Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2973/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Qasımov Fərid Fərzalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 aprel 2013-cü il tarixli, RG 05/04 saylı müqaviləyə xitam verilməsi və 12000 (on iki min) manat avans ödənişinin (üzərinə Mərkəzi Bankın ödəniş gününə uçot dərəcəsi ilə faiz hesablanmaqla), 200 manat mediasiya xərcinin, 2400 manat dəbbə pulu məbləğinin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 aprel 2013-cü il tarixində bağlanmış RG 05/04 saylı müqaviləyə 3 və 4 saylı Əlavələr üzrə cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçını təmin etməli olduğu avadanlıqlarla təmin etməmiş və göstərməli olduğu xidmətləri göstərməmişdir. İddiaçı isə malların və xidmətin dəyərinin müəyyən hissəsini (12000 (on iki min) manat) avans olaraq ödəmişdir. Bildirilir ki, 22 aprel 2013-cü ildən etibarən tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Müqaviləyə 3 nömrəli Əlavənin 2.1-ci yarımbəndinə əsasən cavabdeh P430i-EM10C-İD0 adlı, birinin dəyəri 3600 manat olan 5 ədəd malla iddiaçını təchiz etməli idi. İddiaçı bunun müqabilində ödəməli olduğu toplam 18000 (on səkkiz min) manat məbləğin 9000 (doqquz min) manatını avans olaraq ödəmişdir. Eyni zamanda həmin müqavilənin 4 saylı Əlavəsinə əsasən cavabdehin iddiaçıya göstərməli olduğu xidmətlər müqabilində iddiaçıya ödəməli olduğu toplam 6000 (altı min) manat məbləğin 3000 (üç min) manatını avans olaraq ödəmişdir. İddiaçının bu ödənişləri həyata keçirməsinə baxmayaraq, bu günədək nə avadanlıqlar təhvil verilmiş, nə də xidmətlər həyata keçirilmişdir. Ödənişlərin həyata keçirilməsini təsdiq edən hesabdan çıxarışlar iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini vicdanla yerinə yetirmiş və cavabdehdən müvafiq malları təqdim etməsini və xidmətləri göstərməsini, əks təqdirdə ödənilən məbləğlərin geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh bugünədək nə müqavilə üzrə öhdəliklərini icra etmiş, nə də iddiaçının ödədiyi avans məbləğləri geri qaytarmışdır. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamış və mübahisəni həll etməyə çalışmışdır. 24 iyun 2021-ci il tarixində mübahisənin həll edilməsi məqsədi ilə cavabdehin hüquqi ünvanına göndərilən pretenziya məktubu bu ünvanda cavabdehin olmaması əsası ilə geri qayıtmışdır. Cavabdehlə əlaqə saxlamaq üçün bütün vasitələrdən istifadə edilmiş, lakin bu, heç bir nəticə verməmişdir. İddiaçının işçisi və cavabdehin nümayəndəsi arasındakı whatsapp mobil tətbiqi və elektron poçt yazışmaları nümunə üçün əlavə olunur. İddiaçı tərəfindən cavabdehə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6-cı maddəsinə uyğun olaraq mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh tərəfindən cavab verilmədiyi üçün Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya Şurası tərəfindən təyin edilən mediator tərəfindən təqdim edilən bildiriş əsasında 1 noyabr 2021-ci il tarixində baş tutan ilkin mediasiya sessiyasında iddiaçının iştirak etməsinə baxmayaraq, cavabdeh iştirak etməmişdir. İddiaçı 200 manat mediasiyaya dair xərci ödəmişdir. İddiaçı müqaviləyə xitam verilməsi və ödədiyi avans məbləğlərin cərimə və faizlər hesablamaqla ödənilməsi ilə bağlı məhkəməyə müraciət edir.
3. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermiş və sonuncu olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh MMC-dən 12000 (on iki min) manat avans ödənişi, 200 (iki yüz) manat mediasiya xərci və 1000 (bir min) manat dəbbə pulu olmaqla, cəmi 13200 (on üç min iki yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425, 442, 430.1, 443.1, 449, 567, 568.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya iş vardır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2013-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə 12 ay müddətinə, yəni xx.xx.2014-cü İİ tarixədək olan müddətə bağlanmışdır. Müqavilə üzrə xx.xx.2013-cü il tarixdə 9000 manat və xx.xx.2013-cü il tarixdə 3000 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən 8 il keçdikdən sonra pul tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətindən, yəni xx.xx.2014-cü il tarixdən 8 (səkkiz) il keçmişdir və bununla da, iddiaçı iddia tələbi üzrə müddəti ötürmüşdür.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. İş materiallarından görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2013-cü il tarixdə RG 05/04 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini təchizatçı tərəfindən sifarişçinin bu müqavilənin müvafiq Əlavəsində qeyd olunan avadanlıq və xidmətlərlə bu müqavilə müddəti dövründə təchiz edilməsi və sifarişçi tərəfindən həmin avadanlıq və xidmətlərin dəyərinin bu Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada icraçıya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən təchizatçı və sifarişçi arasında hesablaşmalar, tərəflərin razılaşdığı qiymət əsasında aparılır. Müqavilənin 2.2-ci bəndinə əsasən ödənişin aparılması üçün təchizatçı tərəfindən sifarişçiyə hesab təqdim olunur. Müqavilənin 2.3-cü bəndinə əsasən təqdim olunan hesabda avadanlıq və xidmətlərin adı, miqdarı, dəyəri və sifarişçi tərəfindən ödəniləcək ümumi məbləğ göstərilir. Müqavilənin 4.2-ci bəndinə əsasən təchizatçı bu müqavilənin müvafiq Əlavəsində nəzərdə tutulmuş öhdəlikləri müəyyən olunmuş müddətdə yerinə yetirmədiyi halda hər gecikdirilən gün üçün həmin Əlavənin dəyərinin 0,1 % həcmində, lakin həmin Əlavənin ümumi məbləğinin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi bu müqavilənin müvafiq Əlavəsinə əsasən təchiz olunmuş avadanlıq və xidmətlərin dəyərini müəyyən olunmuş müddətdə ödəmədikdə gecikdirilmiş müddətin hər günü üçün həmin Əlavənin 0,1 % həcmində, lakin həmin Əlavənin ümumi məbləğinin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RG 05/04 nömrəli müqaviləyə xx.xx.2013-cü il tarixli, 1 nömrəli Əlavədən görünür ki, P430i- EM10C-İD0 adlı malın bir ədədinin qiyməti 4600 manat, ümumi sayı 10 ədəd olmaqla, avadanlıqların ümumilikdə qimyəti 46000 manat təşkil etmişdir. Qeyd edilən əlavənin 4-cü bəndinə əsasən məbləğin 100%-i sifarişçi tərəfindən təchizatçıya qabaqcadan ödəniş yolu ilə həyata keçirilir.
10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RG 05/04 nömrəli müqaviləyə xx.xx.2013-cü il tarixli, 3 nömrəli Əlavədən görünür ki, P430i- EM10C-İD0 adlı malın bir ədədinin qiyməti 3600 manat, ümumi sayı 5 ədəd olmaqla, avadanlıqların ümumilikdə qimyəti 18000 manat təşkil etmişdir. Qeyd edilən əlavənin 4-cü bəndinə əsasən məbləğin 100%-i sifarişçi tərəfindən təchizatçıya qabaqcadan ödəniş yolu ilə həyata keçirilir.
11. xx.xx.2013-cü il tarixli, MK-464 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ23CAPN******************** nömrəli hesabına 9000 (doqquz min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində xx.xx.2013-cü il tarixli, RG 05/04 nömrəli müqavilənin 3 saylı Əlavəsinə əsasən alınmış mallara görə ödəniş qeyd olunmuşdur.
12. xx.xx.2013-cü il tarixli, MK-476 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ23CAPN******************** nömrəli hesabına 3000 (üç min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində xx.xx.2013-cü il tarixli, RG 05/04 nömrəli müqavilənin 4 saylı Əlavəsinə əsasən göstərilmiş xidmət haqqına görə ödəniş qeyd olunmuşdur.
13. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək, 10 (on) gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)
Məhkəmənin mövqeyi
17. İddia tələbi Cavabdeh MMC-dən 12000 (on iki min) manat avans ödənişi və 1000 (bir min) manat dəbbə pulunun tutularaq iddiaçının xeyrinə ödənilməsi təşkil edir.
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq malların və xidmətin dəyəri olan 12000 (on iki min) manat məbləği avans olaraq ödəsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçını təmin etməli olduğu avadanlıqlarla təmin etməmiş və göstərməli olduğu xidmətləri göstərməmişdir. Qeyd olunan məbləğin ödənilməsi iddiaçı tərəfindən təqdim edilən sübutlarla öz təsdiqini tapır. Cavabdeh tərəf həmin məbləğin avans olaraq ödənilməsi halını mübahisələndirməmişdir.
19. Məhkəmə qeyd edir ki, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmənin qənaətinə əsasən alıcı olan iddiaçının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ olmuşdur.
20. Lakin qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə inormasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
21. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli alq-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2014-cü il tarixədək olmuşdur. işin faktiki hallarından göründüyü kimi, 12000 manat məbləğində pul vəsaiti cavabdehin hesabına 2013-cü ilin avqust ayında ödənilmişdir. Beləliklə, iddiaçı iddia müddətinin axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə (iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir (qiyabi qətnamə çıxarılmış və ləğv olunmuşdur)) müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.
22. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi hazırkı iddianın rədd olunması barədə qətnamə çıxarılması üçün əsasdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 12000 (on iki min) manat avans ödənişi və 1000 (bir min) manat dəbbə pulunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia təmin olunmamalıdır.
24. İddiaçı həmçinin 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından həmin xərc də cavabdehdən tutulmamalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova