Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2947/2025 08.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6.847 əsas borc, 3.778 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 871,16 manat olmaqla ümumilikdə 11.496,16 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun təklifi ilə və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC və Cavabdeh MMC aşağıdakı şərtlərlə barışığa razılaşdıqlarını təsdiq edirlər: - xx.xx.2023-cü il tarixli C-010-SA-23 saylı müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 4100.00 (dörd min bir yüz) manat birdəfəlik ödəniş etməyi öhdəsinə götürür. - Cavabdeh MMC bu müqaviləni imzaladığı gün 4100.00 (dörd min bir yüz) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir. - İddiaçı MMC təsdiq edir ki, Cavabdeh MMC tərəfindən edilən ödəniş xx.xx.2023cü il tarixli C-010-SA-23 saylı müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərəri tam bağlayır və gələcəkdə İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli C-010-SA-23 saylı müqavilə üzrə Cavabdeh MMC-yə qarşı heç bir iddiası olmayacaqdır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunda olan 07 avqust 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun təklifi ilə və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC və Cavabdeh MMC aşağıdakı şərtlərlə barışığa razılaşdıqlarını təsdiq edirlər:
1. xx.xx.2023-cü il tarixli C-010-SA-23 saylı müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 4100.00 (dörd min bir yüz) manat birdəfəlik ödəniş etməyi öhdəsinə götürür.
2. Cavabdeh MMC bu müqaviləni imzaladığı gün 4100.00 (dörd min bir yüz) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir.
3. İddiaçı MMC təsdiq edir ki, Cavabdeh MMC tərəfindən edilən ödəniş xx.xx.2023-cü il tarixli C-010-SA-23 saylı müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərəri tam bağlayır və gələcəkdə İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli C-010-SA-23 saylı müqavilə üzrə Cavabdeh MMC-yə qarşı heç bir iddiası olmayacaqdır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov