Məhkəmə qərarları › İş №e-2-2(113)-2924/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2924/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2924/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMM) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2993,07 manat (iki min doqquz yüz doxsan üç manat yeddi qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 299,30 manat (iki yüz doxsan doqquz manat otuz qəpik) məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı X5 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ilə 1660/M 21 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Əməkdaşlıq etdikləri müddətdə cavabdehin sifarişi əsasında, aralarında imzalanmış malların təhvil-qəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM-ə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almış, lakin cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsələr də, hər dəfə bir bəhanə gətirmiş və bununla cavabdeh iddiaçı şirkətə olan 2993,07 manat (iki min doqquz yüz doxsan üç manat yeddi qəpik) borcu ödəməkdən yayınmışdır. Cavabdehlə aralarında bağlanan xx.xx.2021-ci il tarixli, 1660/M21 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən alıcı malı təhvil aldığı tarixdən ən geci 21 (iyirmi bir) gün ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi İddiaçı MMM-ə olan 2993,07 manat (iki min doqquz yüz doxsan üç manat yeddi qəpik) borcunu ödəməmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Qeyd edilir ki, borc məbləği cavabdeh tərəfindən bu günə kimi qaytarılmamışdır. xx.xx.2021-ci il tarixli, 1660/M21 saylı müqavilənin 5.1-ci bəndinə əsaslanaraq, alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 299,30 manat (iki yüz doxsan doqquz manat otuz qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə hazırda cavabdehin İddiaçı MMM-ə 2993,07 manat (iki min doqquz yüz doxsan üç manat yeddi qəpik)məbləğində əsas borcu və 299,30 manat (iki yüz doxsan doqquz manat otuz qəpik) məbləğində dəbbə pulu borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMM ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 1660/M21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X2 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən malların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri, müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri X1 göstərilir. X3 Protokolunda göstərilən qiymətləri birtərəfli qaydada dəyişə bilər və alıcı belə dəyişikliyi qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1ci bəndinə əsasən mallar alıcının sorğularına (sifarişlərinə) əsasən və satıcı tərəfdən təsdiq edildikdən sonra satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı malları tələb olunan çeşid və miqdarda ən azı 5 (beş) iş günü müddətində qabaqcadan satıcıya yazılı və ya elektron formada sifariş edir. Sifariş olunan mallar mövcud olmadıqda, satıcı belə sifarişdən imtina edə bilər. Tərəflər razılaşır və qəbul edir ki, sifariş yalnız satıcı tərəfindən təsdiq edildikdən sonra satıcının malları satmaq və təhvil vermək öhdəliyi yaranır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən hazırkı müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi qaimə-fakturaya əsasən tənzimlənir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi dəyərini elektron qaimə-fakturaların cəmi təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı və alıcı təhvil verilmiş mallara dair akt imzalayır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya qaimə-faktura təqdim edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X2 müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş malların ümumi məbləğinin 10 (on) % müəyyən edilir. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 396974 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 651,28 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 138652 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4271,29 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 251846 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4271,29 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 283768 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2206,90 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 535426 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 996,55 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 535427 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1996,54 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 551963 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 897,80 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 551964 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4271,25 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, 00223 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı MMM xx.xx.2021-ci il tarixli, 1660/M21 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-i müxtəlif adlı, çeşidli məhsullarla təchiz etmişdir. Müqavilə dövrü ərzində İddiaçı MMM tərəfindən Cavabdeh MMC EQF-lar əsasında 19562.94 AZN (ƏDV daxil) dəyərində müxtəlif adlı, çeşidli məhsullarla təchiz edilmişdir. Eyni dövr ərzində Cavabdeh MMC İddiaçı MMM-in hesabına 16569.87 AZN (ƏDV daxil) ödəniş etmişdir. Nəticədə dövrün sonuna Cavabdeh MMC-nin İddiaçı MMM-ə 2993.07 AZN (ƏDV daxil) məbləğində borcu yaranmışdır. - xx.xx.2021-ci il tarixli, 319597 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 996,47 manat (ƏDV daxil) təşkil etmişdir. - xx.xx.2021-ci il tarixli, 319598 nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə aktda göstərilən sayda mallar təhvil verilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmış, alınan malların ümumilikdə məbləği 1996,60 manat (ƏDV daxil) təşkil etmişdir. - İddiaçı MMM və Cavabdeh MMC arasında alqı-satqı əsasında tətib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı MMM-ə 996,46 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - İddiaçı MMM və Cavabdeh MMC arasında alqı-satqı əsasında tətib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı MMM-ə 1996,59 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMM ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 2993,07 manat (ƏDV daxil) əsas borc məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 2993,05 manat (xx.xx.2022-ci il tarixli üzləşmə aktlarına əsasən 996,46 manat + 1996,59 manat = 2993,05 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 299,30 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X2 müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir; 5.2-ci bəndinə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş malların ümumi məbləğinin 10 (on) % müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan 150 (yüz əlli) manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2993,05 manat (iki min doqquz yüz doxsan üç manat beş qəpik) məbləğində əsas borc, 150 (yüz əlli) manat cərimə, 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 3203,05 manat (üç min iki yüz üç manat beş qəpik) məbləğində pul İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar