Məhkəmə qərarları › İş №e-2-2(113)-288/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-288/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-288/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “İM-EX TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İM-EX TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən ümumilikdə 7259,36 manat məbləğində borcun, 1500 manat məbləğində hüquqşünas xərclərinin və 110 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən ümumilikdə 7259,36 manat məbləğində borcun, 1500 manat məbləğində hüquqşünas xərclərinin və 110 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 31 iyul 2021-ci il tarixli, 14/21 saylı Malların Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Müqaviləyə görə Satıcı malları satmağı, Alıcı isə həmin malların dəyəri müqabilində Satıcıya ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü maddəsinə əsasən, ödənişlər təqdim edilmiş rəsmi elektron vergi-hesab fakturası əsasında, bank hesabına köçürmə yolu ilə aparılır. Müqavilənin 4.6-cı maddəsinə əsasən, ödəniş Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə, elektron qaimə (hesab-faktura) və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən malın Alıcı tərəfindən qəbul edildiyi tarixdən (45 günün tamamında) razılaşdırılmış müddətdə Alıcı tərəfindən nağdsız hesablaşmalar qaydasında aparılır. Müqavilənin 4.8-ci maddəsinə əsasən, ödəniş nağd pulun Satıcının sərəncamına verildiyi və köçürmə yolu ilə pul vəsaitinin Satıcının hesablaşma hesabına köçürüldüyü an icra edilmiş hesab edilir. Bundan əlavə, tərəflər arasında iyun ayında geri qaytarılma ilə bağlı Tərəflər razılığa gəlmişdir. Satıcı məhz Alıcıya qaytarmaq istədiyi malları təqdim etməsini bildirmişdir. Alıcı həmin qaytarmaq istədiyi malları göstərmiş, başqa qaytarmaq istədiyi mallarının olmadığını bildirmişdir və Satıcı da malları geri almışdır. Buna baxmayaraq, qeyd edilən mallar geri qəbul edildikdən sonra Alıcı qalan borcunu ödəyəcəyini deməsinə baxmayaraq, borcu ödəmək yerinə yenidən yanvar-fevral aylarında təhvil aldığı malları geri qaytarmaq istədiyini bildirmişdir. Hazırkı Müqaviləyə əsasən, “qaytarma” dedikdə, Alıcı tərəfindən Satıcıya malların iadəsi nəzərdə tutulur. Qaytarmalar Alıcı tərəfindən Satıcıya təqvim ayının istənilən günündə fiziki olaraq həyata keçiriləcək və təqvim ayı bitdikdən sonra 2 (iki) iş günü ərzində Alıcı tərəfindən ay ərzində qaytarılan malların alış dəyəri üzrə və mallar ayrılıqda göstərilməklə “X2” tərtib edilərək Satıcıya göndəriləcək. Qaytarılan mallar Satıcı tərəfindən qəbul edilsə də, Alıcı yanvar-fevral aylarında təhvil aldığı malları 4-5 ay sonra – iyun ayında qaytarmaq istədiyini yenidən Satıcıya bildirmişdir. Belə olan halda Satıcı yanvar-fevral aylarında təhvil alınan malları geri qəbul etməkdən imtina etmişdir. Bundan əlavə, tərəflər arasında bağlanılan 22 avqust 2022-ci il tarixli üzləşmə aktına əsasən, Müqavilə üzrə Alıcının Satıcıya 7,259.36 manat məbləğində borcunun olduğunu Alıcı özü təsdiqləmişdir. Satıcının geri aldığı malların dəyəri üzləşmə aktında nəzərə alınmış, borca əlavə edilməmişdir və həmin geri alınan mallar 2022-ci il fevral ayı üzrə iki qaimə əsasında verilmişdir. Buna baxmayaraq, Alıcı ümumilikdə 7,259.36 manat məbləği Satıcıya hələ də ödəməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 01 sentyabr 2022-ci il tarixində isə Cavabdehə rəsmi Pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, Cavabdeh tərəfindən 05 sentyabr 2022-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, Cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla Müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Beləliklə, indiki halda Cavabdeh Müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının cavabdehdən tələb etdiyi pul ilə bağlı cavabdehin deposunda onların 3805 manat dəyərində məhsulları var. İddiaçıya dəfələrlə bildirmişdir ki, məhsulları depodan götürsünlər, həmin məhsulların dəyəri borcdan silinsin, lakin qarşı tərəf məhsulu götürməkdən imtina edir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 31 iyul 2021-ci il tarixli, 14/21 saylı Malların Alqı-Satqı Müqaviləsindən görünür ki, iddiaçı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə satdığı “Mallar”ı verməyi, cavabdeh isə həmin “Mallar”ı qəbul etməyi öhdələrinə götürmüşlər. 3 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 7259,36 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə cavabdehə təqdim edilmişdir. 22 avqust 2022-ci il tarixli Üzləşmə aktından görünür ki, 31 iyul 2021-ci il tarixli, 14/21 saylı müqaviləyə əsasən cavabdehin iddiaçıya 7259,36 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 31 iyul 2021-ci il tarixli, 14/21 saylı Malların Alqı-Satqı Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə satdığı “Mallar”ı verməyi, cavabdeh isə həmin “Mallar”ı qəbul etməyi öhdələrinə götürmüşlər. iddiaçı tərəfindən 7259,36 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə cavabdehə təqdim edilmişdir. Tərəflər arasında 22 avqust 2022-ci il tarixli Üzləşmə aktı tərtib olunmuş və akta əsasən cavabdehin 31 iyul 2021-ci il tarixli, 14/21 saylı müqaviləyə əsasən iddiaçıya 7259,36 manat borcu vardır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə satmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 31 iyul 2021-ci il tarixli, 14/21 saylı Malların Alqı-Satqı Müqaviləsinə əsasən ödənilməmiş 7259,36 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD2 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquq xidmətlərinə görə "xxxx" MMC-nin hesabına 1500 manat ödəniş edilmişdir. Məhkəmə hüquq xidməti xərcinə görə ödənilmiş 1500 manat məbləğin 1000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ümumilikdə 7259,36 manat məbləğində borc, 1000 manat məbləğində hüquqşünas xərcləri və 110 manat məbləğində mediasiya xərcləri tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “İM-EX TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 7259,36 manat məbləğində borc, 1000 manat məbləğində hüquqşünas xərcləri və 110 manat məbləğində mediasiya xərcləri tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar