Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2904/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Məhdud Məhdud Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2019-cu il tarixli, NS01/03782019 saylı Alkoqollu içkilərin satışına dair Müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış cəmi 17728,70 manat (on yeddi min yeddi yüz iyirmi səkkiz manat yetmiş qəpik) borc, müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 4006,85 manat (dörd min altı manat səksən beş qəpik), Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 1385,01 manat (min üç yüz səksən beş manat bir qəpik) olmaqla, ümumilikdə 23120,56 (iyirmi üç min yüz iyirmi manat əlli altı qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC (VÖEN: **********) ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıcı Cavabdeh (VÖEN: **********) arasında 04 dekabr 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair NS01/03782019 nömrəli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqaviləyə uyğun olaraq alkoqollu içkiləri cavabdehə satır, cavabdeh isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 (otuz) gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən iddiaçıya tam ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan Müqaviləyə əsasən cavabdeh 13.12.2019, 16.12.2019, 17.12.2019 və 25.12.2019-cu il tarixlərdə iddiaçıdan ona məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən iddiaçıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair müvafiq olaraq Seriya: EBAD № 838779 (5131,56 manat), Seriya: EBAD № 896663 (6004,64 manat), Seriya: EBAD № 934124 (5376,50 manat) və Seriya: EBAE № 323021 (1216,00 manat) Elektron Qaimələr tərtib olunmuş və həmin malların təhvil alınmasına dair qaimədə müvafiq qeyd aparılmışdır. Həmin Qaimələrə əsasən hazırda cavabdehin iddiaçıya ümumilikdə 17728,70 manat (on yeddi min yeddi yüziyirmi səkkiz manat yetmiş qəpik) ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında borcun təsdiqinə dair 20.05.2020-ci il tarixli Üzləşmə Aktı tərtib edilmiş, habelə cavabdeh 22.05.2020-ci il tarixdə iddiaçıya ərizə ilə müraciət edərək yaranmış borcun ödənilməsinə 5 (beş) ay vaxt verilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, heç bir ödəniş aparılmamışdır. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin 19.02.2021-ci il tarixli, 19 saylı pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Ötən müddət ərzində cavabdeh dəfələrlə cəmiyyətə dəvət edilmiş, şifahi şəkildə yaranmış borcun ödənilməsi ona bildirilmiş olsa da, hər dəfə o, müəyyən vaxt verilməsini xahiş etmiş, lakin dediyi vaxtda öz vədini yerinə yetirməmişdir. Cavabdehin alınan və dəyəri ödənilməmiş mala görə yaranmış cəmi 17728,70 (on yeddi min yeddi yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat borcunu artıq xeyli müddətdir ödəməməsi səbəbindən məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranmışdır. Tərəflər arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, NS01/03782019 nömrəli Alğı-satqı Müqavilənin 9-cu maddəsinə əsasən tərəflər aralarında yarana biləcək bütün mübahisə və fikir ayrılıqları bilavasitə ikitərəfli danışıqlar yolu ilə həll etməyi öhdələrinə götürmüşlər. Əgər mübahisə tərəflər arasında qarşılıqlı danışıqlarla həll oluna bilməzsə, mübahisəyə satıcının yerləşdiyi yer üzrə ərazi yurisdiksiyasına aid səlahiyyətli məhkəmədə baxılmalıdır. Həmin Müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə (lakin mal alındığı gündən 30 gün müddətindən gec olmayaraq) aparmazsa, o hər gecikdirilən gün üçün satıcıya həmin qaimə-faktura (qaiməfakturaları) və ya vergi hesab-faktura (vergi hesab-fakturaları) üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,05 faizi həcmində cərimə ödəməlidir. Nəzərə alınsa ki, müqaviləyə əsasən mala görə ödəniş təhvil veriləndən sonra ən geci 30 (otuz) gün müddətində həyata keçirilməlidir və 13.12.2019, 16.12.2019, 17.12.2019 və 25.12.2019-cu il tarixli Elektron Qaimələrə əsasən mallar həmin tarixlərdə təhvil verilmişdir, o halda gecikdirilən gün üçün faiz üzrə ödəniş aşağıdakı kimi hesablanmalıdır: Gecikmənin tarixi və müddət (30 gün nəzərə alınıb) Faizə görə (günlük 0,05%) hesablanma olmaqla, ödəniləsi məbləğ seriya: EBAD № 838779 13.12.2019-cu il tarixli elektron qaimə üzrə 5131,56 manat 13.01.2020-13.04.2021 aralığında 5131,56*0,05/100=2.57(1 gün üçün)*455(gecikmə gün) =1167,43 manat; Seriya: EBAD № 896663 16.12.2019-cu il tarixli elektron qaimə üzrə 6004,64 manat 16.01.2020-13.04.2021 aralığında 6.004,64*0,05/100=3(1 gün üçün)*452(gecikmə gün) = 1356 manat; seriya: EBAD № 934124 17.12.2019-cu il tarixli elektron qaimə üzrə 5376,50 manat 17.01.2020-13.04.2021 aralığında 5376,50*0,05/100=2.69(1 gün üçün)*451(gecikmə gün) =1213,19 manat; seriya: EBAE № 323021 25.12.2019-cu il tarixli elektron qaimə üzrə 1216 manat 25.01.2020-13.04.2021 aralığında 1216*0,05/100=0.61(1 gün üçün)*443(gecikmə gün) =270,23 manat olmaqla, cəmi: 4006,85 manat. Bundan əlavə, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi iddiaçını əldə etməli olduqları gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 449.-cu maddəsində qeyd olunmuşdur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Cavabdeh şirkətə ödəməli olduğu 17728,70 (on yeddi min yeddi yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat ödənişi halhazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmışdır. Hesab edirlər ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdehin malların satışından əldə edilən vəsaitdən faydalanmağa görə ödəməli olduğu faizlər aşağıdakı qaydada hesablanmalıdır: Gecikmənin tarixi və müddət (30 gün nəzərə alınıb) Faizə görə (günlük 0,05%) hesablanma olmaqla, ödəniləsi məbləğ seriya: EBAD № 838779 13.12.2019-cu il tarixli elektron qaimə üzrə 5131,56 manat 13.01.2020-13.04.2021 aralığında 5131,56*6.25% AMB uçot dərəcəsi:12*15=400,90 manat; seriya: EBAD № 896663 16.12.2019-cu il tarixli elektron qaimə üzrə 6004,64 manat 16.01.2020-13.04.2021 aralığında 6004,64*6.25% AMB uçot dərəcəsi:12*15=469,11 manat; seriya: EBAD № 934124 17.12.2019-cu il tarixli elektron qaimə üzrə 5376,50 manat 17.01.2020-13.04.2021 aralığında 5376,50*6.25% AMB uçot dərəcəsi:12*15=420 manat; seriya: EBAE № 323021 25.12.2019-cu il tarixli elektron qaimə üzrə 1216,00 manat 25.01.2020-13.04.2021 aralığında 1216*6.25% AMB uçot dərəcəsi:12*15=95 manat olmaqla, cəmi: 1385,01 manat. Beləliklə, yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdeh 04 dekabr 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair NS01/03782019 nömrəli Müqaviləyə uyğun olaraq Cəmiyyətin istehsal etdiyi malları götürmüş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında malların satışına dair müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 17728,70 manat məlbəğində borcu olduğunu qəbul edir. Pandemiyaya görə restoranların fəaliyyət göstərməməsi səbəbindən payladığı malların pullarını yəğa bilməmiş və borc məbləğini ödəyə bilməmişdir. Lakin cərimə məbləği ilə bağlı ona heç bir məlumat verilmədiyinə görə həmin məbləği qəbul etmir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında 04.12.2019-cu il tarixli NS01/03782019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə uyğun olaraq alkoqollu içkiləri satıcıya satır, alıcı isə öz növbəsində malları təhvil alaraq, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 (otuz) gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya tam ödəməyi öz öhdəsinə götürmüşdür. - 13.12.2019-cu il tarixli, EBAD seriyalı, 838779 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5131,56 (ƏDV daxil) manat təşkil edir. - 16.12.2019-cu il tarixli, EBAD seriyalı, 896663 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6004,64 (ƏDV daxil) manat təşkil edir. - 17.12.2019-cu il tarixli, EBAD seriyalı, 934124 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5376,50 (ƏDV daxil) manat təşkil edir. - 25.12.2019-cu il tarixli, EBAE seriyalı, 323021 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1216 (ƏDV daxil) manat təşkil edir. - 20.05.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş malları qaimə üzrə qəbul etmiş, hazırkı vaxta cavabdehə ödənilməmiş 17728,70 manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 22.05.2020-ci il tarixli müraciətdə qeyd olunmuşdur ki, İddiaçı MMC ilə aralarında 04.12.2019-cu il tarixli NS01/03782019 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında müxtəlif tarixlərdə alkoqollu içkilər almış və satılması üçün ticarət obyektlərinə paylamışdır. Həmin mallara dair tərtib edilmiş 13.12.2019-cu il tarixli, EBAD seriyalı, 838779 nömrəli, 16.12.2019-cu il tarixli, EBAD seriyalı, 896663 nömrəli, 17.12.2019-cu il tarixli, EBAD seriyalı, 934124 nömrəli, 25.12.2019-cu il tarixli, EBAE seriyalı, 323021 nömrəli elektron qaimələr üzrə ümumi məbləği 17728,70 manat olan müxtəlif çeşiddə alkoqollu içkiləri təhvil almışdır. Borcunun olmasının təsdiqi ilə bağlı 20.05.2020-ci il tarixdə İddiaçı MMC ilə aralarında üzləşmə aktı tərtib olunmuşdur. Yuxarıda göstərilənlərlə əsasən yaranmış 17728,70 manat məbləğində borcunun tərəfindən ödənilməsi üçün 5 (beş) ay vaxt verilməsini xahiş etmiş və xahiş etdiyi vaxt ərzində borcunu ödəyəcəyinə dair söz vermişdir. - İddiaçı MMC tərəfindən “Cavabdeh göndərilmiş 19.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 17728,70 manat (on yeddi min yeddi yüz iyirmi səkkiz manat yetmiş qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 4006,85 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 700 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 1385,01 manat (min üç yüz səksən beş manat bir qəpik) pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan tələb üzrə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd olunan maddi hüquq normasının tələbləri üzrə müəyyən edilən halları, cavabdehin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 24 manatı cavabdehə, 6 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17728,70 manat (on yeddi min yeddi yüz iyirmi səkkiz manat yetmiş qəpik) əsas borc, 700 (yeddi yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manat olmaqla, cəmi 18452,70 manat (on səkkiz min dörd yüz əlli iki manat yetmiş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 6 (altı) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2904/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2904/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver