Məhkəmə qərarları › İş №e-2-2(113)-2902/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2902/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2902/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 manat məbləğində borcun, 20 manat cərimənin və ödənilmiş 100,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı iddiaçıdan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar almışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 23000 manat olmaqla mal almışdır. Həmin məbləğin 5200 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 17800 manatı xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli X2 əsasən, 22 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 8000 manat, cərimə borcu isə 20 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin 4.2-ci maddəsinə əsasən, nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 7800 manat məbləğində borcun, 20 manat cərimənin və ödənilmiş 100,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə təhvil verilmiş avadanlığın dəyəri 23000 manat razılaşdırılmış, cavabdeh tərəfindən ümumilikdə iddiaçıya 15200 manat pul ödənilmişdir. Son ödəniş xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024cü ildə 100 manat olmuş, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 25 avqust 2022-ci il tarixli, 013026 saylı alqı-satqı müqaviləsinə əsasən “satıcı” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə “alıcı”ya satmağı, “Alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən “satıcı” bəyan edir ki, o, ƏDV ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışdır və bu məqsədlə satılmış mala 18% ƏDV hesablanacaqdır.

10. Müqavilənin 3.3-cü bəndinə əsasən “alıcı” alınan malın dəyərini Tərəflər arasındakı razılaşmaya uyğun olaraq tam və hissə-hissə olmaqla ödəniş edə bilər. “Alıcı" malın ümumi dəyərinin razılaşdırılmış məbləğini (hissəsini) 5200 manat həcmində ilkin ödənişini dərhal, qalıq məbləğini isə “Əlavə 1” ilə razılaşdırılmış müddətdə "satıcıya” ödəyir.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən ‘‘alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı’’ya cərimə ödəyir.

12. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli zəmanət talonundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 23 000 manat məbləğində 12 ay zəmanət müddəti olan 01 ədəd mal (lazer epilyasiya cihazı) verilmişdir.

13. İddiaçı və cavadeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə X2 əsasən, iddiaçı tərəfindən cavabdehə 20 ay müdətinə ilkin ödəniş 5200 manat olmaqla 23 000 manat məbləğində mal verilməsi razılaşdırılmışdır.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, iddiaçı tərəfindən cavabdehə 23 000 manat məbləğində mal təhvil verilmişdir.

15. İddiaçı tərəfindən verilmiş çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə 1500 manat, xx.xx.2022-ci ildə 2200 manat, xx.xx.2022-ci ildə 1500 manat, xx.xx.2022-ci il tarixində 1000 manat, xx.xx.2022-ci il tarixində 1000 manat, xx.xx.2022-ci il tarixində 700 manat, xx.xx.2023-cü il tarixində 700 manat, xx.xx.2023-cü il tarixində 180 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 890 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 230 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2024-cüil tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, ümumilikdə 15200 manat məbləğində ödəniş edilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 25 avqust 2022-ci il tarixli, 013026 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 20 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7800 manat əsas borc, 20 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7800 manat əsas borc, 20 manat dəbbə pulu, 100 manat dövlət rüsumu, ümumilikdə 7920 (yeddi min doqquz yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar