Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-296/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, BR/HP/2022 nömrəli xidmət müqaviləsinə əsasən, aprel, may, iyun və iyul ayları üzrə xidmət haqqı məbləği olan 11.200 manat borc məbləğinin və 600 manat cərimə məbləğinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRB/2022 nömrəli mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə əsasən Müqavilənin bağlandığı tarixdən etibarən şirkət tərəfindən mühasibatlıq və kadr xidmətləri göstərilməyə başlanılmışdır və icra edilmiş xidmətlər tam, keyfiyyətli şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin Cavabdeh MMC tərəfindən xidmət müqaviləsi üzrə öhdəliklər pozulmuş və borc məbləği ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borcun bir hissəsinin və ya hamısının ödənilməsi ilə bağlı heç bir cəhd göstərməmiş və ya borcu üzrlü səbəblərdən hələ ödəyə bilmədiyini və hissəli şəkildə ödəyəcəyini və s. qeyd etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə BRB/2022 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə İcraçının (İddiaçı) müəyyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə Sifarişçinin ofisində) öz işçiləri vasitəsilə Sifarişçinin (Cavabdeh MMC) fəaliyyəti ilə bağlı ona mühasibatlıq və kadr xidmətləri göstərir, Sifarişçi isə bunun müqabilində İcraçıya bu müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. Müqaviləyə 1 saylı Əlavə razılaşma ilə tərəflər icraçı tərəfindən sifarişçiyə göstərilən mühasibatlıq və kadr xidmətlərinin siyahısı və aylıq xidmət haqqı barədə razılığa gəlmişlər. Əlavə razılaşma ilə mühasibatlıq xidmətlərinin aylıq xidmət haqqı məbləği 2.000 manat, kadr xidmətlərinin aylıq xidmət haqqı məbləği isə 800 manat müəyyən edilmişdir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Göündüyü kimi, hazırki mübahisə tərəflər arasında bağlanmış mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə adı çəkilən xidmətlərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəlik üzrə pulun tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Məhkəmə hesab edir ki, mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə, nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan ilk məqam İddiaçı tərəfindən Cavabdeh MMC-yə mühasibatlıq və kadr xidmətlərinin göstərilib-göstərilməməsi təşkil edir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1 nömrəli və xx.xx.2022-ci il tarixli 2 nömrəli təhvil-təslim aktlarından məlum olur ki, İddiaçı tərəfindən tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BRB/2022 nömrəli müqaviləyə uyğun olaraq, müqavilədə göstərilmiş xidmətlər müvafiq olaraq aprel və may ayı üzrə tam şəkildə və yüksək keyfiyyətdə göstərilmiş və Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil-təslim aktları hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC aprel və may aylarında göstərilmiş xidmətlərə görə 5.600 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Bu xüsusda məhkəmə edir ki, işin qeyd hazırkı anadək tədqiq edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə aprel və may aylarında göstərilmiş olan xidmətlərə görə cavadehin 5.600 manat məbləğində borcun olması öz təsdiqini tapır. Məhkəmə 2022-ci il in iyun və iyul aylarında göstərilmiş xidmətlərlə əlaqədar olaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə iyun ayı gösərilmiş olan xidmətlərə görə dəyəri 2.800 manat olan xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 265242 saylı və iyul ayı üçün göstərilmiş xidmətlərə görə dəyəri 2.800 manat olan xx.xx.2022-ci il tarixli EBCB seriyalı 001386 saylı elektron qaimələr göndərilmişdir. Qaimələrdə nəzərdə tutulmuş xidmətlərin göstərilməməsinə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz və ya pretenziya bildirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin görülmüş işləri qəbul edərək iddiaçı tərəfindən işlərin tam və ya natamam görülməsinə hər-hansı irad bildirmədiyinə dəlalət edir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRB/2022 nömrəli xidmət müqaviləsinin 3.6-cı bəndinə əsasən “xidmətin icrası üçün hesabat dövrü 1 təqvim ayıdır. Sifarişçi tərəfindən icraçının yazılı və rəsmi elektron ünvanına bu barədə tələb ünvanlandığı təqdirdə, təqvim ayının sonunda icraçı tərəfindən sifarişçiyə, göstərilən xidmətlərin icrası barədə yazılı və ya elektron qaydada hesabat təqdim edilir. Bu cür tələbin olmadığı təqdirdə, xidmət qəbul edilmiş hesab olunur və xidmət haqqının ödənişi üçün əsasdır”. Müqavilənin qeyd edilən bəndi işin hallarına uyğun olaraq təfsir edilərkən aydın olur ki, cavabdeh tərəfindən iddiaçıdan işlərin icrası barədə hər hansı bir hesabat tələb edilməmişdir və bu da, müqavilənin qeyd edilən bəndi baxımından göstərilmiş xidmətin icra edildiyi və qəbul edilmiş olduğuna işarədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci ilin iyun və iyul aylarında da, xidmət göstərilmiş və qeyd edilən aylar üçün də 5.600 manat məbləğində cavabdehin borcu yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilmiş xidmətlərin dəyəri olaraq 11.200 manat pulun tələb edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın 600 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü maddəsində öz əksini tapmışdır. Belə ki, xidmət haqqının ödənilməsinin 15 (on beş) təqvim günündən artıq gecikdirilməsinə görə Sifarişçi gecikdirilən hər gün üçün İcraçıya ödənilməli məbləğin 0.1% miqdarında cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 11.200 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən 600 manat məbləğindəki cərimə ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2022-ci il tarixli BRB/2022 nömrəli xidmət müqaviləsinə əsasən əsas borc üzrə 11.200 (on bir min iki yüz) manat, cərimə borcu üzrə 600 (altı yüz) manat, ümumilikdə 11.800 (on bir min səkkiz yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-296/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-296/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver