Məhkəmə qərarları › İş №e-2-2(113)-2924/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2924/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2924/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli №GL055 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X4 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd 24-lü toxumsəpən gübrəsəpənlə avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 3.612,57 gecikdirilmiş əsas borcu, 5.382,06 manat cərimə borcu və 109,95 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Global Leasinq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli №GL055 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 5.206,57 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 10.629,84 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 2.453,04 manat ilkin ödəniş və 52,07 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 3.612,57 gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 5.382,06 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə xx.xx.2024-cü il tarixində pretenziya məktubu rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 3.612,57 gecikdirilmiş əsas borcu, 5.382,06 manat cərimə borcu yaransada da, cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni, zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 1.594 manat ödəniş etmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

7. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

8. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

9. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)

10. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

11. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

13. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır. Lizinq obyektini 1 ədəd 24-lü toxumsəpən gübrəsəpənlə təşkil etmişdir. Lizinq obyektinin qiyməti 10.629,84 manat olmuş, 2.970,23 manat güzəşt tətbiq edilmiş, 2.453,04 manat ilkin ödəniş edilmiş və 52.,07 komissiya məbləği tutulmuşdur.

14. Bundan başqa işin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, lizinq məbləği 5.206,57 manat təşkil etmişdir və cavabdeh tərəfindən ilkin ödənişdən başqa cəmi 1.594 manat lizinq ödənişi edilmişdir.

15. Hazırda iddiaçı tərəf cavabdehin ödənilməmiş 3.612,57 manat borcunun qaldığını bildirir və lizinq obyektinin geri qaytarılmasını tələb edir.

16. Cavabdeh tərəf isə texnikanın iddiaçıya geri qaytarıldığını bildirərək, iddianın rədd olunmasını xahiş edir.

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk müəyyən edilməli olan məqam, lizinq alan tərəfindən lizinq obyektinin geri qaytarılıbqaytarılmamasıdır.

18. İş materiallarına iddiaçı "xxxx" ASC-nin özü tərəfindən əlavə edilmiş xx.xx.2021ci il tarixli aktdan görünür ki, lizinq obyekti Cavabdeh tərəfindən "xxxx" ASC-yə geri qaytarılmışdır.

19. Qeyd edilmiş aktı Cavabdeh və "xxxx" ASC-nin adından isə X3 imza etmişdir.

20. Məhkəmə iclasında iddiaçı tərəfdən X1 "xxxx" ASC-də işləyib-işləməməsi soruşulmuş, iddiaçı tərəf də, həmin dövrdə "xxxx" ASC-nin işçisi olduğunu bildirmiş, ancaq onun texnikanı qəbul etmək səlahiyəti olmadığını və texnikanın onlara verilmədiyini bildirdi.

21. Məhkəmə bu xüsusda hesab edir ki, lizinq obyektinin geri qaytarılması aktını "xxxx" ASC-nin işçisi olmuş şəxs imza etdiyindən lizinq obyektinin xx.xx.2021-ci il tarixdə geri qaytarılması barədə cavabdehin dəlili inandırıcıdır.

22. Həmçinin də, Məhkəmə qeyd edir ki, əgər lizinq obyekti "xxxx" ASC-yə geri qaytarılmamış olsa idi, qeyd edilmiş akt da, onlarda olmaz və elektron sistemə də, əlavə edilməzdi.

23. Ona görə də, Məhkəmə hesab edir ki, lizinq obyektinin geri qaytarılması hissəsində iddia təmin edilə bilməz və lizinq obyektinin qaytarıldığı zamanadək lizinq ödənişləri hesablanmalı, edilmiş lizinq ödənişləri çıxılmalıdır.

24. Həmçinin Məhkəmə hesab edir ki, artıq lizinq obyekti geri qaytarıldığından, tərəflər arasında bağlanmış lizinq müqaviləsi də, ləğv edilmiş hesab edilməlidir.

25. İşə əlavə edilmiş lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, lizinq alanın icra etməli olduğu aylıq lizinq ödənişi 144,63 manat təşkil etmişdir və lizinq obyektinin geri qaytarıldığı tarixədək 20 ay üzrə (20x144,63=2.892,6) ödənişləri icra etməli idi.

26. Ancaq lizinq alan cəmi 1.594 manat məbləğində lizinq ödənişləri etdiyindən, ödənilməmiş 1.298,6 (2.892,6-1.594) manat məbləğində borcu qalmışdır.

27. Ona görə də, 1.298,6 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Hazırki işin hallarından görünür ki, cavabdehin 1.298,6 manat əsas borcuna münasibətdə 60 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

31. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,98 manat məbləğində pul da, cavdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.298 (bir min iki yüz doxsan səkkiz) manat, 60 (altmış) qəpik, cərimə borcu üzrə 60 (altmış manat) olmaqla, cəmi 1.358 (bir min üç yüz əlli səkkiz) manat, 60 (altmış qəpik) məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar