Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2925/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, xarici hüquqi şəxsin filialının rəhbəri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X1 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının dövlət büdcəsinə olan 3429,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 5,76 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan “X1 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 5,76 manat, dövlət büdcəsinə 3429,88 manat məbləğində (o cümlədən vergilər üzrə 2904,78 manat, faizlər üzrə 485,1 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla ümumilikdə 3435,64 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********162600, xx.xx.2024-cü il tarixli **********796700, xx.xx.2024-cü il tarixli **********231500, xx.xx.2024-cü il tarixli **********277200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
7. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
8. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə ilk növbədə qeyd edir ki, dövlət orqanı üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və dövlət orqanları yalnız bu səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Bu yanaşmanın konstitusion əsasını isə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin X hissəsi təşkil edir.
12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.
14. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, “X1 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının təşkilati hüquqi forması filial olmaqla yanaşı, rəhbəri Maraqlı şəxsdır.
15. Beləliklə, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi hüquqi şəxsin filialının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
17. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
18. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.1-ci maddəsinə əsasən həmin Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər həmin Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
20. Həmin Məcəllənin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.
21. Həmin Məcəllənin 13.2.41 ci maddəsinə əsasən kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
22. Göründüyü kimi, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxsə münasibətdə Vergi Məcəlləsində digər məna nəzərdə tutulmamışdır.
23. Həmçinin hüquqi şəxs haqqında məlumatlardan görünür ki, “X1 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına xx.xx.2009-cu il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (**********) verilmişdir.
24. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarının uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi filialın müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir. İnternet Vergi İdarəsinin təqdim etdiyi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da “X1 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının müstəqil hüquqi şəxs kimi təşkilati-hüquqi formaya malik olması təsdiqlənmir.
27. Beləliklə, məhkəmə müəyyən edir ki, Maraqlı şəxs “X1 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının rəhbəridir, ərizəçi hüquqi şəxsin filialının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
29. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
30. Sadalanan qanunvericilik aktları və AİHM-in hüquqi mövqelərindən göründüyü kimi, vergi öhdəliklərini yerinə yetirməyən hüquqi şəxsin yalnız icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Qeyd olunan mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hüquqi şəxsin filialının rəhbəri olan şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab vermir, qanunauyğun deyildir.
31. Həmçinin nəzərə alınmalıdır ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisindəki filial və nümayəndəlikləri Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumla eyni qaydada dövlət qeydiyyatına alınır və dövlət reyestrinə daxil edilir. Belə qeydiyyat xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsini və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur. Odur ki Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı, həmin nümayəndəlik və filialı yaratmış xarici hüquqi şəxs tərəfindən ona verilmiş səlahiyyət çərçivəsində maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olan, məhkəmələrdə öz adından iddiaçı və cavabdeh kimi çıxış edə bilən subyektlər kimi qəbul edilməlidir.
32. Lakin xarici hüquqi şəxsin filialının maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olması, məhkəmələrdə öz adından iddiaçı və cavabdeh kimi çıxış edə bilməsi özü-özlüyündə məhdudiyyətin tətbiq edilməsinin qanuni əsası kimi çıxış edə bilməz. Belə ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının maddi hüquqi əsasını təşkil edən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində və prosessual hüquqi əsaslarını təsbit edən mülki prosessual qanunvericilikdə vergi ödəyicisi olan müəssisənin və ya xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialının deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulduğundan və müvafiq norma hüquqa müdaxilə ilə bağlı olduğu üçün genişləndirici təfsir oluna bilməz.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Əhmədova