Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2930/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tərəflər arasında yaranmış 12971 manat əsas borc və bu günki tarixə 648.55 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 13619,55 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında yaranmış 12971 manat əsas borc və bu günki tarixə 648.55 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 13619,55 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01.04.2018-ci il tarixdə EP-ATV/01-2018 №-li ödəmə məntəqələri vasitəsilə ödənişlərin yığılması və aidiyyəti hesaba köçürülməsi haqqında xidməti müqavilə imzalanmışdır. Tərəflər arasında bağlanılmış həmin müqavilənin 1-ci maddəsinə əsasən müqavilənin predmeti Azərbaycan Respublikasının ərazisində iddiaçının abunəçiləri və ödəyiciləri tərəfindən cavabdehin ödəmə məntəqələri vasitəsilə edilən ödəmələrin cavabdeh tərəfindən yığılması və yığılmış vəsaitlərin iddiaçının bu müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsidir. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə əsasında həftə ərzində yığılan bütün pul vəsaitləri (həftə ərzində yığılan məbləğ 5 000 (beşmin) manatdan az olmadığı halda) növbəti həftənin 2-ci iş günü ərzində 17.00-dan gec olmayaraq iddiaçının müqavilədə qeyd olunan hesablaşma hesabına köçürülməsi cavabdeh tərəfindən təmin edilməlidir. Lakin İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01.04.2018-ci il tarixdə EP-ATV/01-2018 №-li ödəmə məntəqələri vasitəsilə ödənişləri yığılması və aidiyyəti hesaba köçürülməsi haqqında imzalanmış xidməti müqaviləyə əsasən 01.08.2019-31.08.2019-cu il tarixli ödənişlərin yığımı haqqında tərtib edilmiş 17.09.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktına əsasən "xxxx" MMC-nin ödəyəcəyi məbləğ 12 971 (on iki min doqquz yüz yetmiş bir) manat təşkil etdiyi halda cavabdeh tərəfindən qeyd edilən pul vəsaiti 18.09.2019-cu il tarixdə saat 17.00-dək iddiaçınin hesabına köçürülməli olduğu halda cavabdeh bunu etməmişdir. Bu da müqavilə şərtlərinin pozulması deməkdir. Müqavilənin 6.3-cü maddəsinə əsasən yığılan vəsaitlər bu müqavilənin 3.1-ci müəyyən edilmiş müddətdə cavabdeh tərəfindən iddiaçınin bank hesabına köçürülməzsə, növbəti 1 (bir) iş günü ərzində aparılan araşdırmanı nəzərə alaraq, cavabdehə qarşı ödənişin 5%-dən artıq olmamamqla, cərimə tətbiq olunur. Qeyd edildiyi kimi 17.09.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin ödəyəcəyi məbləğ 12 971 (on iki min doqquz yüz yetmiş bir) manat təşkil etdiyi halda və 470 gün vaxt keçdiyindən 12 971 (on iki min doqquz yüz yetmiş bir) manatın 5%-i, yəni 648.55 manat (altı yüz qırxsəkkiz manat əlli beş qəpik) hesablanmaqla ümumilikdə cavabdeh tərəfindən iddiaçının müqavilədə qeyd olunan hesablaşma hesabına 13619,55 manat (on üç min altı yüz on doqquz manatəlli beş qəpik) pul vəsaiti köçürülməlidir. Mübahisəni məhkəməyə qədər danışıqlar yolu ilə həll etmək məqsədi ilə cavabdehə 10.12.2020-ci ildə pretenziya göndərilmiş, lakın bu günədək mübahisə öz müsbət həllini tapmamışdır. Cavabdehin müqavilə öhdəliklərini layiqincə icra etməməsi səbəbindən iddiaçı üçüncü şəxslər qarşısında götürdüyü öhdəliklərinin pozulması üzrə maliyyə itkiləri ilə yanaşı, illər boyu qazandığı nüfuzuna xələl gətirilməsi ilə üzləşməkdədir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.04.2018-ci il tarixli EP-ATV/01-2018 №li xidmət müqaviləsindən görünür ki, tərəflər iddiaçının abunəçiləri və ödəyiciləri tərəfindən cavabehin ödəmə məntəqələri vasitəsi ilə edilən ödəmələrin cavabdeh tərəfindən yıgılması və yıgılmış vəsaitlərin iddiaçının bu müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə baglı xidmətlərin göstərilməsi və iddiaçı tərəfindən bu müqavilənin şərtlərinə uygun cavabdehə xidmət haqqının ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilənin 6.3-cü bəndinə əsasən, iddiaçı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə tələb etmək hüququna malikdir. 17 avqust 2019-cu il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya həmin tarixə olan borcu 12971 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 789.1-ci maddəsinə əsasən Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01.04.2018-ci il tarixdə müqavilə bağlanmış və müqaviləyə əsasən tərəflər iddiaçının abunəçiləri və ödəyiciləri tərəfindən cavabehin ödəmə məntəqələri vasitəsi ilə edilən ödəmələrin cavabdeh tərəfindən yıgılması və yıgılmış vəsaitlərin iddiaçının bu müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə baglı xidmətlərin göstərilməsi və iddiaçı tərəfindən bu müqavilənin şərtlərinə uygun cavabdehə xidmət haqqının ödənilməsini öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya 17 avqust 2019-cu il tarixə olan borcu 12971 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01.04.2018-ci il tarixli müqaviləyə və 17 avqust 2019-cu il tarixli Üzləşmə aktına əsasən 12971 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda iddiaçı hər bir gecikdirimiş günə 0.1% cərimə tələb etmək hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, 648.55 manat məbləğində dəbbə pulu hissəsində də iddia əsaslı oldugundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 12971 manat əsas borc, 648.55 manat cərimə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12971 manat əsas borc, 648.55 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 13619,55 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2930/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2930/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver