Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2894/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. 25.05.2022-ci il tarixli ******* nömrəli qaimə-fakturaya əsasən İddiaçı tərəfindən "xxxx" ASC-yə 1 kiloqramın qiyməti 10 manat olan çəkisi 115 kq və ümumi dəyəri 1150 manat olan 1 ədəd dana əti təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir.
2. 28.05.2022-ci il tarixli ******* nömrəli qaimə-fakturaya əsasən İddiaçı tərəfindən "xxxx" ASC-yə 1 kiloqramın qiyməti 10 manat olan çəkisi 131 kq və ümumi dəyəri 1310 manat olan 1 ədəd dana əti təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı tərəfindən 2.460 manat dəyərində malların (1 ədəd 115 kq-lıq, 1 ədəd 131 kq-lıq dana) yola salınmasına dair EBBX seriyalı, 295035 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə "xxxx" ASC-yə göndərilmişdir.
4. İddiaçıtərəfindən "xxxx" ASC-yə borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən AA42/0522 saylı müqavilə üzrə verdiyi 246 kq dana ətinin dəyəri olan 2460 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə AA42/0522 saylı müqavilə bağlayaraq, həmin ASC-yə dana ətinin verilməsini təmin etməli və əvəzində isə pul alınmalı idi. Sövdələşmələrin və müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə ilk sifarişi vermək üçün EBBX Seriyalı, 295035 nömrəli elektron qaimə ilə ilk alış-satışlarını icra etdilər və o qaimədə göstərilən 131 və 115 kq çəkidə, ümumilikdə 246 kiloqram dana ətini "xxxx" ASC verib, qarşılığında qaimədə qeyd edilmiş 2.460 manat pulu almalı idi. Həmin pul vəsaiti onun bank hesabına köçürülməli idi. Ancaq indiyə kimi dəfələrlə tələb etməyinə baxmayaraq, həmin pul vəsaitini verməkdən müxtəlif bəhanələrlə gecikdirirlər. Artıq onun telefon zənglərinə də cavab vermirlər. Cavabdehin əvvəllər Qazax rayonu, Daş Salahlı kəndində Sement zavodu vardı. Həmin zavodu satdıqlarından, Qazax rayonu ilə əlaqələri kəsildiyindən, onun bir sahibkar kimi başına belə bir oyun açırlar. Cavabdehin pulunu verməməsi ona əlavə ziyanlıq vurmaqdadır. O həmin pul vəsaitinə indiyə kimi dana alıb satıb, qazanc əldə edə bilməmişdir. O cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında elektron qaydada müraciət etmiş və pretenziya üzrə müəyyən edilmiş müddətin üzərindən 52 gün keçməsinə baxmayaraq, heç bir cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət edir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 742.1, 743 və 745-ci maddələrinə istinad etmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
14. İddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi faktı mallaın təqdim edilməsi ilə əlaqədar tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmiş elektron qaimələrlə, eləcə də alıcının tərəfinin imzası ilə təsdiqlənmiş qaimə-fakturalarla təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hal-hazırda "xxxx" ASC-nin İddiaçı olan borcu 2.460 manat təşkil edir.
22. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyəri olan 2.460 manat məbləğində borcun ödənilməsini cavabdeh "xxxx" ASC-dən tələb etməkdə haqlıdır.
23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 44,60 manat təşkil edir.
25. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
26. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2.460 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva