Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2886/2021 02.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (x" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) sığorta hadisəsi zamanı dəymiş zərərə görə sığorta ödənişinin verilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ("xxxx" MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı (x" ASC üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyun 2018-ci il tarixli sığorta müqaviləsi və müqavilənin bağlanması faktını təsdiq edən MP-C(İ)00010-18 nömrəli sığorta şəhadətnaməsinə əsasən 169133,03 (yüz altmış doqquz min yüz otuz üç manat üç qəpik) manat məbləğində əsas sığorta ödənişi, gecikdirilmiş günlərə görə hesablanmış 145116,14 (yüz qırx beş min yüz on altı manat on dörd qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 314279,17 (üç yüz on dörd min iki yüz yetmiş doqquz manat on doqquz qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 11 avqust 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Hazırkı ərizə hər iki tərəf tərəfindən imzalandığı gün "xxxx” ASC tərəfindən İddiaçı MMC-yə 100000 (yüz min) manat ödənilir.
2. İddiaçı MMC bu sazişin 1-ci bəndində göstərilən 100000 (yüz min) manatın ona ödənilməsi ilə "xxxx” ASC-yə qarşı heç bir tələbinin qalmadığını təsdiq edir.
3. Bu barışıq sazişinin təsdiq edilməsinə dair ərizə iddianın tam və ya qismən etiraf edilməsi kimi qiymətləndirilə bilməz və bu hala, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində təsbit edildiyi kimi, hər hansı formada istinad edilə bilməz.
4. Hazırkı barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadından İddiaçı MMC tərəfindən şikayət veriləcəyi təqdirdə, İddiaçı MMC ona ödənilmiş 100000 (yüz min) manatı dərhal "xxxx” ASC-yə qaytarmalıdır.
5. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (x"ASC üçüncü şəxs qismində cəlb olunmaqla) sığorta hadisəsi zamanı dəymiş zərərə görə sığorta ödənişinin verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:
1. Hazırkı ərizə hər iki tərəf tərəfindən imzalandığı gün "xxxx” ASC tərəfindən İddiaçı MMC-yə 100000 (yüz min) manat ödənilir.
2. İddiaçı MMC bu sazişin 1-ci bəndində göstərilən 100000 (yüz min) manatın ona ödənilməsi ilə "xxxx” ASC-yə qarşı heç bir tələbinin qalmadığını təsdiq edir.
3. Bu barışıq sazişinin təsdiq edilməsinə dair ərizə iddianın tam və ya qismən etiraf edilməsi kimi qiymətləndirilə bilməz və bu hala, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində təsbit edildiyi kimi, hər hansı formada istinad edilə bilməz.
4. Hazırkı barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadından İddiaçı MMC tərəfindən şikayət veriləcəyi təqdirdə, İddiaçı MMC ona ödənilmiş 100000 (yüz min) manatı dərhal "xxxx” ASC-yə qaytarmalıdır.
5. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova