Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2957/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 X3 (bundan sonra X4) dövlət büdcəsinə olan 252,79 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 956,55 manat, İşsizlikdən Sığorta Fonduna olan 814,7 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1749,83 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan X3 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1749,83 manat, İşsizlikdən Sığorta Fonduna 814,7 manat, Dövlət Sosial Müdafiə Fonduna 956,55 manat, dövlət büdcəsinə 252,79 manat məbləğində (o cümlədən vergilər üzrə 190,28 manat, faizlər üzrə 22,51 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 3773,87 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********252500, xx.xx.2022-ci il tarixli **********253200, xx.xx.2022-ci il tarixli **********255600, xx.xx.2023-cü il tarixli **********085900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə geri qaytarılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (həmin Qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli, 6 nömrəli Qərarı nəzərə alınmaqla) icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsinə görə, iş üzrə tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən aşağıdakılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır: vergi ödəyicisi olan fiziki şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbəri ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblər. Göründüyü kimi, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat ərizəçi və maraqlı şəxsin iştirakı ilə xüsusi icraat qaydasında baxılır və həmin icraatın məhkəmə aidiyyəti məsələsi ayrıca norma – Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsi ilə tənzimlənməklə, sözügedən işlərin kommersiya məhkəmələrində baxılması üçün sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması tələb olunur. Hazırkı halda X3 müvafiq borclarının həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən yaranıb-yaranması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Ərizəyə əlavə olunmuş hüquqi şəxs haqqında məlumatdan görünür ki, X4 xx.xx.2010-cu ildə vergi uçotuna alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmiş, sonuncunun təşkilati-hüquqi forması fond olmaqla yuxarı təşkilatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X2, tabeçiliyi isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinədir. Bundan başqa, fondun əsas fəaliyyət növü kimi saxlama və anbarlara yığma çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.6-cı maddəsinə əsasən, qeyrikommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən, fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır. İctimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirilə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir. Göründüyü kimi, X4 qeyri-kommersiya qurumu kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə tabe olmaqla, sahibkarlıq fəaliyyəti ilə yalnız bu fəaliyyət yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi və bu məqsədlərə uyğun gəldiyi halda məşğul ola bilər. Hazırkı işdən isə müvafiq borcların X3 sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığı təsdiqlənmir. Belə ki, X3 xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, Fondun dövlət büdcəsinə olan 566,34 manat borcu vergi ödəyicisinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələri üzrə hesablanmışdır. Bu isə onu göstərir ki, qeyd edilən vergi borcu fondun strukturuna daxil olan ayrı-ayrı işçilərdən muzdlu işlə əlaqədar alınan gəlirlər üçün həmin hüquqi şəxsin müvafiq verginin tutulması və büdcəyə köçürülməsi vəzifəsi üzrə yaranmış borcdur. Həmçinin şəxsi hesab vərəqsində qeyd edilən Dövlət Sosial Müdafiə Fonduna olan 1156,41 manat, İşsizlikdən Sığorta fonduna olan 939,04 manat, İcabri Tibbi Sığorta Fonduna olan 1892,22 manat məbləğində borclar da həmin hüquqi şəxsin muzdla işləyənləri işə götürən sığortaedən kimi qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərindən irəli gəlməklə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı tələb X3 sahibkarlıq fəaliyyətindən irəli gələn borcları ilə bağlı həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olmadığından ərizə geri qaytarılmalı, ərizəçiyə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 31, 263-264, 306, 355-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2957/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2957/2023
18.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver