Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2899/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız olaraq əlavə ödənilmiş vəsaitin əvəzləşdirilməsi və qaz sərfiyyatının tarif cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə əsassız olaraq əlavə ödənilmiş 33447,65 manat vəsaitin gələcəkdə iddiaçının cavabdehə qaz sərfiyyətinə görə yaranacaq borcu hesabına əvəzləşdirilməsi və gələcəkdə qaz sərfiyyatının Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-4937/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən iddiaçı və onun regionlarında yerləşən filialları tərəfindən istifadə olunan qaz sərfiyyatının ödənilməsi həyata keçirilir. Sözügedən müqavilə imzalanan tarixdən yaxın dövrə qədər cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə əsasən iddiaçı qaz sərfiyyatının dəyərini vaxtı-vaxtında ödəyib. Lakin Azərbaycan Respublikası Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri” qüvvəyə mindiyi tarixdən sonra aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş sənədlərində (hesab-faktura) qeyd edilən məbləğlər iddiaçının fəaliyyət göstərən sahəsinə uyğun olaraq Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə deyil, “digər sahələr” bəndi üzrə hesablanmışdır. Bu da iddiaçı tərəfindən ümumilikdə əlavə olaraq 33447,65 manat artıq vəsaitin odənilməsinə səbəb olmuşdur. Halbuki “Təbii qazın ölkədaxili tarifləri”nin tələblərinə görə “sənaye və kənd təsərrüfatı sahələrində” fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1000 m3 qaz sərfiyyatına görə 220 manat, “digər sahələr” üzrə isə 250 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilir ki, iddiaçının fəaliyyətinin əsas istiqaməti kənd təsərrüfatı sahəsini əhatə edərək, xam pambığın istehsalı, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emal prosesindən sonra, mahlıc, çiyid, lint, ulük və tiftik əldə etməklə, iplik, pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdən ibarətdir. Belə ki, iddiaçının Şirvan şəhərində yerləşən filialının fəaliyyət sahəsinin digər regionlarda yerləşən filiallarının fəaliyyət sahəsi ilə eyni olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab-fakturada həmin filial üzrə qaz sərfiyyatının dəyəri 1 m3 = 0,22 manat, digər fialiallar üzrə isə 1 m3 = 0,25 manat qiyməti ilə hesablanmışdır. Eyni zamanda bildirilir ki, tərəflər arasında mövcud olmuş xx.xx.2020-ci il tarixli, AMX-4937/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 7.3-cü bəndinə uyğun olaraq, cavabdeh (qaz paylayıcısı) tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişdikdə yeni müqavilənin bağlanması nəzərdə tutulmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş yeni müqavilədə qaz sərfiyyatına görə hesablaşmaların aparılması qaydası əsassız olaraq 1 m3 = 0,25 manat qiyməti ilə müəyyən edildiyindən, iddiaçı yeni şərtlərlə müqavilənin imzalanmasından imtina etmişdir. Bundan sonra Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesabfakturada qaz sərfiyyatına görə hesablanmış əsassız məbləğin (1 m3 = 0,25 manat) bir ay müddətində ödənilməsi təmin edilmədiyi təqdirdə, istehlakçının qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması barədə xəbərdarlıq öz əksini tapmışdır. İddiaçının qaz təchizatının dayandırılması nəticəsində istehsal prosesində boşdayanmaların və bu səbəbdən iddiaçıya dəyə biləcək maddi zərərin qarşısını almaq məqsədi ilə qaz sərfiyyatına görə iddiaçı tətəfindən məcburiyyət qarşısında cavabdehə ümumilikdə əlavə olaraq 33447,65 manat artıq vəsait əsassız olaraq ödənilmişdir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, , Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-4937/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus müəssisələr təbii qazla təchiz olunur və istehlak olunmuş təbii qazın dəyəri müəssisələrin fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nə əsasən müəyyən olunmuşdur. Həmin Qərarın 6.2.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üçün 1000 m3 təbii qazın dəyəri 165 manat, həmin Qərarın 6.2.2-ci bəndinə əsasən metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə 1000 m3 təbii qazın dəyəri 200 manat, həmin Qərarın 6.2.3-cü bəndinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üçün 1000 m3 təbii qazın dəyəri 220 manat, həmin Qərarın 6.2.4-cü bəndinə əsasən digər sahələr üçün 1000 m3 təbii qazın dəyəri 250 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində Şirvan şəhərində yerləşən filialının fəaliyyət sahəsinin digər regionlarda yerləşən filiallarının fəaliyyət sahəsi ilə eyni olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab-fakturada həmin filial üzrə qaz sərfiyyatının dəyəri 1 m3 = 0,22 manat, digər fialiallar üzrə isə 1 m3 = 0,25 manat qiyməti ilə hesablanmasını qeyd etmişdir. Bildirilir ki, iddiaçının Şirvan şəhərində yerləşən filialı yağ istehsalı ilə məşğul olur və fəaliyyət sahəsi istehsalla bağlı olduğu üçün istehlak etdiyi təbii qazın 1 m3 üçün dəyəri 0,22 manat tarifi ilə hesablanır. İddiaçı məhkəməyə İddiaçı MMC-nin fəaliyyət növü barədə məlumat təqdim etmişdir. Məlumatda iddiaçının 11 sahə üzrə fəaliiyət göstərməsi qeyd olunur. Məlumatda iddiaçının əsas fəaliyyət növü pambığın ilkin emalı kimi qeyd olunmuşdur. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanununun 1.0.7-ci bəndində pambığın ilkin emalı — pambığın sənaye üsulu ilə qurudulması, təmizlənməsi, lifinin çiyiddən ayrılması ilə pambıq məhsullarının istehsalı prosesi nəzərdə tutulmuşdur. İddiaçının digər müəssisələrində təbii qazdan xam pambığın qurudulması üçün istifadə olunur ki, bu da pambıq məhsullarının istehsalı kimi qiymətləndirilə bilməz. İddiaçı Şirvan şəhərində fəaliyyət göstərən filialı istisna olmaqla, digər filiallarda mahlıc, çiyid, lint, ülük və tiftik əldə etməklə, iplik, pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı xam pambığın qurudulmasının istehsal prosesi kimi nəzərə alınmaqla, ümumilikdə əlavə olaraq 33447,65 manat artıq vəsaitin odənilməsini, “Təbii qazın ölkədaxili tarifləri”nin tələblərinə görə “sənaye və kənd təsərrüfatı sahələrində” fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1000 m3 qaz sərfiyyatına görə 220 manat ödənilməsini nəzərdə tutan müqavilə bağlanmasını tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddiaya etiraz edib, etiraz ərizəsində göstərilənləri təsdiq edərək, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - "Azəriqaz" İB ilə istehlakçı İddiaçı MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, AMX-4937/20 nömrrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********642600 nömrəli məktubuna əlavə edilmiş İddiaçı fəaliyyət növləri barədə məlumatdan görünür ki, iddiaçının fəaliyyət növlərinə pambığın ilkin emalı (əsas fəaliyyət növü), digər dənli bitkilərin becərilməsi, pambıq istehsalı, digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət, pambığın becərilməsi, parça lifinin hazırlanması və daranması, digər qruplara daxil edilməyən sair toxuculuq məmulatlarının istehsalı, çox möhkəm iplik də daxil olmaqla süni və ya sintetik lifli ipliyin istehsalı, sair saxsı məmulatlarının istehsalı, gübrə, toxum və pestisidlərin pərakəndə satışı və sair aralıq məhsullarının topdan satışı daxildir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-nin İmişli, Ağcabədi, Bərdə, Biləsuvar, Zərdab, Ağdam, Saatlı, Neftçala, Beyləqan, Sabirabad, Salyan, Tərtər filialları üzrə 1m3 dəyəri 0,25 manat olmaqla ümumilikdə 278730 manat məbləğində qaz sərfiyyatı hesablanmış və həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə, hesab faktura və ödəniş tapşırıqları xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilən ödəniş edilmiş məbləğ məlumatları ilə eyniyyət təşkil edir. Həmin maliyyə arayışında qeyd edilmişdir ki, 1m3 dəyəri 0,22 manat olmaqla, hesablandığı zaman ödənilməli məbləğ 245282,40 manat (aradakı fərq 33447,65 manat təşkil edir) olmalıdır. - İddiaçı MMC xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə "Azəriqaz" İB-yə müraciət edərək qaz sərfiyyatının Tarif Şurasının təsdiq etdiyi, təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə deyil, “digər sahələr” bəndi üzrə hesablanması nəticəsində İddiaçı MMC tərəfindən ümumilikdə əlavə olaraq artıq ödənilmiş 32107,41 manat vəsaitin qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, "Azəriqaz" İB ilə istehlakçı İddiaçı MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, AMX-4937/20 nömrəli müqavilə bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərlərinə öhdəliklər götürmüşlər. Hazırkı mübahisə istehlak edilən təbii qazın 1 m3-nin dəyəri ilə bağlıdır. Belə ki, mübahisə həmin dəyərin Azərbaycan Respublikası Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nə əsasən təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi, yoxsa “digər sahələr” bəndi üzrə hesablanmalı olmasıdır. İddiaçı hesab edir ki, müəssisənin fəaliyyət növlərinə uyğun olaraq təbii qazın 1 m3-nin dəyəri “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə, yəni 0,22 manatdan hesablanmalıdır. Cavabdehin nümayəndəsi etiraz edərək bildirmişdir ki, tərəflər arasındakı müvafiq münasibətlərin tənzimlənməsi, təbii qazın dəyərinin həmin tarifdən hesablanması üçün iddiaçı müvafiq filiallar üzrə fəaliyyət növlərinə dair sübutlar təqdim etməlidir. Şirvan filialı üzrə fəaliyyət növünə dair sübutlar təqdim edildiyindən həmin filial üzrə qazın dəyəri 0,22 manatdan hesablanır. Nümayəndə bildirmişdir ki, iddiaçıya dəfələrlə filialların fəaliyyət sahələrinə dair sübutların təqdim olunması təklif olunsa da, sübutlar təqdim olunmadığından, qazın 1 m3-nin dəyəri ilə bağlı razılığa gəlinə bilmədiyindən müqavilənin bağlanması mümkün olmamışdır. Müvafiq sübutlar təqdim olunarsa, fəaliyyət növləri üzrə yeni tariflərə uyğun müqavilə bağlana bilər. Məhkəmənin qənaətinə əsasən hazırda işdə olan sübutlar iddianın təmin olunması üçün yetərli deyil. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, vergi orqanının verdiyi məlumatdan göründüyü kimi, iddiaçı 11 adda fəaliyyət növü ilə məşğuldur. Onlardan bəziləri sənaye və kənd təsərrüfatı sahəsinə, bəziləri isə digər sahələrə aiddir. İddiaçının qeyd etdiyi filialların hansı fəaliyyət növünü həyata keçirməsinə dair sübutlar məhkəmə təqdim olunmamışdır, Məhkəmə baxış iclasında iddiaçı 3 filialının əsasnaməsini məhkəməyə təqdim etsə də, həm həmin filiallar, həm də digər filiallarda təbii qazdan istifadənin hansı sahə üzrə istehlak edilməsi, fəaliyyət sahələrinin nədən ibarət olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinə bu barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, nümayəndə hər hansı bir əlavə sübutun məhkəməyə təqdim edilməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, işdə olan sübutlar 33447,65 manat vəsaitin gələcəkdə (qeyri-müəyyən) iddiaçının cavabdehə qaz sərfiyyətinə görə yaranacaq borcu hesabına əvəzləşdirilməsi və gələcəkdə qaz sərfiyyatının Tarif Şurası tərəfindən təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddianın təmin olunması üçün yetəli olmadığından, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2899/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2899/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver