Məhkəmə qərarları › İş №e-2-2(113)-2895/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2895/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2895/2021 13.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2020-ci il tarixli, KTA KTT-20/1145 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 9908,59 manat əsas borc, 1327,74 manat gecikdirilmiş günlərə görə cərimə, həmçinin 26262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37495,85 manat (otuz yeddi min dörd yüz doxsan beş manat səksən beş qəpik) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 08 may 2020-ci il tarixli, KTA-KTT-20/1145 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “CLAAS DOMİNATOR 130” markalı kombayn cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq 08 may 2020-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 179000 manat təşkil etmiş, həmin məbləğin 69094,65 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 35800 manat məbləğində ilkin ödəniş, 5370 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, Cavabdeh ödəniş qrafikinə əsasən ödənişləri tam şəkildə həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən kombayn cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə 29.04.2021-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 9908,59 manat əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 29.04.2021-ci il tarixinə qədər 1327,74 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən 12.03.2021-ci il tarixli, PLM-21/0049 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Bundan başqa, Cavabdeh idarə etdiyi “Claas Dominator 130” markalı kombayna 11.07.2020-ci il tarixdə Qobustan rayonu Yekəxana kəndi ərazisində zərər dəymişdir. "xxxx" MMC şirkəti tərəfindən tərtib olunan yekun qüsur aktına əsasən kombayna 26262,52 manat məbləğində ziyan dəymişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 08 may 2020-ci il tarixli, KTA-KTT 20/1145 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 29.04.2021-ci il tarixə qədər 9908,59 manat əsas borc, 1327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, həmçinin 26262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37495,85 (otuz yeddi min dörd yüz doxsan beş manat səksən beş qəpik) manat öhdəliyi vardır. Eyni zamanda Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.05.2020-ci il tarixli КТA КTТ-20/1145 nömrəli Aqrar kredit və inkişaf agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 müqaviləsinin etibarsız hesab edilməsi və ilkin olaraq ödədiyi 45039,8 manat pul və ona dəymiş 13000 (on üç min) manat ziyan olmaqla, cəmi 58039,8 (əlli səkkiz min otuz doqquz manat səksən qəpik) manat pulun İddiaçı ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC ilə 08.05.2020-ci il tarixli KTA KTT-20/1145 nömrəli Aqrar kredit və inkişaf agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 müqaviləsi bağlamış və həmin müqavilənin şərtlərinə tam əməl edərək, ümumilikdə cavabdeh şirkətə 45039,8 manat məbləğində pul ödəmişdir. 21 may 2020-ci il tarixli 036 saylı aktla Claas Dominator 130 markalı kombaynı təhvil almışdır. Təhvil aldıqdan az sonra, kombayn taxıl sahəsində taxıl biçdiyi zaman yanmış və tərəflərindən yanğınsöndürən balon vasitəsilə söndürülsə də, kombayn yararsız vəziyyətə düşmüşdür. Hadisə barədə iddiaçı dərhal lizinq şirkətinə məlumat vermişdir və 11.07.2020ci il tarixli aktla yararsız vəziyyətə düşmüş kombaynı "xxxx" şirkətinə qaytarmışdır. Sığorta müqaviləsini cavabdeh Cəmiyyət bağladığı üçün iddiaçı yanğın barədə cavabdehə dərhal xəbər vermişdir. Yuxarıda göstərdiyi kimi, kombaynı təhvil aldıqdan az sonra kombayn tam gücü ilə işləyə bilməmişdir. O, bu barədə cavabdehə məlumat vermiş və onların göstərdiyi təmir işi ilə məşğul olan "xxxx" MMC müəssisəsinə, bir saatına görə 50 manat pul ödəməklə, kombaynı təmir etdirsə də, yenə kombayn tam yararlı vəziyyətə düşməmişdir. Ona görə də sezon vaxtı o, kombaynı lazımı qaydada işlədə bilməmişdir. Bu göstərilənlərə baxmayaraq, cavabdehin təqsiri ucbatından kombaynı istismar etmədiyi halda ondan əsassız olaraq aylıq lizinq müqaviləsinə görə pul tələb edirlər. İddiaçı mülkiyyətində olan bütün mal-qarasını dəyər-dəyməzinə satmış, eləcə də tanıdığı adamlardan borc alaraq, ilkin ödəniş kimi sığorta pulu və sair ödənişlərə görə 45039,8 manat pul ödəyərək kombaynı almışdır ki, gəlir əldə etsin. Lakin cavabdehin təqsiri ucbatından ziyana düşmüşdür. Əgər 45039,8 manat pul iddiaçının istifadəsində olsa idi və ya cavabdeh Cəmiyyət kombaynı tam yaralı vəziyyətdə onun istifadasinə versə idi, o, ən azı 13000 manat gəlir əldə edə bilərdi. Cavabdehin təqsiri ucbatından iddiaçının 13000 (on üç min) manat gəliri əldən çıxmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, ilkin iddianın təmin və qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək, qarşılıqlı iddianın təmin və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək, qarşılıqlı iddianın təmin və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi aşağıda sadalanan əsaslara görə rədd edilməli, qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh arasında 08.05.2020-ci il tarixli KTA-KTT-20/1145 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - 29.04.2021-ci il tarixli, PLM-21/0079-3 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC qarşısında 08 may 2020-ci il tarixli, KTA-KTT-20/1145 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 29.04.2021-ci il tarixə qədər 9908,59 manat əsas borc, 1327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, həmçinin 262622,52 kombayn təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumulikdə 37495,85 manat öhdəliyi vardır. - 12.05.2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin AZ40AİİB******************** nömrəli hesabına 35800 manat məbləğində vəsait ödənilmişdir. - 12.05.2021-ci il tarixli 02 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin AZ40AİİB******************** nömrəli hesabına 6739,80 manat məbləğində vəsait ödənilmişdir. - 12.05.2021-ci il tarixli 03 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin AZ40AİİB******************** nömrəli hesabına 2500 manat məbləğində vəsait ödənilmişdir. - CPMİ seriyalı, 00328-20 nömrəli Sığorta şəhadətnaməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “CLAAS DOMİNATOR 130” markalı kombayn 12.05.2020-ci il tarixdən 12.05.2021-ci il tarixədək dövr üzrə sığortalanmış, 1181,40 manat məbləğində sığorta haqqı ödənişi və 2685 manat hər bir itki və zərər üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. - 000540 nömrəli 27.06.2020-ci il tarixli təmir aktında qeyd olunmuşdur ki, mühərrik yüksək dövriyyələrdə qeyri-stabil işləyir. - 000551 nömrəli 29.06.2020-ci il tarixli təmir aktında qeyd olunmuşdur ki, texnikaya baxış zamanı aşkar olunmuşdur ki, yanacaq sisteminə su düşüb. Aşağı su ayrıcı filteri açdıqda məlum olmuşdur ki, filter yarısından su ilə doludur. Bu da filterin suyu yanacaq nasosuna buraxmasına səbəb olmuşdur. - 000560 nömrəli 11.07.2020-ci il tarixli təmir aktında qeyd olunmuşdur ki, yanacaq sisteminə su düşdüyü üçün forsunka və nasos sıradan çıxmışdır. Elektrik bölməsində əsas magistral kabel qısa qapanmada əsas kabel və relyelər sıradan çıxmışdır. Bütün elektrik göstəriciləri işləmir. Ötürücü kameranın sol yastığında səs var. Qarğıdalı başlığına qoşulan kardanın qoruyucusunun üstündə sınıq var. Başlığın içərisində də zədə var. Biçici çinlərin bir neçəsi (iki ədəd) dəyişilmişdir. Pilləkan aşağısı dəyişilmişdir. Salonun içərisinə əlavə çexol çəkilimişdir. Elektrik sistemi nasaz olduğu üçün elektrik işıqları yoxlanılmamışdır. Bazada təkrar olaraq yoxlanılacaqdır. - 11.07.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X3, Qobustan rayon Xilmilli kənd sakini X6, Qobustan rayon Xilmilli kənd sakini X2 və Claas Dominator 130 kombayn sürücüsü X4 bu aktı ondan ötəri tərtib etmişlər ki, Qobustan rayon Xilmilli kənd ərazisində X1 məxsus torpaq sahəsində əkilmiş 4.00 ha buğdanı biçən zaman 11.07.2020-ci il tarixində Claas Dominator 130 kombayn qəflətən alışmış, sürücüsü X4 və kənd sakinləri X6, X3, X2 tərəfindən kombaynda olan yanğınsöndürən balonla söndürülmüşdür - "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış hesab fakturadan görünür ki, 000981 nömrəli təmir aktı əsasında servis xidməti 26262,52 manat (22256,37 manat əsas + 4006,15 manat ƏDV) məbləğində müəyyən edilmişdir. - İddiaçı ASC 12.03.2021-ci il tarixli pretenziya qaydasında məktubla Cavabdeh müraciət edərək, müqavilə üzrə yaranmış 9615,56 (doqquz min altı yüz on beş on altı qəpik) manat məbləğində gecikdirilmiş borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. - Cavabdeh 12.07.2021-ci il tarixli pretenziya qaydasında məktubla İddiaçı ASC-yə müraciət edərək, ilkin ödəniş olaraq ödədiyi pulların qaytarılması və eləcə də, ona dəymiş ziyanın ödənilməsi və ya ona tam yararlı təmir olunmuş kombaynın və ya yeni kombaynın verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. - 08.05.2020-ci il tarixli KTA-KTT-20/1145 saylı X9 müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə 008 nömrəli 02 avqust 2021-ci il tarixli əmrdə qeyd olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 08.05.2020-ci il tarixli KTA-KTT-20/1145 saylı X9 müqaviləsinin 14.2-ci bəndinə əsasən həmin müqavilə bir tərəfli qaydada ləğv edilsin, lizinq obyekti olan “Class Dominator 130” markalı kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqi həyata keçirilsin və müqavilənin ləğvi barədə Cavabdeh məlumat verilsin. - "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktubun surətində qeyd olunmuşdur ki, CPMİ 00328-20 saylı Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh məxsus “Claas Dominator 130” markalı kombaynda bildirilən yanğın hadisəsi üzrə "xxxx" ASC-yə ilkin şifahi məlumat İddiaçı ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən yalnız 21.08.2020-ci il tarixində verilmişdir. Hadisə barəsində "xxxx" ASC-yə 21.08.2020-ci il tarixində İddiaçıASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən məlumat verilən zaman yanğın hadisənin bundan 2 ay əvvəl baş verdiyini və texnikanın artıq servis işçiləri tərəfindən servisə aparıldığını bildirmişdir. Həmçinin hadisə haqqında daha dəqiq məlumatı əldə etmək üçün zərər dəymiş texnikanın istifadəçisi Cavabdeh mobil nömrəsini "xxxx" ASC-nin əməkdaşına verərək əlaqə saxlanılmasını bildirmişdir. "xxxx" ASC-nin əməkdaşı tərəfindən Cavabdeh ilə telefon danşığından məlum olmuşdur ki, istifadəsində olan “Claas Dominator 130” markalı kombaynı may ayında almış və aldığdan təxmini 1 ay sonra, yəni iyun ayında sahədə işləyərəkən yanğın hadisəsi baş vermişdir. Qeyd edilənlərə əsasən bildirirlər ki, məktubunuzda qeyd edilən hadisənin 11.07.2020-ci il tarixində deyil iyun ayında baş verdiyi, həmçinin hadisə barədə məlumatın "xxxx" ASC-yə dərhal və vətəndaş tərəfindən deyil yalnız 2 ay sonra İddiaçıASC-nin əməkdaşı tərəfindən bildirildiyi aydın olmuşdur. Danışıqlar zamanı o da müəyyən olunmuşdur ki, hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verilməmişdir. Hadisənin baş verməsi barədə "xxxx" ASC-yə və ya səlahiyyətli dövlət orqanlarına vaxtında məlumat verilmədiyindən sığorta araşdırmasını həyata keçirmək və hadisənin sığorta hadisəsi olub olmadığını müəyyənləşdirmək təəssüf ki mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 08.05.2020-ci il tarixli KTA-KTT-20/1145 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən İddiaçı ASC-yə 35800 manat məbləğində ilkin ödəniş və müqavilənin rəsmiləşdirilməsi komissiyası, lizinq obyektinin qeydiyyat xərcləri, sığorta haqqı, GPS xərcləri daxil olmaqla, müqavilənin bağlanması ilə bağlı ümumilikdə 6739,8 manat məbləğində ödəniş edilmişdir. 21 may 2020-ci il tarixli 036 saylı akt əsasında Cavabdeh İddiaçı ASC-dən “Class Dominator 130” markalı kombaynı təhvil almışdır. Cavabdeh kombaynı təhvil aldığı tarixdən 2500 manat lizinq ödənişini həyata keçirmişdir. Lakin 11.07.2021-ci il tarixdə kombayn qəflətən alışmış, bu barədə 11.07.2021-ci il tarixli akt tərtib olunmuş və kombayn Cavabdeh tərəfindən İddiaçı ASC-yə qaytarılmışdır. Kombayn təmir olunduqdan sonra İddiaçı ASC-yə verilmişdir. Həmçinin lizinq obyekti 12.05.2020-ci il tarixdən 12.05.2021-ci il tarixədək dövr üzrə sığorta şirkətində sığortalanmışdır. "xxxx" ASC-nin əməkdaşları hadisə ilə əlaqədar sığorta şirkətinə müraciət etsələr də, sığorta şirkəti tərəfindən baş vermiş hadisə barədə məlumatın onlara gec verilməsi səbəbindən sığorta ödənişi etməkdən imtina etmişlər. Tərəflər arasında müqavilə lizinq verən tərəfindən 02 avqust 2021-ci il tarixli birtərəfli qaydada ləğv edilərək, lizinq obyekti olan “Class Dominator 130” markalı kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748- 11-ci maddə). “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh arasında 08.05.2020-ci il tarixli KTA-KTT-20/1145 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 müqaviləsinin: 1.4 və 1.5-ci bəndlərinə əsasən lizinq obyektinin qiyməti 179000 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 69094,65 manat müəyyən edilmişdir. 2.2, 2.3, 2.3.1, 2.3.2, 2.3.3, 2.4, 2.5, 2.5.1, 2.5.2, 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən Lizinq ödənişlərinin ümumi məbləği 123089,92 manat (Avans məbləği 35800 manat, Lizinq obyektinin qalıq dəyəri 74105,35 manat, Lizinq verənin mükafat məbləği 13184,57 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 6739,8 manat, sığorta haqqı (birinci il üçün) 1184,40 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 5370 manat, Lizinq obyektinin qeydiyyat xərcləri 35 manat, GPS xərcləri 153,40 manat) müəyyən edilmişdir. 6.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini liziııq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 14.1-ci bəndinə əsasən Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.1-ci bəndə əsasən Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; 14.1.2-ci bəndə əsasən Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində Lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıb; 14.1.3-cü bəndə əsasən Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 14.5-ci bəndinə əsasən əgər lizinq obyektinin dəyəri Satıcıya ödənilməmişdən əvvəl və Lizinq verənə avans verildikdən sonra Lizinq verən və ya Lizinq alan birtərəfli qaydada lizinq müqaviləsini ləğv edirlərsə, Lizinq verən avansı Lizinq alana qaytarmalıdır. Müqavilənin ləğvi Lizinq alanın təşəbbüsü ilə olarsa, həmin avansdan Lizinq verənin lizinq müqaviləsinin icra edilməsi ilə bağlı bıitün xərclər, o cümlədən Lizinq obyektinin satıcının adına yenidən qeydiyyatı ilə bağlı xərclər, həmçinin alınmamış komissiya ödənişləri çıxılmalıdır. 14.2-ci bəndinə əsasən Lizinq verən Lizinq alana yazalı məlumat verməklə müqavilənin 14.1 -oi bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqındən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir, lizinq obyektinin satışından və ya təkrar lizinqindəıı əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapmadığından, ilk iddia tələbi təmin edilməməlidir. Çünki Cavabdeh lizinq müqaviləsi ilə əlaqədar öhdəliklərini icra etmiş, iyul ayında kombaynla bağlı yanğın hadisə baş verdikdən sonra kombaynı "xxxx" ASC-yə təhvil vermiş və həmin müddətdən sonra lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, kombaynın lizinq alanın istifadəsində qısa müddətdə (21.05.2020- 11.07.2020-ci il) istifadəsində olmasına baxmayaraq, yanğın hadisəsi baş verənə qədər də kombayn onda olan nasazlıqlara görə iki dəfə təmirə aparılmış, onda yuxarıda qeyd olunan nasazlıqlar aşkar olunmuşdur. İlk iddia üzrə cavabdeh iddiaçıya müraciətlər edərək, lizinq obyektinin başqası ilə əvəz olunmasını təklif etmişdir. lizinq alan lizinq obyektindən qısa müddət ərzində istifadə edə bilmiş, onda da kombayn iki dəfə təmirə getmiş, sonra qeyd olunan hadisə baş vermişdir. Daha sonra kombayn təmirdə, sonra isə lizinq verənin sərəncamında olmuşdur. Göründüyü kimi, lizinq alan lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. lizinq alan lizinq obyektinin onun istifadəsində olduğu dövr üçün isə lizinq haqqını ödəmişdir. lizinq obyektinin təhvil alandan az müddət sonra iki dəfə təmirə getməsi, sonra isə alışıb yanmasının lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia əsassız olduğundan təmin olunmamalıdır. Qarşılıqlı iddia tələbinin bir hissəsini 08.05.2020-ci il tarixli КТA КTТ-20/1145 nömrəli Aqrar kredit və inkişaf agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 390.1.-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçı tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab olunması tələbini irəli sürsə də, həmin tələbini əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia təmin olunmamalıdır. Qarşılıqlı iddia tələbinin digər hissəsini Cavabdeh ilkin olaraq ödədiyi 45039,8 manat pulun İddiaçı ASC-dən alınaraq ona ödənilməsi təşkil edir. Məhkəmə müqavilə şərtlərini nəzərə alaraq ilkin iddia tələbinin həmin hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə qismən, yəni Cavabdeh ilkin olaraq ödədiyi 35800 manat məbləği hissəsində təmin edilməli, qalan hissədə (müqavilənin bağlanması ilə bağlı ümumilikdə 6739,8 manat məbləğində ödəniş və aylıq ödədiyi lizinq ödənişi ) isə təmin olunmamalıdır. Qarşılıqlı iddia tələbinin digər hissəsini isə Cavabdeh dəymiş 13000 (on üç min) manat ziyanın İddiaçı ASC-dən alınaraq ona ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 13000 (on üç min) manat məbləğində ziyanın vurulması sübuta yetirilmədiyindən, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Qarşılılqı iddia üzrə iddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə əlaqədar tələbi olmadığından ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35800 (otuz beş min səkkiz yüz) manat məbləğində pul tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar