Məhkəmə qərarları › İş №e-2-2(113)-2912/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2912/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2912/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və.s” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia və iddianın dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05 dekabr 2019-cu il tarixli Alkoqollu içkilərin satışına dair NS01/03872019 nömrəli Müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 11.513,03 (on bir min beş yüz on üç manat sıfır üç qəpik) manat borcun (10.513,03 manat əsas, 1000 manat ƏDV), adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 8.007,35 (səkkiz min yeddi manat, otuz beş qəpik) manat faizin, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15.000 (on beş min) manat həcmində dəbbə pulunun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 1.384,01 (bir min üç yüz səksən dörd manat sıfır bir qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, cəmi 36.064,39 (otuz altı min altmış dörd manat, otuz doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı X1 arasında 05 dekabr 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair NS01/03872019 nömrəli müqavilə bağlanmışdır. Müqavilə ilə iddiaçı alkoqollu içkiləri cavabdehə satmağı, cavabdeh isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə və müəyyən olunmuş qiymətlərə əsasən iddiaçıya tam ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan Müqaviləyə əsasən, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə ona məxsus alkoqollu içkilərin dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən iddiaçıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair 14.12.2019-cu il tarixli Seriya: EBAD №850599 (2.494 manat); 26.12.2019-cu il tarixli Seriya: EBAE №409146 (3.741 manat) və 14.01.2020-ci il tarixli Seriya: EBAE №960960 (13.974.37 manat) Elektron Qaimələr tərtib olunmuş, mallar cavabdehə təhvil verilmiş və buna uyğun olaraq müəyyən ödənişlər aparmışdır. Qeyd olunan qaimələrdən Seriya: EBAD №850599 (2.494 manat) üzrə tam, Seriya: EBAE №409146 (3.741 manat) üzrə qismən ödəniş edilmiş və 2.170,34 (iki min yüz yetmiş manat altmış altı qəpik) manat, Seriya: EBAE №960960 (13.974.37 manat) qaimə üzrə isə 9.342,69 (doqquz min üç yüz qırx iki manat altmış doqquz qəpik) manat qalıq borc qalmışdır. Hazırda alıcının satıcıya ödənilməmiş cəmi 11.513,03 (on bir min beş yüz on üç manat sıfır üç qəpik) manat borcu qalmışdır. Həmin Müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə aparmazsa, o hər gecikdirilən gün üçün Satıcıya həmin qaimə-faktura və ya vergi hesab-faktura üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində faiz ödəməlidir. Nəzərə alsaq ki, Müqaviləyə əsasən mala görə ödəniş təhvil veriləndən sonra ən geci 30 (otuz) gün müddətində həyata keçirilməlidir, habelə 26.12.2019-cu il tarixli və 14.01.2020ci il tarixli Elektron Qaimələrə əsasən mallar həmin tarixlərdə təhvil verilmişdir, o halda gecikdirilən gün üçün faiz hesablanmalıdır. Qeyd olunan faizlərin cəmi 8.007,35 manat təşkil edir. Bundan əlavə həmin müqavilənin 10.7-ci maddəsinə əsasən müqavilənin şərtləri alıcı tərəfindən pozularsa Satıcı ondan 15.000 (on beş min) manat həcmində dəbbə pulu tələb etmək və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Cavabdeh X1 şirkətə ödəməli olduğu 11.513,03 (on bir min beş yüz on üç manat sıfır üç qəpik) manat ödənişi hal-hazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmış və ona görə də, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdehin malların satışından əldə edilən vəsaitdən faydalanmağa görə 1.384,01 faizlər ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, 11.513,03 manat borcun qaldığını bildirmiş, ancaq pandemiya səbəbindən ödəmək imkanı olmadığından borcun ödənilə bilmədiyini və iddianın qalan hissəsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə uyğun olaraq satıcı tərəfindən alıcıya 20.209.37 manat dəyərində mallar təhvil verilmişdir. Qeyd olunan məbləğdən alıcı tərəfindən cəmi 8696,34 manat ödəniş edilmiş (qəbzlər işə əlavə edilmişdir) və nəticədə 11.513,03 manat borcu yaranmışdır. Qeyd olunan halı iş materiallarına alıcının öz imzası ilə təsdiq etdiyi elektron qaimələr və cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borcun yəni 11.513,03 manat manat pulun tələb edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir Məhkəmə iddianın müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 8.007,35 (səkkiz min yeddi manat, otuz beş qəpik) manat faizin və müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15.000 (on beş min) manat həcmində dəbbə pulunun tutulmasının tələb edilməsi ilə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli Alkoqollu içkilərin satışına dair NS01/03872019 nömrəli müqavilənin: - 6.2-ci bəndinə əsasən “alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə (lakin mal alındığı gündən 30 gün müddətindən gec olmayaraq) aparmazsa, o hər gecikdirilən gün üçün satıcıya həmin qaimə-faktura (qaimə-fakturaları) və ya vergi hesab-faktura (vergi hesabfakturaları) üzrə mallarda görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində cərimə ödəməlidir, lakin cərimələrin maksimal həddi müqavilə məbləğinin 10 faizindən çox ola bilməz; - 10.7-ci bəndinə əsasən müqavilənin şərtləri alıcı tərəfindən pozularsa Satıcı ondan 15.000 (on beş min) manat həcmində dəbbə pulu tələb etmək və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olacaqdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilənin 6.2-ci bəndinə istinad edərək faiz məbləğini tələb etsə də, qeyd edilən bənddə ödəmələrin gecikdirildiyi halda cərimə məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin müqavilənin 10.7-ci bəndində də, müqavilənin şərtlərinin pozulması nəticəsində cərimə borcunu tələb etmək hüququ təsbit olunuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, müqavilənin hər iki bəndi üzrə cərimə məbləğinin tələb edilməsi təsbit olunduğundan, qeyd edilən tələblərə birgə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 11.513,03 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 1.384,01 (bir min üç yüz səksən dörd manat sıfır bir qəpik) manat pulun tələb edilməsi ilə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 26 Saylı Vəkil Bürosunun hesabına 160 manat məbləğində pul köçürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitə görə 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin Əsas borc üzrə 11.513,03 manat, cərimə borcu üzrə 500 manat, cəmi 12013,03 (on iki min on üç manat üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar