Məhkəmə qərarları › İş №e-2-2(113)-2954/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2954/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2954/2024 14.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “ziyan və cərimə” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: satınalma müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi/vəkili Vəkil və qanuni nümayəndəsi Özkan Çakarın iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ziyan və cərimə” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli A- SA-487/22 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən 312306,99 manat borcu, o cümlədən ödənilmiş 602,31 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (alıcı/satın alan) ilə Cavabdeh MMC (satıcı/təchizatçı) arasında bağlanmış xx.xx.2022- ci il tarixli A-SA-487/22 nömrəli dövlət satınalması müqaviləsi (bundan sonra – müqavilə) ilə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yeni və istifadəyə yararlı, dövlətin müəyyən etdiyi ekoloji standartlara (AVRO-4) uyğun 70 tonluq avtokranın (XCMG QY70KH) təchiz edilməsi (alıcının ünvanında) nəzərdə tutulmuşdur. Həmin avtokranın müqavilənin 1 saylı əlavəsinin 2.2-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixədək təhvil verilməsi və müqavilənin 13.1-ci bəndinə əsasən avtokran təhvil verildikdən sonra 15 gün ərzində ödənişin həyata keçirilməsi nəzərdə tutulsa da, lakin avtokran bu günədək təhvil verilməmişdir. Müqavilə şərtlərinə əsasən, avtokran alıcıya yerində təhvil verilməli olmasına baxmayraq, satıcı tərəfindən xaricdən alınmış həmin qüsurlu mal hesab olunan avtokran ekoloji standartlara uyğun olmadığından (avtokran Avro 4 standartına uyğun olmalı halda Avro 2 standartına uyğundur) gömrük orqanları tərəfindən gömrük ərazisində saxlanılmış və bu günədək satıcıya təhvil verilməmişdir. Satıcı bir neçə dəfə ona ödəniş edilməsini və bundan sonra avtokranı gömrük ərazisindən çıxarılması barədə şifahi müraciət etmişdir. Lakin avadanlığın dövlətin ekoloji standartlarına uyğun olmaması və yeni olmaması (qoşma: ixrac sənədinin surəti), habelə dövlət satınalması müqaviləsinin şərtlərinə zidd olması səbəbdindən satıcının müraciəti müsbət cavablandırılmamışdır. Qeyd olunanlarla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq sonuncunun tərəfindən məsələnin həlli istiqamətində hər hansı addımlar atılmamış, dolayısilə müqavilə öhdəliklərinin pozuntusuna yol verilmişdir. Bunlar onu deməyə əsas verir ki, İddiaçı MMC müqavilə şərtləri, həmçinin Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbələrini gözlədiyi halda "xxxx" MMC öhdəliklərini icra etməməklə özünün mülki məsuliyyətinin yaranmasını labüd etmişdir. Hazırda təhvil verilməli avtokranın əvəzində İddiaçı MMC-nin ərazisində icarəyə götürülmüş avtokran istismar edilir ki, bu da İddiaçı MMC-nin əlavə xərclərinin yaranmasına səbəb olur. Bu günə əlavə xərclərin məbləği 157306 manat təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, Müqavilənin 20-ci bəndinə əsasən, cərimə məbləği artıq yuxarı həddinə çataraq 154999,99 manat təşkil edir. "xxxx" MMC öz üzərinə düşən ödənişi etməməklə yuxarıda adı çəkilən Müqavilənin 2-ci, 5-ci maddələrinin, Müqavilənin əlavəsinin 2.2-ci maddəsinin, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 387.2, 399.1, 399.2., 425.1., 427.3, 442 maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2022-ci il tarixli A-SA-487/22 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən öhdəliyinin icra edilməməsi nəticəsində 157.306 manat məbləğində İddiaçı MMC-yə vurulmuş zərərin və müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilməməsinə görə tətbiq olunan 154.999,99 manat məbləğində cərimənin (dəbbə pulunun), habelə ödənilmiş 602.31 manat məbləğində dövlət rüsumunun, ümumilikdə xx.xx.2024-cü il tarixə formalaşmış 312.908,30 manat məbləğində vəsaitin İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı qanunsuz və əsassız olaraq Cavabdehnə qarşı “312306, 99 manat borcun, o cümlədən ödənilmiş 602.31 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutularaq ödənilməsi” tələbinə dair iddia irəli sürmüşdür. İddiaçı təqdim etdiyi iddia ərizəsindən də görünür ki, mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, A-SA-487/22 nömrəli dövlət satınalma müqaviləsinin, X4 və qanunvericiliyin tələblərini pozaraq cavabdehə əsassız iddia tələbi yönəltmişdir. İddiaçı öz iddia ərizəsində əsassız olaraq, qeyd olunan müqavilənin predmeti olan 70 tonluq avtokranın (XCMG QY70KH) AVRO-4 ekoloji standartına uyğun nəzərdə tutulduğunu qeyd etmişdir. Lakin nə müqavilədə, nə də müqavilənin əsas şərtlər toplusunda bu barədə heçbir qeyd mövcud deyil. O cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro- 4 ekoloji normalarına uyğunlaşdırılması barədə 14 yanvar 2014-cü il tarixli, 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında bildirilir ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq edilir. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində isə bildirilir ki, avtonəqliyyat vasitəsi - sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsidir (bir və ya bir neçə nəqliyyat vasitəsindən ibarət). Yəni ağır texnika hesab edilən 70 tonluq avtokran barədə AVRO-4 ekoloji standartının tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia ərizəsində əsassız olaraq xaricdən alınmış 70 tonluq avtokranın (XCMG QY70KH qüsurlu mal olduğu qeyd olunmuşdur. Lakin bunu təsdiq edəcək heçbir sənəd (qüsur aktı, ekspert rəyi) iddia ərizəsinə əlavə edilməmişdir. Buna baxmayaraq cavabdeh müvafiq kranı xaricdən satın almamışdan öncə həmin kran barədə məlumatları iddiaçının nümayəndəsinə yoxlamaq üçün təqdim etmiş, o da öz növbəsində həmin kranı alabiləcəyini təsdiq etdikdən sonra ödəniş edərək həmin kranı almışdır. Daha sonra iddiaçı özü də iddia ərizəsində bildirir ki, qeyd olunan kran gömrük orqanları tərəfindən gömrük ərazisində saxlanılmış və bugünədək cavabdehə təhvil verilməmişdir. Bununla bağlı cavabdehin onlara dəfələrlə müraciət etdiyini lakin cavabdehə heçbir köməklik etmidiklərini bildirmişdir. Həmçinin iddiaçı kranın dövlət satınalması müqaviləsinin şərtlərinə zidd olması səbəbindən müraciətə müsbət cavab verilmədiyini qeyd etsə də, məhz hansı şərtləri nəzərdə tutduğunu bildirməmişdir. İddiaçı cavabdehə çoxsaylı müraciətlər etdiyini, lakin cavabdeh tərəfindən məsələnin həlli istiqamətində hər hansı addımın atılmayaraq dolayısı ilə müqavilə öhdəliklərini pozduğunu əsassız olaraq iddia edir. Lakin, o qeyd olunmur ki, iddiaçının heçbir müraciəti cavabdeh tərəfindən cavabsız qoyulmamışdır. Bütün müraciətlər cavablandırılmış vaxtlı vaxtında iddiaçıya məlumatlar verilmişdir. Buna baxmayaraq cavabdehin iradəsindən asılı olmayan səbəblər meydana çıxdığından müqavilənin icrası mümkünsüz olmuşdursa da bunun cavabdehin təqsiri üzündən olmadığı aydın olmasına baxmayaraq iddiaçı qanunsuz və əsassız iddia irəli sürmüşdür. Bununla belə iddiaçı əsassız olaraq heçbir əsaslandırma etmədən 157306 manat əlavə xərclər olaraq qeyd etdiyi məbləği cavabdehdən tutulmasını istəyir. Hansı ki, müqavilənin cavabdehin İradəsindən asılı olmadan icra edilmədiyini bildiyi halda onu təqsirli hesab edir. Həmçinin iddiaçı müqaviləni ləğv edərək yeni müqavilə bağlaya biləcəyi halda bunu etməmişdir. O cümlədən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, X-SA-148/22 nömrəli satınalma müqaviləsi əsasında 50 tonluq kranı təmir edərək 1 il zəmanətlə iddiaçının istifadəsinə təqdim etdiyini gözardı etmişdir. İddiaçı alternativ yollardan istifadə etməyərək keyfi davranaraq məhz cavabdehin hesabına əsassız varlanmaq istəməkdədir. Bununla da cavabdehin onsuz da gömrük orqanı tərəfindən hüquqlarının pozulduğu bir vaxtda onun vəziyyətini daha da qəlizləşdirmək istəməkdədir. Eyni zamanda 154999,99 manat məbləğində cərimə məbləğinin də, iddiaçının xeyrinə tutulmağını xahiş edir. Lakin, xx.xx.2022-ci il tarixli, A-SA-487/22 nömrəli dövlət satınalma müqaviləsinin 20-ci bəndində bildirilir ki, qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla cərimə tətbiq edilir. Həmin Müqavilənin 21.1 -ci bəndində bildirilir ki, müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, icraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır. Həmin Müqavilənin 21.2-ci bəndində bildirilir ki, qarşısıalınmaz qüvvənin təsirinə sifarişçi və icraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. Bununla belə iddiaçı xx.xx.2022-ci il tarixli, A-SA-487/22 nömrəli satınalma müqaviləsi üzrə cavabdehə heçbir ödəniş etmədiyi halda əsassız olaraq “borcun” cavabdehdən iddiaçının xeyrinə tutulmasını istəyir. Hansı ki, qeyd olunanlardan da görünür ki, hazırki vəziyyətdə hər hansı borc münasibətindən söhbət belə gedə bilməz. xx.xx.2022-ci il tarixli A-SA-487/22 nömrəli satınalma müqaviləsinin 5.5bəndində bildirilir ki, sifarişçi müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini, müqavilənin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin alınması tələb olunduğu təqdirdə, sifarişçi belə icazələrin müqavilənin icrasına başlanılana qədər əldə olunmasını təmin edir. Həmin Müqavilənin 7-ci bəndində bildirilir ki, göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi (olmadığı) hallarda isə malların mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. Həmin Müqavilənin 14.1 -ci bəndinin son abzasında bildirilir ki, İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. Tender Komissiyasının AT-291 nömrəli 19 iyul 2022-ci il tarixli protokolunun 3 saylı əlavəsi, 70 tonluq avtokranın satın alınmasına dair açıq tender üsulu tətbiq etməklə elektron satınalmanın X4 1-ci bölmənin 9-cu bəndində bildirilir ki, texnikanın 2022-ci ildə istehsal edildiyini göstərən sənədlərin təqdim edilməsi mütləqdir. X4 1-ci bölmənin 37-ci bəndində bildirilir ki, İcraçı tərəfindən şərtlərini yerinə yetirilə bilmirsə, bu, təklifin aksept olunmasının geri çağırılması və tender təklifinin təminatının tutulması üçün əsas verir. Habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi cavabdeh texnikanın Çindən gəmiyə yüklənib yola salınmasını gözləmişdir. Belə ki, Rusiya-Ukrayna müharibəsindən irəli gələrək Qara dəniz sahili minalandığı üçün öncədən sifariş gələcəyi liman olaraq bilinən Poti limanına gəmilərin gəlməsi qeyri-mümkün olduğundan, əlavə xərc və vaxt itirərək İran İslam Respublikası üzərindən icra edilməsi məcburiyyətində qalınmışdır. xx.xx.2023-cü il tarixli, M/17-403 nömrəli sənəddən görünür ki, “İnova Mühəndislik və Tədris MMC müqavilənin yerinə yetirilməsinin təminatı forması kimi bank təminatı №18608 olan "xxxx" ASC-nin də təsdiq etdiyi 6200 manat məbləğində təminatı icra etmişdir. xx.xx.2023cü il tarixli "xxxx" ASC-nin xarici valyutada (ümumi məbləğin bir hissəsinin) köçürmə orderindən, xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsindən də görünür ki, cavabdeh müqavilə öhdəliyi üzrə sifarişi icra etmişdir. xx.xx.2023-cü il tarixdə təqdim edilən qəbzin surətindən də görünür ki, həmin tarixdə qeyd olunan texnika Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olmuşdur. AYNA tərəfindən xx.xx.2023-cü il tarixli 2798 nömrəli icazə ilə texnikanın xüsusi daşıyıcı üzərində ölkə ərazisində hərəkətinə icazə verilmişdir. Daha sonra texnikanın gömrük rəsmiləşdirilməsi üçün müraciət edilməsinə baxmayaraq əsassız olaraq bu günə qədər qanunsuz olaraq müxtəlif bəhanələr gətirilməklə rəsmiləşdirilməmişdir və DGK-nin müvafiq ərazisində saxlanılmaqdadır. Bütün bunlarla bağlı da, iddiaçı tərəfə məlumatlar verilmişdir. Qeyd olunanlardan və şikayətə əlavə edilən sənədlərdən də görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etmiş lakin ondan asılı olmayan səbəbdən öhdəliyin tam icrası mümkün olmamışdır. Beləliklə də, aydın olur ki, müqavilənin heç bir tələbi cavabdehdən asılı olan səbəbdən pozulmamışdır. Tenderin qalibi olduqdan sonra cavabdeh tərəfindən bütün sonraki gedişat qanuna və müqavilə şərtlərinə uyğun aparılmışdır. Ondan asılı olmayan səbəblər barədə isə dəfələrlə yazılı və şifahi olaraq iddiaçı tərəfə məlumat verilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdehin iradəsindən asılı olmadan müqavilənin icra edilməməsini bəhanə gətirərək əsassız varlanmaq istəyən iddiaçının qanunsuz və əsassız iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edimişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin arqumentlərinə dair isə bildirdi ki, onun təqdim etdiyim sənədlərdən görünür ki, eyni dövrdə müqavilə bağladıqları başqa şirkətlər tərəfindən Çindən Poti limanı üzərindən daşımalar həyata keçirilmişdir. Bunun təsdiqi olaraq gömrük sənədlərini təqdim ediblər məhkəməyə. Yəni, qarşı tərəf Rusiya-Ukrayna müharibəsi səbəbindən daşımaların mümkün olmadığını bildirsə də, bu həqiqətə uyğun deyil. Onu da bildir ki, cavabdeh iddiaçının əməkdaşlarına zəng edib çətinliklərini bildirdikdə, iddiaçının loqistika şöbəsinin əməkdaşları kömək kimi xidmətlərindən istifadə etməsi üçün daşıma şirkətini də təklif ediblər, lakin cavabdeh təklif olunan şirkətlərin qiymətlərində fərq olduğu üçün və məbləğin yüksək olduğunu hesab etdiyi üçün həmin xidmətlərdən istifadə etməmişdir. İstifadə etmiş olseydı cavabdehin istədiyi Poti limanından da avtokranı vaxtında gətizdirə bilərdi. Hətta xərclərin artması ilə bağlı, qarşı tərəf iddiaçıya rəsmi müraciət etsəydi, iddaçı bunu Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq nəzərə alacaq idi. Kran iddiaçıya xx.xx.2023-cü il tarixinədək təhvil verilməli idi, lakin iddiaçı cavabdehə güzəşt edərək hətta xx.xx.2023-cü il tarixinə gədər kranın təqdim edilməsini tələb edib. Lakin bugünə kimi kran iddiaçıya təhvil verilməyib. Hazırda isə iddiaçıya həmin kran artıq lazım deyil, məsələnin həddindən artıq uzandığını görüb, iddiaçı lazım olan kranı başqa satıcıdan artıq alıb.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi/vəkili etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, iddianı qəbul etmir və əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Belə ki, iddiaçının tələb etdiyi əlavə xərclər əslində digər şəxslə bağladığı icarə müqaviləsi üzrə ödədiyi icarə puludur. İddiaçı tərəfindən cavabdehə hər hansı bir ödəniş edilməyib ki, həmin pulun geri qytarılmasını tələb etsinlər. Bu Müqavilə keçirilmiş tenderin nəticəsində bağlanmış müqavilədir. Müqavilənin şərtlərinə əsasən bank qarantiyası nəzərdə tutulmuşdur. Yəni müqavilə hər hansısa bir şəkildə icra olunmadığı halda zamanət qoyulan məbləğ iddiaçının xeyrinə tutulur. Bundan əlavə tərəflərin səlahiyyətli şəxsləri arasında həm e-mail, həm də vatsap üzərindən daimi yazışmalar aparılmışdır. İlkin olaraq malın Poti limanına gətirilməli idi. Lakin Ukrayanada olan müharibəyə görə Qara dəniz limanı minalandığı üçün gəminin bu istiqamətdə hərəkət etməsi mümkün olmamışdır. Bu səbəbdən marşrutun dəyişməsi zərurətin yarandır və bu məsələlərlə bağlı qarşı tərəfə məlumat verilmişdir və iddiaçı buna öz razılığını bildirmişdir. Yəni bu gecikmə cavabdehdən aslı olmayan səbəblərə görə baş vermişdir. Əslində hazırki halda əsl zərərçəkən tərəf cavabdeh olmuşdur. Belə ki, o, kranın gətirilməsilə bağlı müəyyən xərclər çəkmiş, lakin sənədləşmədə yaranmış problemlərə görə gömrükdən kranı götürə bilməmişdi. İddiaçı tərəfindən isə bu müqavilə üzrə cavabdehə heç bir ödəniş edilməyib, çünki ödəniş kranın təhvil verildiyi zamanı edilməli idi. İddiaçı isə icarə əsasında götürdükləri krana görə ödənilən icarə haqqını da əsassız olaraq hazırda cavabdehdən tələb edir.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni nümayəndəsi bildirdi ki, malın Poti limanı vasitəsilə gətirilməsi əvvəlcədən danışılmışdır. Belə ki, malın İran üzərindən gətirilməsi üçün İrana pul ödəməli idi. Bu səbəbdən Potini seçmişdi. Müqavilə bağlanması ərəfəsində minalanma söhbəti yox idi. O, Çin şirkətinə ödənişi etdi. Yük bəyannaməsi ona göndərilənəndən sonra o, qalan ödənişi etməli idi. Sənədlərə nəzər yetirdikdə də görmək olar ki, mal Şanxay limanından Potiyə yüklənmədi, Bəndər-Abbas limanına yükləndi. Potiyə gedən gəmi tapılmadığı üçün Bəndər-Abbas limanına yükləndi. Poti limanına çatdırılmanı yüksək məbləğ müqabilində təklif edənlər də var idi, lakin malı hansı müddətə çatdıracağı ilə bağlı heç kim söz vermirdi. Texnika sifariş verilməmişdən əvvəl qarşı tərəfə onun texniki göstəriciləri barədə məlumat göndərmiş, onun onlara uyğun olub-olmamasını araşdırmaq imkanı olmuşdur. Texnikanı hansı yolla gətirilməsi məsələsi məhz onun özünə buraxılmış məsələ idi. Texnikanın gətirilməsi ilə bağlı xərclərin çəkilməsi də onun özünün öhdəliyi idi. Hətta texnikanı istifadə edəcək sifarişçiyə 15 gün müddətində təlim də keçməli idi. Poti limanı istiqamətində gəmilərin getməməsini ona Çin şirkətindən dedilər. Onların işlədikləri heç bir şirkətin bu istiqamətdə gəminin olmamasını bildirdilər. Əgər bizim tanıdığımız şirkət varsa, əlaqə nömrəsini istədilər ki, həmin şirkət vasitəsilə malı göndərsinlər. Bundan sonra biz Bəndər-Abbas limanını seçdik. Buna görə də 2,5 ay itirdik. Belə ki, texnikanın Bəndər- Abbas limanında boşaldılması belə 20 gün çəkdi. Çatdırılma müddətinin uzadılması ilə bağlı iddiaçıya rəsmi müraciət etməyib. Sadəcə bu proseslər barədə iddiaçıya məlumat verib, email üzərindən yazışmalar olub. Avtokran iyul 2023-cü il tarixindən Gömrükdə qalıb. Bakı İnzibati Məhkəməsində Gömrüyə qarşı iddianı iyul 2024-cü il tarixində qaldırıb, çünki bu bir il müddətində məsələni sifahi həll etməyə çalışıb, hətta 20 gün gömrük idarəsinə gedibgəlib, nəticə əldə olunmayıb.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış mallar (işlər və xidmətlər) üzrə 10 oktyabr 2022-ci il tarixli A-SA-487/22 nömrəli satınalma müqaviləsinə əsasən:

10. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi əlavədə miqdarı göstərilmiş 1 (bir) ədəd 70 (yetmiş) tonluq avtokranın satın alınması üçün İcraçının 309,999.99 AZN ( üç yüz doqquz min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) məbləğində tender təklifini qəbul etmişdir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan əlavədə miqdarı göstərilmiş təzə 70 (yetmiş) tonluq avtokran , marka : XCMG QY70KH təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

12. Müqavilənin 2.3-cü bənidnə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

13. Müqavilənin 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır.

14. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir.

15. Müqavilənin 5.2-ci bəndinə əsasən icraçı müqavilənin icraçı ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır, icraçının bü cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.

16. Müqavilənin 5.3-cü bəndinə əsasən icraçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir.

17. Müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

18. Müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini, müqavilənin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin ("Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla) alınması tələb olunduğu təqdirdə, Sifarişçi belə icazələrin müqavilənin icrasına başlanılana qədər əldə olunmasını təmin edir.

19. Müqavilənin 5.6-cı bəndinə əsasən sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir.

20. Müqavilənin 9.4-cü bəndinə əsasən malların son təyinat məntəqəsinə daşınmasını təmin edən nəqliyyat vasitələrinin növü icraçı tərəfindən müəyyənləşdirilir.

21. Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

22. Müqavilənin 13.2-ci bəndinə əsasən sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün icraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün icraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir, icraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir, icraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.

23. Müqavilənin 13.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə icraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.

24. Müqavilənin 13.4-cü bəndinə əsasən müqavilə icraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir.

25. Müqavilənin 14.1-ci bəndinə əsasən İcraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalanması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.9-3-cü maddəsi nəzərə alınmaqla, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2 faizi həcmində müəyyən olunur. Müqavilənin yerinə yetirilməsinin təminatının qüvvədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır. İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir.

26. Müqavilənin 14.2-ci bəndinə əsasən müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və xx.xx.2023- cü il tarixinədək qüvvədədir. Tenderin əsas şərtlər toplusunda müqavilənin Sifarişçinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın təsdiqinədək qüvvəyə minmir. Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir.

27. Müqavilənin 14.3-cü bəndinə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir.

28. Müqavilənin 14.4-cü bədinə əsasən tərəflər Müqavilədə yer almayan, ancaq müvafiq satınalma müsabiqəsinin əsas şərtlər toplusunda göstərilmiş bütün digər müddəaları qəbul edir.

29. Sifarişçi texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda İcraçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya sifarişçinin tələblərini təmin edən digər malları təqdim edir.

30. Müqavilənin 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə) və aşkar olunmuş qüsurları vaxtında aradan qaldırmadıqda, digər hüquqlara ziyan vurmadan Sifarişçi yerinə yetirilməmiş (gecikdirilmiş) hər gün üçün müqavilə qiymətinin 1 (bir) faizi miqdarında cərimə sanksiyası (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir.

31. Müqavilənin 20.2-ci bəndinə əsasən sifarişçi təqdim olunmuş malların dəyərinin ödənilməsini müqavilədə müəyyən olunmuş müddətdən 15 (on beş) bank günündən çox gecikdirdikdə, hər gün üçün ödənilməmiş məbləğin 1 (bir) faizi miqdarında cərimə sanksiyaları tətbiq edə bilər.

32. Müqavilənin 20.3-cü bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 50 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimuma çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər.

33. Müqavilənin 21.1-ci bəndinə əsasən müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, İcraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır.

34. Müqavilənin 21.2-ci bəndinə əsasən qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.

35. Müqavilənin 21.3-cü bəndinə əsasən icraçı qarşısıalınmaz qüvvənin təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı yubanmadan Sifarişçiyə göndərilməlidir. Əgər Sifarişçidən digər yazılı təlimat daxil olmayıbsa, İcraçı öz imkanları daxilində qarşısıalınmaz qüvvənin təsirindən asılı olmayan müqavilə öhdəliklərinin yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən asılı olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ üsullar axtarmalıdır.

36. 10 oktyabr 2022-ci il tarixli A-SA-487/22 nömrəli satınalma müqavilənin 1 saylı əlavəsinə əsasən:

37. 1 saylı əlavənin 2.1-ci bəndinə əsasən əlavə xx.xx.2022-ci il tarixdə imzalanmışdır.

38. 1 saylı əlavənin 2.2-ci bəndiə əsasən mal əlavə imzalandıqdan sonra 90 gün ərzində çatdırılmalıdır.

39. İddiaçı ilə X3 arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli XA-046/23 saylı müqaviləyə əsasən icraçı müqavilə əlavəsində qeyd edilmiş avtokran ilə ərazidə xidmətləri həyata keçirir, sifarişçi isə təhvil-təslim aktına əsasən təhvil alınan iş və ya xidmət müqabilində müəyyənləşdirilmiş vəsaiti icraçıya ödəyir.

40. 15.03.2023-cü il tarixli X-034-22 saylı müqavilənin 4 saylı əlavəsinə əsasən görülmüş işlərin dəyəri 4904,50 manat, xx.xx.2022-ci il tarixli, X-115/22 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən müqavilənin ümumi dəyəri 3910 manat, xx.xx.2023-cü il tarixli XA- 046/23 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən 70 tonluq avtokran ilə ərazidə işlərin görülməsi üçn məbləğ 4104 manat müəyyən edilmiş və xidmətin yerinə yetirilmə tarixi xx.xx.2023-xx.xx.2023-cü illər müəyyən edilmişdir.

41. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

44. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

45. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. İşdən göründüyü kimi İddiaçı MMC (alıcı/satın alan) ilə Cavabdeh MMC (satıcı/təchizatçı) arasında bağlanmış xx.xx.2022- ci il tarixli A-SA-487/22 nömrəli dövlət satınalması müqaviləsi (bundan sonra – müqavilə) ilə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 70 tonluq avtokranın (XCMG QY70KH) təchiz edilməsi (alıcının ünvanında) və həmin avtokranın müqavilənin 1 saylı əlavəsinin 2.2-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixədək təhvil verilməsi və müqavilənin 13.1-ci bəndinə əsasən avtokran təhvil verildikdən sonra 15 gün ərzində ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

49. Lakin, hal-hazırda müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulduğundan iddiaçı ona dəymiş ziyanın və müqavilə üzrə hesablanmış cərimənin tutulması üçün məhkəməyə müraciət etmişdir.

50. İddiaçı tələbin əsası kimi isə cavabdeh tərəfindən ona təhvil verilməli olan kran bugunə kimi təhvil verilmədiyini və buna görə də başqa şirkətlərdən icarəyə avtokran götürdüklərini, bunun nəticəsində ziyana uğradıqlarını və müqavilənin 20-ci bəndinin tələblərinə əsasən cərimə məbləğinin tələb edilməsi öhdəliyinin yarandığına istinad etmişdir.

51. Cavabdeh tərəfin iddiaçının tələbinə dair etiraz kimi irəli sürdüyü arqüment kiimi malın Çindən gətirildiyini və Rus Ukrayna müharibəsi səbəbi ilə malın çatdırılmalı olduğu limana dəniz yolunda minalanma olduğundan onlardan asılı olmayan səbəblərdən gecikmələr yarandığı və bununla bağlı iddiaçı tərəfi məlumatlandırdıqlarını, eyni zamanda çatdırlmış vasitənin gömrük xidməti tərəfindən ölkəyə girişinin məhdudlaşdırdığını və bununla bağlı inzibati qaydada iddia qaldırıldığı irəli sürmüşdür.

52. Məhkəmə cavabdehin etirazında müharibə səbəbi ilə malların gecikdirilməsi dəlilini əsassız hesab edir.

53. Belə ki, kütləvi informasiya vasitələrində və digər xəbər qaynaqlarından da aydın olduğu kimi Rus-Ukrayna müharibəsi 2022-ci ilin fevral aında başladığı yəni tərəflər arasında müqavilə bağlandığı tarixdən 7 ay əvvələ təsadüf etdiyi və həmin müharibə nəticəsində hansı risklərin yarandığı halları cavabdeh şirkətə daha öncələrdən məlum olmuşdur. Cavabdeh şirkət sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurum kimi ölkə hüduqlarından kənardan məhsualların çatdırılmasını həyata keçirən şirkət kimi də bu halları daha öncədən ona məlum olmuş və bu kimi riskləri müqavilə bağlanmadan öncə də nəzərə ala biləcəyi halda nəzərə almamışdır. Bundan başqa cavabdeh tərəfindən işə əlavə edilmiş ödəniş qəbzlərindən də göründüyü kimi müqavilə avtokranın alındığı şirkətlə noyabr ayında bağlansa da ödəniş yanvar 2023-ü il tarixində həyata keçirilmişdir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, malın Poti limanından gətirilməsi cavabdehin öz istəyi olmuşdur və araşdırma zamanı müəyyən etmişdir ki, həmin limandan mal daşınması böyük xərclərə səbəb olacağı üçün həmin imkandan istifadə etməmişdir. Yəni, əgər Rus-Ukrayna müharibəsi və dənizin minalanması gəflətən, cavabdehin müqavilənin icrası üçün avtokranı Poti limanına artıq yola saldıqdan sonra baş vermiş olseydı, məhkəmə o halda bu halı fors-major halı kimi qəbul edə bilərdi. Lakin, məhkəmə bir daha da vurğulayır ki, cavabdeh nəticə etibarı ilə heç həmin istiqaməti (limanı) seçməmiş, yarıyolda qalmamış ki, indi də arqument irəli sürsün ki, müharibənin başlanması səbəbindən avtokran yarıyolda qalıb, əksinə, öz xərclərini/imkanlarını giymətləndirərək tamam başqa yol xəritəsi, liman seçərək avtokranı yola salmışdır. (Tərəflər arasında bağlanmış Müqavilənin 21.2-ci bəndinə əsasən qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir).

54. Cavabdehin ona sifariş verilmiş mallın hansı vasitə ilə (hansı nəqliyyat vasitəsi ilə, hansı yol istiqaməti ilə, hansı limandan, hansı daşıma şirkəti ilə, hansı xərclər müqabilində və sair) sifarişçiyə təhvil verilməsi şərtləri müqavilədə nəzərdə tutulmamışdır və icraçının birbaşa öz seçiminə və məsuliyyətinə aid edilən məsələlər idi və buna dair mümkün gözlənilən risklər də onun öhdəliyində olmuş, iddiaçının (sifarişçinin) buna dair hər hansı məsuliyyəti və ya dözümlülük göstərilməsi şərti müqavilə ilə tənzimlənməmişdir.

55. Cavabdeh MMC-nin gecikmə olmasına dair “iddiaçı qurumu mütəmadi məlumatlandırdıqları üçün əslində məsuliyyətdən azad edilməli olduğu” dəlilini də məhkəmə əsassız hesab edir.

56. Belə ki, iddiaçı şirkət tərəfindən cavabdeh MMC-yə çatdırılma ilə bağlı gecikmə olması səbəbi ilə ünvanlanmış məktuba cavabda gecikmə səbəbləri qeyd olunmuşdur. Eyni zamanda iddiaçı qurum çatdırılmanın gecikdirilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş, o cümlədən güzəşt edərək xx.xx.2023-cü il tarixində təhvil verilməli avtokranın xx.xx.2023-cü il tarixinə kimi təhvil verilməsini xahiş edərək müqavilə üzrə cavabdehin öhdəliklərinin icrasına əlavə 12 aya yaxın müddət ərzində imkanını yaratmış.

57. Bundan əlavə, iş materiallarından və cavabdehin verdiyi izahatından məlum olur ki, avtokran ölkə ərazisinə 2023-cü ilin iyul ayında artıq gətirilmişdir (iddiaçı isə müqavilə şərtlərinə əsasən xx.xx.2023-cü il tarixində təqdim edilməli olan avtokranı xx.xx.2023-cü il tarixinə kimi təqdim edilməsini gözləmiş və tələb etmişdir). Lakin, buna baxmayaraq cavabdeh tərəf yenə də səhlənkarlıq/etinasızlıq göstərərək gömrük sərhədində yaranmış problemli məsələlərini vaxtında həll etməmiş və yalnız hazırki iddianın araşdırmasının sonuncu ayında (yəni yalnız xx.xx.2024-cü il tarixdə) Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. Bu hal bir daha cavabdehin müqavilə şərtlərinə etinasız yanasmasının göstəricisidir.

58. Qeyd olunanlardan göründüyü kimi müqavilə üzrə öhdəliklər fors-major hallardan deyil, cavabdeh tərəfin səhlankarlığı ucbatından baş verdiyindən məhkəmə iddiaçının cərimə məbləğinin tutulması tələbini əsaslı hesab edir.

59. İddiaçı tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi səbəbindən tələb olunan 154.999,9 manat cərimə məbləğini qismən əsaslı hesab edərək aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir.

60. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya təqdim edilməmiş mallara görə müqavilə üzrə cərimə məbləğinin tələb edilməsi öhdəliyi yaranmışdır.

61. Mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən müqavilənin qiyməti 309.999,99 manat müəyyən edilmişdir.

62. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

63. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

64. Belə olan halda məhkəmə, tələb olunan 154.999,9 manat dəbbə pulunun 309.999,99 manat məbləğə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 15.000 manat məbləğində müəyyən edilməlidir.

65. Bundan başqa iddiaçı cavabdehin ona 157306 manat zərərin vurulduğunu bildirir, sübut qismində isə fiziki və hüquqi şəxlərlə bağladığı avtokranın icarə müqavilələrini və onlara dair edilmiş ödənişləri/invoysları əlavə etmiş və həmin məbləğin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

66. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.

67. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

68. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

69. Tərəflər arasında bağlanmış Müqavilənin 14.1-ci bəndinə əsasən İcraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalanması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.9-3-cü maddəsi nəzərə alınmaqla, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2 faizi həcmində müəyyən olunur. Müqavilənin yerinə yetirilməsinin təminatının qüvvədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır. İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir.

70. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçı MMC-nin ona dəymiş zərərə iş materiallarına əlavə edilmiş sübutların bir qismi cavabdehlə bağlanan müqavilə tarixdən öncəki tarixlərə aid olduğundan, onlara dair hər hansı dəyərləndirmə aparılmasını zəruri hesab etmir.

71. Digər tərəfdən, müqavilə şərtlərinə əsasən iddiaçıya bank qarnatıyası olaraq 7020 manat dəyərində bank zəmanəti məktubu təqdim edilmiş. Və müqavilə şərtinə əsasən İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. Beləliklə, müqavilənin cavabdeh tərəfindən icra edilməməsi mübahisə edilməyən haldır, lakin tərəflər razılaşıblar ki, dəyən ziyan müəyyən edildiyi halda yalnız müqavilənin yerinə yetirilməsi təminatından ödənilməlidir.

72. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, cavabdeh müqavilə öhdəliklərini xx.xx.2023-cü il tarixində icra etməli idi, lakin icra etməmiş, iddiaçı isə müqaviləyə xitam vermək imkanı olduğu halda müqavilədən vaxtında imtina etməmişdir.

73. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan hissəsində qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.

74. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 602,31 manat dövlət rüsumu ödənilmişdir.

75. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

76. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla)135 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 15.000 (on beş min) manat məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 135 manat tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar