Məhkəmə qərarları › İş №e-2-2(113)-2917/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2917/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2917/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" şirkətinə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 18.541,94 ABŞ dolları məbləğində əsas borc, 4.431,06 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 22.973 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" şirkətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) və cavabdeh "xxxx" Şirkəti (alıcı) arasında mal alınıb satılması məqsədilə 30 iyul 2019-cu il tarixli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcıya 42.370,00 ABŞ dolları dəyərində mal satmışdır. Alıcı tərəfindən satıcıya 23.828,94 ABŞ dolları məbləğində pul ödənilmişdir. Alıcının satıcıya 18.541,94 borcu qalmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu dövrdə hər dəfə alqı-satqı zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan kənd təsərrüfatı məhsullarını satmağı, alıcı isə öz növbəsində həmin malları hazırki müqavilənin və İnkoterms 2010 şərtlərinə uyğun olaraq qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı çatdırılmış malları bu müqavilənin və bu müqaviləyə əlavələrin şərtlərinə uyğun olaraq qəbul etməyə və dəyərini ödəməyə borcludur. Həmin müqavilənin 11-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi 18.541,94 ABŞ dolları dəyərində təşkil edir. Həmçinin mövcud borcun ödənişi gecikdirildiyi üçün iddiaçının cavabdehdən müqavilənin 7.2-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən 4.431,06 ABŞ dolları məbləğində cərimə tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC (satıcı) ilə "xxxx" şirkəti (alıcı) arasında 30 iyul 2019-cu il tarixli 001 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin tərkib hissəsi olan və bu müqavilənin qüvvədə olduğu dövrdə hər dəfə alqı-satqı zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan kənd təsərrüfatı məhsullarının satmağı, alıcı isə öz növbəsində həmin malları hazırkı müqavilənin və İnkoterms 2010 şərtlərinə uyğun olaraq qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 1.000.000 ABŞ dollar təşkil edir. 7.1-ci bəndinə əsasən tərəflərin bu müqavilə üzrə öhdəliklərini icra etmədikləri və ya lazımi qaydada yerinə yetirmədikləri üçün məsuliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və bu müqaviləyə uyğun olaraq müəyyən edilir. 7.2-ci bəndinə əsasən alıcının bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, satıcı gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0,1% -ni tələb etmək hüququna malikdir. 11.1-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsi ilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, tərəflər Azərbaycan Respublikasının aidiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" şirkətinə 21.185 ABŞ dolları dəyərində olan 25 kg 950 ədəd qutu ev toyuğu yumurtaların göndərilməsi ilə bağlı 30.07.2019-cu il tarixli, 004 saylı invoys; 21.185 ABŞ dolları dəyərində olan 25 kg 950 ədəd qutu ev toyuğu yumurtaların göndərilməsi ilə bağlı 30.07.2019-cu il tarixli, 005 saylı invoys təqdim edilmişdir. 14.08.2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 10.292,46 ABŞ dolları məbləğində ödəniş etmişdir. 10.09.2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 13.535,6 ABŞ dolları məbləğində ödəniş etmişdir. **********1011 saylı, 02.08.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" şirkətinə invoys dəyəri 21.185 ABŞ dolları olan 950 ədəd qutu ev toyuğu yumurtası təqdim edilmişdir. **********1012 saylı, 02.08.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" şirkətinə invoys dəyəri 21.185 ABŞ dolları olan 950 ədəd qutu ev toyuğu yumurtası təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti pretenziya qaydasında məktubla "xxxx" şirkətinə 18 may 2020-ci il tarixdə müraciət edərək, 18.541,94 ABŞ dolları məbləğində əsas borcu, 4.431,06 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 22.973 ABŞ dolları borcun 07 iyun 2020-ci il tarixədək icra edilməsini tələb etmiş, əks halda həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" şirkəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə 42.370 ABŞ dolları dəyərində mal təqdim etməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, cavabdeh isə malın dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini - 18.541,94 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, cavabdeh "xxxx" şirkətindən 18.541,94 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin ödənişin gecikdirilməsinə görə 4.431,06 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" şirkəti tərəfindən müqavilə üzrə ödənişlərin gecikdirilməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, eləcə də tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Osr Vegetables and Fruits Trading” L.L.C şirkətindən 18.541,94 ABŞ dolları (on səkkiz min beş yüz qırx bir ABŞ dolları doxsan dörd sent) məbləğində əsas borc, 4.431,06 ABŞ dolları (dörd min dörd yüz otuz bir ABŞ dolları altı sent) məbləğində dəbbə pulu, cəmi 22.973 (iyirmi iki min doqquz yüz yetmiş üç) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar