Məhkəmə qərarları › İş №e-2-2(113)-2934/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2934/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2934/2023 15.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 67100 manat məbləğində maddi ziyanın Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2022-ci il tarixində Çin Xalq Respublikasindan 4000 ədəd Pavlovniya ağacının kök qələm hissələrini Cavabdeh MMC daşıyıcı şirkəti vasitəsilə Azərbaycan Respublikasına idxal etmək qərarına gəlmişdir. Bununla əlaqədar Cavabdeh MMC şirkətinə məxsus *9595 nömrəsi ilə əlaqə saxlamış və daşınma şərtlərini dəqiqləşdirmişdir. Danışıqlar zamanı gətiriləcək malın xüsusiyyətləri və çatdırılma müddətinin vacib amillərdən biri olduğu şirkət əməkdaşlarına xatırladılmışdır. Şirkət əməkdaşı yükün xarici anbara daxil olduğu gündən 5 gün ərzində Azərbaycana çatdırılacağını bildirmişdir. Bundan sonra verilən vədlərə inanaraq, 04 mart 2022 ci il tarixində yükün dəyərini əldə etdiyi şirkətə ödəyərək, Cavabdeh MMC-nin Çin Xalq Respublikasında yerləşən anbarına istiqamətləndirmiş, 05 mart 2022-ci il tarixində yükün şirkətin xarici anbarına təhvil verildiyi bildirilmişdir. Anbara daxil olan gündən bir neçə gün keçməsinə baxmayaraq, yükün xarici anbar statusu almadığını müəyyən etmişdir. 07 mart 2022-ci il tarixində yazılı olaraq şirkətə məlumat vermiş, 08 mart və 09 mart 2022-ci il tarixində təkrar yazdıqdan sonra, 11 mart 2022-ci il tarixində xarici anbar statusuna daxil edilmişdir. Müddət keçdikcə yükün xarab olmasını dəfələrlə bildirsə də, müraciətlərə yalançı vədlərlə cavab verilmişdir. Cavabdeh MMC şirkəti 5 gün ərzində çatdırılmanı həyata keçirəyəcəyinə söz versə də, müxtəlif bəhanələrlə yükü 30 aprel 2022-ci il tarixində, yəni 56 gün sonra Azərbaycana gətirmişdir. Cavabdeh MMC-nin bəhanələrini yoxlamaqdan ötrü mart ayında bir neçə daşıyıcı şirkətlə və hava limanı ilə əlaqə saxlayaraq, Cavabdeh MMC-nin bəhanələrinin nə dərəcədə doğru olduğunu müəyyənləşdirməyə calışmış, məlum olmuşdur ki hava limanı mart ayı ərzində hər həftə Honq-Konqdan ən azı 4 gün karqo reysləri qəbul etmişdir. Digər daşıyıcı şirkətlə ("xxxx" MMC) əlaqə saxlayıb, yükləri Azərbaycana gətirmək istəsə də, Cavabdeh MMC şirkəti yüklərin digər şirkətlə daşınmasına süni əngəl yaradaraq, yükləri digər şirkətin ünvanına göndərməkdən imtina etmişdir. Cavabdeh MMC-nin əsarətində qalmış ağac kökləri tamamilə məhv olmuş hala gəlmişdir. Əldə olunmuş tinglər yetişdirilərək 2021-ci il avqust ayında bağlanmış müqaviləyə əsasən meşəsalma ilə məşğul olan şirkətə satılmalı idi. Cavabdeh MMC şirkətinin məsuliyyətsiz davranışı nəticəsində ona maddi zərər dəymişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097-ci maddələrinə istinad olunmuşdur.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın tələb hissəsində qeyd edilmiş 67100 manat məbləğə toxum alışı üçün ödədiyi 85 manat, köklərin yetişdirilməsi üçün 2074 manat, köklərin alış qiyməti olan 510 manat, çatdırılma qiyməti 1071 manat, gömrük xərcləri 800 manat, qida sertifikatları və analiz üçün 280 manat, əkin xərcləri 4100 manat, məhkəmə rüsumu 292 manat, gübrə 764 manat, ümumi xırda xərclər 1125 manat (bununla bağlı sübut təqdim olunmur), əldən çıxmış fayda kimi 56000 manat məbləğin daxil olduğunu qeyd etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh MMC şirkətinin məsuliyyətsiz davranışı nəticəsində iddiaçıya köklərin idxal edilib əkilməsi üçün-11000 manat, ağacın satışından əldə olunan gəlir (əldən çıxmış fayda)-56000 manat, məhkəmə rüsumu-100 manat zərər dəymişdir. İddiaçının iddiası əsassızdır, təmin edilə bilməz. Cavabdeh olaraq iddianın heç bir hissəsini qəbul etmir. Nəzərə alınmalıdır ki, sifarişçi ilə icraçı arasında olan onlayn müqavilədə daşıma şərtlərində fors-major hallar qeyd olunmuşdur. Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə maneə ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gələn fors major hallarla bağlı tərəflər öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımırlar. Fors major hallarla bağlı cavabdeh heç bir öhdəlik daşımır. Sifarişin icra edildiyi zaman Çin Xalq Respublikasında anbarın yerləşdiyi regionda pandemiya dönəmi idi. Pandemiya cavabdehdən asılı olan səbəb deyil, ÜST və Çin XR hökumətinin verdiyi qaydalara uyğun idi. Bundan başqa, müqavilədə, daşıma qaydalarında konkret olaraq sifarişlərin 3-5 gün ərzində yerinə yetirilməsi ilə bağlı hər hansı öhdəliyi şirkət öz üzərinə götürməmişdir. Pandemiya şərtləri altında isə bütün dünya və biznes mühiti üçün eyni qaydalar şamil edilmişdir. Müştərinin bağlamasının gecikməsinə səbəb Çində olan “lockdown” şəraiti olub. Normal şərtlər altında müştərilərin bağlamaları Honq-Konqa, sonra isə “Silkway” şirkəti vasitəsilə ölkəyə gətirilirdi. Müştərinin bağlamasının xarici anbarda olduğu ərəfələr xarici anbarın yerləşdiyi Yiwu şəhəri ilə yanaşı Çin Xalq Respublikasında ciddi qapanmalar olduğu üçün bağlamaların göndərilməsində müəyyən gecikmə müşahidə edilib. Yaşanan bu halla bağlı müştərilər mütəmadi olaraq məlumatlandırılmış, sosial şəbəkə hesabları üzərindən və saytdan müştərilərə məlumatlar göndərilmişdir. İddiaçı bildirir ki, operator məlumat verməyib, amma iddiaçı əlaqə saxlayan zaman martın ilk günləri Çində “lockdown” baş verməmiş, hadisə olandan sonra bütün müştərilərə tətbiq, sayt, sosial media üzərindən məlumat verilmişdir. Qeyd edildiyi kimi, fors major halı olub, uçuşlar dayandırılıb. Bundan başqa, müştərinin qeyd etdiyi məlumata əsasən bağlamalar xx.xx.2022-ci il tarixdə xarici anbara təhvil verilib. Bağlama üzərində müştəriyə məxsus heç bir məlumat olmayıb. Bunu isə cavabdeh yox, müştərinin məhsul aldığı şirkət və ya özü etməli idi. Yəni müştəri rekvizitlərini, məlumatlarını tam qeyd etməyib, bağlama üzərində ad, soyad və müştəri kodu olmayıb. Bütün bunlar isə sifarişçinin məsuliyyətsiz yanaşmasına görə baş vermişdir. Qaydalarda da qeyd edildiyi kimi, icraçı, daşıma şirkəti burada hər hansı məsuliyyət daşımır və bunun çeşidlənməsi əlavə vaxt itkisinə səbəb olur. Qoşmadan göründüyü kimi, iddiaçı, müştəri özü qeyd edir ki, hansı bağlama hansı müştəri koduna əlavə edilməlidir. Bu bağlamaların müəyyən edilməsi üçün Çin anbarına sorğu göndərilib və müştəri tam məlumatları qeyd etməməsinə rəğmən bağlamalar müəyyən edilən kimi xx.xx.2022 tarixində müştərilərin hesablarına əlavə edilib. Bu zaman itkisi də iddiaçının məsuliyyətsizliyinə görə olmuşdur. Məhsul 2 qutuda olmuşdur. Onlardan biri xx xun adına olub, iddiaçının xx xun adından tələb irəli sürməsi yolverilməzdir. Müştərinin bağlamaları bu səbəblərdən dolayı gecikib. Yiwuda qapanmalar normal hala gəldiyi anbarda müştərinin bağlamaları göndərilib. Bağlamalar xx.xx.2022-ci il tarixində Yiwu-da yerləşən anbardan çıxdığı üçün “yolda” statusu alıb, Honq Konqda baş verən hadisələr ucbatından isə reys xx.xx.2022-ci il tarixində həyata keçirilib və müştərinin bağlamaları mayın 4-ü artıq gömrükdə saxlanılıb. Bundan başqa, materiallar üzrə heç bir halda sübut edilmir ki, iddiaçı həmin ağacları əkmiş və həmin ağaclardan fayda götürə bilməmişdir. İddiaçı ağacları əkmişdirmi? Əkmişdirsə, həmin ağaçlar şirkət tərəfindən gətirilən ağaclar idimi? Bunlar iş üzrə heç bir halda sübut edilmir. Digər nüans isə ağaclar Çindən iddiaçı tərəfdən alınıb. Cavabdeh heç bir formada ağac alan tərəf deyil və ağaçlar, onların növləri, keyfiyyətli olub-olmaması, həmin ağacların fərdi xüsusiyyətlərinə görə şəxsin fayda götürübgötürməməsi anlaşılan deyil və bu cavabdeh tərəfdən vurulan zərər kimi qiymətləndirilə bilməz. Bundan başqa, nəzərə alınmalıdır ki, ağaclara düzgün qulluq etmə, aqro texniki qaydalara riayət edilməməsinə görə dəymiş zərərin icraçının üzərinə öhdəlik kimi qoyulması yolverilməzdir. Xidməti əldə etmək üçün müştəri müvafiq ödəniş etməlidir. Lakin digər bağlamanın aid olduğu xx xun şirkətə 220 manat borcu vardır. Xidmət tələb etdiyi halda, müştəri şirkətə heç bir ödəniş etməmişdir.

6. Cavabdeh tərəfindən verilmiş yazılı etiraza münasibətdə iddiaçı qeyd etmişdir ki, həmin dövrdə pandemiya şəraiti mövcud olsa da, son fazalarını yaşayırdı və heç bir qapanma mövcud deyildi. Həftədə 5 gün Çindən Azərbaycana uçuşlar mövcud idi. Belə olan halda sual yaranır: qapanma var idisə, Cavabdeh MMC-nin xarici anbarı yükləri necə qəbul edirdi və Çin yerli daşıma şirkəti yükü Cavabdeh MMC-nin xarici anbarına necə çatdırmışdı. Digər tərəfdən Cavabdeh MMC-nin nümayəndəsi zəng edərək, qapanmanın olmadığını və ikinci partiya yükü qəbul etməyə hazır olduqlarını söyləmişdi. Cavabdeh daha bir arqumentində bildirmişdir ki, müqavilədə çatdırılma vaxtı qeyd edilməyib. Buna cavab olaraq, məhsulu sifariş etməkdən öncə Cavabdeh MMC-nin operatoru ilə danışılıb çatdırılma vaxtı dəqiqləşdirilib. Operator xarici anbara daxil olduğu gündən 5 gün ərzində Azərbaycana çatdırılacağını bildirib. Növbəti arqumentində guya ki, qutuların üzərində heç bir məlumat olmadığı bildirilir. Bu, tamamilə yanlışdır, çünkü yükü digər daşıma şirkəti həyata keçirib və qutuların üzərində bütün məlumatlar olub. Digər arqumentinə cavab olaraq, bu ağac növü yüksək regenerasiyaya malikdir və bunun yetişdirilməsində heç bir aqro texniki qulluq nəzərdə tutulmayıb, tinglər Azərbaycana daxil olan zaman tamamilə məhv olmuş vəziyyətdə idi. Tədqiq olunan sübutlar:

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. İş materiallarından görünür ki, X3 “sifarişçi”, Azərbaycan Respublikakı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi “icraçı” olmaqla, 22 aprel 2022-ci il tarixli DM-151 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin tapşırığı əsasında ona “müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də qeyd edilən xidmətin (bundan sonra “xidmət” adlandırılacaq) göstərilməsini həyata keçirir. 1.2-ci bəndə əsasən “sifarişçi” göstərilən “xidmətin haqqını “icraçı”ya ödəyir.

10. 22 aprel 2022-ci il tarixli DM-151 saylı müqaviləyə 22 aprel 2022-c il tarixli Əlavə № 1-dən məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərf'nin 3.2.4.2.-ci yarımbəndinə əsasən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 1 nümunənin (bakteriya mənşəli bitki xəstəliklərinin təyini) fitosanitar müayinəsinin və ekspertizasının aparılması 50 (manat) manat təşkil edir.

11. Azərbaycan Respublikakı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən X2 təqdim edilməsi üçün tərtib edilmiş 22 aprel 2022-ci il tarixli DM-150 saylı hesab-fakturada “bakteriya mənşəli bitki xəstəliklərinin təyini” xidməti üzrə 50 manat, “seleksiya naliyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası” xidməti üzrə 20 manat hesablanmışdır.

12. İddiaçı “sifarişçi”, Azərbaycan Respublikakı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi “icraçı” olmaqla, 22 aprel 2022-ci il tarixli DM-150 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin tapşırığı əsasında ona “müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də qeyd edilən xidmətin (bundan sonra “xidmət” adlandırılacaq) göstərilməsini həyata keçirir. 1.2-ci bəndə əsasən “sifarişçi” göstərilən “xidmətin haqqını “icraçı”ya ödəyir.

13. Azərbaycan Respublikakı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən İddiaçı təqdim edilməsi üçün tərtib edilmiş 22 aprel 2022-ci il tarixli DM-150 saylı hesab-fakturada “bakteriya mənşəli bitki xəstəliklərinin təyini” xidməti üzrə 50 manat, “seleksiya naliyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası” xidməti üzrə 20 manat hesablanmışdır.

14. xx.xx.2022-ci il tarixli MB 220092 nömrəli protokolda təqdim edilmiş nümunənin analizə yararsız olmuşdur.

15. "xxxx" MMC “alıcı”, İddiaçı “satıcı” olmaqla imzalanmış 11 avqust 2021-ci il tarixli AG-11/08/21-1 nömrəli müqaviləyə əsasən satıcı satır, alıcı isə bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqavilənin əlavəsində göstərilən tərkibdə, həcmdə və göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

16. 11 avqust 2021-ci il tarixli AG-11/08/21-1 saylı müqavilə üzrə 11 avqust 2021-ci il tarixli 01 №-li qiymətlərin razılaşma protokolunda 56000 manat ödəniləcək məbləğ tərəflər arasında razılaşdırılmışdır.

17. "xxxx" MMC “icraçı”, İddiaçı “sifarişçi” olmaqla imzalanmış 15 iyul 2021-ci il tarixli FŞ-15/07 nömrəli müqaviləyə əsasən “sifarişçi”yə məxsus 4 ha olan (sənəddə 2,6 ha) əkin sahəsində "xxxx" MMC tərəfindən torpaq işlərinin görülməsi şərtlərini müəyyənləşdirir.

18. GDĞ seriyalı 544337 nömrəli 03 mart 2022-ci il tarixli kassa mədaxil orderindən məlum olur ki, 4100 manat "xxxx" MMC-yə ödənilmişdir.

19. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən məlum olur ki, 650 ədəd dekorativ ağac kolları X1, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən məlum olur ki, 1.000 ədəd dekorativ ağac kolları İddiaçı, xx.xx.2022-ci il tarilxli gömrük bəyannaməsindən məlum olur ki, 1.000 ədəd dekorativ ağac kolları İddiaçı adına göndərilmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3 daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 1096.1 ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2 ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

22. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya vurulmuş 67100 manat məbləğində maddi ziyanın tutulmasından ibarətdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən sifariş edilmiş və Cavabdeh MMC tərəfindən daşınması həyata keçirilən ağac köklərinin iddiaçıya gec çatdırılması nəticəsində həmin köklər xarab olmuş və bununla da iddiaçıya maddi ziyan dəymişdir.

23. Məhkəmənin qənaətinə əsasən iddiaçıya zərərin dəyməsi, sifariş verilmiş malların yararsız vəziyyətə düşməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçı çəkdiyi xərclərlə bağlı qismən sübutlarını məhkəməyə təqdim etmişdir. eləcə də cavabdeh tərəfindən etirazda göstərilən hallarla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir.

24. Həmçinin qeyd olunmalıdır ki, göründüyü kimi, yüklərin olduğu 1 qutu iddiaçıya, digəri isə digər şəxsə məxsus olmuşdur, lakin iddiaçı onları ayırmayaraq, hər iki bağlamada olan yüklərə münasibətdə dəymiş zərərin ödənilməsini xahiş etmişdir.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC veb saytındakı daşıma və çatdırılma qaydaları bölməsində (https://limak.az/az/terms) qeyd edilmişdir ki, sifarişçi nəzərə almalıdır ki, xüsusilə tez xarab olan, yaş məhsullarının daşınmasında yaranan gecikmə ilə bağlı dəymiş zərər icraçının məsuliyyətini istisna edir. Həmçinin həmin qaydalarda aşağıdakılar göstərilmişdir: “tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə maneə ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gələn fors major hallarla bağlı tərəflər öhdəliyin icra edilməsində məsuliyyət daşımırlar. Bunlara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi, pandemiya və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişiklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.”

26. İddiaçı onunla cavabdeh arasında hər hansı müqavilənin bağlanmadığını, cavabdeh tərəfindən ona daşıma və çatdırılma qaydaları bölməsindəki qaydalar barədə məlumat verilmədiyini bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən ona məxsus veb sayt vasitəsilə şəxslərin qeyri-müəyyən dairəsinə təklif ünvanlanmış və iddiaçı tərəfindən də həmin veb sayt vasitəsilə qeydiyyatdan keçməklə və cavabdehin xarici anbarındakı ünvanına malların sifariş verilməsi ilə (müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər etməklə) cavabdehin ofertası qəbul edilmişdir.

27. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif veb saytlardan çıxarışlardan da görünür ki, iddiaçı tərəfindən malların sifariş edilməsi zamanı Çin Xalq Respublikasında pandemiyaya görə qapanmalar elan edilmişdir.

28. Cavabdeh veb saytındakı daşıma və çatdırılma qaydaları bölməsində xüsusilə tez xarab olan, yaş məhsullarının daşınmasında yaranan gecikmə ilə bağlı dəymiş zərərə görə icraçının məsuliyyətinin istisna edildiyini qeyd etmişdir.

29. iddiaçı həmçinin tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097-ci maddələrinə istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı işdə isə cavabdehin mülki hüquq pozuntusu törətməsi öz təsdiqini tapmır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki iddia təmin olunmamalıdır.

31. İddia rədd olunduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar