Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2937/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi üzrə əsas borc) Hakim Əhmədov İlham Bayram oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: l. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (VÖEN: **********) 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən ödənilməli olan 2160 manat məbləğində qalıq borcun və ödənilmiş 41.60 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan təhvil aldığı mal(lar) müqabilində yaranmış qalıq borcunu ödəmədiyindən tərəflər arasında kommersiya mübahisəsi yaranmışdır. Müxtəlif tarixlərdə tərtib edilmiş təhvil-təslim aktlarından da görünür ki, cavabdeh ümumi dəyəri 2160 manat olan məhsulu təhvil almışdır. Lakin bu günədək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, əldə etdiyi məhsulların dəyərini ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı xx.xx.2025 il tarixdə cavabdehin hüquqi ünvanına bildiriş göndərilmiş, cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyindən bildirişi qəbul edən olmamışdır. Bir müddət sonra cavabdeh ona möhlət verilməsini xahiş etmiş, borcu tam şəkildə, ən qısa zamanda ödəyəcəyini bildirmiş, buna baxmayaraq yenə də iddiaçıya heç bir ödəniş etməmişdir.
İİ. Məhkəmə baxışının hədləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
4. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. Bir tərəfdən təchizatçı İddiaçı MMC, digər tərəfdən distribyutor Cavabdeh arasında bağlanan 09 yanvar 2023-cü il tarixli 22122022/957 nömrəli distribyutor müqaviləsinin: 1.1-ci bəndinə əsasən, təchizatçı müqavilənin müvafiq əlavəsində (əlavələrində) göstərilən məhsulları sonrakı satış məqsədilə partiyalarla “Distribyutor”a verir, “Distribyutor” isə belə partiyalarla göndərilən Malları sonrakı satış üçün “Təchizatçı”dan qəbul edərək, onların dəyərini Müqavilə ilə müəyyənləşdirilmiş şərtlər daxilində qarşı Tərəfə ödəyir. 1.2-ci bəndinə əsasən, partiyalar üzrə təqdim edilən Malların miqdarı, çeşidi və digər xüsusiyyətlər “Distribyutor” tərəfindən “Təchizatçı”ya poçt, elektron poçt, qiymətlərin razılaşdırılması protokollannının imzalanması və s. vasitələrlə verilən və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi sayılan yazılı sifarişlər əsasında müəyyən edilir. 2.4.1-ci bəndinə əsasən, malları qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini ödəmək distribyutorun vəzifəsidir. 3.1-ci bəndinə əsasən, “Distribyutor” hər bir partiya üçün ödənişləri müvafiq partiya üzrə Mallar “Təchizatçı” tərəfindən ona təhvil verildiyi andan 10 (on) gündən gec olmayaraq nağd və ya nağdsız hesablaşmalar qaydasında həyata keçirtməlidir. Nağd qaydada ödəniş yalnız “Təchizatçı” tərəfindən təyin olunmuş inkasatorlara və/və ya “Distribyutor”a yazılı qaydada bildirilmiş “Təchizatçı”ya məxsus istənilən təsərrüfat subyektlərinə (mağaza) Təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Əks halda “Distribyutor”un həyata keçirdiyi ödəniş “Təchizatçı” tərəfindən sistemdə qeydə alınmayacaq və o, həmin sifariş (partiya) üzrə borclu hesab ediləcəkdir. 4.3-cü bəndinə əsasən, malların təhvili prosesi tərəflər arasında qarşılıqlı şəkildə imzalanan təhvil-təslim aktı ilə rəsmiləşdirilir. 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Bu müddətin bitməsinə 30 gün qalmış tərəflərdən biri digərini bu müqaviləyə xitam haqqında yazılı şəkildə məlumatlandırmadıqda, müqavilə avtomatik surətdə anoloji müddətə və şərtlərlə uzadılır.
6. Kontakt Home tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 0778-5656 nömrəli satış fakturası əsasında ümumi dəyəri 2000 manat təşkil edən 6 ədəd mal (telefon), xx.xx.2024-cü il tarixli 0778-7184 nömrəli satış fakturası əsasında ümumi dəyəri 1860 manat təşkil edən 6 ədəd mal (telefon) Cavabdeh tərəfindən təhvil alınmışdır.
7. Azərbaycan Beynəlxalq Bankının X1 hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 1700 manat ödəniş olunmuşdur.
8. ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 41.60 manat dövlət rüsumu ödənilmişdir.
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli 22122022/957 nömrəli nömrəli alqı-satqı (distribyutor) müqaviləsi əsasında İddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra edərək, cavabdehə ümumi dəyəri 3860 manat təşkil edən malların (mobil telefonların) satışını həyata keçirmiş, qeyd edilən mallar Cavabdeh tərəfindən təhvil alınmış, lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməyərək satın alınmış malların bir qisminin dəyərini ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş sənədi əsasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya təhvil aldığı mallar üzrə 1700 manat ödəniş etmiş, hazırda 2160 manat ödənilməmiş borcu qalmışdır (3860- 1700=2160).
12. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə İddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2160 manat məbləğində borc tutularaq İddiaçıya ödənilməlidir.
13. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 41.60 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Dövlət rüsumunun ödənilməsinə dair sənədlər iş materialları ilə təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 41.60 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.
İV Nəticə:
16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən ödənilməli olan 2160 (iki min yüz altmış) manat qalıq borc və ödənilmiş 41.60 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlham Əhmədov