Məhkəmə qərarları › İş №e-2-2(113)-2956/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2956/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2956/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 5568,70 manat (beş min beş yüz altmış səkkiz manat yetmiş qəpik) məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,67 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2023cü il tarixli, S/AV-9512/2023 saylı müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 5568,70 (beş min beş yüz altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 5568,70 manat (beş min beş yüz altmış səkkiz manat yetmiş qəpik) hissəsini bu günədək ödəməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 443.1, 445.2, 448.1, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2023cü il tarixli, 9512/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətfə istehsal və ya idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun hər partiya üzrə sifarişi alıcının şifahi, yazılı və ya rəsmi elektron qaydada müraciətinə əsasən satıcının səlahiyyətli nümayəndəsi tərəfindən dərhal mobil POS terminalında qeydiyyat aparmaqla təyin olunur. Məhsulun qiymət təklifində müəyyənləşdirilmiş qiymətləri ilə hesablanmış sifariş qiyməti müəyyən edilir və sifariş satıcı tərəfindən təsdiq olunur. Məhsulun qiymət təklifində müəyyənləşdirilmiş qiymətləri ilə hesablanmış sifariş qiyməti ilə müəyyən edilir və sifariş satıcı tərəfindən təsdiq olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı qiymət təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə qiymət təklifinin göndərildiyi gündən 3 gün ərzində etiraz verə bilər. Əks təqdirdə qiymətlər qarşılıqlı razılaşdırılmış hesab edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən nağd satış qaydasında məhsulun satılması halında ödəniş nağd ödəniş qaydasında və ya məhsulun təhvil-təslim edildiyi andan etibarən 2 iş günü ərzində hesablaşma hesabına köçürmə yolu ilə, nisyə satış qaydasında satıcı tərəfindən təqdim olunan elektron hesab-fakturaya və malın təhviltəslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən malın alıcı tərəfindən qəbul edildiyi tarixdən etibarən 14 gün ərzində alıcı tərəfindən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 953603 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 475 manat təşkil edir. Qaimənin əsası kimi 3OFSU.60317.3916 nömrəli satış-fakturası göstərilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 953601 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 3997,7 manat təşkil edir. Qaimənin əsası kimi 3OFSU.60317.3917 nömrəli satış-fakturası göstərilmişdir.

10. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 285573 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 1096 manat təşkil edir. Qaimənin əsası kimi 3OFSU.60324.1191 nömrəli satış-fakturası göstərilmişdir.

11. xx.xx.2023-cü il tarixli, 3OFSU.60317.3917 nömrəli satış-fakturasının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 3997,7 manat olan mal satılmışdır.

12. xx.xx.2023-cü il tarixli, 3OFSU.60317.3916 nömrəli satış-fakturasının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 475 manat olan mal satılmışdır.

13. xx.xx.2023-cü il tarixli, 3OFSU.60324.1191 nömrəli satış-fakturasının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1096 manat olan mal satılmışdır.

14. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 1 (bir) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqavilələrinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir.

18. İddia tələbinin bir hissəsini cavabdehdən 5568,70 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, satılmış malların dəyərinin əvəzi olaraq 5568,7 manat (beş min beş yüz altmış səkkiz manat yetmiş qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla (müqavilə, satış fakturaları, elektron qaimələr) öz təsdiqini tapır. Belə ki, 3 satış fakturası tərtib olunmuş və həmin satış fakturaları əsasında cavabdehə elektron qaimələr göndərilmişdir. Qaimələr üzrə cavabdehə satılmış malların ümumi dəyərini 5568,7 manat (1096+3997,7+475=5568,7) təşkil edir.

20. Eləcə də, iddiaçı ödənilmiş 75,67 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 75,67 manat (yetmiş beş manat altmış yeddi qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə ödənilməmiş 5568,7 manat (beş min beş yüz altmış səkkiz manat yetmiş qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,67 manat (yetmiş beş manat altmış yeddi qəpik) olmaqla, ümumilikdə 5644,37 manat (beş min altı yüz qırx dörd manat otuz yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar