Məhkəmə qərarları › İş №e-2-2(113)-289/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-289/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-289/2020 07.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, iddiaçı «Holcim (Azərbaycan)» açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Holcim (Azərbaycan)» açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı iddiaçının cavabdehə xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsi üzrə ödənilmiş 10000 manat depozit məbləğinin, borcun gecikdirilməsinə görə bank uçot dərəcəsinə əsasən hesablanmış 1730 manat zərər məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsi üzrə əvvəlcədən ödənilmiş 10000 manat depozit məbləğinin geri qaytarması, borcun vaxtının gecikdirilməsinə 1730 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzini ödəməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsi üzrə ödənilmiş 10000 manat depozit məbləğinin, borcun gecikdirilməsinə görə bank uçot dərəcəsinə əsasən hesablanmış 1730 manat zərər məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsinə əsasən cavabdeh iddiaçıya xidmət göstərməyi öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə edilmiş 07 iyun tarixli 1 saylı Düzəlişin 1.1-ci maddəsinə əsasən Müştəri İcraçını 10000 manat depozit məbləğiilətəmin etməli, həminMüqavilə qüvvədən düşdükdən sonraisə depozit Müştəriyə qaytarılmalıdır. Tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsi xx xxxxxx 2017-ci il tarixində qüvvədən düşsə də cavabdeh hələ də 10000 manat depozitməbləğini geri qaytarmamışdır. Borcun vaxtının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci və 449.2-ci maddələrinə əsasında hesablanmış faizməbləği 1730 manat təşkil edir. Bununla bağlı xx xxxxxx 2019-cu il tarixində pretenziya məktubu göndərilmiş və borcun xx xxxxxxx 2019-cu il tarixədək ödənilməsi xahiş edilmişdir. Cavabdeh həmin məktubu xx xxxxxx 2019-cu il tarixində qəbul etmişdir. Lakin, pretenziya məktubuna cavabdeh tərəfindən hazırkı tarixədək heç bir cavab verilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsindən görünür ki, cavabdeh iddiaçıya http://www.topshops.az internet mağazasından alış-veriş etmək xidməti göstərməyi, iddiaçı isə xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə 3 saylı Qoşmadan görünür ki, müqavilə bağlandığı andan qüvvəyə minir və xx xxxxxx 2017-ci il tarixədək qüvvədə qalır. xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsinə 1 saylı Düzəlişdən görünür ki, bu düzəliş xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Düzəlişin 1.1-ci bəndinə əsasən Müştəri İcraçını 10000 manat depozit məbləği ilə təmin etməlidir, hansı ki, gələcək ödənişlərin zəmanəti olacaq. Depozit bir dəfəlik ödəniş kimi proforma fakturanın əsasında həyata keçiriləcək. Müqavilənin müddəti bitdikdən sonra depozit Müştəriyə qaytarılacaq və ya Müştərinin birbaşa qalıq borcundan silinəcək. xx xxxx 2017-ci il tarixli 21 saylı hesab-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına göstərilən xidmətlərə görə 8743,20 manat, əvvəlcədən ödəniş kimi 5000 manat, ümumilikdə 13743,20 manat pul ödənilmişdir. xx xxxx 2017-ci il tarixli 27 saylı hesab-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına əvvəlcədən ödəniş kimi 5000 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya http://www.topshops.az internet mağazasından alış-veriş etmək xidməti göstərməyi, iddiaçı isə xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsinə 1 saylı Düzəliş edilmiş və Düzəlişin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehi 10000 manat depozit məbləği ilə təmin etməyi, cavabdeh isə müqavilənin müddəti bitdikdən sonra depoziti iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehin hesabına xx xxxx 2017-ci il tarixdə göstərilən xidmətlərə görə 8743,20 manat, əvvəlcədən ödəniş kimi 5000 manat, ümumilikdə 13743,20 manat, xx xxxx 2017-ci il tarixdə isə əvvəlcədən ödəniş kimi 5000 manat pul ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsinin müddəti xx xxxxxx 2017-ci il tarixdə bitmişdir. İddiaçı müqavilənin müddəti bitdikdən sonra depozitin qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, depozit məbləği cavabdehin hesabına ödəmiş, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsinə və həmin müqaviləyə 1 saylı Düzəlişə əsasən 10000 manat depozit məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən depozit pulun qaytarılmaması nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilə şərtlərinə görə iddiaçıya qaytarılmalı olan depozit pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi könüllü yerinə yetirməməsi və onun icrasından boyun qaçırması sübut edir ki, müqavilə üzrə ödənilməli olan pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən iddiaçıya qaytarılmalı olan pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 1730 manat məbləğində faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinin Cavabdehnə xx.xx.2017-ci il tarixli, HA/0004/17/MLT saylı Xidmət Müqaviləsi üzrə ödənilmiş 10000 manat depozit məbləği, borcun vaxtının gecikdirilməsinə görə 1730 manat məbləğində zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar