Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2963/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi, vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi, müqavilənin ləğv edilməsi və avadanlığın geri qaytarılması barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 sentyabr 2019-cu il tarixli, KTA-KTT- 19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən 1186,04 manat əsas borcu, 148,97 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumilikdə 1335,01 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nin ləğv edilməsi, həmçinin dərmansəpən və frezin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd MTA.600 markalı bağ üçün dərmansəpən və PUMA 180 markalı torpaq yumşaldıcı frezi 36 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq 4 oktyabr 2019-cu il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 10500 manat təşkil etmişdir. Həmin məbləğin 3059,31 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 2100 manat məbləğində ilkin ödəniş və 315 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətlərinə ödənilmişdir. Eyni zamanda, Cavabdeh ödəniş qrafikinə əsasən ödənişləri tam şəkildə həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən dərmansəpən və frez cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər yalnız 30.07.2020-ci il tarixinə qədər aparılmışdır. Həmin vaxtan sonra heç bir ödəniş həyata keçirilməmiş və nəticədə 21.04.2021-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 1186,04 manat əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 21.04.2021-ci il tarixinə 148,97 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən 21.04.2021-ci il tarixli, PLM-21/0038 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 13 sentyabr 2019-cu il tarixli, KTAKTT- 19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən 21.04.2021-ci il tarixə qədər 1186,04 manat əsas borcu, 148,97 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqavilənin 10.3.2-ci maddəsinə əsasən lizinq obyektin saz və işlək vəziyyətdə saxlanılması məhz lizinq alanın vəzifəsi olduğundan məhkəmədən tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, vəkili X4 iddia tələbini qəbul etməyərək, izahatında sıradan çıxmış dərmansəpən avadanlığının lizinq verən tərəfindən təmir edilmədiyini, halbuki sonuncunun vəzifəsi olduğunu nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 13.09.2019-cui il tarixli, KTA-KTT-19/0097 nömrəli X7 Müqaviləsindən və həmin müqaviləyə 1 saylı və 2 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, lizinq verən – İddiaçı ASC lizinq alan - Cavabdeh tərəfindən seçilmiş ümumi dəyəri 10500 manat (lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 3059,30 manat) olan 2 ədəd kənd təsərrüfatı texnikasını/aqreqatını/qoşqusunu (MTA.600 markalı 600 litr bağ üçün dərmansəpən və PUMA 185 markalı Bağ üçün torpaq yumşaldıcı frez) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində (lizinq ödənişlərinin ümumi məbləği 8036,59 manat, o cümlədən avans məbləği 2100 manat, lizinq obyektinin qalıq dəyəri 5340,70 manat (hər ay 148,35 manat olmaqla 36 aylıq lizinq müddətinə), lizinq verənin mükafat məbləği 595,89 manat) müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin: 4.2-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. 10.3.2-ci lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektin istifadəsi ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə (vergilər, rüsumlar, digər haqqlar), habelə lizinq obyektin qeydiyyatı, saz və işlək vəziyyətdə saxlanılması, texniki baxışdan keçirilməsi ilə bağlı bütün xərcləri ödəməlidir. 20.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəməsə və ya 15 təqvim günündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər. 20.3-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin ilkin dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 20.6-cı bəndinə əsasən lizinq verən lizinq alana yazılı məlumat verməklə müqavilənin 20.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə bilər. 04.10.2019-cu il tarixli KTA-KTT-19/0097-T-103 nömrəli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, 1 ədəd MTA.600 markalı 600 litr bağ üçün dərmansəpən və 1 ədəd PUMA 185 markalı Bağ üçün torpaq yumşaldıcı frez İddiaçı ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. Tarix aralığı 22.03.2019-22.04.2021-ci il olan Cavabdeh adına olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh lizinq əməliyyatları üzrə vaxtı keçmiş dövrün sonuna qalıq borcu 1186,04 manat təşkil edir. İddiaçı ASC tərəfindən təqdim edilmiş 21.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 13.09.2019-cu il tarixli, KTA-KTT-19/0097 nömrəli X7 Müqaviləsi üzrə 21.04.2021-ci il tarixə 1186,04 manat əsas borc, 148,97 manat cərimə olmaqla, cəmi 1335,01 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni iki dəfədən artıq lizinq haqqı ödənişini etməmiş, bu isə həm müqavilənin ləğvi, həmçinin əsas borcun tələbi və lizinq predmetin qaytarılması üçün əsasdır. Lakin bununla yanaşı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldaraq 23,96 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə Cavabdeh nümayəndəsi, vəkili X3 istinad etdikləri ilə bağlı bildirir ki, həm müqavilədə qeyd olunan kimi, həm də qanunvericiliyinin tələbinə görə lizinq obyektinin cari təmiri lizinq alanın vəzifəsidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən 1186,04 manat əsas borc 23,96 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 1210 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi” ləğv edilməli, həmçinin dərmansəpən və frez saz və işlək vəziyyətdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 90,63%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 90,63-i, yəni 27,18 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən 1186,04 manat əsas borc və 23,96 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 1210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,18 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, KTA-KTT-19/0097 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi” ləğv edilsin. 1 ədəd MTA.600 markalı 600 litr bağ üçün dərmansəpən və 1 ədəd PUMA 185 markalı bağ üçün torpaq yumşaldıcı frez İddiaçı ASC-yə saz və işlək vəziyyətdə geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2963/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2963/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver