Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2968/2023 07.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 98280 (doxsan səkkiz min iki yüz səksən) manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 (dörd yüz) manat olmaqla, cəmi 98680 (doxsan səkkiz min altı yüz səksən) manat məbləğində pulun tutulub, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “alıcı” adlandırılan ”Embawood” MMC ilə “satıcı” adlandırılan Cavabdeh MMC arasında 10 mart 2020-ci il tarixli, AzE1003 saylı alqısatqı müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində/spesifikasiyalarda göstərilmiş, Rusiya istehsalı olan “OOO КАРЕЛИЯ ДСП” markası altında 1 sort, Е-1, standart EN 312 P2, 2440*1830 mm ölçüdə olan “DSP/LDSP” (taxta-yonqarlı piltə) materiallarını satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spesifikasiyada/əlavələrdə göstərilən tərkibdə, keyfiyyətdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alır. Müqavilənin 2.5.1-ci bəndinə əsasən “alıcı” sifariş olunan malların dəyərinin əvvəlcə 50% həcmində, qalan 50% hissəsini isə satıcı malları gömrükdə tam rəsmləşdirib alıcıya məxsus olan Sumqayıt şəhərində yerləşən yarımfabrikat anbarına təhvil təslim aktı ilə təhvil verməsindən sonra 5 (beş) təqvim günü ərzində ödəniş sənədinə əsasən ödənişi həyata keçirir. Müqavilə üzrə malları sifariş edilmiş və ƏDV daxil 196560 manat dəyərində malların 50% həcmində, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin bank hesabına ƏDV daxil 98280 (doxsan səkkiz min iki yüz səksən) manat məbləğində öncədən ödəniş edilmişdir. Müqavilənin 5.2ci bəndinə əsasən satıcı malları sifariş forması göndərildikdən sonra 30 (otuz) gün müddətində alıcıya məxsus Sumqayıt şəhərində yerləşən yarımfabrikat anbarına çatdırır və orada təhvil verir. Mallar ən geci xx.xx.2020-ci il tarixədək alıcıya təhvil verilməli idi. Lakin sifariş verilən və ön ödəmə edilən mallar bu günədək alıcıya təhvil verilməyib. Bu da bağlanılmış müqavilənin şərtlərinin Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulmasını ehtiva edir. Malların göndərilməsi və ya malları göndərmək mümkün deyilsə, ödənilmiş ön ödəmənin geri hesaba qaytarılması ilə bağlı ”Embawood” MMC-nin əməkdaşları dəfələrlə Cavabdeh MMC-nin nümayəndələri, həmçinin rəhbəri ilə əlaqə saxlamış, danışıqlar aparılsa da, heç bir nəticə əldə edilməmişdir. Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, iddia ərizəsinin 2-ci səhifəsinin 4-cü və 5-ci abzaslarında texniki səhv olaraq qeyd edilmiş "xxxx" QSC-yə sözünün Cavabdeh MMC-yə sözü ilə və iddia ərizəsinin “xahiş etdi” hissəsində texniki səhv olaraq qeyd edilmiş "xxxx" QSC-dən” sözünün “cavabdeh Az Vvooden MMC-dən” sözü ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -İddiaçı MMC “alıcı” Az Wooden” MMC “satıcı” olmaqla imzalanmış 10 mart 2020-ci il tarixli AzE1003 saylı müqavilədən məlum olur ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində/spesifikasiyalarda göstərilmiş, Rusiya istehsalı olan “OOO КАРЕЛИЯ ДСП” markası altında 1 sort, E-1, standart EN 312 P2, 2440*1830 mm ölçüdə olan “DSP/LDSP” (taxta-yonqarh piltə) materiallarını (bundan sonra mallar adlanacaq) satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spesifikasiyada/əlavələrdə göstərilən tərkibdə, keyfiyyətdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alır. 1.2-ci bəndə əsasən bu müqavilə üzrə satılan malların adları, qiyməti, miqdarı, çeşidi bu müqavilənin əlavələrində/spesifikasiyalarda göstərilir. Əlavələr/Spesifikasiyalar müvafiq qaydada imzalanıb möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. 2.5.1-ci bənddə əsasən “alıcı” sifariş olunan malların dəyərinin əvvəlcə 50% həcmində, qalan 50 % hissəsini isə satıcı malları gömrükdə tam rəsmləşdirib alıcıya məxsus olan Sumqayıt şəhərində yerləşən yarımfabrikat anbarına təhvil təslim aktı ilə təhvil verməsindən sonra 5 (beş) təqvim günü ərzində ödəniş sənədinə əsasən ödənişi həyata keçirir. 5.2-ci bəndə əsasən malın çatdırılması sifariş forması göndərildikdən sonra 30 (otuz) gün ərzində alıcıya məxsus olan Sumqayıt şəhərində yerləşən yarımfabrikat anbarına həyata keçirilir. -Cavabdeh möhürü ilə təsdiq edilmiş xx.xx.2020 tarixli 03/01 nömrəli hesabfakturanın surətindən məlum olur ki, ümumilikdə 196560 manat ödənişin olunması üçün İddiaçı MMC-yə göndərilməsi üçün tərtib edilmişdir. -04 avqust 2023-cü il tarixli “debit haqqında bildiriş” məlumatından məlum olur ki, İddiaçı bank hesabından 98280 manat Cavabdeh bank hesabına köçürülmüşdür. -İddiaçı tərəfindən Az Vvooden” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş pretenziya məktubunda ödənilən məbləğin iki iş günü ərzində geri ödənilməsi tələb edilmişdir. -BD4 nömrəli xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 400 manat İddiaçı MMC tərəfindən Bakı “18 saylı” Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, sifariş verilmiş malların yarısının qabaqcadan ödənilməsinə baxmayaraq, həmin malları təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, yəni qabaqcadan ödəniş məbləğini almış cavabdehin əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etməməsini, alıcının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən ümumilikdə 196560 manat məbləğində sifariş verilmiş, daha sonra isə tərəflər arasında olan müqavilə şərtinə uyğun olaraq həmin sifarişin yarısı, yəni 98280 (doxsan səkkiz min iki yüz) manat məbləğində ödəniş olmuşdur. Bununla belə, cavabdeh sifariş verilmiş malları iddiaçıya çatdırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 98280 (doxsan səkkiz min iki yüz səksən) manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 98680 (doxsan səkkiz min altı yüz səksən) manat Cavabdeh Məhdud Məsuliyyətl Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 98280 (doxsan səkkiz min iki yüz səksən) manat məbləğində pul və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 98680 (doxsan səkkiz min altı yüz səksən) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2968/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2968/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver