Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2910/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2018-ci il tarixli alkoqollu içkilərin satışına dair 76 saylı Müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 manat borcun, müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 14.010,69 manat faizin, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15.000 manat məbləğində dəbbə pulunun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.595,37 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 manatın, ümumilikdə cəmi 68.364,85 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə vəsatət verərək, hazırkı işin baxılması üçün ərazi aidiyyatı üzrə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, tərəflər arasında bağlanmış 20 avqust 2018-ci il tarixli 76 nömrəli müqavilənin əslini təqdim edərək bildirdi ki, cavabdehlə iddiaçı arasında bağlanmış və iddia ərizəsində adıçəkilən müqavilə onun təqdim etdiyi müqavilədir, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş müqavilə iddiaçı tərəfindən sonradan tərtib edilmiş, cavabdeh tərəfindən həmin müqavilə imzalanmamışdır, orada olan imza cavabdehə məxsus deyildir. Göstərilənləri nəzərə alaraq vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 vəsatətə etiraz edib təmin edilməməsini xahiş etdi. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş müqavilənin həqiqətən də mövcud olduğunu, cavabdehə məxsus möhürlə təsdiqləndiyi, direktor tərəfindən imzalandığını göstərdi, əlavə olaraq bildirdi ki, sonradan tərəflər arasında müqaviləyə ola bilər ki, dəyişikliklər edilmişdir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən isə tərəflər arasında yaranmış mübahisələrə satıcının yerləşdiyi yer üzrə ərazi yurisdiksiyasına aid səlahiyyətli məhkəmədə baxılması nəzərdə tutulduğundan verilmiş vəsatət əsassızdır. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, materiallara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən Məhkəməyə təqdim edilmiş, həqiqiliyi iddiaçının nümayəndəsi və vəkili tərəfindən təsdiq edilmiş iddia ərizəsində istinad edilən 20.08.2018-ci il tarixli, 76 nömrəli müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında yaranmış bütün mübahisələr Azərbaycan Respublikasının İqtisad Məhkəməsi tərəfindən həll edilə bilər. Materiallara əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Quba şəhəri, məhəllə 32-33 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Quba rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. MPM-ə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər (maddə 45.1). Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər (maddə 45.2). İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir (maddə 45.3). Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir (maddə 45.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2910/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2910/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver