Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-290/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, 2566 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində Ələt-Astara yolunun 58-ci kilometrliyində X9 “Toyota Harrier” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol-nəqliyyat hadisəsini törtəmiş və nəticədə “xxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası DİN BDYPİ YPXA xx.xx.2014-cü il tarixli 016-23583-1214 saylı arayışına və xx.xx.2014cü il tarixli CYP 247077 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X9 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışdan göründüyü kimi X9 hadisə zamanı idarə etdiyi “Toyota Harrier” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtonqəliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-0184-1/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsinin baş vermə tarixinə “xxxx” ASC tərəfindən “avto kasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran sürücünün idarə etdiyi “Toyota Harrier” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixində “Azərsığorta” DKSK-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalı olunduğundan “xxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-ə xx.xx.2014-cü il tarixli elektron məktubla, həmçinin xx.xx.2014-cü il tarixli BS-14/488 saylı məktubla zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2766 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 469/14 saylı sığorta aktına və xx.xx.2014-cü il tarixli 001007 saylı kassa məxaric orderinə əsasən 2566 manat məbləğində sığorta ödənişi 200 manat azadolma məbləği çıxılmaqla sığortalı X3 nağd olaraq ödənilmişdir. 2566 manat məbləğində sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən müddətdə “xxxx” ASC-yə ödənilməsinin təmin edilməsini “Azərsığorta” DSKŞ-dən xx.xx.2018ci il tarixli BS-C-18/0051 saylı məktubla xahiş etmələrinə baxmayaraq iddiaçı tərəfindən ödənilmiş məbləğ hələ də cavabdeh tərəfindən geri ödənilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərsığorta” DSKŞ tərəfindən 2566 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində, yəni 1164,96 manat dəbbə pulunun və 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 3761,36 manat pul vəsaitinin cavabdeh “Azərsıöorta” DSKŞ-dən tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı” “xxxx” ASC, sığortalı-X5, avtomobil-“Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyta nişanlı avtomobil, sığortanın başlanğıc tarixi xx.xx.2014, sığortanın bitmə tarixi xx.xx.2015, sığorta riskləri avtokasko, azadolma məbləği 200 manat göstərilmişdir. Siyahıya əlavə edilmiş digər şəxs X4r. - Azərbaycan Respublikası DİN Baş Dövlət X10 İnzibati xəta haqqında 247077 nömrəli protokolunun surətindən görünür ki, “Toyota Harrier” markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X9 xx.xx.2014-cü il tarixdə saat 12:00-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin tələbini pozaraq hərəkətdə olarkən sola manevr edərkən özündən solda eyni istiqamətdə hərəkət edən Kia Rio markalı **-BP-*** qeydiyyat nişanlı avtomaşının qabaq sağ qanadı ilə toqquşmuşdur. - xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X3 məxsus “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2766 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2014-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı X3 məxsus “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişi barədə 469/14-CM 437/14 saylı xx.xx.2014-cü il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığorta olunmuş “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı xx.xx.2014-cü il tarixində Ələt-Astara yolunda yol-nəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. “xxxx” ASC tərəfindən texniki baxışdan keçirilmiş “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər 2766 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi dəymiş zərərdən 200 manat azadolma məbləği çıxılmaqla 2566 manat təşkil edir. Bu məbləğ “xxxx” ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli rəsmi elektron məlumatlandırma sisteminin qarşılıqlı tətbiq edilməsi haqqında razılaşma şərtlərinə əsasən sığortalıya nağd olaraq ödəniləcəkdir. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx xxx 2019-cu il tarixli 08/B-427 saylı məktubunun surətindən görünür ki, “xxxx” ASC-də sığortalanmış Kia Rio markalı AZ **-BP-*** dövlət nömrə nişanlı avtomobilin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar xx xxxx 2015-ci il tarixli xxxx/1281 saylı sərəncamla 2566 manat sığorta ödənişi hesablanmış və “xxxx” ASCnin hesabına köçürülmüşdür. - xx xxxxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Sevinc Hüseynovaya 2566 manat sığorta ödənişi edilmişdir. - xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014cü il tarixdə “Toyota Harrier” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X9 xx.xx.2014-cü il tarixdə saat 12:00-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin tələbini pozaraq hərəkətdə olarkən sola manevr edərkən özündən solda eyni istiqamətdə hərəkət edən Kia Rio markalı **-BP-*** qeydiyyat nişanlı avtomaşının qabaq sağ qanadı ilə toqquşmuşdur. Nəticədə sığorta hadisəsi baş vermişdir. Hadisə nəticəsində Kia Rio markalı **-BP-*** qeydiyyat nişanlı avtomobilə 2766 manat məbləğində ziyan dəymişdir. Lakin avtomobil “xxxx” ASC-də sığortalı olduğundan avtomobilə dəymiş zərrin əvəzi olaraq 200 manat azadolma məbləği çıxılmaqla sığortalıya 2566 manat sığorta ödənişi edilmişdir. İş materialların ilə müəyyən olunur ki, zərərvuran avtomobil isə cavabdeh təşkilatda sığortalanmışdır. Hazırki iddia tələbi ilə iddiaçı cavabdehdən subroqasiya qaydasında pul tələb edir. Cavabdeh “Azərsığorta” DSKŞ-nin xx xxx 2019-cu il tarixli 08/B-427 saylı məktubunda “xxxx” ASC-də sığortalanmış Kia Rio markalı AZ **-BP-*** dövlət nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar xx xxxx 2015-ci il tarixli xx-xx/1281 saylı sərəncamla 2566 manat sığorta ödənişi hesablandığı və “xxxx” ASC-nin hesabına köçürüldüyü qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh təşkilat dəymiş zərərin məbləğini mübahisələndirməmişdir. Lakin qeyd edilən məktubda cavabdeh iddiaçıya 2566 manat ödənişin edildiyini bildirmişdir. İddiaçı tərəf isə öz növbəsində həmin məbləğin cavabdeh tərəfindən ödənilmədiyini iddia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh 2566 manat məbləğin iddiaçıya ödənildiyini öz məktubunda bildirsə də, ödənişi sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin sığorta ödənişi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sıortalıya 2566 manat ödəniş ediliyi öz təsdiqini tapdığından və həmçinin cavabdeh tərəfindən qeyd edilən məbləğin iddiaçıya ödənilməsini göstərən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi 2566 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1164,96 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1164,96 manat cərimənin 116 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «Azsığorta» DSKŞ-dən 2566 (iki min beş yüz altmış altı) manat sığorta ödənişi, 116 (yüz on altı) manat cərimə və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat pul olmaqla, cəmi 2712,40 (iki min yeddi yüz on iki manat qırx qəpik) manat pul tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azsığorta» DSKŞ-dən 2566 (iki min beş yüz altmış altı) manat sığorta ödənişi, 116 (yüz on altı) manat cərimə və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat pul olmaqla, cəmi 2712,40 (iki min yeddi yüz on iki manat qırx qəpik) manat pul tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-290/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-290/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver