Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2885/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqısatqı müqaviləsi, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkəti Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 11306,32 manat məbləğində əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 848 manat gecikmə faizinin və ödənilmiş 126 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin alqı-satqı müqavilələrinə əsasən, iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür Müqavilə əsasında cavabdehə ümumilikdə 17 548,08 manat dəyərində mal təqdim edilib, əvəzində isə 6 242,76 manat ödənilib. Beləliklə, cavabdehin iddiaçıya 11 306,32 manat borcu indiyə qədər ödənilməmişdir. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilsə də, pulun alınması mümkün olmamışdır. Cavabdehə sonuncu e-qaimə xx.xx.2023-cü il tarixdə təqdim edilib. Həmin tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər ötən dövr (18 ay) üçün qanuna görə hesablanmalı olan gecikdirməyə görə faiz 848 (11306,32*7.5%) manat təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445.7-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi məhkəmənin hazırlıq iclaslarında iştirak edərək cavabdehin maddi imkanı ilə bağlı borcu ödəyə bilmədiyini, ilin sonuna kimi borcun tam ödəniləcəyini bildirdi.
7. Cavabeh məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
9. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
10. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.
11. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
12. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.
13. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 443.0. və 443.0.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda aşağıdakı işlərə baxmağa haqlıdır.
14. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması.
15. Məhkəmə müəyyən edir ki, “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı vergi uçotuna alınmışdır (VÖEN – **********).
16. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).
17. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.9-cu bəndinə əsasən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
18. Məhkəmə hesab edir ki, iddia ərizəsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına istinad olunmuş, cavabdeh iddianın hüquqi əsasını mübahisələndirməmiş, mübahisəyə tətbiq ediləcək hüquq normaları ilə bağlı hər hansı etiraz irəli sürməmişdir.
19. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********5 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə və onun əlavəsinə əsasən cavabdehin sifariş etdiyi malı onun mülkiyyətinə verməyi, cavabdeh isə malların əvəzində müqavilə ilə razılaşdırılmış malın qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfidən xx.xx.2023-cü il tarixli EBDD 937744 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 442,5 manat, xx.xx.2023-cü il tarixli EBDD 938743 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 519,54 manat, xx.xx.2023-cü il tarixli EBDD 931872 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 71,6 manat, xx.xx.2023-cü il tarixli EBDD 949790 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 387,83 manat, xx.xx.2023-cü il tarixli EBDE 757876 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 101,29 manat, xx.xx.2023-cü il tarixli EBDF 203651 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 118 manat, xx.xx.2023-cü il tarixli EBDG 052571 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 37,88 manat, xx.xx.2023-cü il tarixli EBDH 305284 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 68,51 manat, xx.xx.2023-cü il tarixli EBDH 380302 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1095,04 manat, xx.xx.2023cü il tarixli EBDH 303879 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 163,44 manat, xx.xx.2023-cü il tarixli EBDİ 338078 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 95,38 manat, xx.xx.2023-cü il tarixli EBDİ 333467 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 48,37 manat, xx.xx.2023-cü il tarixli EBDİ 341173 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 115,2 manat, xx.xx.2023-cü il tarixli EBDİ 522061 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 13,64 manat, xx.xx.2023-cü il tarixli EBDJ 336501 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 24,2 manat, xx.xx.2023-cü il tarixli EBDK 348817 seriya və nömrəli elektron qaimə ƏDV daxil 14160 manat olmaqla ümumilikdə 17462,42 manat dəyərində malın verilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmişdir.
23. İddiaçı xx.xx.2023-cü il tarixli **********5 nömrəli müqavilə üzrə ödənilməmiş 11306,32 məbləğində pulun tutulmasını tələb edir.
24. Cavabdeh borc məbləğini qəbul edir, ilin sonuna kimi ödəniləcəyini bildirir.
25. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
26. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
28. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
29. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
30. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
31. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, xx.xx.2023-cü il tarixli **********5 nömrəli alqısatqı müqaviləsi üzrə 11306,32 manat əsas borc Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinə ödənilməlidir.
c) Alqı-satqı müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
39. İddia ərizəsində iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 848 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
41. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
42. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).
43. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən sonuncu elektron qaimə xx.xx.2023-cü il tarixdə göndərilmiş, iddiaçı tərəfindən isə hesablama xx.xx.2023-cü il tarixdən 18 ay üçün aparılmışdır. Belə olan halda, iddiaçının hesablama apardığı dövr (xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixdək 568 gün) üçün illik 5 faizlə hesablanan məbləğ 879,72 (11306,32*5/100/365*568) manat təşkil edir.
44. İddiaçının 848 manat tələb etdiyini və “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxmasının mümkün olmadığını nəzərə alan məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 848 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
45. İddiaçı 126 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
46. Məhkəmə mədaxil qəbzinə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 126 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
47. İş materiallarında olan ödəniş tapşırığı və icra qeydindən görünür ki, 24 və 25 nömrəli müqavilə əsasında 640 manat iddiaçı tərəfindən Bakı şəhəri 19 saylı vəkil bürosunun hesabına ödənilmişdir (xx.xx.2025-ci il tarixli ******* nömrəli orderdə göstərilən müqavilə - 25).
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
50. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Beləliklə, yuxarıda göstərilənləri və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinə ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkəti ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 11306,32 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 848 manat olmaqla ümumilikdə 12154,32 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova