Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2920/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 11404 (on bir min dörd yüz dörd) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında ENQ-18/22 nömrəli 04 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3.2.3-cü bəndinə və 01 saylı əlavənin 1-ci bəndinə əsasən cavabdeh həmin maddələrdə qeyd edilən müqavilə və alış sifarişləri ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra olunması və onların pozulmasına yol verilməməsi öhdəliyini, alıcı sifariş tam hazır olduqdan sonra malın dəyərinin 30 gün müddətinə, həmçinin qaimə fakturalarda göstərilən məbləğdə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə İddiaçı QSC arasında ENQ-18/22 nömrəli, 04 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müaviləyə əlavələr imzalanmışdır. Həmin müqavilə əsasında sifarişlər qəbul edilmiş və qaimə-faktura əsasında kisələr alıcıya təhvil verilmişdir. Həmin qaimə-fakturalar üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 11404 (on bir min dörd yüz dörd) manat borcu yaranmışdır. Beləliklə, cavabdeh İddiaçı MMC-dən müqavilədə nəzərdə tutulan kağız kisələri almış, lakin bunun müqabilində öhdəliyinə düşən 11404 manat borcu ödəməmişdir. Cavabdehə pretenziya məktubu ünvanlanmış, ödəniş üçün 5 gün müddət verilmiş, lakin ödəniş olunmamışdır. Cavabdehlə dəfələrlə görüşlər keçirilməsinə, mail və telefonla edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh qeyd edilən borcun icrasını yerinə yetirməktən boyun qaçırır və öhdəliyin icrasını pozan halları aradan qaldırmaq üçün heç bir addım atmır. Odur ki, cavabdehin müqavilə üzrə öz öhdəliyini yerinə yetirməməsi ucbatından İddiaçı MMC-nin maliyyə vəziyyəti və gələcək planlarına ciddi zərər dəyməkdədir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430, 442-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, ENQ-18/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin müddəalarına əsasən onun qüvvədə olduğu müddətdə satıcı alıcı tərəfindən sifariş ediləcək miqdarda, ölçüdə və keyfiyyətdə kisə istehsal etməyə, alıcı isə sifariş verdiyi miqdarda kisəni almağa razılaşır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kisənin qiyməti, miqdarı, xüsusiyyətləri və ölçüləri müqaviləyə əlavələrlə müəyyənləşdirilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödənişləri alıcı satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirir.
8. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ENQ-18/22 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli, 01 nömrəli Əlavədən (spesifikasiya və xüsusi şərtlər) görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş mal(lar)ın qiyməti – 68440 manat (58000 manat + 10440 manat 18% ƏDV) (kağız kisə ədədini qiyməti 0,58 manat olmaqla, 100000 ədəd) barədə razılığa gəlmişlər. Əlavənin 1.1-ci bəndinə əsasən alıcı sifariş tam hazır olduqda malın dəyərinin 50%-ni sifarişdən əvvəl, qalan 50%-i isə malları təhvil aldıqda ödəyir və malı satıcının anbarından təhvil alır. Sözügedən əlavə sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 028997 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17416,09 manat təşkil edir.
10. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 099694 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7943,76 manat təşkil edir.
11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 113İPEX232001430 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin AZ19İBAZ******************** nömrəli hesabına 10000 (on min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində “xx.xx.2023-ci il EBDE 029997, xx.xx.2023-ci il EBDE 099694 nomrəli eleltron qaimələrə əsasən xammal alışı” qeyd edilmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi və 01 saylı əlavəyə əsasən cavabdeh müqavilə və alış sifarişləri ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra olunması və onların pozulmasına yol verilməməsi öhdəliyini, alıcı sifariş tam hazır olduqdan sonra malın dəyərini 30 gün müddətinə, həmçinin qaimə fakturalarda göstərilən məbləğdə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında sifarişlər qəbul edilmiş və qaimə-faktura əsasında kisələr alıcıya təhvil verilmişdir. Bununla bağlı cavabdehə yuxarıda qeyd olunan 2 elektron qaimə göndərilmiş və həmin qaimələr üzrə ümumilikdə əsas məbləğ 21491,4 manat (14759,4+6732=21491,4) təşkil etmişdir. Hər iki qaimə üzrə əsas məbləğdən qismən 10000 manat ödəniş edilmiş, qalıq məbləğ 11491,4 manat təşkil etmişdir. İddiaçı cavabdehdən yaranmış borca görə 11404 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş edir.
16. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 11404 (on bir min dörd yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMc-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 11404 (on bir min dörd yüz dörd) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova