Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2927/2023 03.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsi, əşyaya aid sənədləri vermək vəzifəsi, sübutun mötəbərliyi, estoppel və vicdanlılıq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı İB) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 9 çeşid, 466 ədəd polietilendən metala keçidlərin iddiaçının Anbar Təsərrüfat İdarəsindən geri götürülərək malların dəyərini təşkil edən ƏDV daxil 47231 manat məbləğində pulun ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 1500 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,69 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı İB (alıcı) ilə"xxxx" MMC (satıcı) arasında 9 adda 1040 ədəd polietilendən metala keçidlərin satın alınması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, SOCAR**********20370861X00064 nömrəli “malların alqı-satqısı” müqaviləsi bağlanmışdır. Mallar İddiaçı İB-nin mərkəzi anbarına tədarük edilən zaman tərəflər arasında mövcud müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, anbara təhvil verilərkən mallarla birlikdə müqavilə üzrə müəyyən edilmiş “malların sınaq” sənədləri cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən “malların müqavilənin spesifikasiyasında olanlara uyğun gəldiyini təsdiq etmək üçün onları yoxlamaq ya da sınaqdan keçirmək” alıcının hüququdur. Əgər hər hansı yoxlanılan, yaxud sınaqdan keçirilən mal spesifikasiyalara cavab verməzsə, alıcı maldan imtina edə bilər (6.2-ci bənd). Bundan başqa, müqavilənin 6.3-cü bəndində təhvil verilən malların keyfiyyət göstəriciləri yoxlama-sınaq nəticələrinə uyğun gəlmədikdə malların satıcıya geri qaytarılması və alqı-satqı müqaviləsinə xitam verilməsi təsbit olunmuşdur. Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam icra edilməsinin vacibliyi dəfələrlə həm şifahi, həm də yazılı qaydada cavabdehə bildirilmişdir. Lakin malların sınaq sənədlərinin təqdim olunması barədə iddiaçının tələbi cavabdeh tərəfindən təmin edilməmişdir. Malların sınaq sənədləri təqdim edilmədiyinə görə tədarük edilmiş malların istismara yararlı olubolmaması barədə əsaslı şübhələr yaranmış və malların test-sınaq yoxlamasının aparılması qərara alınmışdır. Bu məqsədlə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə malların test-sınaq yoxlaması SOCAR “Azneft” X1 Emalı Zavodunda həyata keçirilmişdir. Test-sınaq yoxlamalarında obyektiv qiymətləndirmənin aparılması üçün cavabdehin nümayəndəsinin də iştirakı təmin edilmiş, müvafiq qaydada aktlaşdırılmışdır. Təqdim edilmiş polietilendən metala keçidlərin metal birləşmə hissələrində sızmalar aşkarlanmış, mallar istismara yararsız hesab edilmişdir. 2.2. Şifahi danışıqlar heç bir nəticə vermədiyi üçün xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən xüsusatlar yazılı şəkildə cavabdehə bildirilərək tədarük edilən mallar üzrə uyğunsuzluqların aradan qaldırılması tələb olunsa da, cavabdeh müraciətlərə münasibət bildirməmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə cavabdehin “SOCAR-ın etibarsız malgöndərənləri” siyahısına əlavə edilməsi haqqında onlar tərəfindən SOCAR-ın Satınalmalar Komitəsinə müraciət edilmiş, Komitənin iclasının 29.12.22 tarixli, 49 №-li Protokoluna əsasən "xxxx" MMC-nin 1 il müddətinə SOCAR-da təşkil olunacaq bütün satınalma prosedurlarında iştirakı qadağan edilməklə, SOCAR-ın etibarsız malgöndərənlərinin siyahısına əlavə edilmişdir. 2.3. Cavabdeh tərəfindən tədarük edilmiş polietilendən (HDPE100 SDR17, PN10 atm) metala keçidlərin istehsalatda istifadəyə yararlılığının standartın (ГОСТ Р 58121.3- 2018; İSO 4437-3:2014; İSO 17885-2021) bütün tələbləri ilə müqayisəli şəkildə dəyərləndirilməsi, yoxlanması və rəy bildirilməsi məqsədilə İddiaçı İB tərəfindən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə xx.xx.2023-cü il tarixli, 14-2-2/2-1111/2023 nömrəli məktubla müraciət edilmiş, “Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli, 28 nömrəli ekspertiza aktına görə, nümunələrin yoxlanılması zamanı malların istismara yarasız olduğu müəyyən edilmiş, həmçinin istehsalçı tərəfindən malların istehsalında qeyd edilən standartların tələblərinin (o cümlədən ГОСТ Р 58121.3-2018-nin 4.2.2-4.2.4; 5.4. və 11-ci bəndləri üzrə tələblər) ciddi şəkildə pozulması aşkar olunmuşdur. Belə ki, ekspertiza rəyinə görə, keçidlərin qaynaq zonalarının birləşmə yerlərində dəmirlə polietilen arasında gözlə görünən boşluqlar aşkar edilmiş, birləşmələr şəffaf silikon və “katinka” məftilləri ilə qaynaq edilmiş, daxili və xarici səthlərdə cızıqlar, nahamar çuxur və boşluqlar və s. qüsurlar müəyyən olunmuş, metal hissələrin korroziyadan qorunması üçün zəruri tədbirlər görülməmiş, elementlərin səthində istismara dair hər hansı çap, terminal qabartma və ya qəlibləmə yolu ilə işarələmələr aparılmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, 466 ədəd PEdən metala keçidlərin iddiaçının mərkəzi anbarından geri götürülməsi, standartlara uyğun sınaq sənədləri ilə birlikdə yeni mallarla əvəzləşdirilərək iddiaçıya təqdim edilməsi, bu mümkün olmadıqda isə ödənilmiş pul məbləğinin iddiaçıya qaytarılması tələbi barədə cavabdehə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə qarşılıqlı razılaşma əsasında məhkəmədən kənar həll olunmayacağı təqdirdə qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etmək niyyətində olunduğu qarşı tərəfin diqqətinə çatdırılmış, lakin tərəflər arasında heç bir razılaşma əldə olunmamışdır. İddiaçı yoxlama-sınaq işlərinin həyata keçirilməsi üçün SOCAR-ın X4 və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə 1500 manat ödəniş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 581, 587.2.2-ci və s. maddələr qeyd edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək göstərilmişdir ki: 4.1. tərəflər arasında bağlanmış 25 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, sözügedən müqavilə yuxarıda göstərilən tarixdə İddiaçı İB-nin Baş direktorunun şəxsində xx.xx.2022-ci il tarixli, SOCAR**********00450183X00051 nömrəli yekun protokola əsasən bağlanmış, cavabdeh 18% ƏDV nəzərə alınmaqla, dəyəri 112 412,70 manat məbləğində olan polietilendən metala keçidləri iddiaçıya satmağı, iddiaçı isə həmin malları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mallar iddiaçının anbarına müvafiq sənədlər (müqavilənin 2.1.5-ci bəndində göstərilən sənədlər) əsasında təhvil verildikdən, bununla da yuxarıda sözügedən müqavilə tam icra edildikdən sonra iddiaçının ümumi məsələlər üzrə müavini Zaur Qəribov tərəfindən cavabdehə ünvanlanmış 13 dekabr 2022-ci il tarixli “Müqavilə öhdəliklərinin icra edilməməsi haqqında” məktubda cavabdehdən 9 adda polietilendən metala keçidlərin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsi tələb olunmuşdur. 4.2. İddiaçı tərəfindən müqavilə üzrə satılmış polietilendən metala keçidlərin ehtimal olunan “qüsurları” barədə yalnız xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Ondan sonrakı məktublarda da “qüsur” barədə yalnız ehtimallar olduğu bildirilmiş, konkret dəlilsübut göstərilməmişdir. Sözügedən məktubda göstərilənlər cavabdeh tərəfindən araşdırılmış və həmin araşdırmanın nəticəsinə uyğun olaraq iddiaçıya ünvanlanmış bir neçə məktubda müqavilə şərtlərinə görə, yalnız mallarda qüsur aşkar olunandan 15 gün müddətində bu barədə alıcı tərəfin məlumat verməli olduğu, lakin belə məlumatların verilmədiyi, satılan malların qüvvədə olan standart və normativ-texniki tələblərə uyğun olduğu bildirilmiş, bununla yanaşı, əgər hər hansı malda real qüsur aşkar olunacağı halda (bu iddianın qəbul edilmədiyinə baxmayaraq) iddia olunan bəzi mallar üzrə uyğunsuzluqların aradan qaldırılması üçün həmin malların müvafiq standartların tələblərinə cavab verən yeni mallarla əvəzlənməsinin təmin edilməsi üçün qüsur aşkar olunmuş malların cavabdehə qaytarılması xahiş edilməklə yanaşı, həmin mallar cavabdehə qaytarıldığı andan bu malların müvafiq standartların tələblərinə cavab verən yeni mallarla əvəzlənməsinə təminat da verilmişdir. Sözügedən məktub həm kağız daşıyıcıda rabitə orqanı (poçt) vasitəsi, həm də “AVİS” sistemi vasitəsi ilə İddiaçı İB-nə göndərilmişdir. 4.3. Tərəflər arasında bağlanmış müqavilənin 7.1-7.3-cü bəndlərində nəzərdə tutulmuşdur ki, 2.1.1-ci yarımbənddə göstərilən müddətdə təchiz olunmuş malların keyfiyyəti müqavilənin texniki şərtlərinə uyğun gəlmədikdə, alıcı malın texniki göstəricilərin tələblərinə uyğunsuzluğunun aşkar etdiyi tarixdən ən gec 15 gün ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Satıcının öz təmsilçisi vasitəsilə etirazın əsaslılığını yerindəcə yoxlamaq hüququ vardır. Satıcının etirazı müzakirə etməsi müddəti, etirazı aldığı tarixdən 15 gündən çox ola bilməz. Əgər etiraz əsaslı olarsa, satıcı tərəflərin öz aralarında razılaşdıqları qısa müddətdə dəyişdirilməlidir. 4.4. 21 noyabr 2022-ci ildə SOCAR-ın X2 DN160xDN159 ölçülü polietilendən metala keçidin nümunəsində aparılan sınaq zamanı sızma və təzyiq düşküsü aşkarlanmasa da, DN315xDN325 ölçülü polietilendən metala keçidin sınağı üçün götürülmüş nümunəsinin sınağı zamanı sabun köpüyü vasitəsi ilə sızma olduğu və monometrdə təzyiq düşküsünün müşahidə olunduğuna istinad olunaraq xx.xx.2022-ci il tarixli “Anbara daxil olmuş mal-materiallar barədə aralıq aktı” tərtib olunmuşdur. Sızmaya səbəb sınaq zamanı normadan yüksək təzyiqin verilməsi olmuşdur. xx.xx.2022-ci il tarixdə X2 aparılmış sınaqda "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə da iştirak etmiş, video-çəkiliş aparmışdır. Həmin video-çəkilişdən də göründüyü kimi, hətta (SOCAR-ın strukturu olan) X3 işçiləri də etiraz edirlər ki, bu metalakeçidlərə 10-15 atmosfer təzyiq vermək olmaz. Onlar orada etiraz edirlər ki, İddiaçı İB-dən Zaur müəllim və ya başqa səlahiyyətli şəxs zəng vuraraq təzyiqin artırılmasını tələb etmişdir. Həmin sınaq zamanı MMC-nin direktoru Qanuni nümayəndə da demişdir ki, sınaq olunan mallar maksimum 4 atmosferə hesablanmışdır, ona görə də 10-15 atmosfer həddində təzyiq verilməsi cavabdehə qarşı İddiaçı İB tərəfindən qərəzli münasibətin göstəricisidir. Sözügedən “aralıq aktı” tərtib edildikdən sonra 15 gün ərzində cavabdehə iddiaçıdan 25 iyul 2022-ci il tarixli müqavilənin 7.1-ci bəndində təsbit olunmuş yazılı etiraz daxil olmamışdır. Bu səbəbdən də sözügedən müqavilənin 7.2-ci bəndinə əsasən cavabdeh etirazın əsaslığını yerində yoxlamaq hüququnu həyata keçirə bilməməklə yanaşı, etirazın əsaslı olub-olmadığını müəyyənləşdirmək mümkünsüz olmuşdur. 4.5. 13 dekabr 2022-ci il tarixli məktubun tarixindən 15 gün keçməmiş SOCAR-ın Satınalmalar Komitəsi tərəfindən İddiaçı İB-nin müraciətinə əsasən "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixli qərar qəbul edilməklə, "xxxx" MMC-yə 1 il müddətində SOCAR-da təşkil olunacaq bütün satınalma prosedurlarında iştiraka qadağa tətbiq olunmuşdur. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti məhz hazırkı müqavilənin predmetini təşkil edən keçidlərin istehsalıdır və istehsal olunan “Plastik boru sistemləri, təzyiq boru sistemləri üçün mexaniki “fiting”lər”, “maye və qazları nəqlində istifadə olunan metal keçiricilər (“Fiting”lər)”, eləcə də “PE 100 polietilen borular üçün metal keçiricilər (əymələr, üçlüklər, “filting”lər)” uyğunluq sertifikatları əsasında qiymətləndirilmiş və onların müvafiq olaraq İSO 17885:2021, İSO 4437,1:2014 və İSO 4437-1:2014-ün tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir. Sözügedən mallara dair verilmiş “Uyğunluq sertifikat”larına əsasən "xxxx" MMC-yə istehsal etdiyi malları AZS Milli Uyğunluq nişanı ilə nişanlamaq hüququ verilmişdir. Sözügedən sertifikatlarla həmçinin müəyyən edilir ki, istehsal olunan mallar sınaqdan da keçirilmişdir. Həmin sertifikatlar mallarla birlikdə alıcıya təqdim olunmuşdur. 4.6. İddiaçının cavabdehə ünvanladığı istər xx.xx.2022-ci il tarixli, istərsə də xx.xx.2023-cü il tarixli məktublarda göstərdiyi tələblər tərəflər arasında bağlanmış 25 iyul 2022-ci il tarixli müqavilənin şərtlərinə, xüsusən də həmin müqavilənin 7.1-7.3-cü bəndlərinin tələblərinə uyğun deyildir. Müqaviləyə əsasən yoxlanılan və ya sınaqdan keçirilən malın spesifikasiyalara cavab vermədiyi aşkarlandığı təqdirdə yaranmış məsələ müqavilənin 7-ci bəndində təsbit olunan şərtlərə uyğun həll edilməlidir. Sözügedən müqavilədə hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsi barədə şərt ehtiva olunmamışdır. Satılmış mallarda “qüsur” olmasına dair iddialar heç bir tutarlı dəlillə təsdiqlənmədiyi halda, yalnız subyektiv mülahizələrlə, guya, mallarda qüsur olmasını iddia etmək həm müqavilə şərtlərinə, həm müqavilə münasibətlərinin tənzimlənməsinə dair mülki qanunvericilik normalarına, həm də tərəflər arasında uzun müddətdən bəri formalaşmış işgüzar davranışlara və münasibətlərə uyğun deyildir. Məhkəmə hazırlıq iclaslarında iddiaçı təşkilatın nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, guya, 460 ədəd malın hamısı bir-bir istehsalatda tətbiq olunmuş, sızma qüsuru olduğuna görə anbara geri qaytarılmışdır. Lakin bu subyektiv mülahizəni təsdiq edə biləcək hər hansı sübut təqdim edilməmişdir. İddiaçı dövlət müəssisəsidir, alınaraq anbara mədaxil edilmiş malların sahələrə - qaz çəkilişi və təchizatı işlərinə çıxarılması və yerində tətbiqi, qüsur varsa, onun yerində rəsmiləşdirilməsi və anbara geri qaytarılması yalnız sözdə baş verə bilməz. Mal-materialların dövriyyəsinin tənzimlənməsi mütləq qaydada rəsmiləşdirilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarında suallara cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, cavabdeh tərəfindən təqdim olunan 1040 ədəd malın 466 ədədinin bəzilərində qüsur vardır. Belə ki, 466 ədəd mala həm istifadə olunmayan, həm də istifadə olunub qüsur aşkar edilən polietilendən metala keçidlər daxildir. 574 ədəd keçid sınaq sənədi olmadan istifadə olunmuşdur və bunun riskini iddiaçı özü daşıyır. Həmin keçidlərin istifadə olunması cavabdehi sınaq sənədi təqdim etmək öhdəliyindən azad etmir. Keçidlərdə sızmalar olduğu müəyyən edildikdən sonra istifadə dayandırılmışdır. Cavabdeh tərəf qüsurlu malların qaytarılması ilə bağlı müraciət etmişdir, onlar da bildirmişlər ki, mallar anbardadır, gəlib götürə bilərlər. Həmçinin bildirmişdir ki, sınaq sənədi təqdim olunmadığı üçün hesab edirlər ki, malların hamısı qüsurludur. ГОСТ standartının tələbinə əsasən hər mal sınaqdan keçirilməlidir. Cavabdehin təqdim etdiyi uyğunluq sertifikatında sınaq sənədinə istinad olunması bütün malların sınaqdan keçirilməsi nəticəsinə gəlməyə əsas vermir. Həmin sənəd cavabdehin məhsulları istehsal etməsini təsdiq edir, iddiaçıya satılan malların hamısının sınaqdan keçirildiyini və uyğunluğunu təsdiq etmir. Sertifikata əlavə edilmiş akkreditasiya attestatı – protokol sınaq sənədi hesab edilə bilməz. Çünki həmin protokolda müqavilə üzrə tədarük olunan mallara dair heç bir məlumat öz əksini tapmamışdır. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli “Ekspertiza aktı” istehsal olunan malların mənşə ölkəsini göstərən və ixrac üçün nəzərdə tutulan sənəddir və istehsal olunması nəzərdə tutulan mallara aiddir.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahatlar verdi, müqavilənin şərtlərinə uyğun olaraq malların mənşə sənədi, uyğunluq sertifikatı və sınaq sənədinin iddiaçıya təqdim olunduğunu bildirdi və iddianın rədd olunması xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
9. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında tender nəticəsi haqqında xx.xx.2022-ci il tarixli yekun protokola əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh malların qiymətinin razılaşdırılması haqqında protokolda qiyməti, çeşidi və sayı razılaşdırılmış 9 adda 1040 ədəd polietilendən metala keçidi iddiaçıya təhvil vermiş, iddiaçı malların dəyərini təşkil edən ƏDV daxil 112 412,70 manat məbləğində pulu cavabdehə ödəmişdir.
10. İddiaçı bildirir ki, təqdim olunan 1040 ədəd polietilendən metala keçidin sınaq sənədi cavabdeh tərəfindən təqdim olunmamış, həmin malların 574 ədədi sınaq sənədi olmadan istifadə olunmuş, daha sonra keçidlərdə sızmalar olduğu müəyyən edildikdən sonra istifadə dayandırılmışdır. Cavabdehin təqdim etdiyi uyğunluq sertifikatında sınaq sənədinə istinad olunması bütün malların sınaqdan keçirilməsi nəticəsinə gəlməyə əsas vermir və sertifikata əlavə edilmiş akkreditasiya attestatı – protokol sınaq sənədi hesab edilə bilməz. Belə ki, həmin protokolda müqavilə üzrə tədarük olunan mallara dair heç bir məlumat öz əksini tapmamışdır. xx.xx.2023-cü il tarixli “Ekspertiza aktı” isə istehsal olunan malların mənşə ölkəsini göstərən, ixrac üçün nəzərdə tutulan sənəddir və istehsal olunması nəzərdə tutulan mallara aiddir. Sınaq sənədi təqdim olunmadığı üçün hesab edirlər ki, malların hamısı qüsurludur və 466 ədəd polietilendən metala keçidin geri götürülərək malların dəyərinin ödənilməsini xahiş edir.
11. Cavabdeh bildirir ki, iddiaçı müqavilə şərtlərinə əsasən qüsur aşkar olunduğu tarixdən 15 gün müddətində yazılı qaydada məlumat verməli olduğu halda, belə məlumat verməmiş, yalnız xx.xx.2022-ci il tarixdə məktub göndərmiş, sonrakı məktublarda da qüsur barədə ehtimallara əsaslanmış, konkret sübuta istinad etməmişdir. Cavabdeh qüsur aşkar olunmuş malların cavabdehə qaytarılması xahiş etmiş, lakin belə bir mal qaytarılmamışdır. xx.xx.2022-ci il tarixli aralıq aktında sızma aşkar olunmuş keçidin sınağı düzgün aparılmamış, normadan yüksək atmosfer təzyiqi verilmişdir. İddiaçının tələb etdiyi hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsi barədə şərt tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq malların mənşə sənədi, uyğunluq sertifikatı və sınaq sənədi iddiaçıya təqdim olunmuşdur.
12. Əvvəla göstərilməlidir ki, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Dövlət satınalmaları” haqqında Qanun) müəyyən edir.
13. Həmin Qanunda malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının metodlarını kimi açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender və s. göstərilmişdir. Eləcə də həmin Qanunun 40.4-cü maddəsinə əsasən, satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
14. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanan xx.xx.2022-ci il tarixli müqavilə malların satınalınması müqaviləsi olub mahiyyətcə Mülki Məcəllədə nəzərdə tutulmuş alqı-satqı müqaviləsidir. Mübahisə də məhz “Dövlət satınalmaları” haqqında Qanun, Mülki Məcəllədə nəzərdə tutulmuş imperativ maddi hüquq normaları və tərəflərin razılaşdırdıqları şərtlər əsasında həll edilməlidir.
15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı tələbinin faktiki əsası kimi lazımi keyfiyyətli olmayan əşyanın verilməsinə istinad edir, iddia ərizəsində isə tələbinin faktiki əsası kimi müqavilədə razılaşdırılmış sınaq sənədinin təqdim olunmamasına istinad edir. Məhkəmə bildirir ki, Mülki Məcəllədə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədlərin təqdim edilməməsinin və lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin hüquqi nəticələrinə dair müstəqil tənzimləmələr əks olunmuşdur.
17. Belə ki, Mülki Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
18. Həmin Məcəllənin 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.
19. Hazırkı iş üzrə müqavilənin 2-ci bəndinə əsasən “Malların qiymətinin razılaşdırılması haqqında protokol”da göstərilmiş malları müqavilə bağlandıqdan sonra satıcı tərəfindən alıcının ünvanına 60 təqvim günü ərzində təhvil verməyi öhdəsinə götürür (2.1.1), mallar alıcının anbarında təhvil verilir (2.1.3), mallarla bir vaxtda onlara aid olan sənədləri – malların göndərilməsini təsdiq edən sənəd – nəqliyyat qaiməsi, malların mənşə sənədi, uyğunluq sertifikatı və sınaq sənədi, qaimə-faktura alıcıya təqdim edilir (2.1.5), mallar alıcının anbarına təhvil verildikdən sonra onların dəyəri fakt üzrə 30 iş günü ərzində ödəniləcəkdir (4.3).
20. Malların təhvil verilməsi işin mübahisəsiz halıdır, lakin təhvil verilmə tarixi barədə tərəflər məhkəməyə dəqiq məlumat verə bilməmiş, bunu təsdiq edən sənəd təqdim etməmişlər. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunda iddiaçı malların sentyabr ayının sonu, oktyabr ayının əvvəlində təhvil verildiyinə istinad etmiş, cavabdeh tərəf bu fakta dair iddiaçıya etiraz ünvanlamamışdır. Belə olan halda, malların təhvilinin oktyabr ayının əvvəlində yekunlaşdığı qənaətinə gəlmək olar.
21. İddiaçı sınaq protokolunun ona təhvil verilmədiyini, uyğunluq sertifikatı və sertifikata əlavə edilmiş akkreditasiya attestatı – protokolun sınaq sənədi hesab edilə bilmədiyini qeyd edir və hər bir təhvil verilən malın sınaq sənədinin verilməli olduğunu bildirir.
22. Məhkəmə qeyd edir ki, tərəflər müqavilədə mallarla bir vaxtda uyğunluq sertifikatı və sınaq sənədinin təqdim edilməli olmasını razılaşdırmışlar. Həmçinin malların qiymətinin razılaşdırılması haqqında protokolda polietilendən metala keçidlərin texniki xüsusiyyəti qrafasında ГОСТ P 58121.3-2018, İSO 4437-3:2014, İSO 17885-2021 standartları qeyd olunmuşdur. İddiaçı sentyabr ayının sonu oktyabr ayının əvvəlində malları təhvil alsa da, razılaşdırılmış hər hansı sənədin verilmədiyinə istinad edərək verilməsini tələb etməmiş, qeyd etdiyi hal mövcud olduğu halda əşyadan imtina hüququ barədə təşəbbüs göstərməmişdir. xx.xx.2022-ci il tarixli məktubunda isə yoxlama nəticəsində sızma aşkar olunmasına istinadla hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartın tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsini, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsini tələb etmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilədə ayrı-ayrılıqda sınaqdan keçirilməsi tələbi müəyyən edilməmişdir.
23. Cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən təqdim olunan uyğunluq sertifikatından görünür ki, verilmə tarixi xx.xx.2022, qüvvədə olma tarixi xx.xx.2023-cü il olan sertifikatla PE 100 polietilen borular üçün metal keçiricilərin İSO 4437-1:2014 standartlarının tələblərinə cavab verdiyi, sertifikatın xx.xx.2022-ci il tarixli sınaq protokolu əsasında verildiyi təsbit olunmuşdur.
24. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sifarişdə məhsulların sertifikatlaşdırılması üçün İSO 4437-3.2014 standartı qeyd olunmuş, məhsulun sınaqları sifarişdə qeyd olunan standartın tələbləri əsasında həyata keçirilmiş, lakin məhsulun verilmiş uyğunluq sertifikatı çap edilərkən texniki səhv nəticəsinə İSO 4437-3.2014 standartı əvəzinə İSO 4437.1-2014 qeyd edilmişdir.
25. Cavabdehin təqdim etdiyi akkreditasiya attestatı – AZ 01.0398.01.19 saylı protokollardan görünür ki, "xxxx" MMC-də istehsal olunan PE 100 polietilen borular üçün metal hissəli “fiting”lər ГОСТ P 58121.3-2018 (ИСО 4437-3:2014) üzrə sınaqdan keçirilmiş və hər parametr üzrə uyğun hesab olunmuşdur.
26. “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir.
27. Təqdim olunan sənədlərdən, göründüyü kimi, satılan mallar müvafiq standartların tələblərinə əsasən sınaqdan keçirilmiş və uyğunluq sertifikatı verilmişdir.
28. “Dövlət satınalmaları” haqqında Qanunun 40-1.4-cü maddəsinə əsasən müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir.
29. Həmin Qanunun 40-2-ci maddəsinə əsasən satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlayır.
30. Hazırkı işin hallarını qanunun qeyd olunan tələbləri baxımından qiymətləndirdikdə aydın olur ki, iddiaçı malları təhvil almış, müqavilədə razılaşdırılan sənədlərin təqdim edilməməsinə dair cavabdehə müraciət etməmiş, təqdim edilmiş sənədləri mübahisələndirməmiş, son haqq-hesab aparılanadək təqdim edilmiş malların texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq vəzifəsi qanunun tələbi olmuş, lakin malların qeyd olunan tələblərə və standartlara uyğun olmamasına dair cavabdehə hər hansı etiraz irəli sürməmiş və malların dəyərini tam ödəmişdir. Təqdim olunan mallardan isə 574 ədədini istifadə etmişdir.
31. Məhkəmə Mülki Məcəllənin 5.3 və 16.1-ci maddələrinin tələblərinə əsasən qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
32. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Həmin Məcəllənin “Hüquqdan sui-istifadənin qadağan edilməsi” adlanan 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
34. Vicdanlılıq prezumpsiyası və hüquqdan sui-istifadəni qadağan edən mülki qanunvericiliyin normalarının tələblərini, beynəlxalq hüquq və praktikanın qarşılıqlı təhlilini əks etdirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı).
35. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır. Bu mənada hazırkı iş üzrə iddiaçının son haqq-hesab aparılanadək təqdim edilmiş malların texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq vəzifəsi olduğu halda malları təqdim olunan sənədlərlə təhvil alaraq etiraz bildirməməsi, 574 ədəd malı istifadə etməsi, sonradan sınaq sənədinin təqdim edilməməsinə, hər mala görə sınaq sənədinin təqdim edilməli olmasına istinad etməsi prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edən estoppel prinsipinə ziddir. İddiaçının tələbinin faktiki əsası kimi qeyd etdiyi bu halsınaq sənədi təqdim olunmadığından 466 ədəd malın keyfiyyətsiz hesab olunaraq dəyərinin cavabdehdən alınması əsaslı hesab olunaraq iddianın təmin olunması üçün əsas hesab oluna bilməz.
36. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübut qismində iddia ərizəsinə xx.xx.2022 və xx.xx.2022-ci il tarixli anbara daxil olmuş mal-material barədə aralıq aktlarını və “Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli ekspertiza aktını təqdim etmişdir. Məhkəmə icraatının gedişində isə iddiaçı "xxxx" MMC şirkətinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyini təqdim etmişdir.
37. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 5-ci bəndinə əsasən, satıcı malların keyfiyyətinə istehsalçının təlimatına müvafiq olaraq saxlandığı və istifadə etdiyi təqdirdə mal təchiz edildiyi tarixdən 1 il ərzində zəmanət verir.
38. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
39. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur.
40. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.
41. Həmin Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır.
42. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə SOCAR-ın X2 keçirilən sınaq nəticəsində polietilendən metala keçiddə sızma olduğunda istinad edərək malların geri götürülərək hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsini tələb etmişdir.
43. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, seçmə üsulu ilə polietilendən metala keçidlərin X2 xx.xx.2023-cü il tarixdə sınağının aparılacağı bildirilmiş, cavabdehin nümayəndəsinin iştirakının təmin olunması xahiş olunmuşdur.
44. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, polietilendən metala keçidlərin istismara verilərkən qaz sızmasının aşkarlandığına istinad edilərək malların geri götürülərək uyğun sınaq sənədləri ilə birlikdə yeni mallarla əvəzləşdirilərək təqdim edilməsi, bu mümkün olmadıqda əvəzinin ödənilməsi tələb edilmişdir.
45. Göründüyü kimi, iddiaçı təqdim olunan polietilendən metala keçiddə sızma olduğuna istinad etmiş, keyfiyyət tələbinə dair etirazını bunun üzərindən etmiş, tərəflərin razılaşdıqları standartların tələblərinə uyğun mal verilmədiyinə istinad etməmişdir. Həmçinin görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə SOCAR-ın X2 keçirilən sınaq nəticəsinə istinad edərək xx.xx.2023-cü il tarixdə sınağın aparılacağı bildirilmişdir. Qeyd olunan sınağın keçirildiyinə dair sənəd təqdim etməmiş, bundan fərqli olaraq məhkəməyə “Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli ekspertiza aktını təqdim etmişdir. Həmçinin məhkəmə icraatının gedişində də məhkəməyə "xxxx" MMC şirkətinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyini təqdim etmişdir.
46. xx.xx.2023-cü il tarixli ekspertiza aktından görünür ki, iddiaçı tərəfindən təqdim edilən polietilendən metala keçidlərə (“fiting”lərə) vizual baxış keçirilməklə, xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim edilən polietilendən metala keçidlərə (“fiting”lərə) vizual baxış keçirilməklə, daha sonra hissələrə bölünərək baxış keçirməklə rəylər verilmişdir.
47. Məhkəmə əvvəla qeyd edir ki, qeyd olunan rəylərin verilməsi üçün təqdim olunan malların cavabdehdən alınan mallar olması adıçəkilən rəylərdən müəyyən olunmur. Həmçinin mallara baxış keçirilən zaman cavabdehin iştirakı təmin olunmamışdır. xx.xx.2023-cü il tarixli ekspertiza rəyi isə mallar təqdim olunan tarixdən 1 il sonra, yəni qarantiya verilən tarixdən sonra verilmişdir.
48. Bundan başqa, məhkəmə icraatı gedişində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılmasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qərardadda qoyulan suallara cavabın müəyyən edilməsinin hər hansı ekspertiza növünə aid olmadığı əsası ilə imtina edilmişdir. İddiaçı əşyaların keyfiyyətini sızma olması əsası ilə mübahisələndirdiyinə görə məhkəmə hazırlıq və sonuncu baxış iclasında polietilendən metala keçidlərdə sızmanın olub-olunmamasının müəyyən edilməsi üçün SOCAR-ın X2 tərəflərin iştirakı ilə sınağın keçirilməsini təklif etsə də, iddiaçı sınağın keçirilməsi, dəyərinin ödənilməsi ilə razılaşmamış, sonuncu baxış iclasında məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sınaq keçirilərək keçidlərin kipliyi müəyyən olunduğu halda standartların tələblərinə uyğunluğuna baxacaqlar, sınaq sənədi olmadığından mallar keyfiyyətsizdir. Halbuki sübutetmə ilə bağlı mülki icraatda müəyyən olunan tələblərə əsasən iddiaçı öz tələbinin əsasını təşkil edən bu halı, yəni cavabdeh tərəfindən təqdim olunan məhz 466 ədəd polietilendən metala keçidlərdə sızma olması, kipliyində qüsurların olması ilə bağlı sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır.
49. İddiaçının iddia ərizəsində və cavabdehə ünvanladığı xx.xx.2022, xx.xx.2023-cü il tarixli məktublarda sınaq protokolunun təqdim olunmamasına, təqdim olunan keçidlərdə sızmanın olduğuna, test-sınaq aparılmalı olmasına istinad etdiyi halda məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza sənədlərində fərqli əsasa istinad etməsi anlaşılan deyildir. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixli məktubda SOCAR-ın X2 sınağın keçiriləcəyini bildirsə də, xx.xx.2023-cü il tarixli ekspertiza aktı mallara vizual baxış keçirilməklə aparılmışdır. İddiaçı isə cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda yenə də polietilendən metala keçiddə sızma olduğunda istinad etmişdir.
50. Məhkəmə hüquqdan sui-istifadə və estoppel prinsipinin tələblərinə dair yuxarıda (bax §31-35) qeyd olunanlara və işin hallarına əsasən bildirir ki, iddiaçının özünün istinad etdiyi (keçidlərdə sızmanın olduğu, sınaq protokolunun təqdim olunmadığı) hallara uyğun olmayan, mübahisələndirmədiyi hallara sonradan istinad edərək təqdim etdiyi xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza aktı və rəyi digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olmaqla hüquqdan suiistifadəni qadağan edən qanunvericiliyin tələbinə ziddir və hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
51. Qeyd olunanlara əsasən məhkəmə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza aktı və rəyini iddianın əsasını təşkil edən halı təsdiq edən mötəbər sübut kimi nəzərə almır.
52. Məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli anbara daxil olmuş mal-material barədə aralıq aktına münasibətdə məhkəmə qeyd edir ki, akt birtərəfli – iddiaçının nümayəndələrinin iştirakı ilə tərtib olunmuş, cavabdehin nümayəndəsinin iştirakı təmin olunmamış, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022 və xx.xx.2023-cü il tarixli məktublarında da qeyd olunan sınaq nəticələrinə istinad olunmamışdır. Ona görə də məhkəmə qeyd olunan aralıq aktını mötəbər sübut kimi qəbul etmir.
53. Məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli anbara daxil olmuş mal-material barədə aralıq aktından görünür ki, akt hər iki tərəfin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş, akta əsasən DN160xDN159 ölçülü polietilendən metala keçiddə sızma və təzyiq düşküsünün aşkarlanmadığı, DN315xDN325 ölçülü polietilendən metala keçiddə sızma olduğu və təzyiq düşküsünün müşahidə edildiyi təsbit olunmuşdur.
54. Cavabdehin nümayəndəsi və vəkili qeyd olunan sınağın qaydalara uyğun aparılmadığına istinad etsə də, cavabdehin sınaqda iştirak edən nümayəndəsi akta etiraz etməmiş, hər hansı qeyd verməmiş, aktı imzası ilə təsdiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli akt mötəbər sübut kimi nəzərə alınmalıdır.
55. Mülki Məcəllənin 586.1-ci maddəsinə əsasən, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər.
56. Həmin Məcəllənin 586.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alqı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
57. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci maddəsində əsasən, alıcının əşyanın keyfiyyətini yoxlamaq hüququ, 2.2.3 və 6.2-ci bəndlərində isə keyfiyyətsiz mal aşkar edildikdə alıcının hüquqları (alış qiymətinin azaldılması, malın dəyişdirilməsi) təsbit olunmuşdur.
58. Mülki Məcəllənin 587.1 və 587.1.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan alış qiymətinin mütənasib azaldılmasını tələb etsin.
59. Həmin Məcəllənin 587.2 və 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
60. Hazırkı halda iddiaçı əşyanın keyfiyyətsiz olduğuna istinad edərək müqavilə üzrə təqdim olunan əşyaların bir qisminin dəyərinin ödənilməsini xahiş edir.
61. Məhkəmə xx.xx.2022-ci il tarixli aktı mötəbər sübut kimi nəzərə alaraq hesab edir ki, qeyd olunan akt ilə keyfiyyətsiz olduğu müəyyən olunan DN315xDN325 ölçülü polietilendən metala keçidin dəyərini təşkil edən ƏDV daxil 483,80 manat (410 manat + 73,8 manat ƏDV) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
62. İddiaçı həmçinin 1500 manat ekspertiza xərcinin cavabdehdən tutulmasını xahiş edir.
63. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
64. Məhkəmə qeyd edir ki, iddiaçının ekspertiza keçirilməsi üçün ödənilmiş pul kimi tələb etdiyi 1500 manat məbləğ hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərc olmaqla real zərər kimi qiymətləndirilə bilər. Lakin iddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza aktı və rəyinə görə ödədiyi 903,5 və 200 manat məbləğində ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir və həmin rəylər məhkəmə tərəfindən iddianın əsasını təşkil edən halı təsdiq edən mötəbər sübut kimi nəzərə alınmamışdır. Məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alınan xx.xx.2022-ci il tarixli akt isə tərəflərin nümayəndəsi tərəfindən tərtib olunmuş, sınağın keçirilməsinin dəyərinin nə qədər olması, kim tərəfindən ödənilməsi barədə məhkəməyə sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 1500 manat ekspertiza xərcinin cavabdehdən tutulması tələbi təmin oluna bilməz.
65. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 483,80 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
66. İddiaçı 200 manat mediasiya xərcinin və ödənilmiş 31,69 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
67. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-00727 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf 200 manat mediasiya xərci ödəmişdir.
68. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********** nömrəli qəbzlə 31,69 manat dövlət rüsumu ödənilmişdir.
69. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
70. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
71. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
73. İddia tələbinin 483,80 manat pulun tutulması hissəsində təmin edildiyini və iddia tələbinin təmin olunan hissəsi ilə iddiaçının çəkdiyi məhkəmə xərclərinin (200+31,69) nisbətini nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 2 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
74. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 483 (dörd yüz səksən üç) manat 80 (səksən) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 2 (iki) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova