Məhkəmə qərarları › İş №e-2-2(113)-2881/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2881/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2881/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” şirkətinin Cavabdehnə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümyəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” şirkətinin Cavabdehnə qarşı “müqavilə üzrə pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30769,96 manat əsas borc, 2307,75 manat gecikdirmə faizi, 320 azn hüquqi yardım üçün xidmət haqqı, 190 azn ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçının hesabına ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2 İTHALAT İHRACAT SANAYİ İÇ VE DİŞ TİCARET LİMİTED Ş”İRKETİ (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC(bundan sonra “Cavabdeh”) arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin alqı-satqı müqavilələrinə əsasən, İddiaçı müvafiq malları Cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, Cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında Cavabdehə ümumilikdə 115 404.35 manat dəyərində mal təqdim edilib, əvəzində isə 84 634.49 manat ödənilib. Beləliklə, Cavabdehin İddiaçıya 30 769.96 manat borcu indiyə qədər ödənilməmişdir. Borcun ödənilməsi üçün Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilsə də pulun alınması mümkün olmamışdır. Cavabdehə sonuncu mal partiyası xx.xx.2023-cü il tarixdə təhvil verilib və eyni tarixdə də e-qaimə təqdim edilib. Həmin tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər ötən dövr (18 ay) üçün qanuna görə hesablanmalı olan gecikdirməyə görə cərimə 2307.75 (30769.96*7.5%) manat təşkil edir.

3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirketi Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək: İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixində imzalanmış alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 30769,96 manat əsas borc, 2307,75 manat gecikdirmə faizi, 320 AZN hüquqi yardım üçün xidmət haqqı, 190 AZN ödənilməmiş dövlət rüsumunun Cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia əsaslandırılmamış və iş üzrə əhəmiyyət kəsb edən materiallar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən müqavilə və ona edilən Əlavələr (qiymət razılaşdırma protokolu) məhkəməyə təqdim olunmamışdır. Habelə, təqdim edilmiş aktlar üzrə uyğunsuzluqlar aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125- ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Cavabdeh tərəfindən iddiaçının vaxtında və düzgün formada təqdim etdiyi təhvil təslim aktları üzrə isə bütün ödənişlər icra edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmçinin 2307,75 manat məbləğində cərimə (dəbbə pulu) tələb olunmuşdur. Cərimələr yalnız tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda tətbiq oluna bilər. İddiaçı tərəfindən müqavilə təqdim olunmadığı halda, borc kimi vəsaitin və cərimənin tələb olunması qanuni deyildir və prosessual qanunvericiliyə ziddir. Bütün bunlara baxmayaraq, iddiaçı tərəfindən tələb olunan borcun məbləği də təsdiq ounmamışdır və bununla bağlı xüsusi biliyə maliik şəxslər tərəfindən təsdiqə ehtiyac duyulur. İddia ərizəsində qeyd olunan 320 manat dəyərində hüquqi xidmət haqqı ilə bağlı müqavilə və ödənişlə bağlı təsdiqedici sənəd təqdim edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçının iddiasının əsassız olduğundan, təmin edilməməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********5 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı adı, çeşidi, miqdarı, məbləği ve digər xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə edilən Əlavələrdə göstərilən tərkibdə və həcmdə malları (bundan sonra “Mal” adlandırılacaq) satmağı, Alıcı isə müəyyən edilmiş şərtlərlə çatdırılan Malı qəbul etməyi və bu Müqavilə ilə müəyyənləşdirilmiş şərtlər əsasında Satıcıya Malın dəyərini ödəməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə satın alınan malların dəyəri bu Müqaviləyə edilmiş Əlavələrdə öz əksini tapacaqdır.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən malların dəyərinin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcəkdir:

12. Müqavilənin 2.2.1-ci bəndinə əsasən mallara görə razılaşdırılmış məbləğin 50%-i əvvəlcədən, 50%i isə mallar təhvil verildikdən sonra hesab fakturaya əsasən ödənilir.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən malların dəyərinin ödənilməsi, Alıcının bank hesabından ödənilən vəsaitin çıxdığı qün hesab olunur.

14. Müqaviləin 3.1-ci bəndinə əsasən Malın miqdarı, növü və qiyməti bu Müqavilədə və Müqaviləyə edilmiş Əlavələrdə göstəriləcəkdir.

15. Müqavilənin 3.2-ci bəndinə əsasən mal, bu Müqavilə imzalandıqdan sonra Müqavilənin əlavələrində göstərilmiş müddətdə təhvil verilməlidir.

16. Müqavilənin 3.3-cü bəndinə əsasən malın çatdırılma yeri, Alıcının nümayəndələrinin malı təhvil aldığı yer hesab olunur.

17. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcının nümayəndələri Mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər.

18. Müqavilənin 3.5-ci bəndinə əsasən mal Alıcı tərəfindən Tərəflərin imzaladığı sənədlər (təhvil-təslim aktı, qaimə və s ) əsasında qəbul edilir.

19. xx.xx.2023-cü il tarixli **********5 nömrəli alqı-satqı müqaviləsi çərçivəsində malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli 11 saylı Akta əsasən – 17700 manat, xx.xx.2023-cü il tarixli 10 saylı Akta əsasən – 14750 manat, xx.xx.2023-cü il tarixli 01 saylı Akta əsasən – 920,40 manat, xx.xx.2023-cü il tarixli 02 saylı Akta əsasən 17464 manat, xx.xx.2023-cü il tarixli 08 saylı Akta əsasən 21558,60 manat, xx.xx.2023-cü il tarixli 03 saylı Akta əsasən 89,02 manat, xx.xx.2023-cü il tarixli 04 saylı Akta əsasən – 214,76 manat, xx.xx.2023-cü il tarixli 05 saylı Akta əsasən – 12,27 manat, xx.xx.2023-cü il tarixli 06 saylı Akta əsasən – 247,15 manat, xx.xx.2023-cü il tarixli 07 saylı Akta əsasən – 56,26 manat, xx.xx.2023-cü il tarixli 08 saylı Akta əsasən – 13387,10 manat, xx.xx.2023-cü il tarixli 09 saylı Akta əsasən – 7764,79 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş və Akltar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

20. Malların təqdim edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi e-qaimələr tərtib edilərək cavabdeh şirkətə göndərilmişdir.

21. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan müxtəlif növ malları cavabdehə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən alınmış mallara dair ödənilməmiş borc məbləği qalmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirsə də ki, aktlar üzrə təqdim edilmiş mallara görə ödənişlər tam edilmişdir, lakin ödənişlərə dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

30. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, e-qaimə, tərəflər arasında olan whatsap-yazışmaları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 30769,96 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

31. Beləliklə, 30769,96 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 2307,75 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə qismən əsaslı hesab edir.

33. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

34. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

35. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin müxtəlif aylarında təhvil-təslim aktları əsasında mallar verilsə də, həmin malların bir qisminin ödənişləri bugünə kimi tamamlanmadığı üçün, borcun (30769,96 manat) ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 1538 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Bundan əlavə iddiaçı 190 manat məbləğində dövlət rüsumunu və 320 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 190 manat dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 30.769,96 manat əsas borc, borcun ödənişinin gecikdirilməsinə görə 1538 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 320 maat və dövlət rüsumunun əvəzi olaraq 190 manat tutularaq iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” şirkətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar