Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2915/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Fərzalı oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 58066,94 manat qalıq borcun, gecikdirilmiş müddət üçün hesablanmış 5806,69 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 63903,63 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən ƏDV daxil 112347,00 manat qalıq borcun, gecikdirilmiş müddət üçün hesablanmış 26.963,27 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 139.340,27 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 58066,94 manat qalıq borcun, gecikdirilmiş müddət üçün hesablanmış 5806,69 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 63903,63 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə"xxxx" MMC arasında bağlanmış QSZ S 094/0519 saylı, 07.05.2019-cu il tarixli sement alqı-satqısı müqaviləsinə əsasən, iddiaçı öz istehsalı olan müvafiq həcmdə sement məhsulunu cavabdehə təhvil vermişdir. Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan aldığı Malın dəyərini qismən ödəmiş, lakin iddiaçıya ƏDVdaxil 112 347,00 manat (bir yüz on iki min üçyüz qırx yeddi manat) ödənilməyən borcu qalmışdır. Cavabdehdən tələb olunan borc məbləginin bir hissəsi ödənilmiş, cavabdehin iddiaçıya 58066,94 manat qalıq borcu, 5806,69 manat cərimə borcu qalmışdır. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə Cavabdehə bildiriş pretenziya göndərilsə də, iddiaçıya olan borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ilə Cavabdeh "xxxx" MMC arasında bağlanmış alqısatqı müqaviləsinin 3.3-cü bəndinə əsasən, bu Müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı malın dəyərini Malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq Satıcıya ödəməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 07.05.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə sement məhsulu satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 7.2.4-cü bəndinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. 17 avqust 2020-ci il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 31 iyul 2020-ci il tarixə olan borcu 112346,92 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 07.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə sement məhsulu satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə sement məhsulu göndərilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin iddiaçıya 17 avqust 2020-ci il tarixə 112346,92 manat borcu olmuş, cavabdeh tərəfindən borcun bir hissəsi ödənilmiş, hazırki borc 58066,94 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 07.05.2019-cu il tarixli müqaviləyə və 17 avqust 2020-ci il tarixli Üzləşmə aktına əsasən 58066,94 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 7.2.4-cü bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda iddiaçı hər bir gecikdirimiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 5806,69 manat dəbbə pulu məbləği yaranmış 58066,94 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2400 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 58066,94 manat əsas borc, 2400 manat cərimə cavabdehdən tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 94,66 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,40 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,60 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 58066,94 manat qalıq borc, 2400 manat cərimə tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,40 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 1,6 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2915/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2915/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver