Məhkəmə qərarları › İş №e-2-2(113)-2933/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2933/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2933/2023 08.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi X1, Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rasmar MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RSMR/SGC-002/22 saylı alqısatqı müqaviləsinə əsasən əsas borc 18019,50 manat, ƏDV 3243,51 manat və 1800 manat cərimə olmaqla, ümumilikdə 23063,01 manat pulun və 200 manat məbləğində mediasiya xərcinin Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində RSMR/SGC-002/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək elektron qaimələr göndərilmiş, cavabeh də öz növbəsində bu qaimələr üzrə xx.xx.2022-ci il tarixində 29950,15 manat, xx.xx.2022-ci il tarixində isə 20750,44 manat ödəniş etmişdir. Bundan əlavə cavabdeh iddiaçının ƏDV depozit hesabına ümumilikdə 9126,11 manat pul ödəmişdir (hesabdan çıxarışlar və ədv depozitdənn çıxarış əlavə olunur) Hal-hazırda cavabdehin xx.xx.2022-ci il tarixli 190796 nömrəli elektron qaimə üzrə 9083,8 manat +18% ƏDV və xx.xx.2022-ci il tarixli 664108 nömrəli elektron qaimə üzrə 8935,7 manat +18% ƏDV olmaqla cəmi 18019,5 manat +18% ƏDV=21263,02 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, iddiaçı tərəfindən malların təhvil verilməsinə baxmayaraq cavabdeh 21263,02 manat məbləğində borcunu ödəmir. Tərəfimizdən cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmuşdur və son olaraq xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilərək yaranmış qalıq borcunun müqavilə öhdəliklərinə uyğun olaraq növbəti 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində yenidən eyni məzmunlu pretenziya məktubu cavabdehə göndərilsə də cavabdeh pretenziya məktubuna heç bir cavab verilməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Lakin tərəflər arasında razılıq əldə olunmadığından “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərin arasında 2022-ci ilin mart-may aylarında davamlı alqı-satqı münasibətləri olmuş, cavabdeh tikinti materiallarının sifarişini “email” vasitəsi ilə həyata keçirmiş, iddiaçı isə qaimə faktura ilə sifariş olunan malları cavabdehə təhvil verəndən sonra göndərilən elektron qaimələrə əsasən cavabdeh tərəfindən ödənişlər aparılmış, lakin iki elektron qaimə üzrə ödəniş aparılmadığına görə tələbin təmin edilməsini xahiş etmişdir. Bununla yanaşı izahatında tərəflərin arasında işgüzar münasibətlərin məhz qeyd olunan qaydada olduğunu, qaimə fakturaların cavabdeh tərəfindən ayrı-ayrı şəxslər tərəfindən imzalanmasına baxmayaraq, Cavabdeh MMC tərəfindən 17 elektron qaimədən sadəcə olaraq 2-nin ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında cəmiyyətin direktoru vəzifəsində işlədiyini, iddiaçının 2 elektron qaimə üzrə malları onlara təhvil vermədiyini, iddiaçının təqdim etdiyi qaimə fakturalarda malları qəbul edən şəxslərə sözügedən səlahiyyətlərin verilmədiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin izahatında əvvəlki 15 elektron qaimə üzrə ödənişlərin aparılmasının səbəbini, malların təhvil verilməsi və şirkətin həmin malların qəbul etməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, X2 eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli “email” yazışmasına istinad etsə də, həmin mallar, həmçinin pulların tələb edildiyi digər mallar Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə təhvil verilmədiyinə görə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, satıcı Rasmar MMC ilə Cavabdeh MMC arasında bağlanmış RSMR/SGC-002/22 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC malı Cavabdeh MMC-yə satır, Cavabdeh MMC isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 3.5-ci maddəsindən görünür ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən pozulduğu halda alıcı tərəfindən satıcıya hər gecikdirilmiş günə görə gecikdirilmiş ödənişin 0,1% həcmində cərimə ödənilməlidir. xx.xx.2022-ci il tarixli 664108 nömrəli EBBX seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC 8935,7 manat + 1608,43 manat (18% ƏDV) olmaqla cəmi 10544,13 manat mal satmışdır. xx.xx.2022-ci il tarixli 190796 nömrəli EBBW seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC 9083,80 manat + 1635,08 manat (18% ƏDV) olmaqla cəmi 10718,88 manat mal satmışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı İddiaçı MMCdən 11 adda mallar alıcı Cavabdeh MMC-yə təhvil verilmiş, alıcı qismində malları qəbul edən imzalasa da, şəxsiyyəti qeyd edilməmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı İddiaçı MMCdən 11 adda mallar alıcı Cavabdeh MMC-yə təhvil verilmiş, alıcı qismində malları qəbul edən “Mirzəyev Kamran” imzalamışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı İddiaçı MMCdən 3 adda mallar alıcı Cavabdeh MMC-yə təhvil verilmiş, alıcı qismində malları qəbul edən “Mirzəyev Kamran” imzalamışdır. xx.xx.2022-ci il tarixli 098494 nömrəli EBBX seriyalı elektron qaimədən görünür ki, satıcı İddiaçı MMC-dən ƏDV daxil 2683,32 manat dəyərində 3 adda mallar (xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturada qeyd edilən) alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-nin “PaşaBank”da olan hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli 098494 nömrəli EBBX seriyalı elektron qaimə üzrə borc xx.xx.2022-ci il tarixdə ödənilmişdir. xx.xx.2022-ci il tarixdə “Gmail” vasitəsi ilə aparılmış elektron yazışmadan görünür ki, mailto:office@sgc.com.azElektron ünvan 1 elektron ünvanından mailto:asiman.mammadova@rasmar.azElektron ünvan 2 elektron ünvanına xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə ilə təhvil verilmiş malların sifarişi verilmişdir. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00564 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Konstitusiya Məhkəməsi plenumunun qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmış və həmin ilin mart-may aylarında davamlı alqı-satqı münasibətləri olmuş, alıcı Cavabdeh MMC 17 elektron qaimədən 15-i üzrə ödənişlər aparsa da, 2 elektron qaimə (xx.xx.2022-ci il tarixli 190796 nömrəli EBBW seriyalı və xx.xx.2022-ci il tarixli 664108 nömrəli EBBX seriyalı) üzrə malların təhvil verilməməsi əsası ilə ödəniş aparmamışdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ödənilməyən xx.xx.2022-ci il tarixli 190796 nömrəli EBBW seriyalı və xx.xx.2022-ci il tarixli 664108 nömrəli EBBX seriyalı elektron qaimələr üzrə müvafiq olaraq xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturaları təqdim etsə də, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə faktura şəxsiyyəti məlum olmayan şəxs tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə faktura isə “Mirzəyev Kamran” tərəfindən imzalanmışdır. Həmçinin “Mirzəyev Kamran” imzaladığı xx.xx.2022-ci il tarixli qaimə fakturadan (bu qaimə faktura əsasında xx.xx.2022-ci il tarixli 664108 nömrəli EBBX seriyalı elektron qaimə tərtib edilib) başqa, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturanı imzalamış və həmin sənəd əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 098494 nömrəli EBBX seriyalı elektron qaimə (mübahisələndirilməyən elektron qaimə) üzrə yaranmış borcu Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə ödəmiş, yəni Cavabdeh MMC malları qəbul edən “Mirzəyev Kamran” adlı şəxsi səlahiyyətli şəxs kimi qəbul etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Mirzəyev Kamran” imzaladığı xx.xx.2022-ci il tarixli qaimə fakturada (xx.xx.2022-ci il tarixli 664108 nömrəli EBBX seriyalı elektron qaimə) göstərilən malların sifarişi xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus mailto:office@sgc.com.azElektron ünvan 1 elektron ünvanından mailto:asiman.mammadova@rasmar.azElektron ünvan 2 elektron ünvanına göndərilən elektron məktub vasitəsi ilə həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli 664108 nömrəli EBBX seriyalı elektron qaimə üzrə malların (xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə faktura) cavabdehin səlahiyyətli şəxsinə təhvil verilməsini təsdiq edən sənədi (səlahiyyətini təsdiq edən etibarnamə və ya digər) məhkəməyə təqdim etməsə də, məhkəmə xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə fakturanı imzalayan “Mirzəyev Kamran”ı (digər qaimə faktura üzrə ödənişlərin aparıldığını nəzərə alaraq) səlahiyyətli şəxs kimi qəbul edir, həmçinin sözügedən qaimə fakturada göstərilən mallar Cavabdeh MMC tərəfindən mailto:office@sgc.com.azElektron ünvan 1 elektron ünvanından istifadə edilməklə xx.xx.2022-ci il tarixdə sifariş edildiyinə görə xx.xx.2022-ci il tarixli 664108 nömrəli EBBX seriyalı elektron qaimə üzrə 10544,13 manat (ƏDV daxil) məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli 190796 nömrəli EBBW seriyalı elektron qaimə üzrə pulun ödənilməsini xahiş etsə də, malların cavabdehin səlahiyyətli şəxsinə təhvil verilməsini təsdiq edən sənədləri (səlahiyyətini təsdiq edən etibarnamə və ya digər) məhkəməyə təqdim etmədiyinə görə tələb həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək hesablanmış borc azaldılaraq 455,87 manat hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 10544,13 manat əsas borc (ƏDV daxil) və 455,87 manat cərimə cəmi 11000 manat, həmçinin 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10544,13 manat əsas borc (ƏDV daxil) və 455,87 manat cərimə cəmi 11000 manat, həmçinin 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar