Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2942/2022 14.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10.829,58 manat məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, cəmi 1192 manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 200 manat və vəkilə ödənilmiş 200 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin baş direktoru X2 ilə Cavabdeh MMC-nin (bundan sonra alıcı) direktoru X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 062/V-21 müqaviləyə əsasən müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 (üç) bank günü ərzində müqavilə dəyərinin 50% məbləğində ilkin ödəniş edir. Müqavilə dəyərinin 50% isə məhsul təhvil verilənə qədər ödənilməlidir. Həmçinin müqavilənin 7.3-cü bəndinə əsasən alıcı tərəfindən hər gecikdirilmiş gün üçün 0,1 % qədər dəbbə pulu ödənilməlidir. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla cəmi 10.829,58 manat təşkil edir. Həmçinin hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla cəmi 1192 manat məbləğində dəbbə pulu da alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmçinin Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq mediatorun təyin edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və mediator X1 təyin edilmişdir. Bundan sonra, ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasının keçirilmə yeri və vaxtı barədə poçt vasitəsilə məlumatlandırılsa da həmin sessiyada iştirak etməmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixli arayış tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “satıcı” İddiaçı MMC, “alıcı” Cavabdeh MMC olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli № 062/V-21 müqaviləyə əsasən, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olsan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən, alıcı satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 (üç) bank günü ərzində müqavilə dəyərinin 50% məbləğində ilkin ödəniş edir. Müqavilə dəyərinin 50% isə məhsul təhvil verilənə qədər ödənilməlidir. Həmçinin müqavilənin 7.3-cü bəndinə əsasən, alıcı tərəfindən hər gecikdirilmiş gün üçün 0,1 % qədər dəbbə pulu ödənilməlidir. EBBP seriyalı, 252072 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2.854,66 manat, EBBP seriyalı, 252324 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2.854,66 manat, EBBP seriyalı, 768472 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5.120,26 manat "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. X2 “müraciət edən şəxs” Vəkil, "xxxx" MMC hüquqi yardım göstərilən şəxs olmaqla imzalanmış xx.xx.2022-ci il tarixli 200/22 saylı hüquqi yardımın göstərilməsinə dair müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100+10 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş 10.829,58 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Əlavə olaraq iddiaçı 1.192 manat məbləğində dəbbə pulunu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəyə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə 1.192 manat məbləğində dəbbə pulunun 1089 manat məbləğində azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edildiyindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia tələbində 200 manat məbləğində vəkilə ödənilmiş xərcin də cavabdehdən tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə vəkilə ödənilmiş 110 manat öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10.829,58 manat əsas borc, 1.089 manat dəbbə pulu, 200 manat mediasiya xərci, 110 manat vəkilə ödənilmiş xərc "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2942/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2942/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver