Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2962/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 98559,50 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 15 aprel 2020-ci il tarixdə armatur yaymasının alqı-satqı müqaviləsi imzalamışdır. Həmin müqaviləyə əsasən cavabdehə avans şəklində vəsaitlər ödəmişlər. Cavabdeh isə öz növbəsində həmin məbləğə uyğun armatur satmışdır. Mallar təhvil veriləndən sonra onlara cavabdeh tərəfindən müqaviləyə uğun olaraq qaimələr təqdim edilirdi. Sonuncu dəfə 14 yanvar 2021-ci il tarixdə onlar cavabdehə əvvəlki qayda ilə avans şəklində ƏDV daxil 131 570 manat armaturun alınması üçün vəsait ödəmişlər. Cavabdeh isə öz növbəsində 15 yanvar 2021-ci il tarixdə və 21 yanvar 2021-ci il tarixdə ƏDV daxil 33010,50 manat dəyərində armatur təhvil vermişdir və bu barədə müqaviləyə uyğun 193870 və 388411 saylı elektron qaimələr təqdim etmişdir. Lakin bu günə qədər cavabdeh qalan məbləğə onlara armatur təhvil verməmişdir. Dəfələrlə cavabdehə mallarını onlara təhvil verməyi xahiş edilmiş, lakin cavabdeh onların müraciətlərini cavabsız qoymuşdur. Bununla bağlı cavabdehə 20 aprel 2021-ci il tarixdə pretenziya məktubu göndərmiş və məktubda yaranmış borcun yaxın bir zamanda ödənilməsini ixahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra) MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 aprel 2020-ci il tarixli 170 nömrəli müqaviləyə əsasən alıcı satıcıdan armatur yayması almağı öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən satıcı satılan malı öz anbarında alıcının nümayəndəsinə təhvil verir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. Müqavilə hər iki tərəfin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemindən çıxarılmış köçürmənin aparılması haqqında 14.01.2021-ci il tarixli **********997830 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 16560 manat məbləğində avans köçürülmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemindən çıxarılmış köçürmənin aparılması haqqında 14.01.2021-ci il tarixli **********997796 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 3510 manat məbləğində avans köçürülmüşdür. “xxxx” ASC tərəfindən verilmiş 14.01.2021-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən iddiaçının bank hesabından cavabdehin bank hesabına 92000 manat məbləğində pul köçürülmüşdür. Həmin ödənişin təyinatı kimi armatur üçün avans ödənilməsi göstərilmişdir. “xxxx” ASC tərəfindən verilmiş 14.01.2021-ci il tarixli OD4 nömrəli ödəniş tapşırığına əsasən iddiaçının bank hesabından cavabdehin bank hesabına 19500 manat məbləğində pul köçürülmüşdür. Həmin ödənişin təyinatı kimi armatur üçün avans ödənilməsi göstərilmişdir. EBAW 193870 seriya və nömrəli 15.01.2021-ci il tarixli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 13342,26 manat dəyərində mal təhvil verilmişdir. EBAW 388411 seriya və nömrəli 21.01.2021-ci il tarixli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 19668,24 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 20.04.2021-ci il tarixli 357-S/21 saylı pretenziya məktubuna əsasən iddiaçı cavabdehdən ona olan 98559,50 manat məbləğində borcunun qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya dəyəri əvvəlcədən ödənilmiş malların təhvil verilməsi barədə öhdəliyi tərəflər arasında bağlanmış 15.04.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə iddiaçının müqavilə üzrə qabaqcadan ödədiyi məbləği tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 98559,50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 98559,50 manat (doxsan səkkiz min beş yüz əlli doqquz manat əlli qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2962/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2962/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver