Məhkəmə qərarları › İş №e-2-2(113)-2939/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2939/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2939/2023 18.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, öhdəliyin icrasının gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3460 manat məbləğində əsas borcun, 6268,90 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 85,88 manat pulun, 70 manat mediasiya haqqı və 61 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında 46/22 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı "xxxx" MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin "xxxx" MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 3460 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş, göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 000291, 000255 nömrəli təhvil-təslim aktla təsdiq edilir. Bu əsasla cavabdehə 3 iş günü müddətində 3460 manat borc məbləğini tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, 09 mart 2023-cü il tarixdə cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyasına cavabdeh gəlməmişdir. Bu barədə 18 aprel 2023-cü il tarixli arayış tərtib edilmişdir. Müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün qalıq borcun dəyərin 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 6268,90 manat cərimə hesablanmışdır.

3. Daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə verilən ərizədə qeyd olunur ki, Cavabdeh MMC-dən 3460 manat məbləğində əsas borc, 6268,90 manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 85,88 manat pul, 70 manat mediasiya xərci, 61 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində hüquqi yardım xərcinin tutularaq iddiaçıya ödənilməsi xahiş olunur.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 445.7-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İş materiallarından görünür ki, “Daşıyıcı” qismində "Bizim Yükdaşıma” MMC ilə “Sifarişçi” qismində Cavabdeh arasında 10 avqust 2022-ci il tarixli, 46/22 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərancamında olan yükləri (bundan sonra "yük” adlandırılacaq) sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı (bundan sonra "xidmət” və ya “xidmətlər”” adlandırılacaq) öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını bu Müqavilə və tərəflər arasında razılaşdırılməş qiymətlərə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən daşıyıcı bu müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı sifarişcinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Müqavilənin 5.1ci bəndinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlər ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Müqavilənin 5.3cü bəndinə əsasən ay ərzində göstərilmiş xidmətlər barədə xidmət haqqı göstərilməklə hər ayın sonu daşıyıcı tərəfindən müvafiq təhvil-təslim aktı hazırlanaraq sifarişçiyə göndərilir və sifarişçinin və daşıyıcının səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilir. Müqavilənin 5.4-cü bəndinə əsasən təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği 5 (beş) bank günü ərzində sifarişçi tərəfindən daşıyıcıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün qalıq borcun 1%-i (bir) miqdarında dəbbə pulu hesablanacaq.

9. xx.xx.2022-ci il tarixli, 000255 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixli, 46/22 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında yüklər icraçı tərəfindən daşınmışdır. Ümumilikdə göstərilən xidmətlər 3135 manat təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, 000291 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixli, 46/22 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında yüklər icraçı tərəfindən daşınmışdır. Ümumilikdə göstərilən xidmətlər 325 manat təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 361057 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3135 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 467433 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 325 manat təşkil edir.

13. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya qaydasında xəbərdarlıqdan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, HM-10 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 46/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə əsas borcu 3460 manat, cərimə borcu 6268,90 manat və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 85,88 manat təşkil edir.

15. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirməyərək, daşımanın dəyərini ödəməmişdir. Həmin hal tədqiq olunan sübutlarla öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

18. İddia tələbinin bir hissəsi cavabdehdən 3460 manat əsas borcun tutulmasından ibarətdir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə tam təmin edilməli, cavabdehdən yaranmış borca görə 3460 manat (3135+325=3460) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunan sənədlərdən müəyyən olunur ki, xidmətlər göstərilmiş, lakin ödənişlər olunmamışdır.

20. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 85,88 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

21. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlar 2022-ci ilin oktyabr, noyabr aylarında tərtib olunsa da, həmin vaxt cavabdehə elektron qaimələr göndərilsə də, ödənişlər həyata keçirilməmişdir. Ona görə də iddia həmin hissədə də tam təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 85,88 məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

22. Həmçinin iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 6268,90 manat məbləğində cərimə pulunun tutulmasını xahiş edir.

23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Eləcə də, iddiaçı 70 manat mediasiya haqqının, 61 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində vəkil xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 70 (yetmiş) manat, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 19 manat (hazırkı iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 48,15 manat (118,15-70=48,15) olmuşdur) və hüquqi yardım xərci olan 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyətindən 3460 (üç min dörd yüz altmış) manat əsas borc, 300 (üç yüz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 85,88 manat (səksən beş manat səksən səkkiz qəpik), 70 (yetmiş) manat mediasiya xərci, 100 (yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 (on doqquz) manat olmaqla, cəmi 4034,88 manat (dörd min otuz dörd manat səksən səkkiz qəpik) məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar