Məhkəmə qərarları › İş №e-2-2(113)-2929/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2929/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2929/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, məhkəmə tərəfindən dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 avqust 2021-ci il tarixli mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsi üzrə 4720 manat əsas borcun, 1362,19 manat cərimə məbləğinin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış AM0108/21 saylı 01 avqust 2021-ci il tarixli mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən iddiaçı aylıq olaraq mühasibatlıq və kadr xidmətləri göstərməyi, cavabdeh isə müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunan müqavilə üzrə öhdəliklər cavabdehin tapşırığına əsasən tam və vaxtında yerinə yetirilmişdir. Bundan əlavə, müqaviləyə uyğun olaraq xidmətlərin icrası cavabdeh tərəfindən təqdim olunan sənədlərin və digər məlumatların rəsmi qaydada iddiaçıya verilməsi və cavabdeh tərəfindən təyin olunmuş koordinatorun verdiyi sifarişlər əsasında həyata keçirilmişdir. Eyni zamanda müqavilə üzrə nəzərdə tutulmuş ödənişlərin hər xidmət ayının ilk 10 təqvim günündən gec olmayaraq, cavabdeh tərəfindən iddiaçıya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilməsi razılaşdırılmışdır. 2.2. Müqavilə üzrə xidmət haqqı 800 manat (ƏDV xaric) təşkil etsə də, cavabdeh tərəfindən bu məbləğ ödənilməmişdir. Tərəflər arasında imzalanmış 16 yanvar 2023-cü il tarixli üzləşmə aktına əsasən, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş borc məbləğinin 4720 manat olduğu təsdiqlənmişdir. Əlavə olaraq, adıçəkilən müqaviləyə əsasən xidmət haqqının ödənilməsinin 15 təqvim günündən artıq gecikdirilməsinə görə cavabdeh gecikdirilən hər gün üçün iddiaçıya ödənilməli məbləğin 0,1%-i miqdarında cərimə ödəyir. Belə olan halda isə xx.xx.2023-cü il tarixində yekun olaraq cavabdeh tərəfindən 1362,19 manat cərimə ödənişi edilməlidir. 2.3. Mövcud mübahisənin həlli məqsədilə 14 noyabr 2022-ci il tarixində cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş və borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin heç bir ödəniş olmamışdır. Xidmət haqqının ödənilməsinin təmin edilməsi üçün xx.xx.2023-cü il tarixində Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası təşkil olunmuş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. Bu barədə Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən qarşı tərəfin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 430, 448-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bağlanmış 01 avqust 2021-ci il tarixli mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsi əsasında cavabdehə mühasibatlıq və kadr xidmətləri göstərilmiş, həmin xidmətlərin dəyəri bir müddət ödənmişdir. Lakin 2022-ci ilin aprel ayından etibarən avqust ayınadək (avqust ayı da daxil olmaqla) göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, üzləşmə aktına cavabdehin direktoru imza etsə də, həmin gün cavabdehin möhürünün özündə olmaması səbəbindən akt möhürlənməmiş, sonradan isə cavabdehin qanuni təmsilçisi ilə əlaqə qurmaq mümkün olmamışdır.

7. Cavabdehin hüquqi ünvanına, X1 Sistemində yaradılmış elektron kabinetinə və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, qeydiyyat ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş (yerləşdirilmiş), cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmişdir. Amma cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.

10. Məhkəməyə təqdim edilən iddiaçı (icraçı qismində) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi qismində) arasında 01 avqust 2021-ci il tarixdə bağlanmış mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında AM0108/21 nömrəli müqavilənin 1-ci hissəsinə əsasən, bu müqavilə ilə icraçı öz ofisində onlayn şəkildə öz işçiləri (əməkdaşları) vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona (sifarişçiyə) mühasibatlıq və kadr xidmətləri göstərir. Sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir (1.1). Bu Müqavilə üzrə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı müqaviləyə 1 saylı əlavə razılaşmada müəyyən olunur (1.2).

11. Adıçəkilən müqavilənin 4-cü hissəsinə əsasən, sifarişçi icraçıya hər ay üçün əlavə razılaşma ilə müəyyənləşdirilmiş məbləğdə aylıq xidmət haqqı ödəyir (4.1). Bu müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə əlaqədar tələb olunan bütün vergi, rüsum, poçt ödənişləri, nəqliyyat xərcləri, ezamiyyət xərcləri və digər xərclər xidmət haqqına daxil edilmir və icraçı tərəfindən təqdim edilən müvafiq tariflər əsasında sifarişçi tərəfindən İcraçıya ayrıca ödənilir (4.7). Bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və qüvvəyə mindiyi vaxtdan etibarən 1 il müddətinə etibarlıdıq (6.1). Müqavilənin müddətinin bitməsinə ən azı 30 gün qalmış tərəflərdən birinin müqavilənin ləğv edilməsi, yaxud şərtlərinin dəyişdirilməsi barədə müraciəti olmadıqda, müqavilə eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur (6.2).

12. Qeyd edilən müqaviləyə 01 avqust 2021-ci il tarixli 1 saylı əlavə razılaşmaya əsasən, icraçı tərəfindən göstərilən xidmətlər aşağıdakılardır: mühasibatlıq xidmətləri üzrə cari mühasibat işlərinin təqibi istiqamətində əsas vəsaitlərin uçotunun aparılması, əsas vəsaitlərin bazar qiymətlərinə uyğun olaraq yenidən qiymətləndirilməsi, işçi heyətinə əmək haqqının hesablanması və ödənilməsi, əmək haqqı üzrə vergi və sosial sığorta haqlarının ödənişinin həyata keçirilməsi, müəssisənin fəaliyyət növündən asılı olaraq görülmüş işlərə və satılmış mallara görə hesab fakturaların, qaimə fakturaların, təhvil-təslim aktlarının hazırlanması, kreditorlarla hesablaşmalarının aparılması, bank hesabatlarının hazırlanması, pul vəsaitinin hərəkətinin hesabatı, ƏDV depozit hesabı üzrə əməliyyatlarının aparılması və təqibi, idxal-ixrac əməliyyatları zamanı yük gömrük bəyannamələri üzrə işlərin görülməsi, elektron qaimələrin yazılması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, tətbiq olunan vergi sisteminə əsasən, müvafiq hesabatlarının hazırlanması istiqamətində sadələşdirilmiş vergi bəyannaməsinin tərtib edilməsi, görülmüş iş və xidmətlərə, satılmış mallara görə dövriyyənin müəyyən edilməsi, görülmüş iş və xidmətlərə, satılmış mallara görə daxil olmuş vəsaitə əsasən vergilərin hesablanması, sadələşdirilmiş vergi üzrə dövlət büdcəsi ilə hesablaşmaların aparılması, ƏDV bəyannaməsinin tərtib və təqdim edilməsi, ƏOV üzrə dövriyyənin müəyyənləşdirilməsi, ƏDV üzrə əvəzləşmələrin verilməsi, ƏDV üzrə dövlət büdcəsi ilə hesablaşmalar, ödəmə mənbəyi üzrə bəyannamə, mənfəət vergisi bəyannaməsi, əmlak vergisi bəyannaməsi, gəlir vergisi bəyannaməsi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi bəyannaməsi, mədən vergisi bəyannaməsi, torpaq vergisi bəyannaməsi və s., digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması istiqamətində Dövlət Sosial Müdafiə Fondu üzrə hesabatlar, dövlət statistika orqanlarına hesabatlar, digər dövlət orqanlarına təqdim edilən hesabatların verilməsi; kadr xidmətləri üzrə işə qəbul edilən namizəd ilə əmək müqaviləsinin tərtib edilməsi üçün lazımi sənədlərin yığılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi), yeni işçilərin X2yn fərdi uçota alınması, işdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması, işdən çıxış və işə qəbul edilmə əmrlərinin yazılması, aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi, dövlət orqanlarına hesabatların vaxtında verilməsi, məzuniyyət dövrünün hesablanması və bütün işçilərin məzuniyyətə çıxmalarının təmin edilməsi, işçilərə "Tibbi müayinə" kartlarının alınması və icbari tibbi sığorta olunması (1-ci hissə). Sifarişçi bu əlavə razılaşma üzrə icraçıya hər ay üçün 800 (səkkiz yüz) AZN məbləğində (ƏDV xaric), əsas müqavilədə göstərilən qaydada aylıq xidmət haqqı ödəyir (2-ci hissə).

13. Sözügedən müqaviləyə 06 oktyabr 2021-ci il tarixli 2 saylı əlavə razılaşmaya əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı şirkətin dövlət reyestri məlumatlarında dəyişiklik edildiyi üçün Cavabdeh olaraq qəbul edilməsi göstərilmişdir.

14. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan və elektron qaimə-fakturalarından görünür ki, xx.xx.2021-ci il tarixli EBBH 185233 seriya və nömrəli elektron qaimə (“təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli EBBJ 810069 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli EBBJ 892414 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 236 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli EBBL 463053 seriya və nömrəli elektron qaimə (“təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli EBBN 029822 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli EBBO 683657 seriya və nömrəli elektron qaimə (“təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBBQ 405743 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli EBBS 108571 seriya və nömrəli elektron qaimə (“təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBBS 889135 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 354 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBBT 615747 seriya və nömrəli elektron qaimə (“təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBBV 406676 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBBX 242056 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBBZ 177997 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBCA 728014 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixli EBCC 837287 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqlənmiş”) üzrə 944 manat (ƏDV daxil) dəyərində xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən rəsmiləşdirilmişdir.

15. İş materiallarında olan ödəniş sənədlərində görünür ki, cavabdeh tərəfindən 25 oktyabr 2021-ci il tarixdə EBBJ 810069 seriya və nömrəli elektron qaimə üzrə 800 manat, EBBJ 892414 seriya və nömrəli elektron qaimə üzrə 200 manat, 29 oktyabr 2021-ci il tarixdə EBBL 463053 seriya və nömrəli elektron qaimə üzrə 800 manat, 20 dekabr 2021-ci il tarixdə EBBN 029822 seriya və nömrəli elektron qaimə üzrə və dekabr ayı üçün avans kimi 1600 manat, 08 fevral 2022-ci il tarixdə EBBQ 405743 seriya və nömrəli elektron qaimə üzrə 800 manat, 18 mart 2022-ci il tarixdə EBBS 889135 və EBBS 108571 seriya və nömrəli elektron qaimələr üzrə 1100 manat, 25 aprel 2022-ci il tarixli EBBT 615474 seriya və nömrəli elektron qaimə üzrə 800 manat ödəniş edilmişdir.

16. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən 27 avqust 2021-ci il tarixdə 144 manat, 25 oktyabr 2021-ci il tarixdə 144 manat və 36 manat, 01 noyabr 2021-ci il tarixdə 144 manat, 20 dekabr 2021ci il tarixdə 288 manat, 08 fevral 2022-ci il tarixdə 144 manat, 18 mart 2022-ci il tarixdə 198 manat, 22 aprel 2022-ci il tarixdə 144 manat ƏDV ödənilmişdir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 avqust 2021-ci il tarixdə bağlanmış mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında AM0108/21 nömrəli müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən iddiaçı öz ofisində onlayn şəkildə işçiləri (əməkdaşları) vasitəsilə cavabdehə siyahısı müqaviləyə 1 saylı əlavə razılaşma ilə müəyyən olunan xidmətləri göstərməyi, cavabdeh isə bunun müqabilində iddiaçıya razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 12862 manat (ƏDV daxil) dəyərində xidmətlərin göstərilməsi elektron qaimələrlə rəsmiləşdirilmiş, həmin xidmətlərin dəyərindən 7342 manat (ƏDV daxil) ödənilmişdir.

18. İddiaçı tərəflər arasında imzalanmış xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri olan 4720 manat məbləğində pulun tutulmasını tələb edir.

19. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim olunmuş bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, müqaviləyə 1 saylı əlavə ilə icrası razılaşdırılmış xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmir və iddiaya heç bir etiraz vermir.

20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01 avqust 2021-ci il tarixdə bağlanmış mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında AM0108/21 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

26. Məhkəmə bildirir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər. Bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

27. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

28. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Məhkəmə bildirir ki, tərəflərin arasında olan razılaşmaya uyğun olaraq iddiaçı öz öhdəliklərini icra etmiş və razılaşdırılmış xidmətləri göstərmişdir. Tərəflər arasında bağlanmış 01 avqust 2021-ci il tarixdə bağlanmış mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında AM0108/21 nömrəli müqavilənin 4.5-ci bəndinə əsasən, ödənişlər hər xidmət ayının ilk 10 təqvim günündən gec olmayaraq sifarişçi tərəfindən icraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh xidmət müqaviləsi ilə razılaşdırılan xidmətlərin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

37. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 4720 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

38. İddia ərizəsində iddiaçı həmçinin 1362,19 manat məbləğində cərimənin cavabdehlərdən tutulmasını xahiş edir.

39. 01 avqust 2021-ci il tarixdə bağlanmış mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında AM0108/21 nömrəli müqavilənin 5.3-cü bəndinə əsasən, xidmət haqqının ödənilməsinin 15 təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödənilməli məbləğin 0,1% miqdarında cərimə ödəyir.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

43. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 01 avqust 2021-ci il tarixdə bağlanmış mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında AM0108/21 nömrəli müqavilə üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olsa da, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 230 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

45. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 230 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

46. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00213 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 28 fevral 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

48. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak еtməlidirlər.

49. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

50. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

51. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə “AMİN” S.X.E.” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı Cavabdeh) arasında bağlanmış 01 avqust 2021-ci il tarixli xidmət müqaviləsi 4720 (dörd min yeddi yüz iyirmi) manat əsas borc, 230 (iki yüz otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar