Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2903/2021 01.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən istifadə etdiyi elektrik enerjisinə görə 24225,58 manat məbləğində qalıq borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə 8 saylı Yaşıllaşdırma idarəsi arasında 07 yanvar 2013-cü il tarixli, 20 yanvar 2017-ci il tarixli elektrik enerjisinin alqısatqısı müqavilələri imzalanmışdır. Müqavilələrin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhəddində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricisinə əsasən aparılır. Həmin müqavilələrin 11-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrü ayının 10-dək alıcıya təqdim edir, sonrakı beş bank günü ərzində hesablaşma dövründəki elektrik enerjisinin haqqı alıcı tərəfindən ödənilir. 2013-cü ilin avqust ayından 2020-ci ilin yanvar ayınadək istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi üçün "xxxx" QSC tərəfindən hesablaşma dövrləri üzrə 8 saylı Yaşıllaşdırma idarəsinə elektron vergi hesab fakturaları göndərilmiş, lakin 8 saylı Yaşıllaşdırma idarəsi tərəfindən borcun ödənilməsi təmin edilməmiş və 2013-cü ilin avqust ayından 2020-ci ilin yanvar ayınadək olan dövr üzrə ödənilməmiş borc ümumilikdə 24225,58 manat təşkil etmişdir. 21.02.2020-ci il tarixdə "xxxx" ASC məktubla "xxxx" QSC-yə müraciət edərək bildirmişdir ki, hüquqi şəxs sutatuslu 1 və 8 saylı Yaşıllaşdırma idarələri Cəmiyyət tərəfindən ləğv edilmiş və onların bazasında hüquqi şəxs sutatusu olmayan idarələr yaranmışdır. Bu səbədən həmin idarələrin istifadə etdiyi elektrik enerjisi haqqının ödənilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlanmasını xahiş etmişdir. Bunda sonra "xxxx" QSC ilə "xxxx" ASC arasında 23.07.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanmışdır. Hazırda 8 saylı Yaşıllaşdırma idarəsi "xxxx" ASC tərəfindən ləğv olunaraq onun bazasında hüquqi şəxs sutatusu olmayan idarə yaradılmışdır. Ona görə də iddia tələbi "xxxx" ASC-yə qarşı irəli sürülmüşdür. İddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, "xxxx" QSC ilə "xxxx" ASC arasında 04 iyun 2020-ci il tarixli akt tərtib olunmuş və həmin aktda 01 yanvar 2020-ci il tarixə 2013-2015-ci illər üzrə 23789,87 manat məbləğində borcun olması etiraf edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, borcun ödənilmədiyi təqdirdə "xxxx" QSC ilə "xxxx" ASC arasında yenidən müqavilə bağlanmazdı. Bundan başqa iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra verilmişdir və buna görə iddia rədd edilməlidir. 04 iyun 2020-ci il tarixli akt möhürlə təsdiq olunmamışdır və aktda olan imzaların həqiqətən həmin şəxslərə məxsus olub – olmaması da müəyyən edilmir. İş materiallarında olan: - 07 yanvar 2013-cü il tarixli elektrik enerjisi alqı – satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə 8 saylı Yaşıllaşdırma idarəsi arasında elektrik enerjisinin alqı – satqı müqaviləsi bağlanmışdır. - 20 yanvar 2017-ci il tarixli elektrik enerjisi alqı – satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə 8 saylı Yaşıllaşdırma idarəsi arasında elektrik enerjisinin alqı – satqı müqaviləsi bağlanmışdır. - 23 iyul 2020-ci il tarixli elektrik enerjisi alqı – satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı – satqı müqaviləsi bağlanmışdır. - 01 oktyabr 2017-ci il tarixli X2yə görə üzləşmə aktında sasən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin 01 oktyabr 2017-ci il tarixə 31207,44 manat borcunun olması və həmn borcun 24859,45 manat hissəsinin 01 yanvar 2017-ci il tarixə qalıq borc olması qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın: - 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). - 8.14-ci bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. İşin halları ilə təsdiq olunur ki, mübahisənin predmeti vaxtaşırı icra edilməli olan öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiq olunmasına etirazını cavabdeh Z.Ə.Fərzəliyev tərəfindən iddiaçıya 20 fevral 2014-cü il tarixdə 250 manat məbləğində pul ödənilməsi, yəni, iddia müddətinin axımının kəsilməsi, bundan sonra isə müddətin davam etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia tələbi 2013-2015-ci illəri əhatə etdiyinə görə iddia müddətinin axımı təqdim olunmuş hesab – fakturalara müvafiq olaraq həmin illərdən başlanmış və 2016-2018-ci illərdə başa çatmışdır. İddiaçının nümayəndəsi iddia müddətinin ötürülmədiyini borclunun iddianı etiraf edən hərəkətlər etməsi, bunun nəticəsində də iddia müddətinin axımının kəsilməsi ilə əsaslandırılmış və bununla bağlı məhkəməyə 2 sübut təqdim etmişdir: 1) 01 oktyabr 2017-ci il tarixli akt 2) 04 iyun 2020-ci il tarixli akt 01 oktyabr 2017-ci il tarixli X2yə görə üzləşmə aktında sasən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin 01 oktyabr 2017-ci il tarixə 31207,44 manat borcunun olması və həmn borcun 24859,45 manat hissəsinin 01 yanvar 2017-ci il tarixə qalıq borc olması qeyd olunmuşdur. Lakin qalıq borcunun hansı illəri əhatə etməsi həmin aktda qeyd olunmamışdır. Çünki, tərəflər arasında uzun müddət davamlı müqavilə münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. - 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd olunan hüquq normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur. Həmin akta 2013-2015-ci illərdə yaranmış borcun etiraf edilməsini təsdiq edən sübut kimi qiymət verilsə belə, iddiaçı yenidən başlanmış iddia müddətinin axımı 01 oktyabr 2017-ci il tarixdə başlanmış və 01 oktyabr 2020-ci il tarixdə başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 01 iyun 2021-ci il tarixdə müraciət etmiş, yəni, yenə də iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir. Mülki Məcəllənin 383-cü maddəsinin adı (İddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir. 04 iyun 2020-ci il tarixli aktda isə 23789,87 manat borcun 2013-2015-ci illəri əhatə etdiyi qeyd olunsa da, həmin aktın 8 saylı Yaşıllaşdırma idarəsinin direktoru Oktay Mirzəyev və komikasiya işləri üzrə mütəxəssis Abasalamova Ruhəngiz tərəfindən imzalandığı qeyd olunmuşdur. Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə” müddəasının tətbiqi üçün zəruri şərt ondan ibarətdir ki, fakt hüquqi şəxsin buna səlahiyyəti olan nümayəndəsi tərəfindən təsdiq olunmalıdır. 23 iyul 2020-ci il tarixli elektrik enerjisi alqı – satqı müqaviləsinə əsasən "xxxx" QSC "xxxx" ASC ilə müqavilə münasibətlərində olduğundan fakt sonuncu hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmalı idi. Mülki hüquqi münasibətlərinə tətbiq olunmasa belə, mülki prosessual qanunvericilikdə iddianın etiraf edilməsini səlahiyyətinin hətta etibarnamədə xüsusi qeyd olunması imperativ olaraq göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 04 iyun 2020-ci il tarixli akt borcun etirafını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iddia müddəti keçdiyinə iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2903/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2903/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver