Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-288/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən əsas borc olaraq 27.377 manat, dəbbə pulu qismində 4.106 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat, cəmi 31.513 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində İddiaçı MMC (Podratçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında 16 saylı podrat müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə qaimə fakturalar əsasında mal satmış və xidmət göstərmişdir. Cavabdeh MMC aldığı malların və göstərilən xidmətlərin pulunu (dəyərini) olan 27.377 manat borcu hal-hazırki dövrə qədər ödəməmişdir. İddiaçı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla borcu ödəmələri barədə müraciət etmişdir. Lakin cavabdeh borcu ödəməmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı hesab edir ki, ödəniş müddətini gecikdirdiyi hər gün üçün əldən çıxmış fayda olaraq cavabdehə ümumi məbləğin 0.1% dəbbə pulu tətbiq edilməlidir. Dəbbə pulunun tətbiq ediləcəyi barədə cavabdehə yazılı olaraq bildirilmişdir. Cavabdehin İddiaçı MMC-nə olan əsas borcu 27.377 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin dəbbə pullu 4.106 manat edir. Beləliklə cavabdehin İddiaçı MMC-yə olan borcun cəmi 31.483 manat təşkil edir. Gecikmə dəbbə pulu xx.xx.2019-cu il tarixinədən xx.xx.2019-cu il tarixinədək hesablanmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişləri göndərilsə də, poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq, cəmiyyətin ünvan 1 ünvanından köçməsi səbəbindən, poçt göndərişlərinin sonuncuya çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.5 maddəsinə əsasənməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınınnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qisməntəmin edilməlidir. İş materiallarında olan podratçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016 nömrəli podrat müqaviləsindən görünür ki, podratşı sifarişçinin tapşırığına əsasən həmin müqavilənin əlavələrində qeyd olunan işlərin icra edilməsini, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəməyi öz üzərilərinə öhdəlik götürmüşlər. İşdə olan xx.xx.2019-cu il tarixli, tərəflər arasında xx.xx.2019-cu il tarixinə olan borcların üzləşdirmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə həmin tarixə 27.377 manat məbləğində borcuna dair akt tərtib edilmiş və tərəflərin direktorları tərəfindən imzalanaraq, möhür vurulmuşdur. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə, habelə daha sonra üzləşmə aktına əsasən, Cavabdeh MMC-dən 27.377 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş günlər üçün 4.106,00 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 410,60 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh MMC-dən əsas borc olaraq 27.377 (iyirmi yeddi min üç yüz yetmiş yeddi) manat, dəbbə pulu qismində 410 (dörd yüz on) manat 60 (altmış) qəpik və ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat, cəmi 27.817 (iyirmi yeddi min səkkiz yüz on yeddi) 60 (altmış) qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc olaraq 27.377 (iyirmi yeddi min üç yüz yetmiş yeddi) manat, dəbbə pulu qismində 410 (dörd yüz on) manat 60 (altmış) qəpik və ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat, cəmi 27.817 (iyirmi yeddi min səkkiz yüz on yeddi) 60 (altmış) qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hisssədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-288/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-288/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver