Məhkəmə qərarları › İş №e-2-2(113)-2940/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2940/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2940/2023 21.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı, mediasiya xərci, hüquqi yardım xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8021 manat pulun, 100 manat mediasiya xərcinin, 200 manat hüquqi xidmət xərcinin cəmi 8321 manat pulun alınıb iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında alqı-satqı haqqında 01 may 2018-ci il tarixli, 108 №-li müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Satıcı Alıcının sifarişi əsasında “Mal” və “Malları” satmağı, Alıcı isə həmin Malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəməyi üzərinə öhdəlik götürmüşdür. Tərəflərindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. Lakin aparılmış hesablamalar nəticəsində müqavilə üzrə ödənilməli məbləğin 8021 manat təşkil etdiyi məlum olmuşdur. Cavabdehə 28 mart 2023-cü ildə pretenziya məktubu göndərilərək, 01 may 2018-ci il tarixli, 108 №-li alqı-satqı müqaviləsi üzrə 8021 manat məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixinə qədər geri ödənilməsini xahiş edilmişdir. Borcun qaytarılmadığı təqdirdə Azərbaycan Respublikası mülki qanunvericiliyin tələblərinə müvafıq olaraq tərəflərindən qarşı tərəfə məhkəməyə iddia ilə müraciət ediləcəyi bildirilmişdir. Mediasiya xərci olaraq 100 manat və hüquqi xidmətə görə tərəflərindən 200 manat hüquqi xidmət xərci ödənilmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

9. İddiaçi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 108 saylı alqı-satqı müqaviləsinə əsasən:

10. 1.Müqavilənin predmeti

11. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında mal və mallar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

12. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən malın miqdarı, çeşidi və qiyməti tərəflər arasında razılaşdırılaraq müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab edilən müqaviləyə əlavə ilə müəyyən olunur.

13. 2.Malın qiyməti və müqavilənin ümumi dəyəri

14. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 10000 manat müəyyən edilir.

15. 3.Tərəflərin hüquq və vəzifələri

16. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcının aşağıdakı hüquqları vardır:

17. 3.1.1.Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək;

18. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən satıcının vəzifələri aşağıdakı vəzifələri vardır:

19. 3.2.1.Malı müqavilə ilə müəyyən edilmiş müddətdə alıcının anbarında təhvil vermək.

20. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcının aşağıdakı hüquqları vardır:

21. 3.3.1.Əgər satıcı satılmış malı alıcıya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək;

22. Həmin müqavilənin 3.3.2-ci bəndinə əsasən satıcı müqaviləni pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda mal verdikdə, çatışmayan miqdarda mal verilməsini tələb etmək və ya verilmiş maldan və onu ödəməkdən imtina etmək, mal ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək.

23. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcının aşağıdakı vəzifələri vardır:

24. 3.4.1.Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək;

25. 3.4.2.Malın qəbulu zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmamazlıqları və digər qüsurları aktlaşdıraraq satıcıya xəbər vermək.

26. 4.Ödəniş şərtləri

27. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malı müvafiq qaimə faktura əsasında satıcıdan təhvil-təslimini həyata keçirdikdən sonra 30 gün ərzində həmin qaimə fakturan əsasında satıcıya malın dəyərini ödəyir.

28. Həmin müqavilənin 4.2-ci bəndinə əsasənmüqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi bank vasitəsi ilə sadə köçürülmə yolu ilə həyata keçirilə bilər.

29. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən göndərilən hər partiya ilə əlaqədar malın qaəbul edilməsi zamanı qaimədə nəzərdə tutulan və imza edilən tarix təhvil-təslim anı hesab edilir.

30. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən malın faktiki təhvil verilməyən hissəsi üçün ödəmə yerinə yetirilmir.

31. 5.Malın təhvil verilməsi şərtləri

32. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcıdan sifariş alıdığı tarixdən 7 iş günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür.

33. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.

34. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən maş aşağdakılar üzrə satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfidən qəbul olunmuş hesab edilir:

35. 5.3.1. keyfiyyətinə görə-xarici yoxlama əsasında;

36. 5.3.2.miqdarına görə-fakt əsasında.

37. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən satıcı malı alıcının anbarında təhvil verir.

38. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 455610 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixli, 108 saylı alqısatqı müqaviləsi üzrə Cavabdeh MMC-yə 854,91 manat dəyərində, xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 501364 saylı elektron qaiməyə əsasən 3365,58 manat dəyərində və xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 501779 saylı elektron qaiməyə əsasən 4971,12 manat dəyərində mal verilmişdir.

39. 28.01.2020-ci il tarixli, 08 saylı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin aktın tərtib olunduğu tarixə cəmi borcunun 12667.17 manat olması müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

40. 12.06.2020-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə alıan mehsulların dəyəri olaraq 762,71 manat məbləğində pul ödənilmişdir.

41. İddiaçı MMC-nin hesabından çıxarışda göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 4237,29 manat məbləğində ödəniş edilmişdir.

42. İddiaçı MMC-nin hesabından çıxarışda göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 500 manat məbləğində ödəniş edilmişdir.

43. Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli, 108 saylı alqı-satqı müqaviləsi imzalandığı və həmin müqavilə 8021 manat yaranmış borc məbləğinin xx.xx.2023-cü il tarixinə kimi ödənilməsi xahiş edilmişdir.

44. İşdə olan xx.xx.2023-cü il tarixli, 18304 saylı ödəniş qəbzinə əsasən İddiaçı MMC-nin direktoru X1 tərəfindən “De Fendo” Vəkil bürosuna hüquqi yardım məqsədi ilə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.

45. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

46. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

47. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə (sinallaqma) əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təslim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır.

49. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini tam ödəməmişdir.

50. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

51. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

52. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənişlər qaimə faktura təqdim olunan gündən sonra 30 təqvim günü müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.

53. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

54. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

55. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

56. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

57. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 8021 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 8021 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

58. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

59. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

60. Digər tərəfdən MPM-in:

61. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

62. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

63. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

64. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

65. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

67. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

68. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdehndən 01 may 2018-ci il tarixli, 108 saylı alqı-satqı müqaviləsi üzrə 8021 (səksən min iyirmi bir) manat məbləğində pul vəsaiti, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində və hüquqi xidmət xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar