Məhkəmə qərarları › İş №e-2-2(113)-297/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-297/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-297/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “Korgöz-Tikinti Material” ATSC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ATSC cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 006886 nömrəli AKT-n və həmin akt əsasında hesablanmış 36.755,24 (otuz altı min yeddi yüz əlli beş manat iyirmi dörd qəpik) manat borcun silinməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.M.Həsənov iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən İddiaçı ATSC-yə məxsus elektrik sayğacında nöqsanların olmasına dair xx xxxxxx 2019-cu il tarixli, 006886 nömrəli AKT tərtib edilmişdir. Həmin aktda iddiaçıya (abonentə) məxsus sayğaca baxış keçirilən zaman guya məlum olmuşdur ki, sayğac tablosu üzərinə xüsusi xətlə işarələr düşmüş və sayğacın üst qapağı üzərində cızıq işarələri vardır. Dövrədən axan yük xxxx ASC tərəfindən ölçülmüşdür (P=410 kvt). Sayğacın kompyuter vasitəsi ilə yaddaşı oxunaraq protokollaşdırılması və sayğacın bütün parametrləri daxil olmaqla mikrosxemasına lobaratoriya şəraitində rəy verilməsi qeyd edilmişdir. Tərtib olunmuş akt üzrə təsbit edilmiş nöqsanlara görə iddiaçıya 36.755,24 (otuz altı min yeddi yüz əlli beş manat iyirmi dörd qəpik) manat borc hesablanmışdır. Qeyd etmək lazımdır ki, akt tərtib edilərkən iddiaçıya məlumat verilməmiş, iddiaçının nümayəndəsinin xəbəri və iştirakı olmamışdır. Belə ki, cavabdeh qurum tərəfindən aparılmış yoxlama qeyri-rəsmi yoxlamadır. Həmin yoxlamanın aparılmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində heç bir qeydiyyat aparılmamışdır. Cavabdeh orqan aktda qeyd edilənləri aydınlaşdırmadan və heç bir hüquqi və qanuni əsas olmadan akt tərtib etmişdir. Odur ki, iddiaçı hesablanmış borc ilə razı deyil və hesab edir ki, həmin borc məbləği qanunsuz və əsassız hesablanmış olduğu üçün silinməsi zərurət təşkil edir. Belə ki, sayğacın yerləşdiyi yerdə yüksək gərginliyin olması, habelə sayğacın xüsusi binada yerləşməsini nəzərə aldıqda, iddiaçı tərəfindən sayğacın olduğu yerə daxil olmaq, həmçinin sayğaca hər hansı müdaxilə etmək mümkünsüzdür. Sayğac tamamilə ayrı qapalı binada yerləşməklə yanaşı, həmin binanın qapısı “xxxx” ASC-nin əməkdaşları tərəfindən xüsusi möhürlə möhürlənmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi cavabdeh qurum tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə aparılmış yoxlama Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmaqla aparılmışdır. İddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək,aktın tam əsaslı olmasını nəzərə alaraq iddianın rədd olunmasını məhkədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəlfərin nümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş xxxx satışa nəzarət idarəsinin mühəndisi Məmmədov Ayaz bildirmişdir ki, sayğaca baxış keçirilərkən, sayğac tablosu üzərində xüsusi işarələr düşmüş və sayğacın üst qapağı üzərində cızıq izləri mövcud olmuşdur. Kommutasiya naqilinin daxili damarlarının üzərində iynə aşkar olunmuşdur. Dövrədən axan yük cavabdehin əməkdaşları tərəfindən ölçülmüşdür. Həmin obyekt mühafizə olunaraq daxil olma yalnız icazə əsasında mümkündür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, NDQ-006886 saylı aktdan görünür ki, «xxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, dövrədən axan yükün həcmi P=410 kvt təşkil edir və buna görə də, sayğacın kompyuter vasitəsi ilə yaddaşı oxunaraq, protokolaşdırılması və sayğacın bütün parametrləri daxil olmaqla mikrosxemasına laboratoriya şəraitində rəy verilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli Cavabdeh ASC-nin Akt komissiyasının sədrinin icra vərəqəsinə əsasən, xx xxxxxx 2019-cu il tarixli, NDQ-006886 saylı aktın əsasında iddiaçıya 410 kvt həcmində gündəlik 14 saat, ümumi 177 gün olmaqla, cəmi 345.848 kvts sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh “xxxx” ASC tərəfindən enerji təchizatı müəssisəsi kimi vaxtında sərfiyyatın düzgün aparılmaması nəticəsində, düzgün hesablanmamış elektrik enerjisinin dəyərini istehlakçıdan tələb edilmişdir. Həmçinin, cavabdeh tərəf əmsalın istehlakçı tərəfindən qaldırılmasının mümkünlüyünə, habelə sayğaca müdaxilə etməsinə dair, həmçinin hansı dövrdən cərəyan transformatorlarının əmsalının əslində nə qədər olmasına dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bununla da, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh müəssisə istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən, mövcud əmsal nəzərə alınmaqla tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir, bununla yanaşı, müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya borcun hesablanması əsassızdır. Bundan başqa, müəyyən edilir ki, cavabdeh enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə elektrik uçot komplektinə baxış keçirilərkən qanunvericiliyin aşağıda qeyd olunan bir çox tələblərinin pozulduğu müəyyən edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır ( Qanun xx.xx.2015-ci il tarixdən qüvvəyə minmişdir). 2.1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 3.1-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (xx xxxxxx 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndində qeyd edilir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Beləliklə, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh “xxxx” ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normadan bir daha görünür ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh iddiaçının təqsiri ucbatından borcun yaranmasını sübuta yetirə bilmir, tələb olunan borcun yaranma səbəbləri qeyri-müəyyəndir. Bu səbəbdən iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməli və əsassız hesablanmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 006886 nömrəli Akt əsasında “Korgöz-Tikinti Material” açıq tipli səhmdar cəmiyyətinə hesablanmış 36.755,24 (otuz altı min yeddi yüz əlli beş manat iyirmi dörd qəpik) manat borc silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar