Məhkəmə qərarları › İş №e-2-2(113)-2880/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2880/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2880/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi”nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “CTS-Aqro" MMC-nin nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “"İddiaçı”nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “"İddiaçı” cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi”nin xeyrinə 197750 ABŞ dolları məbləğində borcun və bu borc nəticəsində əldən çıxmış 59325 ABŞ dolları gəlir məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi” ilə “CTS-Aqro" MMC arasında pambığın becərilməsində istifadə edilən müxtəlif kimyəvi preparatların alqı-satqısına dair 16 yanvar 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı kimi iddiaçı “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi” üzərinə götürdüyü öhdəliyə əməl edərək 07.04.2015-ci il tarixli 046289 saylı invoislə alıcı "xxxx" MMC-yə 237750 ABŞ dolları məbləğində kimyəvi preparatları tam həcmdə göndərilmiş, “CTS-Aqro" MMC tərəfindən həmin kimyəvi preparatlar alınmışdır. Qeyd olunan müqavilənin 3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulan kimyəvi preparatlartam alıcıya təhvil verildikdən sonra onların dəyəri tam ödənilməli idi. "xxxx" MMC tərəfindən alınmış kimyəvi preparatların dəyərindən 23 iyun 2016-ci il tarixə kimi satıcıya cəmi 40000 ABŞ dolları ödənilmiş, satıcının tələblərinə baxmayaraq, qalan məbləğin ödənilməsi təmin edilməmişdir. "xxxx" MMC ilə “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi” arasında aparılmış 13.11.2018-ci il tarixli “Üzləşmə Aktı”ndan da görünür ki, cavabdeh "xxxx" MMC-nin “X10 Üriinləri və X8 Sanavi və Ticaret Limited Şirketi’’nə 197750 ABŞ dolları ödənilməmiş borcu vardır, MMC həmin borcu ödəməkdən bilə-bilə, qəsdən yayınır. Bundan başqa iddiaçı qeyd olunan məbləği vaxtında aldığı təqdirdə adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi 59325 ABŞ dolları məbləğində faydadan məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi”nin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “CTS-Aqro" MMC-nin nümayəndəsi və vəkili X2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" QSC-nin nümayəndəsi X5 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" MMC ilə “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi” arasında olan 13.11.2018-ci il tarixli “Üzləşmə Aktı”ndan da görünür ki, "xxxx" MMC “X10 Ürünləri və X6 Sanayi və Ticaret Limited Şirketi’’nə 197750 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında alqı-saqtı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı müvafiq ödənişləri etdikdən sonra yekunda 197750 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh tərəf qeyd olunan borcun olduğunu etiraf etsə də, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-673/2016 saylı 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin əmlaklarının "xxxx" QSC-yə verildiyini və ona görə də, borcun icra edilməsinin qeyri-mümkün olduğunu bildirir. Məhkəmə qeyd edir ki, cavabdehin iddianın rədd edilməsini əsaslandırdığı hal əsassızdır. Belə ki, "xxxx" MMC-nin əmlakının olmaması onun digər şəxslər qarşısında olan öhdəliklərin icrasından azad etmir. Ona görə də, iddia 197750 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın 59325 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş normanının tələbindən də göründüyü kimi, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Həmçinin qeyd edilməlidir ki, zərərin əvəzinin ödənilməsində məqsəd ərizəçinin mümkün qədər pozuntu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, əldən çıxmış fayda tələb edən şəxs sadəcə zərərin mövcudluğunu deyil, həm də onun miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməli olduğu halda iddiaçı tərəf bunu edə bilməmmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 197750 ABŞ dolları məbləğində pul ödəniş günü manata uyğun məzənnə ilə manatla “CTS-Aqro" MMC-dən tutularaq “X10 Ürünləri və X6 Sanayi və Ticaret İimited Şirketi”nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar