ASC ilə alıcı qismində "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, 05/01/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” “alıcı”ya buğda unu (bundan sonra “mal”) satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. 2.2-ci bəndinə əsasən malın vahidinin qiyməti qarşılıqlı razılaşma yolu ilə qaimə-fakturada və ya elektron qaimədə göstərilir. 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən “alıcı” sifariş olunan malın dəyərini “satıcı”nın təqdim etdiyi qaimə-fakturanı aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. 5.2-ci bəndinə əsasən malın dəyəri qabaqcadan ödənilir, yaxud mal “alıcı”ya tam təhvil verildikdən sonra “alıcı” 15 (on beş) təqvim günü ərzində malın dəyərini tam ödəniş etməlidir. 5.3-cü bəndinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,5% miqdarında dəbbə pulu ödənilir.
11. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən qəbul etdiyi un məhsuluna görə 14 noyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə olan əsas borcu barədə arayışda 75163 manat qalıq borc göstərilmişdir. Maliyyə arayışı İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı ASC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 01 iyul 2019-cu il tarixə "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu 101255 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı ASC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 01 avqust 2020-ci il tarixə "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu 87415 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı ASC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 10 avqust 2021-ci il tarixə "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu 73395 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
15. EBBG seriyalı, 758841 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 9576 manat, EBBH seriyalı, 204739 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 3192 manat məbləğində pul "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ödənilməsi üçün təqdim edilmişdir.
16. 31 avqust 2021-ci il tarixli kassa mədaxil orderi qəbzində "xxxx" MMC tərəfindən 11000 manat İddiaçı ASC-nin hesabına mədaxil olmuşdur.
17. İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanan pretenziya məktubunda 150326 manat məbləğində borcun 10 (on) gün ərzində ödənilməsi tələb edilmişdir.
18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları, o cümlədən tərəflər arasında bağlanmış borcların üzləşdirilməsi haqqında aktla öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
22. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında bağlanan xx.xx.2018-ci il tarixli, 05/01/18 nömrəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd sayılması, etibarsız hesab olunması hər hansı əsas müəyyən edilməmişdir.
23. İddia tələbinin bir hissəsini cavabdehdən 75163 (yetmiş beş min bir yüz altmış üç) manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.
24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 75163 manat məbləğində (üzləşmə aktı üzrə 73395 manat+9576+3192 manat (xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələr üzrə)=86163 manat-11000 manat ödəniş=75163 manat) pul iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçıya borcunun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı və digər sənədlərlə öz təsdiqini tapır.
25. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətibiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi 2018-ci il yanvarında bağlanmış, müqavilə əsasında tərəflər arasında münasibətlər davam edərək, alqı-satqı əməliyyatları həyata keçirilmiş, əməliyyatlar üzrə iddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimələr göndərilmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin borcun mövcud olmasına dair iddiaçı tərəfindən hər hansı sübutedici sənədlərin təqdim edilməməsinə dair mövqeyi ilə razılaşmır. Belə ki, təqdim olunmuş üzləşmə aktları ilə yanaşı müəyyən olunur ki, 2018ci ilin yanvar ayından başlayaraq, 2021-ci ilin avqust ayınadək (avqust ayı daxil olmaqla) cavabdehə çoxsaylı müvafiq elektron qaimələr göndərilmişdir. Tərəflər arasında sonuncu üzləşmə aktı xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmiş, cavabdehin iddiaçıya olan borcunun 73395 manat təşkil etdiyi təsbit edilmişdir. Məhkəmə üzləşmə aktında qeyd olunan şəxslərin adlarının imza edən şəxslərlə uyğun gəlməməsi, aktın yuxarı hissəsində İddiaçı ASC-nin nümayəndəsi kimi başqa şəxs göstərilsə də, imza edən şəxsin S.Səlimov olması "xxxx" MMC-nin nümayəndəsi kimi X.Mustafayeva göstərilsə də, imza edən şəxsin Ə.Əsgərov olması, bundan başqa, həmin üzləşmə aktında imza edən şəxslərin həmin üzləşmə aktını imza etmək səlahiyyətlərinin olub-olmamasının şübhə doğurmasına dair mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, imzalayan şəxslərin kimliyindən asılı olmayaraq, tərəflər onları səlahiyyətli nümayəndə kimi tanıyaraq, akta hər iki tərəfdən möhür vurulmuş və akt rəsmi olaraq təsdiq olunmuşdur. İmzalayan şəxslərin kimliyi əvvəllər heç vaxt mübahisə edilməmişdir.
26. Bundan sonra 2021-ci ilin avqust ayında həyata keçirilən daha iki əməliyyat üzrə cavabdehə 12768 manat məbləğində iki elektron qaimə göndərilmişdir. 31 avqust 2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 11000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh ödənişin son iki elektron qaimə üzrə edildiyini, iddiaçı 11000 manat məbləğində pulun ümumi borcdan edildiyini bildirmişdir. 31 avqust 2021-ci il tarixli kassa mədaxil orderi qəbzində ödənişin təyinatı yazılmadığına görə məhkəmə həmin ödənişi ümumi borcdan edilən ödəniş kimi qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur.
27. İddia tələbinin digər hissəsini cavabdehdən 75163 (yetmiş beş min bir yüz altmış üç) manat məbləğində dəbbə pulunun tutulması təşkil edir.
28. Muğan” ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 05/01/18 nömrəli alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0.5% miqdarında dəbbə pulu ödənilir.
29. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
30. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 4000 (dörd min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
31. Eləcə də, iddiaçı ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 41 (qırx bir) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
32. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş tələblərin məbləğinə mütənasib dövlət rüsmunun əvəzi olaraq 21,60 manat (iyirmi bir manat altımış qəpik) pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 75163 (yetmiş beş min yüz altmış üç) manat borc, 4000 (dörd min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 21,60 manat (iyirmi bir manat altmış qəpik) olmaqla, cəmi 79584,60 manat (yetmiş doqquz min beş yüz səksən dörd manat altmış qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova