Məhkəmə qərarları › İş №e-2-2(113)-291/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-291/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-291/2025 26.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “cavabdeh tərəfindən sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (sığorta ödənişinin həyata keçirilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “cavabdeh tərəfindən sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdehlər Cavabdeh Sığorta Şirkəti ASC və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********3 saylı avtonəqliyyat vasitələrinin könüllü Sığorta Şəhadətnaməsi əsasında 35,204.45 manat məbləğində sığorta ödənişinin Cavabdeh Sığorta Şirkəti ASC-dən, avtomobil alqı-satqısına dair xx.xx.2021-ci il tarixli B-182-AAE-21 saylı müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış 5,857.55 manat məbləğində real zərərin isə cavabdeh X8 və ödənilmiş dövlət rüsumunun mütənasib surətdə cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“satıcı”) və cavabdeh X16 (“alıcı”) arasında “avtomobil alqı-satqısı”na dair xx.xx.2021-ci il tarixli, B-182-AAE-21 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 62.732 manat müəyyən edilən Changan CS 75 Plus modelli, buraxılış ili 2021 olan (VİN: LS4ASE2EXMD029851, rəngi Boz Metalik) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən 5.888 manat ilkin ödəniş edilmiş, yerdə qalan borc 56.844 manat məbləği isə xx.xx.2021ci il tarixindən etibarən 36 ay müddətinə, ayda 1.579 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsi cavabdehə qüsursuz şəkildə təhvil verilmişdir. Müqavilənin 3.2.4-cü bəndinə uyğun olaraq nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Cavabdeh Sığorta Şirkətində **********3 nömrəli avtonəqliyyat vasitələrinin könüllü sığorta şəhadətnaməsi əsasında 36 ay müddətinə sığortalanmışdır və həmin sığorta şəhadətnaməsinə əsasən 2624.74 manat məbləğində sığorta haqqı ödənilmişdir. Sözügedən Sığorta Şəhadətnaməsinə əsasən, avtonəqliyyat vasitəsinə dəyən zərər üçün ümumi sığorta məbləği 49,900 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan sığorta ilə yol nəqliyyat hadisəsi zamanı toqquşma,aşma, düşmə hallarında da dəymiş zərər sığortalanmışdır. Bildirir ki, X3 sığortası ilə sığortalanmış Changan CS 75 Plus markalı 77PF121 dövlət nömrə nişanlı avtomobili idarə etdiyi zaman xx.xx.2022-ci il tarixində saat 03:48 radələrində Xızı rayonu, Qızılqazma kəndi ərazisində idarəetməni itirərək avtomobil sürüşərək yoldan çıxmış və yolun qırağında yerləşən meşəlik ərazisinə aşmışdır. X1 xəsarət almış və xəstəxanaya aparılmışdır. X16 ilə həmin vaxt avtomobildə olan X13 tərəfindən “102” xidmətinə baş vermiş hadisə barədə məlumat verilmiş və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişdirlər. X16 ilə aralarında olan alqı-satqı müqaviləsinə əsasən müqavilə üzrə ödənişlər tam şəkildə həyata keçirildikdən sonra avtomobilin cavabdeh X10 mülkiyyətinə keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, baş vermiş yol nəqliyyat hadisəsindən sonra cavabdeh X16 tərəfindən İddiaçı MMC-yə heç bir ödəniş həyata keçirilməmişdir. Nəticə etibarı ilə, İddiaçı MMC-yə 41,062.00 manat dəyərində real zərər dəymişdir. İddiaçı MMC tərəfindən sığorta hadisəsi baş verdikdən və dəymiş zərər müəyyən olunduqdan sonra 2023-cü ilin fevral ayında Cavabdeh Sığorta Şirkətinə müraciət edilərək yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsi xahiş edilmiş, lakin Cavabdeh Sığorta Şirkəti xx.xx.2023-cü il tarixli O-AP-2023 0253 nömrəli məktubu ilə sığorta məbləğinin ödənilməsindən imtina etmişdir. Cavabdeh Sığorta Şirkəti imtinaya səbəb kimi bildirmişdir ki,“nəqliyyat hadisəsi baş verdikdən sonra sığorta olunan X16 xx.xx.2022-ci il tarixindən etibarən hadisə barədə sığorta şirkətinə məlumat vermək imkanı olduğu halda bunu etməmiş, xəstəxananı tərk etdikdən sonra və ya avtomobili Xızı RPŞ duracağından təhvil aldıqdan sonra belə heç bir üzrlü səbəb olmadan məlumat verməmiş, hadisədən 2 ay sonra əyani olaraq Sığorta Şirkətinə yaxınlaşaraq məlumat vermişdir.” “Bununla da X16 Sığortaçını sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin və zərər məbləğiin həcminin müəyyən olunması halını müəyyən etmək imkanından məhrum etmiş və hadisənin araşdırılmasına maneçilik törətmişdir. Göstərilən hallar sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.” Cavabdeh Sığorta Şirkəti Mülki Məcəllənin 935.1.1 maddəsinə “bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına” istinad etmişdir. Hesab edir ki, Cavabdeh Sığorta Şirkətinin gətirdiyi səbəblər həqiqəti əks etdirmir, həmçinin maddi hüquq normalarını düzgün təfsir etməmişdir və buna səbəb sadəcə sığorta məbləğini ödəməkdən boyun qaçırmaqdır. Belə ki, Xızı RPŞ-nin raportundan və yol-nəqliyyat hadisənin baş verməsini sübut edən iş materiallarında olan digər sənədlərdən göründüyü kimi sığorta hadisəsi baş verdikdən dərhal sonra aidiyyəti üzrə 102 xidmətinə hadisə barədə məlumat verilmişdir. Sığorta Şirkəti imtinasında şəxsin 2 ay sonra yaxınlaşmasını bildirməsinə baxmayaraq, AR Daxili İşlər Nazirliyinə Cavabdeh Sığorta şirkəti ASC tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli 061054 nömrəli sorğudan görünür ki, cavabdeh şirkətə sığorta hadisəsi barədə səlahiyyətli orqan tərəfindən artıq məlumat verilmişdir. Bu isə cavabdeh sığorta şirkətinin 2 ay sonra onlara müraciət edilməsi faktının həqiqətə uyğun olmadığını sübuta yetirir. Yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixində baş verdikdən sonra avtomobilin hadisə yerində fotoşəkilləri çəkilmiş, hadisənin baş verməsi barədə protokol tərtib edilmiş, sonra isə Xızı RPŞ-nın duracağına yerləşdirilmişdir. Mülki Məcəllənin 925.5.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş əmlakısığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməyə bilər. Bildirir ki, 5 gün müddətində sığorta şirkətindən heç kimi avtomobilin qiymətləndirilməsi üçün nəqliyyat vasitəsinə baxış keçirməmiş və xx.xx.2022-cü il tarixində cavabdeh X4 Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 165- 7820-1222 saylı arayış əsasında Avtomobili təmir edilməsi üçün evakuatorla duracaqdan götürmüşdür. Qeyd olunanlardan da göründüyü kimi Cavabdeh Sığorta Şirkəti sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin və zərər məbləğinin həcminin müəyyən olunması halını müəyyən etmək imkanından məhrum edilməmiş və hadisənin araşdırılmasına görə cavabdeh sığorta şirkətinə heç bir maneçilik törədilməmişdir. Sığorta hadisəsi zamanı səlahiyyətli dövlət orqanına məlumat verildiyi üçün və Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi müəyyən edilmiş müddətdə zərər dəymiş əmlaka baxış keçirmədiyi səbəbindən cavabdeh sığorta şirkətinin imtinası əsassızdır. Qeyd olunan sığorta hadisəsi sığorta ilinin ikinci ilinə təsadüf etdiyi üçün və nəqliyyat vasitəsinin tam yararsız vəziyyətdə olması, **********3 saylı avtonəqliyyat vasitələrinin könüllü sığorta şəhadətnaməsi əsasında yol-nəqliyyat hadisənin baş verdiyi il üçün nəqliyyat vasitəsinin tam məhv olmasına görə 15% şərtsiz azadolma məbləği də nəzərə alınmaqla Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə 35,204.45 manat məbləğində sığorta ödənişinin ödəməli olduğunu hesab edir. İddiaçı MMC-yə dəymiş 41,062.00 zərərin sığorta ödənişi çıxıldıqdan sonra qalan 5,857.55 manat hissəsinin isə X8 tutulmalı olduğunu hesab edir.

3. Cavabdeh Sığorta Şirkəti ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı surətdə etiraz təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, “Changan CS75 Plus” markalı, 77PF121 dövlət qeydiyyat nişanlı avtomobil **********3 saylı sığorta şəhadətnaməsi ilə 36 ay müddətində “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü (kasko) üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, X16 xx.xx.2022-ci il tarixində Xızı rayonu ərazisində həmin avtomobillə hərəkətdə olarkən idarəetməni itirmiş, avtomobil meşəlik əraziyə yuvarlanaraq aşmışdır. Hadisə nəticəsində o, sağlamlığının qısa müddətə pozulması ilə nəticələnən sağlamlığa yüngül zərər vurulması xəsarəti almışdır. xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra xx.xx.2022-ci il tarixində 165-7820-1222 saylı arayışa əsasən görünür ki, araşdırma zərurəti aradan qalxdığından Abbasov.F avtomobili Xızı RPŞ-nin duracağından təhvil almışdır. Hadisə baş verdikdən sonra sürücünün xx.xx.2022-ci il tarixdən etibarən hadisə barədə sığorta şirkətinə məlumat vermək imkanı olduğu halda bunu etməmiş, xəstəxananı tərk etdikdən və ya avtomobili Xızı RPŞ-nin duracağından təhvil aldıqdan sonra belə sığortaçıya məlumat verməmişdir. İş materialları təsdiq edir ki, sürücü Abbasov.F hadisə barədə sığorta şirkətinə məlumat vermək imkanı olduğu halda bunu etməmiş, almış olduğu xəsarətlərə görə hadisə yerini tərk etsə də, bu hal aradan qalxdıqdan sonra heç bir üzrlü səbəb olmadan sığortaçıya məlumat vermək vəzifəsini icra etməmişdir. Hadisə barədə məlumat sürücü, onun ailə üzvləri və ya yaxınları, sığortalı şirkət tərərfindən də sığortaçıya bildirilə bilərdi. AR Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən, Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Eyni zamanda “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” qaydalarının 34.1 -ci maddəsinə əsasən, bu qaydalar əsasında bağlanmış sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sürücü və ya sığortalı tərəfindən hadisə barəsində sığortaçıya gec məlumat verilməsi nəticəsində baş vermiş hadisə sığorta hadisəsi kimi qeydə alınmamış və hadisənin təfərrüatlarını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edir ki, sığorta hadisəsinin təsdiqi üçün tələb olunan sənədlərdən biri də YNH-nin iştirakçılarının sərxoşluq vəziyyətinin təyin edilməsi protokollarının surətləridir. Sığortaçı tərəfindən müvafiq quruma ünvanlanmış sorğuda tələb olunanan sənədlər siyahısında adı çəkilən sənəd qeyd olunsa da, hadisə zamanı sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, sığortaçı tərəfindən həmin orqana ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğu yuxarıda qeyd olunanları təsdiq edir. “Sərxoşluq vəziyyətinin müəyyən olunması” Qaydalarının 2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qaydaların 2.3-cü bəndinə əsasən, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Buna baxmayaraq hadisə zamanı sürücünün sərxoşluq vəziyyəti yuxarıda qeyd olunan vasitə və üsullarla yoxlanılmamışdır. Sadəcə olaraq onun hadisədən 10 gün sonra polisə verdiyi izahatda hadisə zamanı sərxoş olmaması və ümumiyyətlə içki içməməsi barədə qeyri-dəqiq və düzgünlüyü sübuta yetirilməyən yazılı izahat verilmişdir. Beləliklə, qanunvericilikdə müəyyən olunmuş üsul və vasitələrlə sərxoşluq yoxlanılmadığı üçün iş materiallarında hadisə baş verən vaxt sürücünün ayıq olması faktı təsdiq edilmir. Bu da hadisənin sığorta hadisəsi kimi tanınmasına maneçilik törədir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 21.4-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində olan sürücü tərəfindən idarə edilməsi halları nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Göründüyü kimi qeyd olunan halın sübuta yetirilməməsi hadisənin sığorta hadisəsi kimi tanınmasına mane olmuş, bu da nəticədə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas yaratmışdır. Əlavə olaraq qeyd edir ki, sığorta ödənişi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarına və müqavilə şərtlərinə uyğun olaraq müəyyən edilmədiyi üçün iddia tələbi düzgün hesab edilmir. Belə ki, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” qaydalarına əsasən, avtonəqliyyat vasitəsinin tam məhv olması - sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Qaydaların 4.1.2.1-ci bəndinə əsasən, Sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə, avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti tətbiq edilir. Qanunun məzmunundan aydın olur ki, avtomobilin tam məhv olması halında sığorta ödənişi (sığorta şirkəti avtomobilin qalıqlarından imtina edərsə) avtomobilin hadisədən dərhal əvvəli bazar qiymətindən hadisədən sonrakı qalıq dəyəri çıxılmaqla müəyyən olunur. Baxılan halda sığorta ödənişinin hesablanması üçün avtomobilin hadisədən əvvəlki bazar dəyəri və hadisədən sonrakı qalıq dəyəri müəyyən olunmalıdır.

5. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq, X10 cavabdehlər sırasından çıxarılması və 35,204.45 manat məbləğində sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4858/2024 nömrəli qərardadına əsasən iş üzrə icraata İddiaçı MMC-nin cavabdeh X11 qarşı “zərərin ödənilməsi” tələbinə dair hissədə xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. xx.xx.2021-ci il tarixli, **********3 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən Changan CS 75 Plus markalı ** PF *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh Sığorta şirkəti ASC tərəfindən 36 ay müddətinə sığortalanmış, avtonəqliyyat vasitələrinə dəyən zərər bölməsi üzrə ümumi sığorta məbləği 49900 manat məbləğində müəyyən edilmişdir. Şəhadətnamənin “Əlavə şərtlər və təminatlar” adlanan bölməsində tam məhv olma halında sığorta məbləğinin 15%-i həddində şərtsiz azadolma məbləği tətbiq olunur. xx.xx.2021- xx.xx.2022-ci il tarixləri üçün sığorta məbləği 49 900 manat, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri üçün 41417 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün 34930 manat müəyyən edilmişdir.

11. Satıcı qismində İddiaçı MMC ilə satıcı alıcı qismində X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli avtomobil alqı-atqısı üzrə B-182-AAE-21 nömrəli müqaviləyə əsasən satıcı müqavilə şərtlərinə uyğun olaraq, modeli Changan CS 75 Plus, buraxılış ili 2021 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı ilə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. 2.1. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 62732 manat müəyyən edilmiş, alıcı 5888 manat ilkin ödəniş etməyi, qalan 56,844 məbləği isə xx.xx.2021-ci il tarixdən 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

12. AR DİN Xızı rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raporta əsasən xx.xx.2022-ci il tarixdə saat 03:48 radələrində AR DİN-nin “102” xidməti zəng mərkəzi sistemindən daxil olmuş məlumatda deyilir ki, vətəndaş X13 zəng edərək Xızı rayon Qızılqazma kəndində Changan markalı AZ ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürüşərək yoldan çıxması haqqında yüngül xəsarət var.

13. Xızı rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2022-ci il tarixli yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əsasən baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Changan markalı nəqliyyat vasitəsinə baxış həyata keçirilmişdir.

14. Xızı rayon RPŞ-nin DYPB-si tərəfindən xx.xx.2022-ci il tarixdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış tərtib edilmişdir.

15. Xızı rayon Təhqiqat Qrupu tərəfindən xx.xx.2022-ci il tarixə X9 yol-nəqliyyat hadisəsi ilə bağlı izahatı alınmış, X10 vəziyyətinin ağır olması səbəbilə həmin gün dindirilməsinin mümkün olmaması qeyd edilmiş, sonuncunun izahatı xx.xx.2022-ci il tarixdə alınmışdır.

16. AR DİN Xızı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 165- 7820-12 nömrəli arayışa əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi ev 5-də qeydiyyatda olan X16 etibarnamə ilə idarə etdiyi Changan markalı **-PF-*** DQN avtomaşının Xızı rayonu, Qızılqazma kəndi ərazisində idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verməsini bildirmişdir.Həmin məlumat Xızı RPŞ-nın NH-də olan “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı” nda 469 sıra sayı ilə qeydiyyatdan keçmişdir. Araşdırma zərurəti aradan qalxdığından **-PF-*** dövlət qeydiyyat nişanlı, Changan markalı minik avtomobilinin Xızı RPŞ-nin duracağından buraxılmasına və təmir edilməsinə etiraz etməmişdir.

17. Xızı rayon Polis Şöbəsinin 19 yanvar 2023-cü il tarixli qərarına əsasən X9 DİN-nin “102” xidməti zəng mərkəzinə verdiyi məlumat əsasında toplanmış HK-1/469 nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.

18. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X16 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə cərimə edilmişdir.

19. İddiaçı MMC tərəfindən tərtib edilmiş təmir aktına əsasən Changan CS75 markalı 77PF121 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün zəruri xərcin miqdarı 67565 manat təşkil etmişdir.

20. AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxs tərəfindən verilmiş 39 nömrəli ekspert rəyinə əsasən F.Ə.Abbasovun bədən səthində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının aşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

21. Cavabdeh Sığorta şirkəti ASC tərəfindən xx.xx.2022-ci il tarixdə AR DİN Xızı rayon Polis şöbəsinə göndərilmiş müraciətdən müəyyən olunur ki, sığortaçı Changan CS 75 Plus markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə dair, AR Mülki Məcəllənin 924.3-cü maddəsinə uyğun olaraq sığorta hadisənin təsdiqi üçün müvafiq sənədlərin sığorta şirkətinə təqdim edilməsini tələb etmişdir.

22. Cavabdeh Sığorta şirkəti ASC-nin Zərərlərin tənzimlənməsi İdarəsi/qəza komissarları şöbəsi və Müştəri Xidmətləri şöbəsinin əməkdaşları arasında 10 fevral 2023cü il tarixində aparılan e-mail yazışmalarından məlum olur ki, sığortalının müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixdən sonra müraciət olunmuşdursa, iş üzrə imtina edilməli olması bildirilmişdir.

23. Hazırki işin hallarından məlum olur ki, İddiaçı MMC-yə məxsus X10 istifadəsində olan Changan CS 75 Plus markalı, ** PF *** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, avtomobil sürüşməsi nəticəsində yoldan çıxaraq aşmışdır. Qeyd edilən avtomobil Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2021-ci il tarixdə **********3 nömrəli “avtonəqliyyat vasitələrinin könüllü sığorta şəhadətnaməsi” əsasında 36 ay müddətinə sığortalanmışdır. İddiaçı 2023-cü ilin fevral ayında sığorta məbləğinin ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu sığorta ödənişinin həyata keçirilməsindən imtina etmişdir. Cavabdeh həmin arqumentləri məhkəməyə təqdim edilmiş yazılı etirazında da sadalamış, onlara istinad etməklə irəli sürülən tələbin əsassız olduğunu iddia etmişdir. Belə ki, cavabdeh sığorta şirkətinin irəli sürdüyü əsaslar aşağıdakılardan ibarətdir:

1. Yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş verməsinə və sürücünün (Fərid Abbasovun) xx.xx.2022-ci il tarixdən etibarən sığorta şirkətinə məlumat vermək imkanı olmasına baxmayaraq, sığorta şirkətinə vaxtında məlumat verilməməsi,

2. Sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsini təsdiq edən sənəd təqdim edilməməsi,

3. iddiaçı tərəfindən sığorta ödənişinin məbləği düzgün müəyyən edilməməsi (sığorta ödənişinin hesablanması üçün avtomobilin hadisədən əvvəlki bazar dəyəri və hadisədən sonrakı qalıq dəyəri müəyyən olunmalıdır).

24. Məhkəmə cavabdeh tərəfindən irəli sürülmüş əsasların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir:

25. İlkin olaraq AR Mülki Məcəllənin 923.1 və 935.1.1-ci maddələri rəhbər tutulmaqla hadisə barədə vaxtında məlumat verilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir 935.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.

27. Bundan əlavə “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” qaydalarının 34.1-ci bəndinə əsasən, bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya Sığorta olunan şəxs, yaxud Faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

28. Məhkəmə cavabdehin istinad etdiyi əsaslarla razılaşmır və qeyd edir ki, sığortaçı Mülki Məcəllənin yalnız 923.1-ci maddəsinə istinad etmiş, lakin həmin Məcəllənin növbəti müddəalarını nəzərə almamışdır.

29. Belə ki, Mülki Məcəllənin: 923.3-cü maddəsinə əsasən, sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 923.4-cü maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən, səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

30. Məcəllənin qeyd olunan imperativ normalarından göründüyü kimi, birincisi, sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı sığortaçıya xəbər verməli; ikincisi isə üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən, səlahiyyətli dövlət orqanları və ya müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi – sığorta hadisəsi barədə sığortaçının məlumatlandırması kimi qəbul edilir.

31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 03:48 radələrində X10 idarə etdiyi İddiaçı MMC-nin mülkiyyətində olan Changan CS 75 Plus markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması ilə bağlı nəqliyyat vasitəsində olan sərnişin X13 tərəfindən daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı - AR DİN Xızı rayon Polis şöbəsi tərəfindən elə həmin gün hadisə yeri müayinə olunmaqla protokol və hadisə yerinin sxemi tərtib olunmuş, müvafiq foto görüntülər əldə edilmiş, sürücü F.Abbasovun xəsarət alması səbəbindən izahatı sonradan, yəni xx.xx.2022-ci il tarixdə alınsa da, sərnişin A.Yusifovun həmin gün izahatı alınmış, o cümlədən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə müvafiq Arayış tərtib olunmuşdur.

32. Bundan əlavə Cavabdeh Sığorta şirkəti ASC tərəfindən xx.xx.2022-ci il tarixdə AR DİN Xızı rayon Polis şöbəsinə göndərilmiş müraciətdən də müəyyən olunur ki, sığortaçı şirkət xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisənin təsdiqi üçün müvafiq sənədlərin sığorta şirkətinə təqdim edilməsini tələb etmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh Sığorta şirkəti ASC xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi barədə artıq məlumatlı olmuş, sığorta hadisəsi barədə məlumatın verilməsi vaxtı ilə bağlı mübahisə etməmiş, yalnız sənədlərin göndərilməsini tələb etmişdir.

33. Beləliklə, sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, cavabdehin sığorta hadisəsi barədə ən qısa müddətdə məlumatı olmuş kimi hesab edilməlidir.

34. Mülki Məcəllənin yuxarıda qeyd olunan 923.3-923.4-cü maddələrinin tələbləri baxımından, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanı - AR DİN Xızı RPŞ DYPB-nin bu barədə sığortaçı cavabdehi də həmin gün hadisə barədə məlumatlandırmaq öhdəliyini daşıması, sonuncunun həmin sığorta hadisəsi barədə məlumatlandırılmış hesab edilməsi qənaətinə gəlməyə əsas verir.

35. Beləliklə, cavabdehin Mülki Məcəllənin 935.1.1-ci maddəsinə istinadən iddiaçı tərəfindən həmin Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir.

36. Digər tərəfdən Cavabdeh Sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsini təsdiq edən sənədin təqdim edilməməsinə istinad edir.

37. Belə ki, cavabdehin istinad etdiyi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 21.4-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində olan sürücü tərəfindən idarə edilməsi hallarının nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir.

38. Eyni zamanda “Sərxoşluq vəziyyətinin müəyyən olunması” Qaydalarının: 2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3-cü bəndinə əsasən, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır.

39. Cavabdeh müvafiq sənədin mövcud olmadığını iddia etsə də, AR DİN Xızı RPŞ DYPB tərəfindən tərtib və təsdiq edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mübahisəli avtomobilin sürücüsü Fərid Abbasov avtomobili idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, sığorta şirkətinin arqumentləri bu hissədə də əsaslı deyildir.

40. Son olaraq Cavabdeh sığorta ödənişinin “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarına və müqavilə şərtlərinə uyğun olaraq müəyyən edilmədiyinə istinad edir.

41. Belə ki, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” qaydalarına əsasən, avtonəqliyyat vasitəsinin tam məhv olması - sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır.

42. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Qaydaların 4.1.2.1-ci bəndinə əsasən, Sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə, avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti tətbiq edilir.

43. Hazırda iddiaçı sığorta hadisəsinin sığorta ilinin ikinci ilinə təsadüf etməsini, nəqliyyat vasitəsinin tam yararsız vəziyyətdə olmasını, **********3 saylı könüllü sığorta şəhadətnaməsinə əsasən yol-nəqliyyat hadisəsinin baş verdiyi il üçün nəqliyyat vasitəsinin tam məhv olmasına görə şərtsiz azadolma məbləğini də nəzərə almaqla, sığortaçı tərəfindən ödənilməli olan məbləği 35,204.45 manat həcmində hesablamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli **********3 nömrəli sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə sığorta məbləği 41417 manat qeyd edilmiş, 15% şərtsiz azadolma məbləği də nəzərə alınmaqla qeyd edilən məbləğ əldə edilmişdir.

44. AR Mülki Məcəlləsinin: 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 898.2-ci maddəsinə əsasən, azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 925.5-ci maddəsinə əsasən, əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs sadalanan hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: - sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə (Mülki Məcəllə 925.5.2-ci maddəsi).

45. Göründüyü kimi qanunun müvafiq normalarında sığortaçı tərəfindən sığorta hadisəsi barədə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsinin zərər dəymiş əmlaka baxış keçirməməsi zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim olunmasının istisna halı kimi nəzərdə tutulmuşdur. İşin hallarından cavabdehin sığorta hadisəsi ilə bağlı məlumatlandırılması öz təsdiqini tapsa da, məlumatlandırıldıqdan sonra 5 gün müddətində onun nümayəndəsinin zərər dəymiş əmlaka baxış keçirdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

46. Changan CS 75 Plus markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş məlumatdan görünür ki, ekspertizanın aparılmasından imtina edilmiş, buna səbəb iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2023-cü il tarixə məlumatım mövcud olmaması göstərilmişdir.

47. Əlavə olaraq, 11 fevral 2025-ci il tarixli məhkəmə iclasında məhkəmə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair hər iki tərəfin nümayəndələrinin münasibətini aydınlaşdırmış, iş üzrə tərəflər təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişlər.

48. Beləliklə, sığortaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində avtomobilə baxış həyata keçirilmədiyindən, məhkəmə ekspertizanın keçirilməsi vasitəsilə dəymiş zərərin müəyyən edilməsinə çalışmış, lakin buna nail ola bilməmişdir.

49. Lakin nəzərə alınmalıdır ki, sığortaçının üzərinə düşən öhdəliyi icra etməməsi, dəymiş zərərin məbləğinin müəyyən edilməsinin mümkün olmaması, sığortalı İddiaçı MMC-nin baş vermiş sığorta hadisəsi nəticəsində sığorta ödənişindən məhrum edilməsinə əsas verə bilməz.

50. İş materiallarına əlavə olunmuş, mübahisəli minik avtomobilinin texniki baxışına dair İddiaçı MMC-nin Changan servis xidməti tərəfindən tərtib edilmiş təmir aktına əsasən avtomobilin ehtiyat hissələri üçün 60272 manat və görüləcək işlər üçün 7293 manat olmaqla, ümumilikdə təmir xərci 67565 manat məbləğində, xx.xx.2021-ci il tarixli **********3 nömrəli sığorta şəhadətnaməsinə əsasən isə, avtonəqliyyat vasitələrinə dəyən zərər bölməsi üzrə ümumi sığorta məbləği 49 900 manat məbləğində (ikinci sığorta ili üçün 41417 manat) müəyyən edilmişdir.

51. Məhkəmə işin yuxarıda sadalanan hallarını və istinad edilən qanunvericilik normalarını rəhbər tutmaqla, sığorta hadisənin ikinci sığorta ilində baş verməsini, həmin hadisə nəticəsində mübahisəli avtomobilin yararsız vəziyyətə düşməsini, iddiaçının tələb etdiyi məbləğin sığorta şəhadətnaməsində göstərilən məbləğə şərtsiz azad məbləğini tətbiq edilməklə hesablanmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sığorta şirkəti ASC-dən 35204.45 manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

52. İddiaçı tələbində həmçinin 213.19 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V Nəticə:

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 35,204.45 (otuz beş min iki yüz dörd manat qırx beş qəpik) manat məbləğində sığorta ödənişi və 213.19 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar