Məhkəmə qərarları › İş №e-2-2(113)-2960/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2960/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2960/2021 05.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «GEORGİAN PİPE L.T.D» şirkətinə qarşı cavabdehdən 245765 Avro və 32285 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 245765 Avro və 32285 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 sentyabr 2018-ci il tarixində Gürcüstan Respublikasında təsis edilmiş cavabdeh ilə iddiaçı arasında 45 nömrəli Təchizat Müqaviləsi imzalanmışdır. Daha sonra, eyni tərəflər arasında müqaviləyə əlavələr kimi müvafiq Qiymətlərin razılaşdırma protokolları, “Spesifikasiya”-lar imzalanmışdır. Həmin Spesifikasiyalara əsasən, cavabdeh iddiaçıdan müxtəlif malları sifariş vermiş və onun əvəzinə iddiaçıya protokollarda göstərilən dəyəri ödəməyə öz öhdəsinə götürmüşdür. Malların qəbul edilməsinə dair müvafiq Təhvil-təslim aktları hazırkı iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı cavabdeh tərəfindən alınmış mallara görə müvafiq tarixlərdə müqavilə və ona əlavə edilmiş Spesifikasiyalara uyğun olaraq ümumilikdə 285090 Avro və 120285 ABŞ Dolları məbləğlərinə hesab-fakturaları təqdim etmişdir. Mallar cavabdehə müqavilənin şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, cavabdeh ödənişin yalnız bir hissəsini icra etmiş, qalan hissəni isə indiyə qədər ödəməmişdir. Ərizəyə əlavə edilmiş müvafiq bank hesabdan çıxarışlara əsasən, cavabdeh iddiaçıya müxtəlif tarixlərdə borcdan 38815 Avro və 88000 ABŞ Dolları pul ödəmişdir. Üzləşmə aktı cavabdehin ünvananına göndərilməsinə baxmayaraq, həmin aktın imzalanmasından cür bə cür bəhanələrlə boyun qaçırmışdır. Beləliklə, iddiaçı tərəfindən hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, 11 sentyabr 2018-ci il tarixli 45 nömrəli Təchizat Müqaviləsi üzrə cavabdehin 245765 Avro və 32285 ABŞ Dolları məbləğində borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehə 12 aprel 2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu cavabdeh tərəfindən 22 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınmaqdadır. Beləliklə, indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, İddiaçı 02.05.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. 11 sentyabr 2018-ci il tarixli 45 saylı Təchizat müqaviləsindən görünür ki, cavabdeh məhsulları sifariş etməyi və iddiaçı məhsulları çatdırmağı və transfer etməyi, cavabdeh məhsulları qəbul və ödəniş etməyi öhdələrinə götürmüşlər. 07 yanvar 2019-cu il tarixli 4 saylı, 25 mart 2019-cu il tarixli 5 saylı, 28 mart 2019-cu il tarixli 6 saylı, 19 aprel 2019-cu il tarixli 7 saylı və 10 iyul 2019-cu il tarixli 8 saylı aktlardan görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 58650 Avro, 113220 Avro, 56610 Avro, 56100 Avro və 120285 ABŞ dolları dəyərlərində mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. 5 ədəd Hesab-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 58650 Avro, 113220 Avro, 56610 Avro, 56100 Avro və 120285 ABŞ dolları dəyərlərində mallar satılmışdır. Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə 284580 Avro və 120285 ABŞ dolları dəyərlərində mallar satılmış, cavabdeh tərəfindən malların dəyərindən 38815 Avro və 88000 ABŞ dolları ödəniş edilmiş və cavabdehin iddiaçıya 245765 Avro və 32285 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 11 sentyabr 2018-ci il tarixli 45 saylı Təchizat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh məhsulları sifariş etməyi və iddiaçı məhsulları çatdırmağı və transfer etməyi, cavabdeh məhsulları qəbul və ödəniş etməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 284580 Avro və 120285 ABŞ dolları dəyərlərində mallar satılmış, cavabdeh tərəfindən malların dəyərindən 38815 Avro və 88000 ABŞ dolları ödəniş edilmiş və cavabdehin iddiaçıya 245765 Avro və 32285 ABŞ dolları borcu qalmışdır. Tərəflər arasında Təchizat müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müqavilə üzrə öz borcunu icra etməsidir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə varadır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 11 sentyabr 2018-ci il tarixli 45 saylı Təchizat müqaviləsinə əsasən yaranmış 245765 Avro və 32285 ABŞ dolları məbləğlərində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «GEORGİAN PİPE L.T.D» şirkətindən 245765 Avro və 32285 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar