Məhkəmə qərarları › İş №e-2-2(113)-2883/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2883/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2883/2025 23.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.625 manat qalıq borcun, 30 manat cərimə məbləğinin, 107 manat dövlət rüsumu, ümumilikdə 8.762 manat məbləğin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4466 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Nova” cihazı və qabaqcadan görünüşləri razılaşdırılmış hədiyyələr xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhviltəslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o,“təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 10000 (on min) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə ödəniş edilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş öhdəliyi icra edilməmişdir. Belə ki, müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş. xx.xx.2025-ci il tarixdə 375 (üç yüz yetmiş beş) manat ödəniş icra edilməmişdir. Bir neçə dəfə Cavabdeh ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş icra edilməmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

II. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli 4466 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən “Sifarişçi” satış obyektini sifariş verib “İcraçı”ya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, “İcraçı” isə “Sifarişçi”yə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı (bundan sonra «Xidmət») öhdəsinə götürür. Göstərilməli “Xidmət” üzrə satış obyekti və onun satış qiyməti, bu Müqaviləyə əlavə edilən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Müqavilə Əlavəsi ilə müəyyənləşdirilir.

12. Müqaviləyə Əlavəyə əsasən sifariş olunan malın ümumi məbləği 10.000 (on min) manat təşkil edir.

13. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 10.000 (on min) manat dəyərində mallar alıcıya təhvil verilərək, onun tərəfindən qəbul edilmişdir.

17. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Cavabdeh tərəfindən müqavilə üzrə 1375 manat ödənilmiş, ödənişlər həyata keçirildikdən sonra qalıq 8625 manat məbləğində borcu ödənilməmiş qalmışdır.

18. Göründüyü kimi, cavabdeh tərəf nisyə alqı-satqı müqaviləsi üzrə qrafik üzrə ödənişləri vaxtı-vaxtında icra etməmiş və bununla da, iddiaçının tam məbləği tələb etmək hüququ yaranmışdır.

19. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 8625 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə 30 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

21. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 0,1% həcmində cərimə ödəyir.

22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

23. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 30 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

24. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 107 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 8.625 (səkkiz min altı yüz iyirmi beş) manat, cərimə borcu üzrə 30 (otuz) manat, ümumilikdə 8.655 (səkkiz min altı yüz əlli beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 107 (bir yüz yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar