Məhkəmə qərarları › İş №e-2-2(113)-2895/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2895/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2895/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satğı, mal göndərmə müqaviləsi, cərimə, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə yaranmış əsas borc üzrə ƏDV daxil 12567 manat, cərimə borcu üzrə 5000 manat və gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 366,52 manat olmaqla, cəmi 17933,52 manat məbləğində pulun, 147 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1170 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında İddiaçı MMC-nin sifarişi ilə "xxxx" MMC bloknot, otaq aksessuar altlığı və kağız dəsmal qutuların hazırlamasını öhdəsinə götürmüşdür. Lakin "xxxx" MMC öhdəliklərini icra etməyərək müqavilə şətlərini pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli X2 əsasən İddiaçı MMC tərəfindən ümumi dəyəri ƏDV daxil 66198 AZN təşkil edən 3000 ədəd bloknot, 1500 ədəd otaq aksessuar altlığı və 3000 ədəd kağız dəsmal qutuların hazırlaması "xxxx" MMC-yə sifariş verilmişdir. Həmin sifariş üçün müqavilə şərtlərinə görə 70% avans ödənilməli olduğu halda "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə fakturalar əsasında İddiaçı MMC tərəfindən daha yüksək məbləğdə yəni ƏDV daxil 56958,60 AZN (əlli altı min doqquz yüz əlli səkkiz manat altmış qəpik) əvvəlcədən (avans) ödəniş edilmişdir. Lakin buna baxmayaraq 1100 ədəd otaq aksessuar altlığı bu günə kimi hazırlanıb təhvil verilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli X2 əsasən İddiaçı MMC xx.xx.2024-cü il tarixədək siyahıda göstərilən bütün məhsulları hazırlayıb təhvil verməli idi. Dəfələrlə şifahi danışıqlar aparılmasına baxmayaraq müqavilə şərtləri yerinə yetirilməmiş və İddiaçı MMC böyük həcmdə zərərə uğramışdır. Qeyd edək ki, sifariş edilən ümumi dəyəri ƏDV daxil 66198 AZN dəyərində məhsulların cəmi 44391,6 AZN dəyərində olan hissəsi "xxxx" MMC tərəfindən təhvil verilmişdir. Nəticə etibari ilə ƏDV daxil 56958,60 AZN ödənilən məbləğin 12567 AZN həcmində məhsullar təhvil verilmədiyindən həmin məbləğ İddiaçı MMC-yə geri qaytarılmalıdır. Qeyd edək ki, xx.xx.2024-cü il tarixli X2 əsasən bu günə kimi (2 ay) öhdəliklər tam həcmdə icra edilmədiyindən "xxxx" MMC əsas öhdəliklərlə yanaşı İddiaçı MMC-yə cərimə də ödəməlidir. Hesab edirik ki, "xxxx" MMC dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu qaytarmadığı üçün İddiaçı MMC-yə 5000 AZN cərimə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC, İddiaçı MMC-yə olan cəmi 12567 AZN ödənilməmiş borcuna 5% hesablanmaqla ümumi məbləğdən əlavə ödənişin gecikdirildiyi 2 ay üçün faiz ödəməlidir. Nəticədə "xxxx" MMC-nin pul öhdəliyinin icra edilməməsi üçün 5 ay üzrə faiz borcu 1256,70 AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən xidmətlər göstərilmiş və həmin xidmətlərin göstərilməsi qarşılığında müəyyən ödənişlər olunmuşdur. Müqavilə şərtlərinə görə faiz nəzərdə tutulmuş və cavabdehin tələbi əsasında müqavilə şərtindən də əlavə ödənişlər edilmişdir. Sifariş edilən malların ƏDV daxil 66198 manatının 44391,60 manat hissəsi təhvil verilmiş, bu təhvil-təslim aktı və ödəniş tapşırıqları ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən e-qaimələr təqdim olunmuş və elə həmin tarixlərdə də istər avans ödənişləri, istər xidmət ödənişləri olunmuşdur. Qalan məhsullar cavabdeh tərəfindən bugünə kimi təqdim edilmədiyinə görə iddiaçı qalıq 12667 manatlıq məhsulun dəyərini cavabdehdən tələb edir. Cərimə ilə bağlı isə müqavilədə konkret maddə yoxdur. Sadəcə “məsuliyyət daşıyır” ifadəsi qeyd olunmuşdur. Sifariş verilən məhsullar iddiaçıya verilmədiyi üçün məcbur qalıb başqa yerdən tədarük etdiklərinə görə müəssisəyə əlavə ziyan dəymişdir. İddia tələbinin həcminin azaldılması ilə bağlı ərizədə qeyd edilib ki, cavabdehin borcuna illik 5 faiz hesablanmış gecikdirildiyi 7 ay üçün, yəni xx.xx.2024-dən bugünə qədər olan faizi ödənilməlidir. 7 ay üçün faiz borcu 366,52 manat təşkil edir və onlar bunun hesablanma qaydasını ərizədə göstərmişlər. ƏDV məbləğini isə ümumi məbləğdən ayırmamışlar. Eyni zamanda cavabdeh müqavilədə nəzərdə tutulan vaxtda və miqdarda ödəniş etmədiklərini iddia edirdi, lakin bunlar gerçəyi əks etdirmir və heç bir sübutları yoxdur. Vergi orqanının tələbinə əsasən, e-qaimə təqdim olunduqdan sonra ödəniş edilməlidir. Avans-qaimələr olduğu halda onlar ödəniş edə bilər və avans qaimələr olduğu vaxt üçün isə ödəniş tapşırıqları mövcuddur. Onlar 85 faiz həddində ödəniş edərək, müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliyini tam icra etməkdən yayınmışdır. Sonda iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, ƏDV ilə bağlı müqavilə şərtlərindən biri ümumi məbləğin 70 faizinin ödənilməsindən sonra işin başlanılması idi. Hüquqlarını müdafiə etdiyi şəxs qeyd edir ki, malları aldığı şəxs vergi ödəyicisi olduğu üçün malların alınmasında və hazırlanmasında gecikmələr baş tutmuşdur. Həmçinin müqavilə şərtlərində cərimə razılaşması yoxdur və onlar cərimə borcunu qəbul etmir. Eyni zamanda qarşı tərəf sonradan 17000 manatlıq malı almaları ilə də bağlı e-sistemə heç bir sübut əlavə etməmişdir. Belə olan hal olsa belə, bu cərimə deyil, zərərdir. ƏDV isə hansısa əməliyyatlar baş tutduqdan sonra yaranır, qutu verilmədiyinə görə isə 12000 manatın daxilində olan ƏDV də məhkəmə tərəfindən araşdırılmalıdır. 70 faiz ƏDV daxil idi, qarşı tərəf isə ƏDV ödənməsini gecikdirmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs belə halda digər ƏDV ödəyicisindən aldığı malların pulunu ödəyə bilməmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən “Sifarişçi” İddiaçı MMC tərəfindən sifariş verilən bütün növ reklam, o cümlədən qutu, dəri üzlü məhsullar va digər müxtəlif növ çap xidmətlərini icra etməsini “İcraçı” "xxxx" MMC öz üzərinə götürmüşdür. Sifarişlər Sifarişçi va İcraçı arasında tərtib edilən X2 (QRP) əsasən həyata keçiriləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar Azarbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq, icra edilmiş sifarişlərə görə təqdim olunmuş hesab-fakturaya asasən həyata keçirilir. Müqavilənin 3.2ci bəndinə əsasən, işin başlaması üçün ümumi məbləğin 70% həcmində ilkin ödəniş “Sifarişçi” tərəfindən “İcraçı”nın bank hesabına ödənilir. Qalan 30% həcmində məbləği “Sifarişçi” işi təhvil aldıqdan sonra 30 iş günü ərzində “İcraçı”ya ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımınca yerinə yetirmədikdə və ya Müqaviləyə hər hansı səbəbdən vaxtından əvvəl xitam verildikdə İcraçı Sifarişçi tərəfindən ödənilmiş məbləği ona geri qaytarmağa borcludur. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı “Müqavilə”nin qüvvədə olduğu müddətdə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi nəticəsində qarşı tərəfə, yəni sifarişçiyə dəymiş maddi zərərə görə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024cü il X1 uyğun olaraq, tərəflər bu X3 və protokolun ayrılmaz hissəsi olan əlavə №1 olmaqla görüləcək işlərin siyahısı, həcmi, nümunədəki keyfiyyəti və cədvəldə göstərilmiş ümumi qiymətlə razılaşırlar. Həmçinin İcraçı aşağıda qeyd olunmuş sifarişləri tam va qüsursuz şəkildə son tarix olaraq 05 Noyabr 2024-cü il tarixində Sifarişçiyə təhvil verəcəyi ilə razılaşır. Tərəflər arasında 3000 ədəd bloknot, 1500 ədəd otaq aksessuar altlığı, 3000 ədəd kağız dəsmal qutusunun qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 66198 manat razılaşdırılmışdır. MT2411 seriyalı, 12761886 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 39672,19 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. AA2410 seriyalı, 10721865 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 46338,6 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. MT2411 seriyalı, 10235812 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4720 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. AA2410 seriyalı, 11812181 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5900 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il **********71 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 39270 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin ƏDV hesabına 7068,6 manat ödəniş köçürülmüşdür. xx.xx.2024-cü il **********26 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 5000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin ƏDV hesabına 900 manat ödəniş köçürülmüşdür. xx.xx.2024-cü il **********35 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 4000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin ƏDV hesabına 720 manat ödəniş köçürülmüşdür. 18 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin ƏDV daxil 12567 manat əsas borcu, 1256,7 manat faiz borcu, 5000 manat cərimə borcu olmaqla, cəmi 18823,7 borcu mövcuddur. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubunda 09.10.224-cü il tarixli müqavilə üzrə yaranmış cəmi 18823,7 manat borcun pretenziyanı aldıqları gündən 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda qanunverilikdə nəzərdə tutulan bütün hüquqlardan istifadə ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il **********69 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Fides Vəkil Bürosuna 1170 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC 147 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. 642-ci maddəsinə əsasən malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olsa da, Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya əvəzedilən əşyalar hazırlandığı üçün alğı-satqı müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq cavabdehin hazırlayacayaraq ona təhvil verəcəyi mallara görə öncədən ödəniş etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə hazırlamalı olduğu malların hamısı hazırlayaraq vaxtında iddiaçıya təhvil verməmişdir. Cavabdehin nümayəndəsi malların təhvil verilməsinin səbəbi kimi iddiaçının vaxtında ödənişləri ödəməməsi ilə əsaslandırmışdır. Lakin təqdim edilmiş elektron qaimələrdən və ödəniş tapşırıqlarından görünür ki, iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə vaxtında ödənişlər etmişdir. Hətta müqavilənin şərtinə əsasən iddiaçı malların 70%-nin dəyərini ödədikdən sonra qalan 30%-i mallar tam təhvil verildikdən sonra ödəməli olmasına baxmayaraq, iddiaçı mallar tam təhvil verilmədiyi halda 85% ödəniş etmişdir. İddiaçının cavabdehə 12567 manat ödəniş etməsi və həmin dəyərdə malların təhvil verilməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, ödəniş tapşırığı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 599.3 və 637.2-ci maddələrinə əsasən ona təhvil verilməmiş mallara görə qabaqcadan ödədiyi 12567 manat məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni iddiaçının qabaqcadan ödədiyi 12567 manat dəyərində malları hazırlayaraq vaxtında təhvil vermədiyini, belə olan halda isə iddiaçının öncədən ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların dəyərinin qabaqcadan ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 12567 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 366,52 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 7 aydan artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz (12567AZNx5%=628.35AZN/12ay=52.36AZNx7ay=366.52AZN) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5000 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 5000 manat cərimə tutulması ilə bağlı hissədə təmin olunmamalıdır. Çünki tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavilədə cərimə ödənilməsi ilə bağlı şərt razılaşdırılmamış, həmçinin tərəflər arasında ayrıca yazılı razılaşma təqdim edilməmişdir. Halbuki mülki qanunvericiliyə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1170 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 147 manat dövlət rüsumunun 128,8 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə ƏDV daxil 12567 manat əsas, illik 5% ilə hesablanmış 366,52 manat vəsait, ümumilikdə 12933 (on iki min doqquz yüz otuz üç) manat 52 (əlli iki) qəpik, ödənilmiş dövlət rüsumunun 128 (yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpiyinin və hüquqi yardım üçün ödənilmiş vəsaitin 600 (altı yüz) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar