Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-294/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “Murovdağ Kəndli (Femer) Təsərrüfatı” MMC və Cavabdeh1 qarşı “pul və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X7 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “Murovdağ Kəndli (Femer) Təsərrüfatı” MMC və Cavabdeh1 qarşı “pul və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh “Murovdağ Kəndli (Femer) Təsərrüfatı” MMC və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, "xxxx" MMC və “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Gəncə-004 nömrəli üçtərəfli Sazişə əsasən 28.225,10 (iyirmi səkkiz min iki yüz iyirmi beş manat, 10 qəpik) AZN borcun və 175 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd New Holland markalı kombayn və 1 ədəd “EMT-5” markalı qarğıdalı xederinin cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC xx.xx.2019-cu il tarixli 101 nömrəli “X3 lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd New Holland markalı kombayn və 1 ədəd “EMT-5” markalı qarğıdalı xederi cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı "xxxx" ASC, "xxxx" MMC və cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC arasında “X3 lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli, Gəncə-004 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASCyə ötürülmüşdür. Cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024-cü il tarixinə 28.225,10 manat borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLX-24/0105 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin İddiaçı ASC qarşısında “X3 lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 25 iyul 2020-ci il tarixli, Gəncə-004 nömrəli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 28.225,10 borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin nümayəndəsi (direktor) audio-video yazı ilə keçirilən əvvəlki məhkəmə iclaslarında 28.225,10 manat borcun olduğunu etiraf etmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. "xxxx" ASC (lizinq verən) ilə “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC (lizinq alan) arasında 14 iyun 2019-cu il tarixdə 99/0101/NKBT nömrəli X3 lizinqə verilməsi barədə Müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 147070.11 manat olan və müqavilədə göstərilən (1 ədəd kombayn taxılyığan New Holland markalı və 1 ədəd New Holland üçün 5 cərgə) kənd təsərrüfatı texnikasını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. - 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu Müqavilənin 1.1-ci bəndində göstərilən 147070.11 manat dəyərindən 52214.11 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - 1.3-cü bəndinə əsasən texnika Cəlilabad rayonunda istifadə olunacaqdır. - 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. - 2.1.7-ci bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik (Əlavə № 1) üzrə ödənişi ardıcıl olaraq iki dəfə aparmadıqda lizinq verən bu Müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri edir. - 2.2.1-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən Respublikadaxili daşınma, saxlama, boşaltma, sığortalama (həmçinin sığorta haqqı Lizinq verən tərəfindən ödənildikdə) və digər xərclərinin ödənilməsini öhdəsinə götürür. - 2.2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəyir. - 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən Texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinqə verənə məxsusdur. - 4.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, müqavilənin valyutası Azərbaycan Respublikasının manatı ilə ifadə olunur. Lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir. - 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. - 5.1.6-cı bəndinə əsasən texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə №1 -də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq alan tərəfindən müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir. - 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, Texnikanı saz vəziyyətdə geri götürmək və ya Texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda Lizinq verən Lizinq alandan götürülmüş Texnikanı başqa şəxsə lizinqə verə bilər. - 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.6-cı bəndində göstərilən hala yol verildikdə Lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirmək, Lizinq alanın borclu olduğu məbləği və bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq, gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. - 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 60 ay müddətində hər ay 1580.93 manat olmaqla cəmi 93275.07 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası ilə təsdiq edilmişdir.
10. "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC (lizinq alan) arasında 31 may 2019-cu il 99/0101/NKBT nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Gəncə-004 nömrəli xx.xx.2020-ci il tarixli Saziş imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən hüquq ötürən şəxs 14 iyun 2019-cu il tarixli,99/0101/NBKT nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə ötürür, həmçinin Hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər Lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda qəbul edən şəxs bununla razılaşaraq Lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən hüquq ötürən şəxsə ödəməli olduğu məbləği Lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan isəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən lizinq alan şəxs 2019-ci il 14 iyun tarixli, 99/0101/NBKT nömrəli müqavilə üzrə Lizinq verənin əvəz edilməsi ilə və bu Sazişin bütün müddəaları ilə razıdır. - 1.3-cü bəndinə əsasən 2019-ci il 14 iyun tarixli, 99/0101/NBKT nömrəli Müqavilə üzrə hüquq ötürən şəxsə məxsus olan bütün hüquq və öhdəliklər qəbul edən şəxsə ötürülür. - 1.4-cü bəndinə əsasən bu Saziş 2019-ci il 14 iyun tarixli, 99/0101/NBKT nömrəli X3 lizinqə verilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsidir və Sazişin imzalanması ilə Qəbul edən şəxs müqavilə şərtləri ilə tanış olduğunu, müqavilənin təsdiq olunmuş bir nüsxəsinin ona verildiyini və bütün hüquq və öhdəlikləri öz üzərinə götürərək müqaviləni vicdanla yerinə yetirməyi öz üzərinə götürür. - 1.5-ci bəndinə əsasən borcun təsdiqlənməsi aktı və lizinq ödənişləri üzrə qrafik bu Sazişin əlavəsi olaraq müəyyən edilir. - 1.6-cı bəndinə əsasən borcun təsdiqlənməsi zamanı müqavilə üzrə borc qalığında qəbul edən şəxsin zərərinə fərq yarandığı təqdirdə, Hüquq ötürən şəxs bu fərqi 5 (beş) bank günü ərzində qəbul edən şəxsə ödəməlidir. - 1.7-ci bəndinə əsasən bu Saziş 2019-ci il 10 iyul tarixli, 99/0101/NBKT nömrəli müqaviləyə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxs qarşısında xx.xx.2020-ci il tarixinə qədər olan borc öhdəliyini əhatə etmir. - 2.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, lizinq alan şəxs xx.xx.2020-ci il tarixinə qədər hüquq ötürən şəxsə mövcud olan borcunu Saziş qüvvəyə mindiyi tarixdən 1 (bir) ay müddətində tam şəkildə hüquq ötürən şəxsə ödəyir. - 2.2-ci bəndinə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxsə borcun təsdiqlənməsi aktına əsasən xx.xx.2020-ci il tarixindən etibarən mövcud olan əsas məbləğ üzrə borcu isə Lizinq alan şəxs Saziş imzalanan tarixdən sonrakı qrafik üzrə qəbul edən şəxsə ödəyir. - 2.5-ci bəndinə əsasən bu Saziş imzalandıqdan sonra Lizinq alanın həyata keçirdiyi ödənişlər ilk növbədə xx.xx.2020-ci il tarixdən sonrakı dövrü əhatə edən lizinq ödənişinə yönəldilir. - 2.7-ci bəndinə əsasən lizinq alan ödənişləri gecikdirdikdə və Müqavilə üzrə digər öhdəlikləri lazımınca yerinə yetirmədikdə, Müqavilə üzrə nəzərdə tutulmuş məsuliyyəti daşıyır, bu halda Qəbul edən şəxs Lizinq Alana qarşı həmin Müqavilənin 5.2-5.6-cı maddələri ilə nəzərdə tutulmuş sanksiyaları tətbiq edə bilər. - 2.8-ci bəndinə əsasən hüquq ötürən şəxs, qəbul edən şəxs və lizinq alanla bu Saziş imzalandıqdan sonrakı 90 gün ərzində aşağıdakı hallar aşkar edildikdə, tərəflərə yazılı bildiriş göndərməklə bu Sazişi birtərəfli olaraq ləğv edə bilər: - 2.8.1. əgər Lizinq müqaviləsinin predmetini təşkil edən lizinq obyekti itirilmiş, məhv edilmiş və ya öz təyinatını itirəcək dərəcədə əsaslı dəyişikliyə uğramışdırsa; - 2.8.2. əgər Lizinq müqaviləsinin predmetini təşkil edən lizinq obyektinin sənədləri və parametrləri ilə (şassi, ban, mühərrik nömrəsi, istehsal ili, model/marka və s.) üzləşmə zamanı təqdim edilmiş texnika arasında uyğunsuzluq olduqda və əgər bu uyğunsuzluğu aradan qaldırmaq qeyri-mümkündürsə; - 2.8.3. əgər Lizinq alanın xx.xx.2020-ci il tarixinədək lizinq müqaviləsi üzrə Hüquq ötürən şəxsə 90 gündən artıq gecikmiş borcu varsa. - 2.12-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Lizinq Alan şəxs bu Saziş üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, Qəbul edən şəxs Lizinq alan şəxsə qarşı 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli müqavilə və bu Saziş üzrə iddia hüquqlarına malikdir. - 4.1-ci bəndinə əsasən "Müqavilə”nin digər müddəaları dəyişilməz olaraq qalır. - 4.2-ci bəndinə əsasən bu Saziş “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olmaqla, imzalandığı gündən qüvvəyə minir. Saziş lizinq alanın imzası, hüquq ötürən şəx və qəbul edən şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən “lizinq verən” və “lizinq alan” arasında bağlanmış 31 may 2019 cu il tarixli lizinq müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş kombayn taxılyığan,lizinq alanın müqavilədə müəyyənləşdiirlmiş dövriliklə, “lizinq verənə” 94856 manat ödəməsi üzrə, “lizinq alanın” öhdəliyini təmin etmək məqsədilə, “zamin” “lizinq verən” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. - 2.2-ci maddəsinə əsasən “lizinq alan” “lizinq” müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdəə “zamin” “lizinq alan” ilə birlikdə “lizinq verən” qarşısında avtomobilin qiymətini ödənilməsi və cərimələrin,habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. - 3.2-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik “lizinq alan! Tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə “lizinq verən”, "xxxx"-in tələbi ilə həmin öhdəlik “zamin” tərəfindən 5 gün müddətində icra edilməlidir.
12. "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və X4 (lizinq alan) arasında xx.xx.2020-ci il 01/2020 nömrəli X3 lizinqə verilməsi barədə sazişə dəyişiklik edilməsinə dair xx.xx.2023-cü il tarixli 02 nömrəli Əlavə imzalanmışdır. Həmin Əlavə 2-yə görə tərəflər razılaşmışlar ki: - Buraxılmış texniki səhvlərin aradan qaldırılması məqsədilə, tərəflər arasında xx.xx.2020-ci il tarixində bağlanmış “xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş”in preambulasında, 1.1; 1.2; 1.3; 1.4; 1.7; 2.10; 2.12-ci bəndlərində, həmçinin 1 nömrəli Əlavəsində qeyd olunmuş “10 iyul 2019-cu il tarixli, 99/0128/NBKT nömrəli müqavilə” mətni “02 iyul 2019-cu il tarixli, 127 nömrəli müqavilə” mətni ilə dəyişdirilsin. - Bu Əlavə xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə sazişin ayrılmaz tərkib hissəsi sayılır və imzalandığı gündən qüvvəyə minir. Əlavə 2 lizinq alanın imzası, hüquq ötürən şəx və qəbul edən şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. X3 lizinqə verilməsi barədə Gəncə 004 nömrəli müqaviləyə Əlavə 1 olan üzləşmə və təhvil-təslim aktına əsasən müəyyən edilir ki, 1 ədəd kombayn taxılyığan New Holland markalı və 1 ədəd New Holland üçün 5 cərgə kənd təsərrüfatı texnikası xx.xx.2019-cu ildə lizinqə verilib, xx.xx.2020-ci il tarixə lizinq ödənişi üzrə qalıq borc 15810 manat təşkil edir. Üzləşmə və təhvil-təslim aktı "xxxx" MMC, İddiaçı ASC və “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC tərəfindən imzalanmışdır.
14. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin 25 iyul 2020-ci il tarixli Gəncə-004 Sazişə əsasən İddiaçı ASC-yə gecikmiş cari borcu 28225.10 manat təşkil edir.
15. İddiaçı ASC tərəfindən X2 pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. .
V. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
- 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
18. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
19. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" MMC (lizinq verən) ilə “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC (lizinq alan) arasında X3 lizinqə verilməsi barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "xxxx" MMC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 1 ədəd kombayn taxılyığan New Holland markalı və 1 ədəd New Holland üçün 5 cərgə vermişdir. Daha sonra "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC (lizinq alan) arasında X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Gəncə-004 nömrəli xx.xx.2020-ci il tarixli Saziş imzalanmış, "xxxx" MMC (lizinq verən) ilə “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC (lizinq alan) arasında bağlanmış X3 lizinqə verilməsi barədə müqavilədən irəli gələn "xxxx" MMC-nin hüquq və öhdəlikləri İddiaçı ASC-yə keçmişdir. Bundan sonra lizinq alan “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə lizinq müqaviləsi üzrə 28225.10 manat məbləğində əsas borcu yaranmışdır.
23. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC 28225.10 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
24. Digər tərəfdən lizinq alan “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq İddiaçı ASC-yə ödəməməklə lizinq müqaviləsi, eləcə də hüquq və öhdəliklərin ötürülməsi barədə saziş üzrə öhdəliklərini pozduğundan İddiaçı ASC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən həmçinin lizinq obyektinin geri alınması tələb etməkdə haqlıdır.
25. Məhkəmə zamin Cavabdeh1 zaminlik müqaviləsi ilə 31 may 2019 cu il tarixli lizinq müqaviləsi üzrə lizinq alan “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə lizinq alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC lizinq müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC və Cavabdeh1 müştərək qaydada lizinq müqaviləsi üzrə cəmi 28.225,10 (iyirmi səkkiz min iki yüz iyirmi beş manat, 10 qəpik) manat əsas borc tutularaq İddiaçı ASC-yə ödənilməli, lizinq obyekti olan 1 ədəd kombayn taxılyığan New Holland markalı və 1 ədəd New Holland üçün 5 cərgə kənd təsərrüfatı texnikası cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 175 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 manat məbləğində pul vəsaiticavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC və Cavabdeh1 müştərək qaydada 28.225,10 (iyirmi səkkiz min iki yüz iyirmi beş manat, 10 qəpik) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 175 manat pul tutularaq İddiaçı ASC -yə ödənilsin. “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Gəncə-004 nömrəli üçtərəfli Sazişə əsasən, “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd New Holland markalı kombayn və 1 ədəd “EMT-5” markalı qarğıdalı xederin cavabdeh “Murovdağ Kəndli (Fermer) Təsərrüfatı” MMC-dən alınaraq iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova