Məhkəmə qərarları › İş №e-2-2(113)-2908/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2908/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2908/2023 10.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli №NS01/03862019 nömrəli Alqı-satqı Müqaviləsinə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 13.370,99 manat borcun, adı çəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2.005,65 manat faizin, ümumilikdə 15.376,64 manat pulun və mediasiyaya görə ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Satıcı İddiaçı MMC ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixli № NS01/03852019 nömrəli alqı-satqı Müqaviləsin bağlanmışdır. İddiaçı Müqaviləyə uyğun olaraq alkoqollu içkiləri cavabdehə satır, cavabdeh isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə müəyyən olunmuş qiymətlərə əsasən iddiaçıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan Müqaviləyə əsasən, Alıcı müxtəlif tarixlərdə Satıcıdan ona məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış qiymətlərə əsasən və müəyyən edilmiş müddətdə Satıcıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair xx.xx.2019-cu il tarixli Seriya: EBAD№ 837137 (2.681,20 manat); xx.xx.2019-cu il tarixli Seriya: EBAD № 893767 (5.036 manat); xx.xx.2019-cu il tarixli Seriya: EBAD№ 923275 (614 manat); xx.xx.2019cu il tarixli Seriya: EBAD№ 942946 (2.547,39 manat); xx.xx.2019-cu il tarixli Seriya: EBAE№ 058357 (182,40 manat); xx.xx.2019-cu il tarixli Seriya: EBAE№ 145130 (900,32 manat); xx.xx.2019-cu il tarixli Seriya: EBAE № 206455 (177,48 manat;) xx.xx.2019-cu il tarixli Seriya: EBAE№ 256592 (244,00 manat); xx.xx.2019-cu il tarixli Seriya: EBAE№ 320862 (311,80 manat) və xx.xx.2020-ci il tarixli Seriya: EBAE№ 684026 (676,40 manat) Elektron Qaimələr tərtib olunmuş və həmin malların təhvil alınmasına dair qaimələrdə müvafiq qeydlər aparılmışdır. Həmin Qaimələrə əsasən, hazırda Alıcının Satıcıya ümumilikdə 13.370,99 manat ödənilməmiş borcu qalmışdır. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı alıcıya şifahi və yazılı pretenziya qaydasında mövcud borcun ödənilməsi bildirilmiş, tərəflər arasında borcun təsdiqinə dair xx.xx.2020ci il tarixli Üzləşmə Aktı tərtib edilmiş, habelə Alıcı xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək yaranmış borcun ödənilməsinə 1 (bir) ay vaxt verilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

11. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixində NS01/03852019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

14. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı (İddiaçı) bu müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıya satır, alıcı (“Cavabdeh2) isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (mallar alındığı vaxtdan 30 gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür.

15. Müqavilənin 2.6-cı bəndinə əsasən müqavilə üzrə ödəmələr, müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə ən qısa müddət ərzində, lakin 30 gündən gec olmamaqla təqdim edilmiş rəsmi elektron vergi hesab-fakturası əsasında, bank hesabına köçürmə yolu ilə aparılır.

16. Müqavilə hüquqi şəxsin imza və möhürü, cavabdehin imzası ilə təsdiq edilmişdir.

17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

18. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

19. İşdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli EBAD seriyalı 837137 nömrəli dəyəri 2.681,20 manat, xx.xx.2019-cu il tarixli EBAD seriaylı 893767 nömrəli dəyəri 5.036 manat, xx.xx.2019-cu il tarixli EBAD seriaylı 923275 nömrəli dəyəri 614 manat, xx.xx.2019-cu il tarixli EBAD seriyalı 942946 nömrəli dəyəri 2.547,39 manat, xx.xx.2019-cu il tarixli EBAE seriaylı 058357 nömrəli dəyəri 182,40 manat, xx.xx.2019-cu il tarixli EBAE seriaylı 45130 nömrəli dəyəri 900,32 manat, xx.xx.2019-cu il tarixli EBAE seriyalı 206455 nömrəli dəyəri 177,48 manat, xx.xx.2019-cu il tarixli EBAE seriyalı 256592 nömrəli dəyəri 244,00 manat, xx.xx.2019-cu il tarixli EBAE seriyalı 320862 nömrəli dəyəri 311,80 manat və xx.xx.2020-ci il tarixli EBAE seriyalı 684026 nömrəli dəyəri 676,40 manat olan elektron qaimələr alıcı Cavabdeh2 göndərilmişdir.

20. Həmçinin qeyd edilmiş elektron qaimələri Cavabdeh2 imza etməklə qeyd edilmiş malları tam təhvil aldığıda dair qeyd etmişdir.

21. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 13.370.99 manat təşkil edir.

22. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Üzləşmə Aktından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13.370.99 manat borcunun olduğunu etiraf etmişdir.

23. Belə olan halda, eyni zamanda cavabdeh tərəfin məhkəmə iclasına gəlməməsi və tələb edilən məbləğin ödənilməsi barədə hər hansı bir sənədin təqdim edilməməsini nəzərə alaraq Məhkəmə iddiaçının elektron qaimələrdə göstərilmiş malların Cavabdeh2 təhvil verilməsi və cavabdehin 13.370.99 manat borcunun qalması barədə dəlilini əsaslı hesab edir.

24. Məhkəmə hesab edir ki, iddia tələbi 13.370.99 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

25. Məhkəmə iclasında iddiaçı tərəf iddianın müqavilənin 6.2-ci maddəsinə əsasən hesablanmış 2.005,65 manat pulun tələb edilməsi ilə bağlı texniki səhv olaraq “faiz” ifadəsindən istifadə etdiyini, əslində cərimə məbləği olduğunu və cərimə borcunun tələb edilməsi kimi qəbul edilməsini xahiş etdi.

26. Məhkəmə hesab edir ki, cərimə borcunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

27. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə aparmazsa, o hər gecikdirilən gün üçün satıcıya həmin qaimə-faktura və ya vergi hesab-faktura üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,5 faizi həcmində cərimə ödəməlidir.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Hazırki işin hallarından görünür ki, cavabdehin 13.370.99 manat məbləğində əsas borcuna münasibətdə 700 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

30. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci Bakı 3 saylı mediasiya təşkilatına ödənmişdir.

31. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 13.370 (on üç min üç yüz yetmiş) manat, 99 (doxsan doqquz) qəpik məbləğində əsas, 700 (yeddi yüz) manat cərimə borcu olmaqla, cəmi 14.070 (on dörd min yetmiş) manat, 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar